USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Alen Simonyan kefindən qalmır

Hayların parlament sədrinin bahalı məzuniyyəti blokada mifini bir daha ifşa edir


https://img.baki-baku.az/news/2023/08/photo_7762.jpg

Bu ilin aprelində İrəvanın mərkəzində onu tənqid edən vətəndaşın üzünə tüpürməsi ilə hayların böyük narazılığını qazanmış Ermənistan parlamentinin spikeri Alen Simonyan yenə gündəmdədir. Hazırda onun gündəmə gəlməsinə müxtəlif Avropa ölkələrində dincəlməsi ilə bağlı sosial şəbəkələrdə paylaşdığı fotolar səbəb olub.

Ermənistan vətəndaşları Simonyanın “İnstaqram”da paylaşdığı fotolara şərhlər yazaraq indiki məqamda bu cəh-cəlalın haradan olduğunu soruşurlar. Onlar öz fikirlərini bununla “əsaslandırıblar” ki, Qarabağda “ağır humanitar vəziyyət”in hökm sürdüyü, insanların “aclıq içində” və bütövlükdə, bölgənin “blokada” vəziyyətində olduğu bir məqamda parlament sədrinin bahalı ölkələrdə məzuniyyətdə olması heç bir çərçivəyə sığışmır. Digər tərəfdən, ermənilər şərhlərdə Simonyanın dövlət büdcəsi hesabına məzuniyyətdə olduğuna əminliklərini bildiriblər. Haylar parlament sədrinin xalqın dərdlərinə biganə olmasından gileylənib, onu “meşşan” adlandırıblar.

Qeyd edək ki, məzuniyyətdə olan A.Simonyan Norveç və İspaniyanın gəzməli-görməli yerlərində, füsunkar təbiət qoynunda fotolar çəkdirərək, bunları “İnstaqram” hesabında yerləşdirib. Simonyanın bu addımı Ermənistan mediası tərəfindən tənqid olunub. Məsələn, Panorama.am saytının “Alen Simonyan “Qarabağın blokadası”na və sakinlərinin “pis qidalanmasına” baxmayaraq, geniş təbəssümlə fotoşəkil paylaşır” sərlövhəli məqaləsində deyilir: “Qarabağın 8 aydan artıqdır davam edən “blokadası”, 120 min həmvətənimizin qidasız olması (?), kütləvi şəkildə huşunu itirmələri və sərhədlərimizdə gündəlik atışmaların eşidilməsi şəraitində Ermənistan parlamentinin spikeri kürsüsünü tutan Alen Simonyan dünyaya geniş şəkildə gülümsəyir. Artıq iyul ayında istirahətdən həzz almağa uğurla vaxt tapan Alen Simonyan yenidən məzuniyyətə çıxıb.

Bu gün hamı Ermənistanın Şirak vilayətində 11 nəfərin öldüyü avtomobil qəzasının (avqustun 14-də Qərbi Azərbaycanın Şörəyel mahalında 11 nəfərin həlak olması, 6 nəfərin yaralanması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi nəzərdə tutulur – S.H.) səbəblərini müzakirə edir. Cəmiyyət baş verənlərə təəssüflənir, bu cür qəzaların qarşısını almağın yollarından danışır. İki saat əvvəl isə Simonyan “İnstaqram” səhifəsində Norveçdən çəkdirdiyi fotonu yerləşdirib. Bu fotoda onun üzündə geniş təbəssüm var”.

Sayt xatırladır ki, parlament sədri postunu tutan Simonyanın ailəsi heç vaxt təvazökarlığı ilə seçilməyib: “Ölkənin üzləşdiyi fəlakət və təhdidlərə baxmayaraq, o və həyat yoldaşı sosial şəbəkələrdə tez-tez istirahət, ezamiyyət və axşam məclislərindən foto-videolar yerləşdirirlər”.

“Aysor.am” saytı isə “Alen Simonyan həyatdan həzz almağa və geniş gülümsəməyə davam edir” sərlövhəli xəbərində yazır: “Ermənistan parlamentinin sədri vəzifəsini tutan Alen Simonyan “İnstaqram” səhifəsində yeni fotolar yerləşdirib. Bu dəfə o, helikopter yanında, ayağında başmaqlar və sərbəst geyimdə görüntülənib”.

