USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Alman nasizminin astroloqu, cadugar, yoxsa öncəgörücü? MİSTİKA


https://img.baki-baku.az/news/2020/09/photo_1073.jpg?v=MjAyMC0wOS0yNCAyMToxNjozNA==

«Üçüncü reyx»in astroloqu Karl Ernst Kraft 1939-cu ildə Adolf Hitlerə sui-qəsdin olacağını söylədi. Amma belə bir xidmət göstərmiş şəxs ömrünün son günlərini Buhenvald konslagerində rejimin əleyhidarı kimi keçirdi. Rəsmi şəkildə iqtisadi məsələlər üzrə müşavir vəzifəsini tutmuş Kraft astrologiya, habelə qrafologiya (insanın imzası ilə onun şəxsiyyətinin müəyyənləşdirilməsi) ilə məşğul olmuşdu və ilk dəfə olaraq astroloji təhqiqatlarda statistik metodlar tətbiq etmişdi.

Karl Ernst Kraft 1900-cu il mayın 10-da İsveçrənin Bazel şəhərində anadan olmuşdu. Babası Ernst şəhərin mərkəzində hazırda memarlıq abidəsi kimi qorunan Krafft hotelini tikmişdi. O, eyni zamanda «Kraft qardaşları» adlı fabrikin də qurucusu olmuşdu. Atası «Kardinal» pivə istehsalı müəssisəsinin direktoru kimi fəaliyyət göstərmişdi.

Məktəbi bitirdikdən sonra K.Kraft Bazeldə humanitar gimnaziyada oxudu. 1919-1924-cü illərdə Cenevrədə və Londonda riyaziyyat, fizika, kimya və statisistika üzrə təhsil aldı. Bundan əvvəl isə, daha doğrusu 1919-cu ildə bacısı Anneliz dünyasını dəyişdikdən sonra ailəsi cadugarlığa yuvarlanmış və ruhların çağrılmasına yönələn spirit seanslar təşkil etmişdi. Əslində burada elə bir şey də yox idi. Çünki gördükləri iş zamanın nəbzini tutmaq sayılırdı. Demək olar, bütün Avropa o müddətdə bu cür fəaliyyətə üz tutmuşdu.

Həmin vaxtdan başlayaraq Kraft da fəal şəkildə yoqa və astrologiya ilə məşğul olmağa başladı. Cenevrədə beynəlxalq sufi hərəkatının banisi, hind sufi filosofu Həzrət Yanayat Xanla tanış oldu. 1921-1923-cü illərdə Karl Cenevrə əhalisinin doğumu və ölümünə dair məlumatlar topladı. Sonradan bu statistik bilgiləri astroloji cədvəllərlə uyğunlaşdırdı. İşinin davamını Bazeldə gətirən Kraft dahi Puşkinin təbirincə desək, «hesabın harmoniyasını yoxlayırdı». İnsanın doğumu ilə onun sənəti arasındakı əlaqəni tapmağa çalışan mistik şəxs təkcə dövrün musiqiçilərinin 2800 ulduz falını tərtib etdi.

Valideynləri biləndə ki, o, digər elmlərə yiyələnməkdən çox, astrologiyaya maraq göstərir, övladlarına maddi kömək göstərməyi dayandırdılar. Buna görə də Karl 1925-ci ildə ezoterik (gizli, sirli) kitab mağazası sayılan «Qua Vadis»də işə düzəldi.

1926-1936-cı illərdə Kraft iqtisadi məsələlər üzrə müşavir işləyərkən astroloji metodlarla yanaşı 1929-cu ildən sirlərinə yiyələndiyi qrafologiyadan da bəhrələnirdi. Bu işləri İsveçrə biznesmeni Oskar Qulun köməyi ilə gerçəkləşdirirdi. Sonuncu isə özünün kommersiya fəaliyətini tamamilə Karlın məsləhətləri üzərində qurmuşdu.

Sonralar Kraft başqa sahibkarlara da məsləhətlər verməyə başladı. Sözügedən müddətdə o, kosmobiologiyanın sirlərinə də bələd oldu və müxtəlif alman şəhərlərində məruzələrlə çıxış etdi. 1937-ci ildə isə Sürixdə holland sahibkar Annoy van der Koppelin qızı ilə ailə həyatı qurdu.

Kraft 30-cu illərdə xəstəliyə çevrilməkdə olan «Böyük Almaniya» ideyasından vəcdə gəlirdi. Buna görə də həyat yoldaşı ilə birgə İsveçrədən Almaniyaya köçdü. 1939-cu il noyabrın 2-də nasist liderlərindən olan və Himlerin qərargahında xidmət keçən dostuna məktub yazır. Məktubda bildirir ki, Hitlerlə bağlı noyabrın 7-dən 10-dək olan müddətdəki astroloji hesablamalar təhlükədən xəbər verir. O, həqiqətən də düz deyirdi.

