USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Jozep Borell və kaftar sürüsü

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti ermənipərəstlikdirmi?


https://img.baki-baku.az/news/2023/09/photo_8172.jpg

Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borell Laçın yolunun indi açılmalı olduğunu və bu yolun digər yollara alternativ ola bilməyəcəyini deyib. Cənab Borell fikrini ölkəmizin Xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı zamanı dilə gətirib. 

Bu yerdə dərhal bildirək ki, Laçın yolundan erməni əhalinin istifadəsinə şərait yaradılıb və bunu təsdiqləyən faktlar yetərincə olduğundan, məsələnin üzərində geniş dayanmağa lüzum görmürük. O ki qaldı, digər məqamlara, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri ­Hikmət Hacıyevin bir neçə gün öncə “X” sosial şəbəkəsində yazdıqlarını xatırlayaq. O bildirmişdi ki, Rusiyanın humanitar yardımının Ağdam yolu ilə aparılması ayrıca razılaşmadır və Ağdam-Xankəndi və Laçın-Xankəndi yolunun paralel surətdə açılmasına dair təkliflə eyni qiymətləndirilə bilməz. H.Hacıyevin bu paylaşımı ölkəmizin prinsipial mövqeyinin növbəti dəfə ifadə olunmasıdır.

*** 

İndi nəticə hasil olur ki, Jozep Borell məsələnin belə qoyuluşu ilə razılaşmır. Sual olunur: nə üçün? Cavab tapmazdan əvvəl bildirək ki, Ermənistan və Qarabağdakı separatçı rejim də istəmir ki, Ağdam-Xankəndi yolu ilə Laçın-Xan­kəndi yolu eyni anda açılsın. Bu durumun yaranmasını özünün saxta dövlətçiliyinə təhdid kimi qiymətləndirir. Deməli, Borellin söylədikləri mənasız danışıqdan başqa bir şey deyil. 

Borellin fikirləri həm də ona görə mənasızlaşır ki, Rusiyanın humanitar yardımı, əslində, presedent yaradır. Moskva bundan sonra da Azərbaycanla razılaşma əsasında ölkəmizin ərazisindən keçərək, Qarabağ ermənilərinə yardım apara bilər. Bu proses sadə erməni əhalinin güzəranını, şübhəsiz ki, yaxşılaşdıracaq. Müvafiq olaraq, Qarabağda humanitar böhran şousu müstəvisində ortaya çıxan soyqırımı iddiaları əhəmiyyətini itirəcək. Belədə J.Borell və onun kimilər nə deyəcəklər? Yenə də bildirəcəklər ki, Laçın-Xankəndi yolunun alternativi yoxdur? Axı, ortada aclıq və soyqırımı cəfəngiyyatına bürünmüş siyasi oyunbazlıq üçün əsas qalmayacaq. 

Əlbəttə, o da tam mümkündür ki, separatçı rejim Rusiyanın humanitar yardımından imtina etsin. Yəni, Ermənistan rəhbərliyi və separatçı rejim mənasız dirənişini davam etdirsin. Əslində, Laçın yolu ətrafındakı söz-söhbətlər bu mənasızlığın nəticəsidir. Bəs, Borell kimi məsul vəzifə tutan şəxs nə üçün dirənir?

*** 

Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi bildirir ki, Ağdam-Xankəndi yolu kimi digər yollar Laçın yoluna alternativ olaraq deyil, ümumi nizamlanmanın bir hissəsi qismində açıla bilər. Göründüyü kimi, ali nümayəndə spekulyasiya ilə məşğuldur. El dilində desək, nömrə gəlməyə çalışır. Məgər o, bilmirmi ki, Ermənistan rəhbərliyi və separatçı rejim 2020-ci ildən başlayaraq həyata keçirdiyi siyasət ilə həm də bölgədə kommunikasiyaların, elə həmin digər yolların açılmasına imkan vermir? Borell doğurdanmı anlamır ki, separatçılıq üçün başqa yol anlayışı yoxdur? Laçın yolundan nə üçün istifadə edildiyini də yaxşı gördük – silah-sursat, hərbi texnika daşıdılar ki, avantürizm diri qalsın. Buna görəmi o yol tez bir zamanda açılmalıdır? Hər halda, Borellin məntiqinə başqa cür qiymət vermək mümkünsüzdür. Ancaq onu başa salmaq olar. Regionda Aİ-nin də marağında olduğu kommunikasiyaların açılması o zaman gerçəkləşəcək ki, Qarabağ separatçılıq kabusundan tamamilə qurtulacaq, daha doğrusu, Ermənistanın avantürist siyasəti elə həmin separatçılığın özü kimi gömüləcək! Alternativi olmayan məhz budur! 

Digər tərəfdən, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dəfələrlə bildirib ki, Laçın-Xankəndi yolu ilə yanaşı, Ağdam-Xankəndi yolu da önəmlidir. Hər halda, J.Borellin məsələdən xəbəri olmamış deyil. Belə olan təqdirdə, deməli, ali nümayəndə Laçın yolunun alternativsizliyini bildirərkən, sırf siyasi ritorikaya baş vurur. O ritorikaya ki, erməni avantürizminə impuls verir, separatçı rejimi və rəsmi İrəvanı reallıqlardan uzaqlaşdırır, illüziyaya yönəldir. Bəlkə, Aİ xarici işlər və təhlükəsizlik dedikdə bunu nəzərdə tutur, xəbərimiz yoxdur?

Məsələnin qoyuluşu belə deyilsə, qurum mövqeyini J.Borrel kimi çürük təfəkkürlülərin baxışlarından xilas etsin. Aİ-də daha mötəbər şəxslərdən biri gəlsin və desin ki, ali nümayəndənin mövqeyi boş şeydir. Lazım deyil, söylənilməsin ki, Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, sanki kənək qozdur və bu “qoz” ermənipərəstlik xəstəliyinə tutulub, heç bir peyvənd qəbul etmir. Azərbaycan xalqı humanistdir, xəstə adamın halına yanandır. Tale və qismət elə gətirib ki, bütün xəstələr də gəlib onu tapıb. Nə olar, cənab Borell də həmin xəstələrdən biri olsun...

*** 

Yox əgər, Borellin dedikləri Aİ-nin mövqeyidirsə, işimizi bilək. Bilək ki, bu təşkilat da ermənipərəstlik mərəzinə yoluxub. Hərçənd, bir xəstəni başa düşə bilərik, bütöv bir qurumu isə yox. Ona görə yox ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir. Lap elə götürək Laçın yolunu. Onun dəhliz formatında heç bir statusu yoxdur. Azərbaycanın imzalamadığı hansısa beynəlxalq sənəd həmin yolu sərbəst hərəkət zonası kimi təsdiqləyə bilməz. “Təsdiqləyəcəksə”, ölkəmiz o sənədin varlığını tanımayacaq. Çünki öz ərazisinin karvansara olaraq istifadəsi ilə razılaşmamaq, Bakının müstəsna hüquq və səlahiyyətidir. Burada kompromisdən söhbət, əsla gedə bilməz və Azərbaycan dövləti güzəştsizliyini hər addımında ortaya qoyur. Həm də o səbəbdən ortaya qoyur ki, Borell kimi kaftar sürüsünün tərəfini saxlayanlar həmin quduzların maraq və mənafelərini qorumaq üçün həvəslənib vaxt itirməsinlər. Vaxt isə qızıldır. Yaxşı olar ki, Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi qızılı seçsin. Özü də düşünmədən və vaxt itirmədən.

Əvəz RÜSTƏMOV 




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Əvəz RÜSTƏMOV