USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Taliban” hökumətini kim tanıyacaq? - Qəzənfər Həmidoğlu yazır


https://img.baki-baku.az/news/2021/08/photo_4753.jpg?v=MjAyMS0wOC0zMCAxNTo0NzoxMQ==

“Əfqanıstan bataqlığı” necə qurudulacaq? Kimsədə, həmçinin qlobal beyin mərkəzlərində bununla bağlı aydın təsəvvür yoxdur. Ortalıqda yalnız ABŞ və müttəfiqlərinin Əfqanıstanı tərk etmələrinin “böyük oyunun” gedişi olmasına, bu gedişlə Çin və Rusiyanın bu “bataqlığ”a çəkilməsinə, “Taliban” hökumətinin sonrakı addımları və gələcəyinə dair fərqli və çoxsaylı fərziyyələr, ehtimallar və gümanlar var. Parodoksaldır ki, ABŞ-ın Əfqanıstanı 20 il mübarizə apardığı taliblərə təslim edəcəyi ən azı apreldən gözlənilirdi, bununla belə, dünya 2021-ci ilin “avqust xaosu”na qəfil yaxalandı.

* 2-ci “Taliban” hökuməti: Əfqanıstan kiminlə və necə idarə ediləcək? “Taliban” hərəkatının silahlı birləşmələri avqustun 15-də Kabilə daxil oldular və Prezident sarayını tutduqdan sonra Əfqanıstanı tam nəzarətləri altına aldıqlarını elan etdilər. Üstündə 8 gün keçsə də, taliblər ölkənin yeni liderinin adını açıqlamayıblar. “Taliban”ın qurucularından olan, Dohada taliblərin siyasi ofisinə rəhbərlik edən və ABŞ-la danışıqları aparan Molla Əbdül Qəni Biradər situasiyanı hərəkatın digər liderləri və keçmiş hökumətin nümayəndələri ilə müzakirə edəcəklərini deyib. “The Washington Post” hesab edir ki, “Taliban” hərəkatının qurucusu Molla Ömərin sağ əli olan Molla Biradər Əfqanıstanın yeni başçısı ola bilər. Lakin taliblər hakimiyyətlərini formalaşdırmaqda tələsmirlər. “Reuters” avqustun 20-də islamçıların nümayəndəsinə istinadən xəbər yayıb ki, Əfqanıstanın yeni idarəetmə sistemi yaxın həftələrdə təqdim ediləcək. “Reuters”in hərəkatın yüksəkrütbəli təmsilçisi və sözçüsü adlandırdığı Vahidulla Haşimi isə avqustun 18-də bildirmişdi ki, “Taliban”ın indiki başçısı Molla Heybətulla Axundzadənin başçılıq etdiyi Şura ölkənin əsas rəhbər orqanı ola bilər. Oxşar sistem taliblərin birinci hakimiyyətləri dönəmində (1996-2001) mövcud olub. Haşimi güman edir ki, Molla Heybətulla ali lider olacaq, prezident isə onun müavinlərindən biri – ya Molla Ömərin oğlu Molla Məhəmməd Yaqub, ya da Siracəddin Hakkani olacaq. Haşiminin sözlərinə görə, Əfqanıstandakı yeni rejim demokratik xarakter daşımayacaq, qadın hüquqları ilə bağlı qərarı isə üləmalar- ilahiyyatçılar şurası verəcək. Yəni, qadınların hansı paltar geyə biləcəyini və ya onların təhsili məsələsini Şura müəyyənləşdirəcək. Daha əvvəl taliblərin rəsmi nümayəndəsi Zəbihulla Mücahid bəyan etmişdi ki, “Taliban” qadın hüquqlarının müdafiəsinə şəriət qanunları çərçivəsində qarantiya verir.

“Taliban” Trampın zamanından, ən azı bu ilin aprelində Baydenin ABŞ-ın qoşunlarını çıxaracağına dair bəyantından sonra bilirdi ki, amerikanlar Əfqanıstanı onlara təslim edəcək. Taliblər artıq 8 gündür Kabili ələ keçiriblər. Amma ölkənin yeni rəhbərliyinin adlarını açıqlaya bilmirlər. Ölkəyə rəhbərliyə kimin məsul olacağını müəyyən edə bilməmələri, tərəddüdləri hərəkatın strukturunun, daxilindəki ziddiyyətlərin və hakimiyyətə fərqli dini-siyasi yanaşmanın, həmçinin çoxmillətli Əfqanıstan əhalisinin dəstəyinə nail ola bilməmələrinin, yerlərdə müqavimətlə üzləşmələrinin nəticəsidir.

