USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Kino kəşfiyyatçılarının real həyatdakı obrazları


https://img.baki-baku.az/news/2020/12/photo_2223.jpg?v=MjAyMC0xMi0yMiAxNjowNjozMw==

Tamaşaçılar kəşfiyyatçılar haqqında filmləri həmişə böyük maraqla qarşılayıblar. Bu mənada məşhur Ceyms Bondu göstərmək mümkündür. Keçmiş sovet filmləri içərisində casus-kəşfiyyatçının belə tipinə ümumiyyətlə rast gəlinməyib. Amma söhbətimiz bu barədə deyil. Hər bir qəhrəmanın həyatının istənilən filmdən daha maraqlı olan real prototipinin mövcudluğundan söz açacağıq. Mövzu ilə bağlı söhbətimizdə müxtəlif dövrlərdə çəkilmiş filmlərin timsalında ayrı-ayrı belə demək mümkünsə, kino-kəşfiyyatçılarına müraciət edəcəyik.

"Kəşfiyyatçının igidliyi"

Almanların ələ keçirdikləri yerlərdə Henrix Ekkert adı ilə məxfi materiallar toplamaqla məşğul olan sovet kəşfiyyatçısı Aleksey Fedotov haqqında 1947-ci ildə çəkilmiş bu film zaman keçdikdə bəsit və qeyri-real təsir bağışlamışdı. Halbuki ekran əsərinin motivini tam gerçək hadisələr təşkil etmişdi.

Fedotovun əsas prototipi kimi məşhur kəşfiyyatçı-diversant Nikolay Kuznetçovu göstərirlər. Fedotov kimi Kuznetçov da Almaniyanın şərq ordusunun yüksək rütbəli generalını ələ keçirmişdi. Əlbəttə, kino-kəşfiyyatçısından fərqli olaraq Kuznetsov generalı tam formada üzə çıxara bilməmişdi. O, partizan dəstəsindəki sorğu-sualdan sonra güllələnmişdi. Qeyd edək ki, məhz bu filmlə birgə hamının dillər əzbərinə çevirdiyi «parol» meydana çıxmışdı: "Sizdə slavyan şkafı olmaz?" Eyni zamanda Fedotovun faşist zabiti Ekkert kimi nasistlərin bayram masası arxasında dediyi sağlıq uzun müddət yaddaşlarda qalmışdı: "Qələbəmizin şərəfinə!"

Nikolay Kuznetçovun taleyi onun kino qəhrəmanından fərqli olaraq faciəvi sonluqla başa çatdı. Kəşfiyyatçı Fedetov cəbhədən geri dönə bildisə, Kuznetsov 1944-cü ildə Lvov yaxınlığında baş vermiş döyüşdə həlak oldu.

"Mayor Vixr"

1967-ci ildə ekranlara sovet kəşfiyyat qrupunun düşmən tapdağı altında olan Krakovdakı mədəni xəzinəni xilas etmək üçün apardığı mücadilə ilə bağlı film çıxdı - "Mayor Vixr". Real hadisələrə əsaslanmış dramatik hekayənin prototiplərindən biri Yevqeni Bereznyak idi. Məsələ ondadır ki, sözügedən şəhərin yer üzündən silinməsinin qarşısını almaq vəzifəsini Sovet İttifaqının iki kəşfiyyat qrupu həyata keçirirdi. Ekran əsərində SSRİ kəşfiyyatçısının həbsdən qaçaraq şəhər bazarına doğru yön almasına dair səhnə eynilə Bereznyakın həyatından götürülüb. Yeri gəlmişkən, ona alman Gestaposundan canını qurtarması baha başa gəlmişdi. Digər "çekistlər"in hərtərəfli yoxlamalarına məruz qalmışdı. Çoxları elə bilirdi ki, almanlar Bereznyakı onlara işləməsi üçün buraxıb. Yalnız Krakovda əsir düşmüş hitlerçilərdən birinin sovet kəşfiyyatçısının qurtulma səhnəsini təsvir etməsindən sonra Bereznyaka inam bərpa olunmuşdu. Qeyd edək ki, filmdə həlak olmuş "Vixr"dən fərqli olaraq Bereznyak real həyatda sağ qalmışdı. O, hətta uzun müddət sovet xüsusi xidmət orqanlarında işləmiş, xüsusi təyinatlı "Vımpel" dəstəsinin yaradılmasında da yaxından iştirak etmişdi. Krakov əməliyatının təfərrüratları barədə məlumat isə XXI əsrdə aşkara çıxmışdı. Bu Polşa şəhərinin alınmasında fədakarlıq göstərmiş qəhrəmanlara mükafat təqdim olunanda "Vixr"in də adı çəkilmişdi.

