- İqtisadiyyat
- 17:47 03.10.2023
Fransanın Xarici işlər naziri Ketrin Kolonna yenə danışıb. Fikrimizi ifadə etmək tərzimizdən yəqin anladınız ki, heç vaxt düz əməlli söz deməyən xanım Kolonna “ənənəsinə” sadiqdir. Ancaq onun ermənipərəstliyi artıq ənənəlikdən çıxıb. Çünki ənənədə, yəni ənənə sözünün özündə müəyyən mənada, mütərəqqilik var. Tutalım ermənipərəst ola bilərsən, ancaq reallığı görüb istəyərsən ki, həmin məqsəd gerçəkliklə uzlaşsın. Xanım Kolonna üçün ermənipərəstlik ampluadır, həyat tərzidir, varlıq düsturudur. Ola bilər ki, gecələr də üzərində Ermənistanın olmayan dövlətçiliyinin təsviri yer almış balışı qucaqlayıb yatır. Hər şey mümkündür...
Əlqərəz, Fransanın baş diplomatı ölkəsindəki səfirlərin konfransında, necə deyərlər, ağzını açıb, gözünü yumub. Əlbəttə, o, əvvəlcə pozitiv görünməyə çalışıb. Daha doğrusu, ölkəsini mütərəqqi obrazda qələmə vermək istəyib. K.Kolonna bildirib ki, Fransa Ermənistan və Azərbaycan arasında ədalətli və davamlı sülhün bərqərar olması üçün səfərbərdir. Nə gözəl! Bəyənilsin, alqışlansın...
Ardınca isə deyir ki, sülh sərhədlərin demarkasiyasına imkan verəcək. Belə çıxır ki, əvvəl sülh müqaviləsi olacaq, sonra qeyd etdiyi proses. Olsun! Hərçənd, Azərbaycan–Ermənistan sərhədlərinin demarkasiyası və delimitasiyasının sülh müqaviləsinin imzalanmasına aparan yolla paralelliyi daha münasibdir. İrəvanın qeyri-konstruktivliyi səbəbindən bu yolda, demək olar, heç bir addım atılmır. Hər bir halda, Fransa XİN başçısının bu mövqeyini də məqbul sayaq. Ancaq xanım Kolonnanın sülhün “Qarabağ xalqının” hüquqlarına, mədəniyyətinə və tarixinə hörmətlə yanaşma əsasında yaranmalı olduğunu bildirməsi absurddur.
Göründüyü kimi, Fransanın baş diplomatı Bakı–İrəvan sülh razılaşmasına Qarabağ erməniləri ilə bağlı müddəa daxil etmək fikrini yenidən ortaya atır ki, bu, əsla yolverilməzdir və Azərbaycanın mövqeyinə ziddir. Ölkəmizin rəsmiləri, ən əsası isə Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Bakı Qarabağın erməni əhalisini ölkə vətəndaşı kimi görür və onun hüquq və azadlığının təminatında yeganə istinadgah Azərbaycan qanunvericiliyi və tərəfdar çıxdığımız beynəlxalq sənədlərdir. Yəni, heç bir halda Qarabağ ermənilərinə dair məsələ ayrı kontekstdə təqdim oluna bilməz.
Kolonnanın fikirləri Ermənistan rəhbərliyinin hazırkı mövqeyini müdafiə etməkdən, daha dəqiq desək, möhkəmləndirməkdən başqa bir şey deyil. Digər tərəfdən, Fransa XİN rəhbərinin dedikləri baş nazir Nikol Paşinyan administrasiyasını illüziya bataqlığına yuvarlayan düşüncədir. Belə görünür ki, Paris İrəvanı reallıqlardan kənar tutmaqda israrlıdır. Bu məntiqin hansı vəziyyəti doğuracağı isə məlumdur...
O da məlumdur ki, Azərbaycan iqtidarı Qarabağ mövzusunda spekulyativ perspektiv vəd edən baxışları beşiyindəcə boğur və boğacaq. Çünki ölkəmiz erməni xislətinə çox yaxşı bələddir. Erməni xisləti Qarabağ ermənilərinə hansısa imtiyazın tanınmasını separatizmin davamlılığı, gələcəkdə Azərbaycan torpaqlarının işğalı baxımından motivasiya kimi təsəvvürə gətirir. Yəni, illüziyanın azacıq özünə yer alması son dərəcə təhlükəlidir. Özü də yalnız bizə deyil, bütövlükdə, Cənubi Qafqaz regionu üçün.
