USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Dərmanların yeni ekspertiza tarifləri qiymətlərə təsir etməyəcək


https://img.baki-baku.az/news/2023/12/photo_10021.jpg?v=MjAyMy0xMi0wNyAxMTozMjowNg==

 Tarif (qiymət) Şurasının dekabrın 5-də keçirilən növbəti iclasında dərman vasitələrinin və dərman maddələrinin dövlət qeydiyyatı ilə bağlı ekspertiza, o cümlədən xarici qeydiyyatın tanınması üçün sadələşdirilmiş ekspertiza xidmətlərinin tarifləri təsdiq edilib.

Qurumun yaydığı məlumata əsasən, tarif dəyişikliyinin dərman vasitələrinin qiymətinə təsiri olmayacaq. Tarif Şurasının yeni qərarı ilə  sadələşdirilmiş ekspertiza tarifləri mövcud tariflərdən təxminən 20-29 faizi azaldılıb. Adi ekspertiza tarifləri isə mövcud tariflərdən 20 faizə qədər yuxarı həddə təsdiqlənib. Qurumdan onu da bildiriblər ki, sadələşdirilmiş ekspertizanın tariflərinin daha aşağı olması həmin dərmanların qeydiyyatını, yenidən qeydiyyatını və idxalını daha səmərəli etməklə dərman təchizatının yaxşılaşdırılmasına şərait yaradacaq. “Bu hal dərman şirkətlərinin yüksək keyfiyyətli, effektivliyi təsdiqlənmiş dərman vasitələrini ölkəyə idxal etməsini stimullaşdıracaq”,–deyə məlumatda bildirilir.

Ekspertlər hesab edirlər ki, yeni sadələşdirilmiş ekspertiza tarifləri ölkədə dərman çeşidliliyinin artmasına müsbət təsir göstərəcək. Bu da sahibkarların ölkəyə dərman idxal etməsinə marağını artıracaq. Bununla yanaşı, ölkənin dərman bazarında bu cür yeniliklər qiymətlərə, dərmanların maya dəyərinə də müəyyən təsir göstərəcək.

Xatırladaq ki, “Dərman vasitələri haqqında” Qanuna olunan dəyişikliyə əsasən, dərman vasitələrinin qeydiyyatı üçün ixtisaslaşdırılmış ekspertiza xidmətlərinin müddəti 210 gündən 90 günə endirilib. Xarici qeydiyyatın tanınması üzrə sadələşdirilmiş ekspertizanın nəticələrinə əsasən, dövlət reyestrinə daxil edilən dərman vasitələri üçün tələb olunan sənədlərin sayı azaldılıb. Xarici qeydiyyatın tanınması üçün sadələşdirilmiş ekspertiza üzrə qısa müddət – 11 iş günü təsbit edilib. Ekspertlərin fikrincə, ölkəmizə idxal olunan dərmanların tanınması üçün ekspertiza müddətinin 11 iş günü müəyyən edilməsi bu sahədə sağlam rəqabəti artıracaq.

İclasda, həmçinin yeni dövlət qeydiyyatına alınan 158 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib. Etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 57 dərman vasitəsinin qiymətinin yuxarı həddində qanunvericiliyə uyğun olaraq dəyişikliklər aparılıb. Xatırladaq ki, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının “Dərman vasitələri” bölməsində yerləşdirilib.

Yeni tariflər sadələşdirilmiş ekspertiza ilə əlaqədar Nazirlər Kabinetinin “Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası”nda dəyişikliyi nəzərdə tutan qərarı ilə eyni tarixdən qüvvəyə minəcək. Tarif Şurasının yeni qərarı isə 2023-cü il dekabrın 8-dən qüvvəyə minəcək. Heç şübhəsiz, yeni qərar qüvvəyə mindikdən sonra Azərbaycan bazarına daha keyfiyyətli dərmanlar daxil olacaq ki, bu da  istehlakçıların seçim imkanlarını xeyli artıracaq. Eyni zamanda,  Azərbaycanda dərman bazarına nəzarət daha da gücləndiriləcək, ölkəyə daha keyfiyyətli dərmanların gətirilməsi təmin ediləcək.

Yeri gəlmişkən, Azərbaycanın əczaçılıq bazarının illik həcmi 850 milyon dollar təşkil edir. Bunun da böyük hissəsi, təqribən, 90 faizi idxal hesabına təmin edilir. Dərmanlar isə, əsasən, Türkiyə, Avropa, Çin,  Rusiya və Hindistandan gətirilir. Bütövlükdə isə, ölkəmizə xaricdən gətirilən dərman və tibbi ləvazimatlara il ərzində 750 milyon dollardan artıq vəsait xərclənir. Prosedurların sadələşdirilməsi ölkəmizin dərman bazarında böyük canlanmaya səbəb olacaq, bu sahə ilə məşğul olan sahibkarlıq subyektlərinin fəaliyyətini stimullaşdıracaq.

