- Prezident
- 14:35 27.09.2023
İnoSMİ.ru xəbər verir ki, Fransanın bu məşhur qəzeti adıçəkilən məqaləni sentyabrın 8-də öz oxucularına təqdim etmişdir. “Ermənistan Rusiyadan arzuolunmaz müttəfiq kimi ayrılır” cümləsi ilə başlanan analitik material fransız oxucularını məmnun etsə də, bəzi ekspert və siyasətçilər istisna olunmaqla, Rusiya oxucuları hələ bu fakta münasibət bildirməmişlər.
Faustin Vinsent (Faustine Vincent) adlı müəllif birbaşa mətləbə keçir: Ermənistan baş naziri Paşinyan anlayır ki, onun xanımının Kiyev səfəri Rusiya üçün silkələyici jestdir. Anna Akopyanın Zelenski ilə görüşü isə rusların gözündə hansı dildəsə anlaşılan bir hadisə deyil. Üstəlik, Nikol Paşinyan xanımını Kiyevə göndərməklə yanaşı, NATO ilə münasibət qurmaq üçün manevrlər etdiyini də gizlətməmişdir. Bu isə aydındır ki, o, Rusiya ilə əlaqələrin qırılması kursunu götürmüşdür.
Bildirilir ki, Rusiyanın Qarabağdakı proseslərdə birmənalı şəkildə Ermənistanın tərəfini saxlamamasından “yorulan” İrəvan Ukrayna münaqişəsinə əvvəllər göstərdiyi neytrallıq münasibətlərindən imtina edir.
Fransız müəllif yazır ki, Rusiya, doğrudan da, Qarabağ münaqişəsinin həllində heç bir öhdəlik götürməyib. Çünki vaxtı ilə mövcud olmuş “Dağlıq Qarabağ respublikası”nın dövlət müstəqilliyini nəinki Moskva, heç İrəvan da tanımayıb. Bəli, Rusiyanın İrəvan qarşısında götürdüyü öhdəlik var və həmin öhdəlik KTMT-nin funksiyalarının nizamnamə çərçivəsində yerinə yetirilməsini təmin etməkdən ibarətdir. Yəni Ermənistanın ərazisinə kənar ölkələrdən hərbi müdaxilə olarsa, Moskva KTMT çərçivəsində həmin münaqişəyə cavab verməlidir. Qarabağ müharibəsi isə Ermənistanın ərazisində getməmişdir. Paşinyanın bu məqamdakı incikliyi yersizdir.
İrəvan rəsmilərinin bu addımları rəsmi müttəfiqlər olan Rusiya ilə Ermənistanın münasibətlərində əndazədən çıxan gərginlik yaratmışdır. Müəllifin fikrincə, Moskva ilə İrəvan arasında belə münasibətlərə əvvəllər nadir hallarda rast gəlinib. Vəziyyətin indiki gərginliyi İrəvanın hər şeyi ölçüb-biçərək Kiyevə səfər təşkil etməsinin, baş nazirin xanımının gülümsəyərək Zelenskinin əlini sıxmasının nəticəsidir.
“Le Monde” xatırladır ki, Anna Akopyan sentyabrın 6-da Ukraynanın birinci xanımı Yelena Zelenskayanın dəvəti ilə birinci xanımların hər il Ukrayna paytaxtında keçirilən sammitində iştirak etmək üçün Kiyevə getmişdir: “Sammitin mövzusu isə “Psixi sağlamlıq məsələlərinin müzakirəsi” idi”.
PS. Fikrimizcə, rusiyalı analitik və ekspertlərin Anna Akopyanın Kiyev səfərinə qiymət verərkən qabardacağı əsas məqam məhz sammitin mövzusu olacaq.
İttifaq MİRZƏBƏYLİ