Xanım Kolonna dedikləri ilə kifayətlənməyərək, ölkəmizə ünvanlanmış ittihamlar da yağdırıb. Deməli, bu qənaətə gəlirik ki, XİN rəhbəri Fransanın Azərbaycan-Ermənistan münasibətlərindəki, belə demək mümkünsə, qeyri-leqal tənzimləmə funksiyasından danışarkən, söhbəti Bakının həmin missiyaya zidd davrandığını vurğulamaq üzərinə gətirmək istəyirmiş. Təsəvvür edin, o, fikrini Fransadakı xarici ölkə səfirləri ilə görüşdə dilə gətirir. Bu isə o deməkdir ki, məqsədi Azərbaycanı həmin ölkələrin gözündən salmaqdır.
Başqa sözlə desək, Kolonna yaramazlığa baş vurur. Yaramazlığın kuliminasiya anı isə Fransa XİN rəhbərinin bu sözləridir: Azərbaycanın Qarabağdan ermənilərin kütləvi mühacirətinə səbəb olan “boğma strategiyası” qanunsuzdur. Onun dediklərində daha bir sərsəm məqam var ki, bunu yazının sonunda diqqətə çatdıracağıq. İpucu verək ki, üzərində geniş dayanacağımız həmin məqam sərlövhəmizdə əksini tapıb.
Hələlik isə bildirək ki, Kolonnanın “bomba strategiyası” ifadəsi Fransanın dövlət miqyasında apardığı anti-Azərbaycan siyasətindəki yeni “çalardır”. Deməli, Bakı Qarabağda “bomba” qoyur ki, ermənilər orada yaşaya bilməsinlər. Hər halda, Kolonnanın dediklərinin başqa yozumu yoxdur. Hesab etmirik ki, Fransanın baş diplomatı erməni separatçılarının və onları dəstəkləyən Ermənistan hakimiyyətinin Qarabağda qoyduqları gerçək bombalardan xəbərsizdir. Hər şeyi çox gözəl bilir. Həmin bombalar nəticəsində neçə-neçə azərbaycanlının həyatını itirdiyindən də məlumatlıdır. Ancaq “ampluasına” sadiqdir...
Nəhayət, sonda diqqətə çatdırmağı vəd etdiyimiz məqamdan söz açaq. Xanım Kolonna anti-Azərbaycan ritorikasına toxunarkən, deyəsən, bütün normaları aşır. Bəlkə indiyədək aşmırdı, “qırmızı xətləri” qoruyurdu, amma, bu dəfə onları tam kənara atır. O deyir ki, Azərbaycan ermənilərin Qarabağı tərk etmələrinə şərait yaradan siyasət reallaşdırmaqla, Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əhəmiyyətsiz yanaşır və bu siyasət amoraldır. Düz anladınız, məhz amoral və bu fikri dilə gətirən Fransanın XİN rəhbəridir.
Arayış üçün bildirək ki, amoralizm mənəvi tələblərə əməl etməmək, əxlaqsızlıq və pozğunluqdur. Birincisi, Beynəlxalq Ədalət Məhkəməsinin sırf Qarabağ ermənilərinin bölgədən uzaqlaşmasının, hətta uzaqlaşdırılmasının yolverilməzliyinə dair qərarı yoxdur. İkincisi, onlar özləri ərazini tərk edirlər. Çünki həm qeyri-müəyyənlikdən beziblər, həm də Qarabağdakı separatçı rejimin zülmündən qurtulmaq istəyirlər. Qarabağ erməniləri onu da görürlər ki, Fransanın dəstək verdiyi rejimin mövcudluğu, ümumən, həyatlarını zəhərə döndərir. Azərbaycan prinsipial və haqlı mövqeyindən geri çəkilmir.
Başqa bir yandan, bölgənin erməni əhalisinin Qarabağdan köçünün daha bir səbəbi həmin əhalinin özündə separatçı rejimi yox etmək əzmini tapmamasıdır. Bu, heç də yaxşı hal olmasa da, anlaşılandır. Sadə məntiq var: İnsan dünyaya br dəfə gəlir və istəyir ki, rahat yaşasın.
Bəli, insanların rahat yaşayışına imkan verməmək, beynəlxalq hüquqa zidd fikirləri gündəmə gətirmək əxlasızlıq və pozğunluqdur. İndiki halda Kolonna, siyasi pozğunluq və əxlaqsızlıqla məşğuldur. O səbəbdən ki, Fransanın ölkəmizin ərazi bütövlüyünü tanıdığını unudur. Unudur ki, Azərbaycanın ərazilərinə ermənilərin yaşadığı Qarabağ da daxildir. Xanım Kolonna, eyni zamanda, ona görə amoraldır ki, Bakının bölgədəki erməni əhaliyə öz vətəndaşı kimi yanaşmaq istəməsini saya salmır, Cənubi Qafqazdakı erməni avantürasına “züy tutur”.
Ə.RÜSTƏMOV