Karlın proqnozu barədə xəbər Hitlerə çatdırılır. Fürer noyabrın 8-də Münhendəki «Bürgerbräukeller» pivə sindikatında çıxış edərkən nitqini yarım saat tez yekunlaşdırır. Heç kəsin gözləmədiyi şəkildə, yəni mərasimdə olanlarla ənənəvi fərdi söhbətlərini aparmadan başının dəstəsilə birgə məkanı tərk edir. Bundan 13 dəqiqə sonra müəssisədə güclü partlayış baş verir.

Uğursuz sui-qəsdi həyata keçirmiş 46 yaşlı İohan Georq Elzer adlı şəxs idi. Kraftı isə onunla əlbirlikdə təqsirli bilib həbs etdilər. Lakin həbs cəzası nasizmdən zövq alan astroloqun sonradan imperiyanın baş təhlükəsizlik idarəsində işə düzəlməsinə maneçilik törətmədi. Çünki həmin vaxtadək o, özünü kifayət qədər təsdiqləmiş, astrologiyanı da bir elm kimi tanıtdırmağı bacarmışdı. Karlın işlədiyi VII idarə isə ümumən müxtəlif dini təlimçilərlə, astroloqlarla, keçmiş massonlarla dolu idi. Deyilənə görə, Kraftın Berlinə gətirilməsində də həmin idarənin əməkdaşlarının böyük rolu olub.

Karl Berlində hadisələrin və insanların ulduz falını tərtib edirdi. Həmçinin psixoloji müharibə aparmaq üçün tanınmış öncəgörücü Mişel Nostradamusun irsini öyrənirdi. Maraqlıdır ki, həmin vaxt Britaniya dairələri almaniyalı digər astroloq Lui de Volu öz tərəflərinə çəkdilər. Onlar niyəsə səhvən elə bilirdilər ki, Kraft birbaşa Hitlerə işləyən adamdır. Karl isə Hitlerlə görüşə can atırdı, amma bu, arzu olaraq qaldı.

Alman nasizminin məşhur nümayəndələrindən sayılan Rudolf Hessin şizofrenliyindən, yəni gözlənilməz şəkildə təyyarə ilə İngiltərəyə yollanmasından sonra Kraft 1941-ci il iyunun 12-də digər astroloqlar kimi həbs edildi. Hakimiyyətin yuxarı dairələrində bildirildi ki, Hess belə bir uçuşa məhz astroloqların əlverişli proqnozu sayəsində fürsət tapıb. Amma Gestapo bu proqnozu verəcək astroloqu tapmadı. Böyük ehtimalla həmin adam heç olmamışdı da. Buna görə də demək olar, bütün astroloqlar azadlığa buraxıldı. Amma Kraftı həbsxanada saxladılar. Hətta Himlerin belə onu qurtarmaq cəhdləri uğursuzluqla nəticələndi. Hitler razılıq vermədi.

1941-ci il iyunun 24-də nasist Almaniyasında hər cür cadugarlıq təcrübəsi qadağan edildi. Himler özünün şəxsi astroloqu Vilhelm Vulfa yazırdı: «Biz «Üçüncü reyx»də astrologiyanı qadağan etməliyik. Astroloqlara inanaraq bizə işləyənlərin fəaliyyətini heçə endirə bilmərik. Nasional-sosialist dövlətində astrologiya azlıq səviyyəsində olmalıdır. Kütlələr üçün nəzərdə tutulmamalıdır».

Kraft həbsxanada Bonn şəhərindən olan fəlsəfə professoru Yozan Ferveyenlə birgə gizli şəkildə alman generallarının ulduz fallarını tərtib edirdi. Onun işləri digər nasist lideri olan Rozenberqin idarəsinin əməkdaşları tərəfindən yığılır və saxlanırdı.

Bu müddətdə Karlın əsəb sistemində problemlər yaranmağa başlayır. 1942-ci ilin payızında onun əmək qabiliyyətsizliyi təsdiqlənir. 1943-cü ilin yazında isə Kraftda tif xəstəliyi aşkarlanır. Xəstəlik o həddə çatır ki, onu Oranienburqdakı düşərgəyə göndərəndə artıq sərbəst şəkildə ayaq üstə dura bilmir. Karl Kraft 1945-ci ilin yanvar ayının 8-də 1944-cü ilin noyabrında gətirildiyi Buhenvald konslagerində dünyasını dəyişir.

"Baki-Baku.az"




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Maraqlı