USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Priqojinin təyyarə qəzası

Qiyamçı hərbi rəhbərin müəmmalı ölümü ilə bağlı versiyalar


https://img.baki-baku.az/news/2023/08/photo_7761.jpg?v=MjAyMy0wOC0yNSAxMTo0Mzo0Mg==

İyunun 23-də “Vaqner” Özəl Hərbi Şirkətinin qiyamı olaraq qiymətləndirilmiş hadisədən sonra həmin qurumun rəhbəri Yevgeni Priqojinin, heç nə olmamış kimi, sərbəst buraxılması bir qədər təəccüblü idi. Necə ola bilərdi ki, dövlətə qəsd cəzasız qalsın? Axı, Priqojin, sözün əsil mənasında, Rusiyanın paytaxtı Moskvaya yürüş təşkil etmişdi. Çıxışları, sosial şəbəkə paylaşımları onu kultlaşdırmışdı, qəhrəmana çevirmişdi. Priqojin, sanki, İlahi ədalətin mücəssəməsi olmuşdu. İndi ilk baxışdan, elə düşünmək olar ki, avqustun 23-də baş vermiş müəmmalı təyyarə qəzası həmin kultu dağıtdı, ədaləti yerlə-yeksan etdi, qəhrəmanını isə axırına çıxdı. Əlbəttə, bu, ilk baxışdan gəlinən qənaətdir. Məsələyə diqqətlə yanaşdıqda, ağla cəzasızlıq mühitinə yol verilməməsi gəlir. Hətta məsələ bir qədər də sərt formada qoyulur: Rusiya Prezidenti Vladimir Putin Priqojini bağışlaya bilməzdi və bağışlamadı da. Ancaq başqa məqamlar var. Yazımızda onların da üzərində dayanacağıq.

***

Maraqlıdır ki, avqustun 23-dəki təyyarə qəzasından bir gün əvvəl Y.Priqojin çoxdandı görünmədiyi sosial şəbəkədə peyda olmuşdu. Onun Afrikada olduğu bildirilirdi. Belə qənaət formalaşmışdı ki, “Vaqner” “qara qitə”də hansısa əməliyyat keçirir. Tam mümkündür. Çünki şirkətin yalnız Rusiya dövlətinin müəyyənləşdirdiyi xətt üzrə getmədiyi məlumdur. Onun özünün də dünyanın müxtəlif bölgələrindəki konfliktlərə qatılmaq  təcrübəsi var. Əlbəttə, bu təcrübələrdə Rusiyanın maraq və mənafeləri nəzərə alınmaya bilməz.

Adından da görünür – özəl hərbi şirkət. Yəni, müəyyən maliyyə vəsaiti müqabilində hərbi xidmət göstərə bilən qurum. Bəs, necə oldu ki, avqustun 22-də Afrikada olduğu bildirilən Priqojin bir gün sonra, belə demək mümkünsə, slavyan səmasında canını tapşırdı. Ola bilərmi ki, kimlərsə yenidən Priqojini “diriltmək” fikrinə düşmüşdülər, bir başqaları isə onu gömdü? Bu kimi suallar və suallar ətrafındakı mülahizələr gündəmdədir və hesab edirik ki, qarşıdakı müddətdə onların sayı artacaq.

***

“Putinin aşpazı” adlandırılmış Y.Priqojin kim idi? Əvvəlcə buna diqqət yetirək. Əlbəttə, onu maraqlı fiqur saymaq mümkündür. Aşpazın birdən-birə peşəkar hərbçiyə çevrilməsi, əslində, Rusiyanın özünün mahiyyəti qədər gözlənilməz sayıla bilər. Deməli, Priqojin əsl rus idi. O, özünün “Telegram” kanalında ölkənin Müdafiə naziri Sergey Şoyqunu və baş qərargah rəisi Valeri Gerasimovu Ukraynadakı uğursuzluq səbəbindən ittiham edib təhqirlərə, alçaldıcı sözlərə “qonaq edəndə” də əsl rus obrazında idi. Xalq ona “mujik” kimi yanaşırdı.

 

Bir gün “mujik” yuxudan oyanıb Moskva üzərinə yürüşə çıxanda rəğbətlə qarşılandı. Hətta, rəğbət Prezident Vladimir Putinin müraciətindəki sərt ritorikanın və “Vaqner”in davranışını qiyam kimi qiymətləndirməsinin kölgəsində qalmadı. Hər kəs elə bilmədi ki, Ukrayna müharibəsinə qədər “Konkord” şirkətlər qrupunun sahibi və Prezidentin dostu sayılan Priqojin qiyama cəhd göstərən vətən xainidir. Təbii ki, bunu düşünməmək üçün başqa səbəblər də var idi və onlardan da söz açacağıq.