***

Qeyd etdiyimiz kimi, bu, A.Simonyanın erməniləri qıcıqlandıran ilk addımı deyil. Onun cari ilin iyun ayında Londona gedən parlament nümayəndə heyətinin tərkibinə həyat yoldaşını və qızını daxil etməsi də narazılıq doğurmuşdu. Bununla bağlı “Hayastan.nyus” saytında iyunun 9-da yerləşdirilmiş “Alen Simonyan, arvadı, qızı və 12 nəfərlik nümayəndə heyəti Londonda” sərlövhəli məqalədə deyilirdi: “Alen Simonyan 13 nəfərlik nümayəndə heyəti ilə Londona gedib – təbii ki, dövlət büdcəsi hesabına. O, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı parlamentinin aşağı palatasının (İcmalar Palatası) sədri ilə görüşüb. O, bunu təkbaşına da edə bilərdi, nümayəndə heyətinin olmasına qətiyyən ehtiyac yox idi.

Simonyan, həmçinin parlamentin yuxarı palatasının (Lordlar Palatası) sədri, İcmalar Palatasının üzvləri, Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri, habelə mədəniyyət naziri ilə görüşüb. Qeyd etdiyimiz kimi, bu hərəkətləri təkbaşına və ya iki-üç nəfərlə, ya da Ermənistana gələn Avropa rəsmilərinin etdikləri kimi etmək olardı. Amma 13 nəfərlik nümayəndə heyəti ilə Londona getməyin heç bir izahı yoxdur.

Amma bu da hələ hamısı demək deyil: Alen Simonyan arvadını və qızını da özü ilə Londona aparıb. Üstəlik, Simonyanın “işdən sonra” işarəsi qoyulmuş fotolarının sayı rəsmi məlumatların sayından çoxdur. “Mülki müqavilə” partiyasının üzvləri, Alen Simonyan, onun ailə üzvləri Londonu gəzib, fotoşəkillər çəkdiriblər. Alen Simonyan qızına məşhur London körpüsünü göstərib. Onlar Britaniya muzeyinə də baş çəkiblər, ilahə Anaitin heykəlinin fraqmenti ilə şəkil çəkdiriblər. Simonyanın arvadı axşam saatlarında sosial şəbəkə hesabında Londondan paylaşım edib və yazıb: “Həyat qaynayır”. Təbii ki, qaynayır”.

London səfərindən bir neçə gün sonra – iyunun 12-də A.Simonyanın həyat yoldaşı Mariam Marqaryanın İrəvanda keçirilən ad günü tədbiri də Ermənistan cəmiyyətində qıcıq yaradan addımlardan idi. Belə ki, “İnstaqram”dakı videolardan birində Simonyanın ziyafət paltarı geyinmiş arvadının əlindən tutaraq onunla birlikdə hovuza necə atıldığı görünür.

***

Onu da qeyd edək ki, hər zaman özünə xüsusi fikir verməsi, baxımlı olmağı, səliqəli geyinib-keçinməyi, saç düzümü, komfort həyatı ilə seçilən Qərbyönümlü Simonyan 44 günlük Vətən müharibəsi zamanı Yunanıstanda istirahət etməsi ilə gündəmə gəlmişdi. Həmin il onun 40 yaşı tamam olmuşdu. Onun həmyaşıdları müharibədə iştirak edəndə, qurban gedəndə, yaralananda Simonyan Yunanıstan adalarında dincəlirdi.

Müharibədən sonra – 2020-ci ilin dekabrında Ermənistan cəmiyyəti onun terror-diversiya əməllərinə görə həbs edilən və barələrində Azərbaycan məhkəmələrinin hökm çıxardığı şəxslərlə bağlı dediyi sözlərlə çalxalanırdı. Simonyan həmin vaxt demişdi: “Hesab edirəm ki, əsirlər (?) mənim üçün artıq mövcud deyil. Bir tərəfdən əsir düşən (?) əsgərlərin özlərini alçaldılmış hiss etməsini istəmirik, digər tərəfdən də cəmiyyətimiz və hərbçilərimiz bilsinlər ki, əsir düşmək (?) yaxşı hal deyil”. Onun sözlərinə görə, əsir düşənlər silahı yerə qoyub fərarilik edənlərdir. Simonyan bütün fərarilərin mühakimə edilməli olduqlarını da bildirmişdi.

