USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Vanqanın həyatı - MİSTİKA


https://img.baki-baku.az/news/2020/11/photo_1834.jpg

Ötən əsrin əvvəlində Osmanlı imperiyasında məşhur öncəgörücü Vanqa dünyaya gəldi. Yevangeliya yunan dilindən tərcümədə xoşməramlı xəbər mənasını verir, ancaq bolqar qadın heç də yalnız yaxşı xəbərlər vermirdi. Vanqanın yalan, əksər hallarda uydurulmuş fikirləri isə bulvar jurnalistikası üçün yaxşı yemə çevrilirdi.  

Yevangeliya Pandeva Dimitrova 31 yanvar 1911-ci ildə müasir Makedoniyanın ərazisində yerləşən Strumiçe rayonunda doğulub. İlk vaxtlar körpəyə ad vermək istəmirlərmiş. Yaşamayacağından qorxurlarmış. Onun dayısı oğlu olan şərqşünas Krasimir Stoyanovun bildirdiyinə görə, Vanqanın valideynləri yoxsul kəndlilər idilər. Bolqaryönümlü milli təşkilatın üzvü kimi fəaliyyət göstərən atası Pande Sueçev Birinci Dünya Müharibəsinin başlanması ilə orduya yollanır. Hələ dörd yaşında olarkən anası dünyasını dəyişir. Körpənin qayğısına qonşuları Asaniça qalır. Cəbhədən qayıdan atası yenidən ailə həyatı qurur. Eyni zamanda torpaq icarəyə götürərək işləməyə başlayır. İşləri heç də pis getmir. Lakin təminatlı həyata son qoyulur. Yerli hakimiyyət Pandeyə inqilabçı keçmişini xatırladaraq əlindəki torpaq sahəsini geri alır və onun qara günləri başlanır.  

1923-cü ildə Pandenin ailəsi Makedoniyanın Novo-Selo kəndinə köç edir. O zaman Vanqanın 12 yaşı olur və qız məhz həmin kənddə burulğana düşür. Hadisə nəticəsində külək Vanqanı bir neçə metr kənara atır. Huşunu itirmiş uşağı gözünə qum dolmuş vəziyyətdə tapırlar. Gözlərini xilas etmək üçün onu tez bir zamanda şəhər xəstəxanasına çatdırmaq lazım gəlir.  

Hazırkı Makedoniyanın paytaxtı olan Skopyedə Vanqanın gözündə bir neçə uğursuz cərrahiyyə əməliyyatı aparılır. Üçüncü əməliyat isə Belqradda edilir. Lakin uşağın gözünün açılması üçün daha böyük pullara ehtiyac duyulur və həmin pulun axtarılmasına sərf edilən vaxt ərzindəki müalicə fayda vermir. Bundan başqa görmə qabiliyyətinin bərpası üçün sakitlik və yaxşı qidalanma da tələb olunurdu ki, kasıb ailənin bunun da öhdəsindən gəlməsi mümkünsüz idi.

İldən-ilə gözünün nurunu tamamilə itirən Vanqanı 1925-ci ildə serb şəhəri olan Zemundakı korlar evinə yerləşdirirlər. Vaqna üç il ərzində burada toxumaq, tikmək kimi vərdişlərə yiyələnir. Həmçinin korlar üçün əlifbanı, royalda ifa etməyi öyrənir. 18 yaşında Dimitr adlı kor gənclə tanış olur. Təminatlı ailədən olan Dimitr Vanqaya evlənmək təklif edir. Lakin ikinci analığının növbəti doğuş zamanı qəfil vəfatı səbəbindən evə, kiçik yaşlı qardaş və bacılarına baxmaq üçün atasının yanına qayıtmaq məcburiyyətində qalır.  

Vanqanın atası 1940-cı ildə ömrünün 54-cü yazında dünyasını dəyişir. Onun özü isə möhkəm xəstələnir və yalnız möcüzə nəticəsində sağ qalır. Həmin vaxt Vanqa uzun müddətli komada qalır. Ayıldıqdan sonra gözlənilmədən başqa səslə danışmağa başlayır. İlk proqnozunu verir: müharibə başlayacaq.  

Deyilənə görə, Vanqanı öncəgörücü kimi 1941-ci ilin aprelində Belqradın bombalandığı və Yuqoslaviya torpağına alman əsgərlərinin yeridikləri zaman qəbul ediblər. Müharibə müddətində Vanqanın populyarlığı artmağa başlayır. Ona təkcə yerli kəndlilər deyil, eyni zamanda bolqar ordusunun əsgərləri də müraciət edirlər. Yayılan xəbərlərə görə, 1942-ci ildə Vanqanın yanına gələnlər sırasında Bolqarıstan çarı III Boris də olub.  

Günlərin birində Vanqanın evinin qapısını Dimirt Qeşerov adlı əsgər döyür və öncəgörücüdən qardaşını qətlə yetirənlərin kimliyini soruşur. Vanqa ona qatillərin kimliyini söyləyə biləcəyini desə də, məsələni sonraya saxlayır. Əsgərdən qardaşına görə intiqam almayacağına söz verməyi xahiş edir. Bildirir ki, o, qardaşını qətlə yetirənlərin ölümünü öz gözlərilə görəcək. Elə də olur. Yekunda Vanqa-Dimitr tanışlığı onların nişanlanmaları və 1942-ci ilin mayında evlənmələri ilə nəticələnir.  

1962-ci ildə Vanqanın həyat yoldaşı ağır qara ciyər xəstəliyindən dünyasını dəyişir. Onun ölümündən bir neçə il sonra Vanqanın evində yetim uşaq peyda olur. Öncəgörücünün öz övladı isə heç zaman olmur. Vanqa 1996-cı il avqustun 11-də düçar olduğu xərçəng xəstəliyi nəticəsində vəfat edir. Hazırda onun adına ayrıca fond fəaliyyət göstərir.




Redaktorun seçimi

Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası
Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları

Maraqlı