Hərəkatın Molla Ömərin hakimiyyəti dönəmində vəzifədə olmuş, müəyyən təcrübələri olan yaşlı nəslinin açıqlamalarından belə görünür ki, onlar “sakitləşməy”ə, “mötədilləşməy”ə, hökuməti qurmaqda danışıqlara və xarici oyunçularla təmaslara meyllidirlər. Lakin “Taliban”ın sahədə döyüşən gənc nəslinin bildiyi terror, cihad, silah, “tayfa islamı” - onların “dini tərif”inə uymayanları öldürmək, “rəhm” edərlərsə, qırmaclamaqdır. Gənc taliblərin arxaik düşüncə və təsəvvürlərindəki Molla Ömərin “Əfqanıstan İslam Əmirliyi”dir. Hökumətdə vəzifə, ölkənin resurslarında pay almaq fonunda hərəkat daxilindəki siyasi fikir ayrılıqlarından münaqişələrin alovlanması real görünür.

Narkotika ilə bağlı da situasiya aydın deyil. Taliblər vəd verirlər ki, narkotika istehsalı və narkotrafiklə mübarizə aparacaqlar. ABŞ-ın işğalı dönəmində Əfqanıstanda narkotika istehsalı çiçəklənib, ölkə heroin və başqa narkotiklərin istehsalında istifadə edilən anaşa üzrə dünya lideridir. Taliblər ölkənin “anaşa resursları”ndan öz paylarını alıblar. Yerli əhali, fermerlər də onları dəfələrlə zəngin edən bu işdə maraqlıdırlar. BMT-nin məlumatına görə, 2017-ci ildə ildə anaşa istehsalı ilə 350 000 nəfər məşğul olub. Son illərdə Əfqanıstan sintetik narkotika istehsalında da ön plana çıxıb. Taliblərin əvvəlki hökuməti də antinarkotika vədi vermişdi, amma nəticəsi olmadı.

*“Taliban”a müqavimət. Ölkənin 34 vilayət mərkəzindən 33-ünü ələ keçirsələr də, taliblərin ölkəyə nəzarəti tam ələ aldıqlarından danışmaq hələ tezdir. “Taliban”ın etnik bazasını puştunlar təşkil edir. Hətta puştun regionlarında, xüsusilə də şəhərlərdə taliblərə münasibət birmənalı deyil, etiraz çıxışları baş qaldırır. Digər milli azlıqların yaşadıqları ərazilərdə isə yeni vətəndaş müharibəsi işartıları artiq göz önündədir. Avqustun 15-də ölkədən qaçan Əşrəf Qəni prezident səlahiyyətlərindən imtinasını qırğınlarlardan qaçmaqla əlaqələndirmişdi. Amma belə görünür ki, Əfqanıstan qırğanlardan yaxa qurtara bilməyəcək.

Şimal alyansının məşhur lideri Əhməd Şah Məsudun oğli Əhməd Məsudla Əfqanıstanın keçmiş vitse-prezidenti Əmrulla Saleh taliblərə qarşı alternativ hakimiyyət yaradırlar. Əmrulla Saleh 2004-cü il Konstitusiyasına əsasən, özünü ölkənin “qanuni müvəqqəti prezidenti” elan edib. Konstitusiyaya əsasən, prezident öz funksiyasını icra edə bilmədikdə, ölkəyə vitse-prezident rəhbərlik edir. “Şimal alyansı-2”nin mərkəzi taliblərin girə bilmədikləri Pəncşir vilayətidir. “Anadolu Ajansı” Əfqanıstanın “Tolo News” telekanalına istinadən xəbər verir ki, avqustun 21-də Əhməd Məsudun dəstələri Bağlan vilayətində üç rayonu - Puli-Hisar, Dih-Salah ve Andarabı şiddətli döyüşlərdən sonra taliblərdən alıb. Bu üç rayonda əsasən taciklərdən ibarət təxminən 100 min nəfər yaşayır.

