USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Franko - Tanrının adını İspaniyanın adı ilə birləşdirmək istəyən qəddar kaudilyo


https://img.baki-baku.az/news/2020/12/photo_2232.jpg

Əfsanəvi ispan lideri, əksəriyyətin sadəcə Franko, daha doğrusu diktator Franko kimi tanıdığı Fransisko Franko Baamondenin anadan olmasından 130 ilə yaxın müddət ötür. İspaniyada bu tarixi şəxsiyyət ətrafında mübahisələr nəinki səngimir, əksinə ildən-ilə artır. 

"Franko bizimlə deyil, amma o, görünməyəcək tərzdə yanımızdadır. Fiziki cəhətdən yoxdur, çünki həyatdan köçüb. Biz görmədiyimizə və eşitmədiyimizə baxmayaraq, onun kollektivlik anlayışı bizi birləşdirir". Bunlar Fransisko Franko Fondunun saytında yazılıb. Amma fikri bölüşənlərin sayı durmadan artmaqdadır. Görünür, ölkəni son illərdə bürümüş böhran separatizm meyllərinə yol açdığından belə deyimlər daha çox gündəmə gələcək. Həm də ona görə ki, insan naturası əksər hallarda pislikləri unudan, yaxşılıqları isə xatırlayandır.

"Frankonun hakimiyyəti illərində işsizlik problemi yox idi. O, səhiyyə sistemini yaratmışdı, pensiya təminatını gücləndirmişdi. Bizə onunla daha yaxşı idi, nəinki indiki hakimiyyətlə» - ölkənin yaşlı təbəqəsi bu cür düşünür. Gənclik isə Frankonu milli ideyaya çevrilmiş şüarı ilə xatırlayır: "İspaniya hər şeydən üstündür!".

Fransisko Franko 1892-ci ilin dekabrında hərbçi ailəsində anadan olub. Yəqin nəsli bağlılığa görədir ki, 1907-ci ildə Toledo şəhərindəki hərbi akademiyaya daxil olur. Bu ali məktəbdə keçirdiyi illər xarakterinin formalaşmasına böyük təsir göstərir.  Gələcəyin kaudilyosu (kaudalizm hüquqi terror və represiyalar yolu ilə siyasi əleyhidarların sıradan çıxarılması hesabına hüquqların və azadlıqların məhvidir) çox da yündür boya malik deyildi. Yüksək, xoşagəlməz səsi var idi. Hər zaman ambisiyalı danışmağı sevirdi ki, bu da onu kadetlərin içərisində gülüş hədəfinə çevirirdi. Amma məhz həmin vaxt Fransisko cavab verməyi, təkcə güc ilə deyil, ruhən qələbə qazanmağı bacardı. Sonralar bu keyfiyyətinə diqqət yetirən Hitler deyəcəkdi ki, Franko ilə ünsiyyətdə olmaq, bir gündə bir neçə dişini çıxardacaq diş həkimi ilə görüşə getməkdən qat-qat pis təəssürat yaradır.

Akademiyadakı təhsilini başa vurduqdan sonra Fransisko ölkənin Mərakeşdəki legionuna təyinat alır. Bu hərbi birləşmədə soyuqqanlılığı ilə ad çıxarır və döyüşlərin birində ciddi şəkildə yaralanır. Franko xatirələrində bildirir ki, məhz Afrika təcrübəsi onu rəhbər etdi. Müharibə ona sərt nizam-intizamı, qəddarlığı, kor qətiyyəti və inadkarlığı öyrətdi.

34 yaşında Franko briqada generalı olur. 1928-ci ildə isə Saraqosadakı hərbi akademiyaya direktor təyin olunur. Həmin vaxtlarda İspaniyada ikinci respublika qurulur. Monarxist baxışlı Fransisko bu hadisəni kursantlar qarşısındakı çıxışında sərt tənqid edir və buna görə də işdən uzaqlaşdırılır. Yeni prezident Kaseras Kiroqanın hərbi məsələlər üzrə müşaviri, vəzifəsinə təyinat almaq üçün ona bir il gözləmək lazım gəlir.

Respublikaçılarla Frankonun fikir birliyi yalnız ölkənin ərazi bütövlüyü məsələsində üst-üstə düşür və təcrübəli hərbi rəhbər kimi o, 1934-1936-cı illərdə Asturiya və Kataloniyadakı separatçılıq meyllərini məhv edir. Bu xidmətlərinə görə Baş qərargahın rəisi vəzifəsinə çəkilir. Amma 1936-cı ildə prezident Kiroqa ölkədə hərbi çevrilişin hazırlandığına dair xəbər alır və Frankonu uzağa - Kanar adalarına göndərir. Sonradan müəyyənləşdi ki, Fransisko Kanar adalarında olarkən də 1936-cı il iyulun 17-dən başlanan hərbi çevrilişin rəhbərlərindən biri kimi öz işini görürmüş. Həmin vaxt o, Kanardan Mərakeşə gedir və doğma legionunun başına keçərək Madridə doğru hücuma başladığını bəyan edir. O dövrdə Frankonun üsyanını Vatikan da dəstəkləyirdi. Təsadüfi deyil ki, əsl xristian olan diktator Roma katolik kilsəsinin ali zümrəsində təmsil olunurdu.