***

Birincisi, 1961-ci il təvəllüdlü Priqojin Sankt-Peterburq şəhərindi doğumuşdu. O şəhərdə ki, Rusiya liderinin siyasi karyerası baxımından çıxış nöqtəsi sayılır.

İkincisi, “Vaqner”in indi sabiq olan rəhbərinin restoranları və iaşə obyektləri Putinin xaricdən gəlmiş yüksək səviyyəli qonaqlarının iştirak etdiyi şam yeməklərinə evsahibliyini gerçəkləşdirirdi. Elə “Putinin aşpazı”, “Prezidenti dostu” kimi deyimlər də bundan qaynaqlanmışdı. Nəzərə alaq ki, yemək işini hər adama etibar etmək olmaz. Deməli, Priqojin etibar qazanmışdı.

Üçüncüsü, Priqojinin etibar qazanmaq yolu heç də rəvan olmamışdı. O, 1981-ci ildə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi. 1990-cı illərdə həbsdən azad edildikdən sonra isə doğulduğu şəhərdə restoran açmışdı. Tədricən sahibkar kimi uğurlar qazanmağa başlamış bu şəxsin 2019-cu ildəki sərvəti 14,6 milyard rubl olmuşdu. Bundan əvvəl isə yəni, 2016-cı ildə adı Sankt-Peterburqun 30 ən nüfuzlu adamı siyahısına daxil edilmişdi. Əlbəttə, yüksək status Priqojini 2016-cı ildən ABŞ-ın, 2020-ci ildən Avropa İttifaqının və Böyük Britaniyanın, 2022-ci ildən isə Avstraliyanın, Kanadanın, Yeni Zelandiyanın və Yaponiyanın sanksiyaları altına düşməkdən sığortalaya bilməmişdi.

***

Vətən xainləri bağışlanmır. Bu mənada iyunun 23-dən başlanmış və bir neçə gün davam etmiş “Vaqner” qiyamı”ndan sonra Priqojinin bağışlanması maraqlı idi. Hər şey çox sadə şəkildə baş verdi. Belarus Prezidenti Aleksandr Lukaşenko araya girdi, mübahisəyə son qoydu. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirdi ki, “Vaqner” təmsilçilərinin vətən qarşısındakı əvvəlki xidmətləri nəzərə alınaraq, onlar cinayət məsuliyyətinə cəlb olunmayacaqlar.

Sonra yayılan xəbərlərdə Priqojinin başının dəstəsi ilə Belarusa getdiyi və orada nüvə obyektini mühafizə etdiyi bildirildi. Hamı elə sanırdı ki, “Vaqner” rəhbəri Lukaşenkonun himayəsi altındadır. Avqustun 22-də onun sosial şəbəkədə Afrikada çəkildiyi iddia edilən şəklinin yayılması həm də buna görə təəccüblü görünə bilərdi. Yeri gəlmişkən, avqustun 23-dəki təyyarə qəzasının “Vaqner” qiyamı”ndan düz iki ay sonra baş verməsi də təəccüblüdür. Deməli, 23 rəqəmi Priqojin üçün düşərli deyilmiş. Amma yalnız bunumu düşünək? Başqa hansısa əlahiddəlik varmı? Cavab vermək çətindir...

***

23 iyun qiyamından sonra Priqojinin bağışlanıldığını fikirləşənlər üçün bir vacib məqam var. Bu versiyanı ortaya atanlar bildirirlər ki, “Vaqner” rəhbərinin etdiklərində heç bir pis əməl yoxdur. Onlar Putinin dostu kimi tanınan şəxsin, əslində, dövlət başçısı üçün dost xidməti reallaşdırdığı qənaətindədirlər. Yəni, qiyam oyun imiş. Putin oyun quraraq üsyankar Priqojinə kimlərin qoşulacağını müəyyənləşdirmək istəyirmiş. Axı, Ukrayna müharibəsinin ona qarşı müxalif cəbhə formalaşdırdığı deyilir. O cəbhənin təmsilçiləri kimlər idi? Priqojin “Telegram manifestləri”ndə belələrini də hədəfə alırdı. Övladlarını ordudan yayındıranları, orduya ayrılmış pulları mənimsəyənləri və s. Həmin vaxt elə qənaət formalaşırdı ki, müharibə üçün əllərini cibinə atmaq istəməyən həmin şəxslər Putini devirməyə qol çırmayıblar və Priqojinin üsyan görüntülü dost xidməti bu təbəqəni ortaya çıxarmaq məqsədli testdir. Özü də uğurlu test. Yoxsa, Putin niyə onu bağışlasın ki? Hər halda, Lukaşenko da mənasız işə qol qoyacaq adam deyil. Nə də Putinin yazdığı yazını pozacaq adamdır.