"Əlahəzrətin adyutantı

1969-cu ildə vətəndaş müharibəsi dövründə sovet kəşfiyyatının fəaliyyətinə həsr olunmuş film çəkilir. Filmin baş qəhrəmanı olan kəşfiyyatçı Pavel Kolçov könüllü ağ qvardiyaçıların içərisinə girir və general May-Mayevskinin adyutantı olmağı bacarır. P.Kolçovun prototipi sayılan Pavel Makarovun taleyi onun kinodakı oxşarının taleyindən daha qarışıq şəkil almışdı. Məlumdur ki, vətəndaş müharibəsi başlayanda keçmiş cəbhəçi və Tbilisi gizirlər məktəbinin məzunu P.Makarov qırmızıların (bolşeviklərin) tərəfinə keçir. Ancaq Melitopol yaxınlığında ağların əlinə düşür. Maraqlıdır ki, inam qazana, hətta könüllü ordunun sıralarına da düşə bilir. İnsanları özünə çəkmək bacarığına malik Makarov tezliklə general May-Mayevskinin başçılıq etdiyi ordunun rəhbərlərindən birinin adyutantına çevrilir. Ancaq bu zaman o, "çekistlər"inmi tapşırığını yerinə yetirirdi, yoxsa, uğurlu avantürist idi, bunu tədqiqatçılar hələ də müəyyənləşdirə bilməyiblər. Yekunda Makarovdan bolşeviklərlə əlaqədə şübhələnirlər və o, qaçmaq məcburiyyətində qalır. Sonradan "yaşıllar"a sığınır və ağlara qarşı mübarizə aparır ki, bunun da nəticəsində qırmızılar tərəfindən mükafatlandırılır. Bolşeviklərin Krımı ələ keçirilmələrindən sonra Makarov partiya sıralarında çalışır və özünün kəşfiyyatçı fəaliyyətinə dair "General May-Mayevskinin adyutantı" kitabını buraxır. Məhz bu kitab İqor Bolqarin və Georgi Severskinin birgə ssenari müəllifləri olduqları məşhur "Əlahəzrətin adyutantı" filminin əsasını təşkil edir. Ancaq Makarovla kinonun müəllifləri arasında münaqişə yaranır və ikincilər Kolçovun prototipinin sözügedən kəşfiyyatçı olduğunu danırlar. Qeyd edək ki, 1970-ci ildə dünyasını dəyişmiş P.Makarov Böyük Vətən Müharibəsi illərində Krımda partizan hərəkatının möhkəmlənməsində müstəsna xidmətlər göstərir və bu əməyini heç kəs mübahisələndirmir. Əlbəttə, onun şöhrəti məşhur ekran əsərinin qazandığı populyarlıqla əlaqədar olmasa da, fakt faktlıdğında qalır - adyutant Makarovdur.

"Baharın on yeddi anı"

Ən məşhur sovet kəşfiyyatçısı olan Ştirlisin dəqiq prototipi yoxdur. Amma onun tərcümeyi-halından olan əksər epizodlar, kəşfiyyat əməliyyatları kifayət qədər real əsaslara malikdir. Ştirlisin bioqrafiyasının bir hissəsi SS-in 1929-cu ildə sovet kəşfiyyatı tərəfindəən ələ alınaraq SSRİ-yə işləyən yüksək rütbəli əməkdaşı Villi Lemana məxsusdur. O, Almaniyanın hərbi proqramı, texniki yenilikləri barədə Sovet İttifaqına vacib informasiyalar ötürürdü. Məhz Villi hitlerçilərin SSRİ-yə hücumundan üç gün öncə bu hadisənin iyunun 22-də (1941) baş verəcəyi ilə əlaqədar xəbər verir. Faşistlər Lemanın əsl fəaliyyətindən 1942-ci ildə xəbər tuturlar…

Ştirlisin daha bir prototipi kimi alman hərbi hava qüvvələrinin ober-leytenantı Harr Şulç-Boyzeni (antifaşist meylli "Qırmızı Kapella"nın üzvü olduğu deyilir) göstərirlər. Bu adam 1936-cı ildən sovet kəşfiyyatı ilə fəal əlaqədə olur, qiymətli məlumatlar ötürür. 1942-ci ildə alman əks-kəşfiyyatı Moskvadan olan radioötürməni aşkarlaya bilir. Nəticədə Şulç-Boyzenin missiyası sıradan çıxır və o, həmin ilin dekabrında öldürülür.