Taliblər Əfqanıstanın yıxılmış hökumətinə işləyənlərdən qisas almayacaqlarını vəd etsələr də, minlərlə insanın ölkəni tərk etmək cəhdləri davam edir. “Taliban” silahlılarının onları Kabil hava limanına buraxmaması situasiyanı daha da dramatikləşdirir. Taliblərin Cəlilabad və Hostda etiraz nümayişlərini vəhişiliklə yatırması etirazçıları daha da qızşıdırır və onlar nümayişkəranə keçmiş hökumətin bayrağını qaldırırlar.

* ABŞ və müttəfiqləri. Belə görünür ki, ABŞ qüvvələrinin Əfqanıstandan çıxması ətrafında polemika uzun müddət dünyanın gündəmindən düşməyəcək, Amerikada isə respublikaçılarla demokratlar arasında siyasi çəkişmənin elementinə çevriləcək. Kabil Beynəlxalq Hava Limanındakı xaos, müsübət və rüsvayçılığın ABŞ-ın imicinə, özünün isə reytinqinə zərbə vurmasından sonra Prezident Co Bayden dalbadal izahatlar verir. Ağ evin sahibinin sözlərinə görə, ABŞ Əfqanıstana ölkəni birləşdirmək üçün deyil, terrorçu “Əl-Qaidə”nin axırına çıxmaq üçün girmişdi: “Əgər əfqan hərbçiləri ölkəni saxlamağı bacarmırlarsa, daha bir il və ya beş il hərbi iştirak situasiyanı dəyişməyəcəkdi... ABŞ-ın başqa ölkənin vətəndaş münaqişəsinin mərkəzində fasiləsiz iştirakı mənim üçün qəbuledilməzdir”.

Onun sələfi Donald Tramp isə hesab edir ki, “Bayden dönəminin Əfqanıstandakı situasiyası qoşunların çıxarılması deyil, kapitlyasiyadır”. Onun sözlərinə görə, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması prosesi “tarixin ən böyük taktiki səhvinə” çevrilib: “Co Bayden mülki şəxslərdən öncə hərbçilərin çıxışına razılıq, həmçinin Talibanın əlinə 85 milyard dollarlıq hərbi avadanlığın keçməsinə imkan verdiyi üçün Amerika qarşısında üzr istəməlidir”.

2001-ci ildə Kiçik Corc Buşun qlobal antiterror kampaniyasının aparıcı fiqurlarından olan Böyük Britaniyanın 1997-2007-ci illərdəki baş naziri Toni Bler isə Qərbin Əfqanıstanla bağlı mövqeyini siyasi-ideoloji səhv sayıb. Özünün Tony Blair Institute for Global Change mərkəzinin saytındakı yazısında o, ABŞ və müttəfiqlərinin qüvvələrinin Əfqanıstandan çıxarılmasını həyati vacib zərurət deyil, Qərbin mövqelərini təhdid edən uğursuz siyasi seçim adlandırıb: “Bizim buna ehtiyacımız yox idi. Biz sadəcə belə qərar qəbul etdik, özü də “əbədi müharibələr”in bitməsi haqqındakı axmaq siyasi şüara uyaraq”. Birləşmiş Krallığın keçmiş hökumət başçısının fikrincə, baş verənlər Qərbin qlobal mövqeyini laxlada bilər. Onun sözlərinə görə, qoşunların çıxarılmasını “bütün dünya üzrə cihadçı qruplaşmalar alqışlarla qarşıladılar”. “Rusiya, Çin və İran hər şeyi gördülər və situasiyadan istifadə edirlər. Qərb liderlərindən hansısa təminat alanlarsa, indi başa düşürlər ki, Qərb əslində heç bir qarantiya vermir”.

Bler yazır ki, Qərb ölkələri radikal islama ümumilikdə düzgün yanaşmır. Onun fikrincə, radikal islam özündə “uzunmüddətli struktur çağırışlarını” ehtiva edir və Qərb ideologiyasına qarşıdır. Bler hesab edir ki, Qərb radikal islamla bir vaxtlar “inqilabi kommunizm”ə qarşı durduğu kimi mübarizə aparmalıdır: Əgər Qərb bunu anlasaydı, heç vaxt qoşunlarını Əfqanıstandan çıxarmaq qərarını verməzdi.