Mirbağır YAQUBZADƏ

 

Ekspert rəyi

Eldəniz ƏMİROV,

iqtisadçı-ekspert

Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, Tarif Şurasının dərmanlarla bağlı yeni qərarı iş adamlarını sadə ekspertizaya sövq edəcək. Belə ki, Azərbaycanda sadələşdirilmiş ekspertiza tariflərinin mövcud tariflərdən 20-29 faiz az müəyyən edilməsi təsərrüfat subyektlərinin adi ekspertizadan daha çox sadələşdirilmiş ekspertizaya üstünlük verməsini stimullaşdırır.

Sadələşdirilmiş ekspertiza xaricdə tanınmış dərmanlar üçündür.  Bu tip ekspertiza ölkəyə idxal olunmuş dərmanın keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edir. Dərman vasitələri haqqında" qanunun birinci maddəsinin 34-cü bəndində qeyd edilir ki, sadələşdirilmiş ekspertiza dərman vasitələrinin xarici qeydiyyatda tanınması və xarici qeydiyyatda tanınmış dərman vasitələrinin idxalına icazənin verilməsi məqsədilə edilən ekspertizadır. Sadə dildə desək, sadələşdirilmiş ekspertiza o dərmanlar üçün tələb edilir ki, onlar artıq xaricdə tanınıb. Yəni artıq müəyyən ölkələrdə tanınmış dərmanlar sadələşdirilmiş ekspertiza vasitəsilə Azərbaycanda qeydiyyata alına bilər. Əgər beynəlxalq səviyyədə tanınan bir dərman Azərbaycana idxal olunursa, onun Azərbaycanda ekspertizası sadələşdirilmiş formada həyata keçirilə bilər. Çünki bu dərman beynəlxalq arenada qəbul edilib. Keyfiyyətsiz olsaydı, həmin dərman qəbul edilməzdi”.

Sadələşdirilmiş ekspertiza tariflərinin azaldılması, əvəzində adi ekspertiza tariflərinin artırılması dərmanların qiymətinə təsir etməyəcək. Düşünürəm ki, təsərrüfat subyektləri 99,9 faiz ehtimalla hansısa qiymət artımına getməyəcək. Çünki bunun heç bir iqtisadi əsası yoxdur. Ekspertiza beş ildə bir dəfə aparılır. Bir il ərzində isə pərakəndə ticarət şəbəkəsində apteklərdə əczaçılıq məhsulları və tibbi ləvazimatlara bir milyard manatdan artıq vəsait xərclənir. Statistikaya görə, cari ilin yanvar-oktyabr aylarında apteklərdə bir milyard 39 milyon manatlıq dərman vasitələri və tibbi ləvazimatlar satılıb. Hətta ötən il bundan da çox olub. Odur ki, bir dərmanın burada qeydiyyatı üçün tarifin azalması o dərmanın qiymətinin azalmasına imkan verməyəcək. Eyni zamanda tarifin artması qiymətin artmasına gətirməyəcək. Yəni beş il ərzində tarif dəyişkənliyi dərman qiymətlərinə təsir edəcək gücdə olmur.

Xarici qeydiyyatın tanınması üçün sadələşdirilmiş ekspertiza üzrə müddətin 11 gün müəyyən edilməsi bu növ ekspertizaya yönəlik fəaliyyətin stimullaşdırılmasıdır. Adi ekspertizanın müddəti 90, sadələşdirilmiş ekspertizanın müddəti isə 11 gündür. Belə olan təqdirdə  ölkəyə dərman idxal edən təsərrüfat subyekti beynəlxalq aləmdə qeydiyyatda olan dərman vasitələrinin idxalına üstünlük verəcək. Çünki həmin dərmanlar idxal edilərkən 11 gün ərzində tanınacaq, tarifləri aşağı olacaq, təsərrüfat subyekti keyfiyyətli məhsul idxal edəcək. Nəticədə,  istehlakçılar belə dərmanları daha çox üstünlük verəcək. Bütün hallarda yeni qərarın dərman təchizatının yaxşılaşdırılmasına və əhalinin bu qəbildən olan məhsullarla keyfiyyətli formada təmin olunmasına hesablanmış addım olduğunu düşünürəm.




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Mirbağır YAQUBZADƏ