"Ölü mövsüm"

1968-ci ildə çəkilmiş bu filmi sovet kəşfiyyatçılarının "soyuq müharibə" dönəmində fəaliyyətini əks etdirən ilk ekran əsəri kimi xarakterizə edirlər. Kinodakı kəşfiyyatçı Ladeynikovun prototipi 1950-1960-cı illərdə Böyük Britaniyada müvəfəqiyyətlə fəaliyyət göstərmiş və sovet kəşfiyyatının ən usta simalarından sayılan Konan Gəncdir (gənc böyük ehtimalla təxəllüsüdür). O, nəinki informasiyalar toplayır, eyni zamanda Britaniyada sovet kəşfiyyatının saxlanılmasını təmin edən kommersiya işlərini də uğurla həyata keçirir. Ən maraqlısı isə budur ki, Qordon Lonsdeyl adlı biznesmen kimi fəaliyyət göstərən bu adam ölkədə sahibkarlığın inkişafındakı xidmətlərinə görə İngiltərə kraliçasından cəngavər titulunu da qəbul edir. Bununla əlaqədar təntənəli mərasim kəşfiyyatçının həbsindən bir neçə ay öncə keçirilir. 1961-ci ildə ələ keçmiş Konanı 25 il həbs cəzasına layiq görürlər. Üç ildən sonra onu Berlində SSRİ-də ələ keçmiş ingilis kəşfiyyatçısı Qrevil Vinlə dəyişirlər. Sondaran Konan "Ölü mövsüm"ün məsləhətçilərindən birinə çevirilir. Ekran əsərində giriş sözünü isə sovet kəşfiyyatının Vilyam Fişer adı ilə ABŞ-da fəaliyyət göstərmiş daha bir tanınmış siması Rudolf Abel deyir. Abeli Birləşmiş Ştatların Federal Təhqiqatlar Bürosunun əməkdaşları yaxaladıqdan sonra SSRİ-də fəaliyyət göstərmiş Amerika casusu ilə dəyişdirilir.

"TASS bəyan etməyə məsuldur"

Digər ekran əsərlərindən fərqli olaraq 1984-cü ildə çəkilmiş doqquz seriyalı bu bədii film əks-kəşfiyyata həsr olunub. Yəqin məhz buna görə də diqqət mərkəzində mənfi personaj - ABŞ casusu "Trianon" dayanır. Bu rolu məşhur "Voroninlər" seriyalında böyük Voronin obrazını canlandırmış Boris Klüyev oynayır. Həyatda "Trianon"un daha böyük vəzifə daşıyan prototipi olmuşdu. Bu, SSRİ Xarici İşlər Nazirliyinin xarici siyasət tədbirlərinin plaşlaşdırılması idarəsinin Amerika şöbəsinin əməkdaşı işləmiş Aleksandr Oqorodnikdir. Onun ələ keçirilməsi və neytrallaşdırılmasına dair əməliyyat filmdə tam detallı şəkildə təsvirini tapıb. Oqorodnik həqiqətən də ABŞ-n Mərkəzi Kəşfiyyat İdarəsinin gözəlçə Piların köməyilə öz tərəfinə çəkdiyi adamdır. Əməlinin üstü açılanda zəhərli qələmlə özünü öldürür. Sovet kəşfiyyatı xəbəri MKİ-dən gizli saxlamağı bacarır və bunun nəticəsində ABŞ səfirliyinin məsələdə əli olan əməkdaşı saxlanılır. Maraqlısı isə budur ki, filmdə "Trianon" kişi cinsinə məxsus şəxs kimi göstərilsə də, reallıqda bu adam Marta Petersen adlı qadındır.

Qeyd edək ki, "TASS bəyan etməyə məsuldur"un müsbət qəhrəmanı olan kəşfiyyatçı Slavinin də prototipi var. Ekran əsərinin ssenari müəllifi Yulian Semyonov filmdə dostu SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ("KQB") general-mayoru Vyaçeslav Kevorkovun obrazını canlandırıb. Təbii ki, Slavinin hekayəsi "Trianon"unku kimi bədii məzmun daşımır.

"Baki-Baku.az"




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Maraqlı