***

Priqojinin təyyarə qəzasında ölümü başqa versiyaya da yol açır. Bu versiya onu Putinin bağışlamadığına və cəzasını verdiyinə dair hazırda populyar olan deyimləri sıradan çıxarır. Bir halda ki, “Vaqner” şefi haqqında söz açdığımız dost xidmətini göstərdi və nəticə etibarilə Rusiya lideri kimin ona qarşı müxalif olduğunu müəyyənləşdirdi, deməli, bu xidmət Ukrayna müharibəsinə də töhfədir.

O müharibəyə ki, hazırda Qərbin Ukraynaya dəstək mövzusunda müəyyən mənada aciz duruma düşdüyü görünməkdədir. O da görünür ki, Qərb Ukrayna rəhbərliyini vəziyyətlə barışmağa vadar edən çağırışlar səsləndirir. Ancaq iki ay əvvələdək bu cür durum yox idi. Belədə Priqojinin müəmmalı ölümü ilə bağlı yeni versiya ürəli sürənlər bildirirlər ki, əslində, təyyarə qəzası Rusiyaya gözdağıdır. Bir halda ki, Moskvada da partlayışlar baş verir, nə üçün içərisində Ukrayna müharibəsində böyük iş görmüş hərbi qruplaşmanın rəhbərinin olduğu hava gəmisi partladılmasın? Nəzərə alaq ki, qəhrəmanı, “mujik”i partladanlar, digərlərinə qarşı da eyni əməli törədə bilərlər. Hər halda, Priqojinin uçduğu təyyarənin qorunaqsız olduğunu fikirləşmək sadəlövhlükdür. Onun qəzalı vəziyyətə elə-belədən düşdüyünü iddia etmək də, həmçinin.

***

Sonda daha bir versiya üzərində dayanaq. Bu versiyaya görə Priqojin, həqiqətən də, xaindir və cəzasını üzərindən iki ay keçdikdən sonra aldı. Sual olunur: nə üçün Putin üsyankarın cəzasını həmin an vermədi? Verə bilməzdimi? Bu suallara cavab axtaranlar Rusiya liderinin “Vaqner” qiyamı” ilə bağlı son dərəcə sərt fikirlərlə zəngin müraciəti üzərində dayanırlar. Onlar bildirirlər ki, Priqojin vəziyyəti bir qədər də dramatikləşdirsəydi, sərtlik özünü mütləq göstərəcəkdi. Amma Yevgeni Lukaşenkonun sözünə qulaq asdı və avantürasından əl çəkdi. Əlbəttə, bu, Putini onun cəzasını nə zamansa vermək fikrindən daşındıra bilməzdi.

Bu yerdə gözlər önündə keçmiş “KQB”şnik, əsl siyasət adamı Putinin obrazı canlanır. Haqqında söz açdığımız versiyaya inansaq, Rusiya Prezidenti Priqojini həmin an cəzalandırmaqla, qiyam ritorikasını böyütmək istəmədi. Digər tərəfdən, tutalım, qiyam varsa, bütövlükdə, “Vaqner” dağıdılmalı idi. Buna isə ehtiyac yoxdur.

Yazılmamış qanunlara görə, vətən xainləri barədə ölüm hökmü çıxarılır. Rusiyanın yazılmış qanunlarında isə ölüm hökmü yoxdur. “Mujik”in həbsə atılmasına gəldikdə, heç şübhəsiz, bu, yüksək səslənə bilərdi və onun şəxsiyyəti daha da kultlaşardı. Habelə, məsələ istər-istəməz siyasiləşərdi. Putinə yeni böyük çəkili siyasi məhbus lazım deyildi. Ona görə Priqojin elə təyyarə qəzasında həyatını itirməli idi. İtirdi və cəzasını aldı. Onun ölümü isə bunt fikrinə düşənlər üçün siqnaldır. Priqojin kimi biri aradan götürülürsə, digərlərini də eyni aqibətin gözləməsi su içimi kimi bir şeydir.

Əvəz RÜSTƏMOV




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Əvəz RÜSTƏMOV