USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Əhalinin 70-80 faizi peyvənd olunsa, infeksiyanın yoluxma zəncirini qırmaq mümkün olacaq


https://img.baki-baku.az/news/2021/02/photo_2820.jpg

Bir ildir ki, qorxulu kabus kimi bəşəriyyətin başı üzərini alan yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin qarşısını almaq üçün ən yaxşı yol vaksinasiyadır. Artıq yanvarın 18-dən bu proses ölkəmizdə tibb işçilərinin vaksinasiyası ilə başlanılıb. İndiyədək tibb işçilərinin 70 faizinə peyvənd vurulub. Fevralın 8-dən isə yaşı 65-də yuxarı olan vətəndaşların vaksinasiyası həyata keçirilir. Risk qrupunda olan hər kəs yaşadığı ərazidə sahə poliklinikasına müraciət edərək vaksinasiyadan keçə bilər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBIB) işçi qrupunun üzvü Vüsalə Yaşar deyib.

Onun verdiyi məlumata görə, peyvənd edilməkdən qorxanlar var və bundan daha çox xroniki xəstəliyi olanlar ehtiyat edirlər: “Onlar çox vaxt əks-reaksiya yaranmasından və yaxud mövcud xəstəliklərinin kəskinləşməsindən çəkinirlər. Hətta həmin səbəbləri əsas gətirərək peyvənd olunmaqdan imtina edənlər də var. Lakin peyvəndin üstünlüklərindən xəbərdar olanlar nəinki özlərini, hətta yaşlı ailə üzvlərini də bu prosesə cəlb edirlər. Hətta Parkinson xəstələrinə peyvənd edilməsi heç bir əks-təsirə səbəb olmayıb. Doğrudur, COVID-19 xəstəliyinin gedişində çox sürprizli nəticələr müşahidə edilib, lakin indiyədək həmin xəstəliklə əlaqədar əks-göstəriş yoxdur. Şəkərli diabeti olanlar da xüsusi risk qrupu sayılırlar və onlar, eləcə də xroniki ürək-damar, tənəffüs sistemi xəstəlikləri olanların COVID-19-u daha ağır keçirə biləcəkləri ehtimal edildiyinə görə birincilər sırasında vaksinasiya olunmalıdırlar.

O, vaksinasiyanın əhəmiyyəti barədə danışaraq deyib: “Təkcə COVID xəstəliyi deyil, əvvəllər də bəzi valideynlər övladlarını vaksinasiyadan yayındırmağa çalışıblar. Lakin unutmaq olmaz ki, vaksinasiya yoluxma, ağırlaşma, ölümcül xəstəliklərdən qorunmaq üçündür. Necə ki, məhz bu yolla təbii çiçək və digər infeksion xəstəliklərin kökü kəsilib, eləcə də bəzi infeksion xəstəliklərə qalib gəlməyin yeganə yolu vaksinasiyadır. İndi ölkəmizdə tətbiq edilən Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” peyvəndi inaktivdir, yəni orqanizmə qarşılaşa biləcəyimiz virusun modeli inyeksiya edilir. Həmin modeli immun sistemi tanıdığına və ona qarşı müdafiə silahı olduğuna görə, orqanizm virusla qarşılaşan zaman ona hazır olur. Təəssüf ki, bəzi insanlar vaksinasiyadan sonra heç bir qorunma tədbirinə əməl etməyə ehtiyac olmadığını düşünürlər, lakin bu, qətiyyən doğru deyil. Vaksinasiyanın qoruyuculuğu 60-90 faiz arasında dəyişir. Vaksinasiyadan sonra orqanizmdə yaranan anticisimlərin miqdarı fərdi xarakter daşıyır və yaranan müdafiə sisteminin nə qədər hansı müddət davam edəcəyi və nə dərəcədə qoruyacağı barədə araşdırma yoxdur. Lakin indi istifadə olunan vaksinin qoruyuculuğunun etibarlılığına və uzun müddət davam edəcəyinə ümid böyükdür. Əgər əhalinin 70-80 faizinə həmin peyvəndlər vurulsa, infeksiyanın yoluxma zəncirini qırmaq mümkün olacaq. Tərəzinin bir gözünə COVID-19 xəstəliyi və onun ağırlaşmalarını, digər gözünə isə peyvəndin ehtimal olunan yan təsirlərini - yəni müvəqqəti qızartı, şişkinlik və başağrılarını qoysaq, əlbəttə ki, vaksin edilmək daha doğru seçim olar.

Onu da qeyd edim ki, tibb işçilərinin vaksinasiyası zamanı heç bir əks-təsir müşahidə edilmədi. Bəzi hallarda başağrısı əlamətləri ilə üzləşənlər oldu. Kim ki, daha gərgin, daha həyəcanlı və qorxu ilə peyvənd olundu, onlarda başağrısı müşahidə edilirdi. Lakin bunun da həmin gün yaşadığı gərginliklə, yoxsa vaksinin təsiri ilə əmələ gəldiyini ayırd etmək çətindir. Vaksinin yan təsirləri baş verərsə, bu ən çoxu 48 saat davam edə bilər. Məlum olduğu kimi, vaksin üç həftə fasilə ilə iki doza vurulur. Bunu da mütləq nəzərə almaq lazımdır ki, ilk iynə və yaxud ikinci inyeksiya ediləndən sonra dərhal orqanizmdə infeksiyaya qarşı qoruyuculuq yaranmır. Ümumiyyətlə, peyvənddən təxminən 56-60 gün keçəndən sonra virus infeksiyasına qarşı qoruyuculuq formalaşır. Ona görə də vaksinasiya olunanlar mütləq əl gigiyenası, maska taxmaq və məsafə saxlamaq kimi qaydalara əməl etməlidirlər”.

Peyvəndin etibarlılığı barədə bəhs edən həmsöhbətimz daha sonra deyib: “Bu sual digər peyvəndlər vaxtı da həmişə narahatlıq doğurub. Bəzən analar sual verirlər: mən uşağı peyvənd etdirmişdim, bəs necə oldu ki, qızılca və ya məxmərəyə yoluxdu? Məsələ burasındadır ki, yüzdəyüz qoruyucu bir peyvənd yoxdur. Vurulan peyvəndlər xəstəliyi daha yüngül keçirməyə və yaxud heç keçirməməyə səbəb olur. Bu, vaksin vurulandan sonra immun sisteminin verdiyi cavab reaksiyasından asılıdır. Hətta qoruyuculuğu 90 faizinin üzərində olan vaksinlər vurulan ölkələrdə də peyvənd olunanlar arasında çox kiçik də olsa, məsələn, İsraildə əhalinin 0,02 faizində yoluxma müşahidə olundu. Aparılan peyvənd nəticəsində yoluxma zənciri qırılarsa, bu xəstəlik adi qrip səviyyəsinə enə bilər.

Peyvəndin qoruyuculuq müddəti haqqında konkret söz demək çətin olsa da, onun altı aydan az olmayacağı düşünülür. Hətta onun bir, iki ilə qədər davam edə biləcəyi barədə də nikbin proqnozlar var. Peyvənd edilən ölkələrdə alınan nəticələrə əsasən bu barədə müəyyən qənaətə gəlmək mümkün olacaq”.




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Səhiyyə