USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Hindistan və Kanada arasında diplomatik savaş


https://img.baki-baku.az/news/2023/09/photo_8391.jpg

Hindistan və Kanada arasında ciddi diplomatik qalmaqal yaşanır. Belə ki, Kanadanın baş naziri Castin Trüdo bildirib ki, bu ilin iyun ayında Hindistan agentləri Britaniya Kolumbiyasında siqh icmasının liderini öldürüblər. Hindistan ittihamı “absurd” adlandırır. Vəziyyət o həddə çatıb ki, hər iki ölkə diplomatlarını qarşılıqlı şəkildə ölkədən çıxarıblar. 

Kanadanın baş naziri Castin Trüdo bazar ertəsi bildirib ki, Hindistan hökumətinin agentləri iyun ayında Britaniya Kolumbiyası ştatında yaşayan siqh icmasının liderini öldürüblər. Mütəxəssislərin fikrincə, bu, iki ölkə arasında münasibətləri daha da gərginləşdirəcək ciddi ittihamdır. İcmalar Palatasında danışan Trüdo bu ayın əvvəlində G20 sammitində siqh lideri Hardip Sinqh Nijjarın qətlə yetirilməsində Hindistanın iştirakı məsələsini birbaşa baş nazir Narendra Modi ilə görüşdə qaldırdığını söyləyib. O, ittihamların Kanada hökuməti tərəfindən toplanmış kəşfiyyat məlumatlarına əsaslandığını bildirib: “Kanada torpağında Kanada vətəndaşının qətlində xarici hökumətin hər hansı iştirakı suverenliyimizin qəbuledilməz pozulmasıdır”. Kanadanın xarici işlər naziri Melani Joli isə açıqlayıb ki, rəsmi Ottova yüksək ranqlı hindli diplomatı ölkədən çıxarıb. Məlumat verilir ki, bu diplomat ölkədəki “Hindistan kəşfiyyat fəaliyyətlərinə şəxsən nəzarət edə bilərdi.

Kanadanın ittihamlarını “absurd” və siyasi motivli adlandıran Hindistanın Xarici İşlər Nazirliyi bildirib ki, Ottova Hindistanın təhlükəsizliyini təhdid edən "xalistanlı terrorçular və ekstremistlər" üçün sığınacağa çevrilib. Hindistan Xarici İşlər Nazirliyi cavab addım kimi, Kanadanın baş diplomatının beş gün ərzində ölkəni tərk etməli olduğunu açıqlayıb. XİN bildirib ki, Hindistan hökuməti “Kanada diplomatlarının ölkənin daxili işlərinə qarışması və onların Hindistan əleyhinə fəaliyyətlərdə iştirakı” ilə bağlı artan narahatlıq keçirir. Qeyd edək ki, Xalistan “Siqh dövlətinin” keçmiş adıdır. 

Mütəxəssislər əmindirlər ki, Hindistan hökumətinin Kanadada siyasi sui-qəsddə əli olması ilə bağlı iddia iki ölkə arasında münasibətləri daha da pisləşdirəcək. Bu ayın əvvəlində Kanada Hindistanla bu il imzalanmalı olan ticarət müqaviləsi ilə bağlı danışıqları dayandırıb. Maraqlıdır ki, G20 sammiti zamanı Hindistanın baş naziri Narendra Modi baş nazir Trüdonu rəsmi ikitərəfli görüşlər keçirdiyi liderlər siyahısından çıxarıb. 

Castin Trüdo bildirib ki, hind əsilli bir çox kanadalılar, - onlar əhalinin, təxminən, 4 faizini təşkil edirlər, – qətldən qəzəbləniblər və bəzi hallarda şəxsi təhlükəsizliklərindən narahatdırlar. Kanadada təxminən 1,4 milyon hind mənşəli vətəndaş var, onların əksəriyyəti siqhlərdir. Ölkədə müxalif Yeni Demokrat Partiyasının lideri Jaqmit Siqhdir. Qeyd edək ki, siqh Pəncabda geniş yayılmış soyaddır. 

Məlumat verilir ki, 45 yaşlı Nijjar Britaniya Kolumbiyası ştatının Surrey şəhərindəki siqh məbədi qarşısında güllələnərək öldürülüb. İyun ayında keçirilən mətbuat konfransında Kanada Kral Atlı Polisinin müstəntiqləri onun maskalı şəxslər tərəfindən pusquya salındığını bildirsələr də, hücumun siyasi motivli olub-olmadığını açıqlamamışdılar. Nijjar Hindistanın Pəncab əyalətinin bəzi hissələrini əhatə edəcək “müstəqil Siqh Xalistan” əyalətinin yaradılmasını müdafiə etməklə tanınırdı və Hindistan onu axtarışda olan terrorçu elan etmişdi. 

Xatırladaq ki, sayı 25 milyon olan siqhlər kiçik dini qrupdur, əksəriyyəti Hindistanda yaşayır. 1980-ci illərdə Hindistanda baş verən şiddətli siqh üsyanı bir sıra hökumət rəsmilərinin ölümü ilə nəticələnmişdi. İnsan haqları qruplarına görə, hökumət üsyana işgəncə və məhkəməsiz qətllər də daxil olmaqla, geniş insan hüquqları pozuntuları ilə cavab vermişdi. 1984-cü ildə Baş nazir İndira Qandi hərbçiləri Sıqhin ən müqəddəs yeri olan Amritsardakı Qızıl Məbədə basqın etmək üçün göndərmişdi. Hökumət qarşıdurmalarda yüzlərlə insanın öldüyünü bildirsə də, digərləri ölənlərin sayının minlərlə olduğunu düşünür. Cavab olaraq, Baş nazir İndira Qandini iki siqh mühafizəçisi öldürmüş və minlərlə siqhin öldürüldüyü iğtişaşlara səbəb olmuşdu.

1985-ci ildə Air India aviaşirkətinin Toronto-London reysi ilə uçan təyyarənin partladılması nəticəsində təyyarədə olan 329 nəfərin hamısı həlak olmuşdu. Bu, Kanadanın tarixində ən ölümcül terror hücumu və kütləvi qətliam olaraq qalır. Uzun sürən araşdırma və məhkəmədən sonra Britaniya Kolumbiyasından olan iki siqh separatçısı təyyarə partladılması ilə bağlı ittihamlara, eləcə də Yaponiyada iki nəfərin ölümünə səbəb olan ikinci partlayışa görə bəraət almışdı. 

S.ELAY 




Redaktorun seçimi

Orkestrdə “yad not”
  • Daxili siyasət
  • 12:40 07.09.2024
Orkestrdə “yad not”
Söz demək haqqını itirənlərin heyrəti
  • Daxili siyasət
  • 10:05 06.09.2024
Söz demək haqqını itirənlərin heyrəti

Səbuhi MƏMMƏDOV