Beləcə 600 min insanın ölümü ilə nəticələnmiş vətəndaş müharibəsi başlayır. Franko tezliklə üsyana tam rəhbərliyi əlinə keçirir. Bu müddətdə o, Hitlerin simasında Almaniyadan, İtaliyada isə Benito Mussolinidən dəstək alır. Almanların hərbi köməyi öz sözünü deyir. Generalissimus rütbəsini aldığı vaxtlarda Franko sağ partiyaların blokuna qoşulur və 1938-ci ilin yanvarında dövlətin və hökumətin başçısı olur. 1939-cu il aprelin 1-də ölkədəki vətəndaş müharibəsi başa çatdıqdan sonra dəmir əllərə malik diktator separatizm və kommunizm meyllərini də boğur. Represiyalar nəticəsində İspaniyada 150 min adam qətlə yetirilir, ümumilikdə əhalinin yarım milyonu sözügedən prosesin ağrı-acılarından əziyyət çəkir.

1947-ci ildə İspaniyada keçirilmiş referendumun onu ölkənin ömürlük dövlət başçısı elan edəndə Frankonun cəmi 45 yaşı var idi. Elə həmin vaxtdan da Franko kaudilyo (rəhbər) adlandırılır. Kaudilyo təkpartiyalı sistemdən - İspaniya Falanqasından ibarət, sağ mühafizəkar ideyalarla cilalanmış avtoritar hökumət qurur. Ümumən monarxist baxışlı katolik rəhbər yaxşı başa düşürdü ki, xalqın qayğısına da qalmaq lazımdır. Buna görə də o, kompleks səciyyə daşıyan sosial layihələr reallaşdırır, əhalinin pensiya və sosial təminatını nəzərəçarpacaq dərəcədə yaxşılaşdırır, xüsusən də səhiyyədə ciddi islahatlar həyata keçirir.

İkinci Dünya Müharibəsindən sonra nasist Almaniyası ilə dostluğa görə ölkənin izolyasiya prosesi tezliklə aradan qalxır. Bu, "soyuq müharibə"nin başlanması ilə bağlı olur. Franko SSRİ-nin və kommunizmin Avropaya təsirini aradan qaldıran yeganə qüvvə rolunu oynayır. 1959-cu ildə o, ABŞ prezidenti Duayt Eyzenhauerlə Birləşmiş Ştatların ölkəsində hərbi bazalarının yerləşdirilməsi barədə razılığa gəlir. Nəticədə İspaniyaya xarici kapital axını da baş verir. Ötən əsrin 60-cı illəri ölkədə iqtisadi bum dövrü kimi xarakterizə olunur. Məhz həmin müddətdə İspaniyada orta sinif formalaşdırılır. Ölkə uzun müddət inkişaf tempinə görə yalnız Yaponiyadan geri qalır və çiçəklənməkdə olan Avropa ölkəsinə çevrilir.

Amma diktatorun yerinə tamam başqa baxışları olan insanlar yetişirdi. İspan cəmiyyətindəki liberallaşma meylləri onun sistemini çökdürürdü. ETA və digər terrorçu təşkilatların üzvlərinin ard-arda ölüm hökmünə məruz qoyulması Avropada narazılıqlar doğurur. Hətta vəziyyət o həddə çatır ki, Roma papası VI Pavel də özünün sadiq oğlu və davamçısı saydığı adamı lütf göstərməyə çağırır. 1975-ci ildə Avropanın 15 ölkəsi İspaniyadakı səfirlərini geri çağırır. Portuqaliyada İspaniya səfirliyinə hücum olur. Avropanın müxtəlif yerlərində Frankonun zülmlərinə qarşı nümayişlər keçirilir. Bu durumda ağır parkinson xəstəliyindən əziyyət çəkən Franko xalqa müraciət edərək "mənə inanın, siyasətə baş qoymanı" çağırışları edir. Amma siyasət və xəstəlik onu yorğun salmışdı. Alınmırdı…

Franko yeni monarxın xeyrinə siyasi vəsiyyətnamə yazır və 1969-cu ildə könüllü şəkildə hakimiyyəti şahzadə Xuan Karlosa təhvil verir. Bu, monarxiyanın rəsmi surətdə bərpası anlamına gəlir. Kaudilyo uzun sürən xəstəlik həyatından sonra 20 noyabr 1975-ci ildə Madriddə dünyasını dəyişir. Ölümündən bir neçə saat əvvəl yazdığı vəsiyyətində isə ispanlara müraciət ünvanlayır, onlardan bağışlanılmasını istəyir və izah edir:

"Ömrümün ən son anına, axırıncı nəfəsimədək sevdiyim İspaniyaya xidmət etməkdən başqa istəyim olmayıb. Mənimlə birgə böyük entuziazmla vahid, azad İspaniya uğrunda sadiqliklə, mətanətlə işləyən hər kəsə öz təşəkkürümü bildirmək istəyirəm. Yaddan çıxarmayın ki, sivilizasiyanın və xristian İspaniyasının düşmənləri səngimək bilmir. İspaniyanın onun vahidlik mənbəyi rolunu oynayan regionlarının müxtəlifliyini, torpaqlarının birliyini qoruyun. İstərdim ki, son anlarımda Tanrının adını İspaniyanın adı ilə birləşdirim. Sizinlə qucaqlaşıb ölüm anımda sonuncu dəfə qışqırmaq istəyirəm: İspaniya! Yaşasın İspaniya!"

"Baki-Baku.az"




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Maraqlı