USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Həkimliklə pedaqoji fəaliyyətin vəhdəti


https://img.baki-baku.az/news/2020/12/photo_1980.jpg?v=MjAyMC0xMi0wMyAxNToyODo0Ng==

Endokrinoloq həkimlərin hazırlanması ilə əsasən Azərbaycan Tibb Universiteti II-ci Daxili xəstəliklər kafedrası məşğul olur. Bu kafedranın professor-müəllim heyəti digər daxili xəstəliklərlə yanaşı əsrimizin bəlası olan şəkərli diabetin müalicəsini də aparır.

Bu məqalədə həmin kafedranın əməkdaşı, qurumun tədris hissə müdiri, Universitetin Tədris-Terapevtik Klinikasının endokrinologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Səbinə Məşədiyeva-Bayramovanın həkimlik və pedaqoji fəaliyyətindən söhbət açacağıq.

Səbinə Məşədiyeva-Bayramova hələ uşaqlıq illərindən öz davranışı, sakit hərəkəti, təmkinliyi, diqqətliyi, hər şeyi bilmək həvəsi ilə seçilirdi. O, orta məktəbin rus bölməsində təhsil almışdır. Onuncu sinfi “əla” qiymətlərlə bitirmişdir, məktəbin ictimai həyatında fəal iştirak etdiyinə, nümunəvi davranışına  görə Səbinə xanım “Qızıl” medala layiq görülmüşdür.

Səbinə Məşədiyeva-Bayramovanın sonrakı seçimi isə həkim olmaq idi. Ona görə də sənədlərini N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki Azərbaycan Tibb Universiteti) təqdim edərkən yalnız bir fəndən - biologiyadan yazılı imtahan verərək “əla” qiymət almış və universitetin müalicə-profilaktika fakültəsinə qəbul olunmuşdur.

Səbinə xanım Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmiş, Topçubaşov təqaüdçüsü olmuşdur. Universitetin elmi şurasının qərarı ilə ordinaturada saxlanılan Səbinə xanım təhsilin bu pilləsini də yüksək səviyyədə başa vuraraq aspiranturaya daxil olmuş və dissertasiya işini vaxtından əvvəl yazıb qurtarmışdır. O, tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün çox aktual və çətin bir mövzuda - “Yumurtalıqların hipofunksiyası zamanı hipofizin qonadotrop funksiyasının öyrənilməsi” adlı dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmiş, iki ixtisasa - “Endokrinologiya” və “Ginekologiya” ixtisaslarına yiyələnmişdir.

Səbinə Məşədiyeva-Bayramova həyatını birdəfəlik ali təhsil aldığı doğma elm və tədris ocağına - Azərbaycan Tibb Universitetinə bağlamışdır. Burada həm həkim, həm müəllim, həm də alim kimi zəngin təcrübə toplamış, püxtələşmişdir. O, pillə-pillə yüksələrək Universitetdə nüfuz qazanmışdır. Təcrübə ilə nəzəriyyənin vəhdətini özünəməxsus metodikası ilə tələbələrə çatdıran Səbinə xanım əsasən IV, V və VI kurslarda “Daxili xəstəliklər” və “Endokrinologiya” fənlərindən Azərbaycan və rus dillərində dərslər, mühazirələr aparır.

Təsadüfi deyildir ki, Səbinə xanımın tələbələrindən bəziləri Universiteti bitirdikdən sonra öz müəllimlərinin yanında təkmilləşdirmə kursları keçməyi qərara alırlar. Bir neçə həkim-endokrinoloq və mama-ginekoloq Səbinə xanımın rəhbərliyi altında bir aylıq təkmilləşdirmə kursu keçmişdir.

Bir şeyi qeyd etmək yerinə düşərdi. Səbinə xanım gözə görünməyən düşmənlə - koronavirusla mübarizəyə bir həkim kimi həyat yoldaşı - Azərbaycan Tibb Universiteti normal fiziologiya kafedrasının müəllimi Adil Bayramovla birlikdə qoşulmuşdur. Yaşyarımlıq qızları Aytəkini valideynlərinin ümidinə qoyaraq Universitetin Tədris-Terapevtik Klinikasında virusa yoluxanların müalicə olunmalarında iştirak etmişlər.

Səbinə Məşədiyeva-Bayramova sənətinin incəliklərinə nüfuz edən, tibbi yenilikləri izləyən və dərindən mənimsəməyə səy göstərən alimlərimizdəndir. O, bütün bilik və təcrübəsini tələbələrinin mükəmməl mütəxəssis kimi yetişmələrinə, xəstələrin qısa müddətdə sağalmalarına həsr edir. Xəstələrə həkim nəvazişi ilə yanaşması, düzgün diaqnoz qoyması və müalicənin gedişini diqqətlə izləməsi nəticəsində yüzlərlə insan şəfa tapmış, sağlam həyata qayıtmışdır. Səbinə xanımın şəfalı əllərinin sehri, mükəmməl bilik və təcrübəsinin sayəsində ağrılardan xilas olunanlar arasında şəkərli diabet, ur (zob) və digər endokrin xəstəliklərinə tutulanlarla yanaşı, qadın sonsuzluğu ilə üzləşənlər, qadın xəstəliklərindən əziyyət çəkənlər də vardır.