Əsir və itkin düşmüş hərbçilərin valideynləri və qohumları Ermənistan hökumətinin binasının qarşısına toplaşmışdılar. Onlar Simonyanın əsirlərlə bağlı qalmaqallı açıqlamalarından hiddətləndiklərini bildirmişdilər. Etirazçılar ölkənin müxtəlif yerlərindən insanların İrəvana gəldiklərini və hamı toplaşdıqdan sonra hərəkətə keçəcəklərini qeyd etmişdilər. “Qoy Simonyan dediklərini izah eləsin. Haradadır bizim uşaqlar? Özü dəfn edib onları?”, – deyə etirazçılar vurğulamışdılar.

Onu da qeyd edək ki, parlamentin sədri bir müddət – 2022-сi ilin fevralın 1-dən martın 13-dək Ermənistan prezidentinin səlahiyyətlərini də icra edib. Simonyan bu qısa dövrdə də qalmaqala imza atmağı bacarıb. O, protokola zidd olaraq fevralın 10-da prezident iqamətgahında bir neçə sənət adamı üçün dəbdəbəli ziyafət vermişdi. Qonaqlar və Simonyan süfrə arxasında söhbət etdikdən sonra musiqi sədaları altında söhbətə davam etmiş, əylənmişdilər. Görüşün bu şəkildə ictimaiyyətə təqdim edilməsi də haylar arasında etiraz dalğasının yaranmasına səbəb olmuşdu.

Ancaq görünən odur ki, bütün bu tənqidlər, qınaqlar, narazılıqlar A.Simonyanın heç vecinə də deyil. Ötən ilin sentyabrında sosial şəbəkələrdə Simonyan və deputat Hraçya Akopyan (baş nazir Nikol Paşinyanın qaynı) Yunanıstandakı bahalı kurortlardan birində istirahət etdiklərini əks etdirən video yaymışdı. Bundan əlavə, Simonyan Yunanıstandan arvadı ilə fotosunu da dərc etmişdi.

Həmin hadisə parlamentdə də müzakirə olunmuşdu. Bu zaman Simonyan Yunanıstanda istirahətdən çəkilmiş videorolikə münasibət bildirmək sorğusuna cavab olaraq şəxsi həyatını müzakirə etmək niyyətində olmadığını demişdi.

“Şəxsi həyatıma və yalanlara gəlincə, mən onları şərh etmirəm”, – deyə Simonyan “Hayastan” blokunun deputatı Areknaz Manukyanın sualına cavab vermişdi.

Manukyan cavabında bildirmişdi ki, görüntülər sosial şəbəkədədir, orada Simonyanın kurortda rəqs etdiyi göstərilir. Deputat qeyd etmişdi ki, spikerin gəlir bəyannaməsinə əsaslanaraq, onun və dostlarının belə bahalı kurort xərcini ödəyə bilməyəcəyini söyləmək olar. Manukyan Simonyandan Yunanıstanda nə qədər pul xərcləndiyini aydınlaşdırmasını tələb edib: “Bundan başqa, mərc (bukmeker) kontorlarından birinin xərcləri ödədiyinə dair sübutlar var. Bu halda siz klassik korrupsiya ilə məşğul olursunuz”.

Simonyan isə suala cavab verməkdən imtina edərək deputata “sarı mətbuatı” izləməməyi təklif etmişdi.

Göründüyü kimi, hayların başlarına bəla olan parlament sədri ona ünvanlanan tənələrə baxmayaraq, öz kefindədir. Ermənistanın çoxlu problemlərinin olduğu bir zamanda ölkənin üç hakimiyyət qolundan birinə Simonyan kimisinin rəhbərlik etməsi ermənilərin üzqarasıdır. Paşinyan iqtidarının xalq üçün çalışdığını deyir, Simonyanın əmələri isə onun dediklərinin yalan olduğunu isbat edir.

Burada bizim üçün ən önəmli məqamlardan biri də Simonyanın bahalı məzuniyyətinin Qarabağda ermənilərin, guya, kəskin ərzaq böhranı yaşadığı iddiasını darmadağın etməsidir. Bu, bir daha onun göstəricisidir ki, Qarabağda hansısa “aclıq” yoxdur. Bunu ən yaxşı bilənlərdən biri də Ermənistan parlamentinin sədri Alen Simonyandır.

Səxavət HƏMİD




Redaktorun seçimi

Orkestrdə “yad not”
  • Daxili siyasət
  • 12:40 07.09.2024
Orkestrdə “yad not”
Söz demək haqqını itirənlərin heyrəti
  • Daxili siyasət
  • 10:05 06.09.2024
Söz demək haqqını itirənlərin heyrəti

Səxavət HƏMİD