Səbinə Məşədiyeva-Bayramova respublikamızdan kənarlarda da tanınan alimlərmizdəndir. Bunu bir çox xarici ölkələrdə tibb sahəsində keçirilən Beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirak edərək mükəmməl çıxışlar etməsindən, nüfuzlu jurnallarda, toplularda tibbin müasir problemlərinə aid dərc edilən məqalələrindən də aydın görmək mümkündür.

2004-cü ildə Tbilisi şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinin 1-ci Beynəlxalq Endokrinoloji Konqresində, 2008-ci, 2010-cu və 2012-ci illərdə İtaliyanın Florensiya şəhərində keçirilən “Ginekoloji Endokrinologiya üzrə Beynəlxalq Konqres”lərdə respublikamızı təmsil edən Səbinə Məşədiyeva-Bayramova həmin Konqresin üzvüdür. Onun İtaliyada nəşr olunan toplularda sanballı yazıları tibb ictimaiyyətinin marağına səbəb olmuşdur. Səbinə xanım Misirin Xurqada şəhərində və başqa paytaxtlarda keçirilən Beynəlxalq tibb məclislərində də fəal iştirak etmiş, sertifikatlar almışdır.

Səbinə Məşədiyeva-Bayramovanın paytaxtımızda keçirilən tibbin müxtəlif sahələrinə həsr olunmuş konqres və konfranslarda endokrinologiya, ginekologiya, kardiologiya və qastroenterologiya üzrə çıxışları da maraqla qarşılanmışdır.  

Səbinə Məşədiyeva-Bayramova çalışdığı kafedranın, ümumiyyətlə Universitetin ictimai həyatında yaxından iştirak edir. Neçə illərdir ki, II Daxili xəstəliklər kafedrası üzrə Tələbə Elmi Cəmiyyətinin sədridir. Cəmiyyətin xətti ilə hazırladığı tələbə hər il müsabiqədə yüksək yerlərdən birini tuturdu. O, eyni zamanda II müalicə profilaktika fakültəsi həmkarlar təşkilatının, “Terapiya İxtisası üzrə müdafiə şurasının” üzvüdür. Eyni zamanda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının endokrinologiya üzrə ekspertlər şurasının üzvüdür. Endokrinologiya fənni üzrə rezidenturaya qəbul testlərinin hazırlanmasında böyük köməyi olmuşdur.

Dosent Səbinə Məşədiyeva-Bayramova söhbət zamanı dedi: “İstedad, bilik ilk növbədə insanlara həsr olmalıdır. Qaldı ki, tədris məsələlərinə, müalicə proseslərinə, elmi araşdırmalar aparılmasına, indi universitetimizdə bütün bunlar üçün lazımi şərait yaradılmışdır. Bir neçə il bundan əvvəl universitetin klinik fənlərini tədris edən bütün kafedraları başqa-başqa baza xəstəxanalarında, müvafiq elmi-tədqiqat müəssisələrində və s. ünvanlarda yerləşirdi. Tələbələr əlavə vaxt  itirərək hər gün şəhərimizin müxtəlif ünvanlardakı həmin kafedralara gedirdilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının yaradılması haqqında” 11 sentyabr 2007-ci il tarixli Sərəncamı bütün bu çətinliklərə son qoymuşdur. Bu tarixi sənəd imzalandıqdan cəmi 10 gün sonra ölkə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı və  xeyir-duaları ilə təməli qoyulan klinikanın tikintisi qısa müddətdə başa çatdırıldı. Artıq 10 ildir ki, Tədris-Terapevtik Klinika fəaliyyət göstərir. Tədrisin keyfiyyəti xeyli yaxşılaşdırılmışdır. Burada eyni zamanda 400 nəfər xəstənin stasionar müalicə alması üçün nümunəvi şərait yaradılmışdır. Onların müalicəsi ilə, ümumilikdə 300-dən çox professor-müəllim heyəti məşğul olur.

Bütün ölkələrdə, o cümlədən Respublikamızda koronovirus xəstəliyinin yayılması ilə əlaqədar olaraq iki semestrdir ki, distant dərslər keçirilir. Klinikada isə hazırda şanlı qələbəmizlə başa çatmış İkinci Qarabağ müharibəsində torpaqlarımızın azad olunması uğrunda qəhrəmancasına vuruşaraq yaralanmış igid əsgərlərimizin sağlamlıqları bərpa olunur. Bu işdə klinikamızın professor-müəllim heyəti də yaxından iştirak edir.

Xalqımıza böyük qələbə bəxş edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevə, qəhrəman Ordumuza minnətdarlığımızı bildirir, Vətənimiz naminə canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirik.

Şərəf Cəlilli




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

Şərəf Cəlilli