* “Taliban” hökuməti tanınacaqmı? Taliblər 1996-2001-ci illərdə Əfqanıstan rəhbərliyində olarkən beynəlxalq təcriddə idilər. “Əfqanıstan İslam Əmirliyi”ni yalnız üç ölkə - Səudiyyə Ərəbistanı, BƏƏ və Pakistan tanımışdı. Pakistanın İnformasiya naziri Çaudiri Favad Hüsseyn artıq bəyan edib ki, rəsmi İslamabad “Taliban”ı tanımağı istisna etmir, amma birtərəfli qaydada tanımaq barədə qərar qəbul etməyəcək, dünya dövlətləri ilə məsləhətləşəcək: “Biz gözləyirik ki, “Taliban” qanunun aliliyinə və əsas insan hüquqlarına hörmət edəcək”. Pakistanın “Taliban” üzərində nüfuzu və dəstəyi sirr deyil, İslamabad bunu gizlətmir. Amma “Taliban”ı yalnız Pakistan kəşfiyyatının “məhsulu” saymaq və Qərbin əsas günahkar kimi İslamabadı təqdim etməsi reallıqdan uzaq və qeyri-səmimi yanaşmadır. Hər halda, radikal islamçı qruplaşmalarla bağlı projelər Qərb istehsalıdlr. . Digər tərəfdən, “Taliban”la Pakistanın arasında ziddiyyətlər də yox deyil.

Səudiyyə Ərəbistanı və BƏƏ-yə gəldikdə isə, onlar bu dəfə tələsməyəcək, əsas müttəfiqləri ABŞ-ın qərarını gözləyəcəklər. Kanadanın baş naziri Castin Trudo rəsmən “Kanadanın “Taliban”ı Əfqanıstanın hakimiyyəti kimi tanımaq planı yoxdur” deyib. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen isə avqustun 21-də bildirib ki, Avropa İttifaqı insanların xilası üçün taliblərlə operativ təmasdadır, amma siyasi danışıqlardan və ya tanınmadan söhbət gedə bilməz. Vaşinqton və London artıq bəyan ediblər ki, taliblərin tanınması məsələsinin qaldırılmasından əvvəl, “Taliban”dan insan hüquqlarına və büynəlxalq öhdəliklərə riayət edəcəyinə dair qarantiya gözləyirlər. Rusiya tanımaq məsələsində tələsməyəcəklərini hələlik sözdə elan edib. RF Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, digər ölkələr kimi Rusiya da “Talban” rejimini tanımaqla bağlı tələsmir: “Bizim birtərəfli qaydada hansısa siyasi addımlar atacağımızdan danışmaq tezdir”. Bununla yanaşı, Rusiya XİN Əfqanıstanın yeni hakimiyyəti ilə “işçi təmasların qurulduğunu” qeyd edib. Rusiyanın Kabildəki səfiri Dmitri Jirnov isə taliblərlə görüş keçirir və onlara istinadən Əfqanıstan paytaxtında “sakitlik” olduğunu deyir. Taliblərə simpatiyasını gizlətməyən diplomat qeyd edib ki, Rusiya səfirliyinin binasını “Taliban”dan olan “adekvat mujiklər” qoruyurlar. “Taliban”ın rəsmi nümayəndəsi Süheyl Şahin, ümumiyyətlə, bəyan edib ki, Moskva və Pekin hərəkata dəstək verir.

Çin hələlik Əfqanıstandakı yeni hakimiyyəti tanımağa tələsməsə də, taliblərlə dostluq münasibətlərinə hazır olduğunu gizlətmir. Ümumiyyətlə, əfqan məsələsində Çinlə bağlı bir-birinə zidd iki qənaət var. Birincisi, ABŞ regiondan Çin Xalq Respublikasının qucağına bomba buraxıb çıxır. İkincisi, taliblərin ildırımsürətli zəfərinin arxasında ÇXR-in maraqları dura bilər. İkinci arqument üçün “Taliban”ın üzərində böyük nüfuza malik Pakistanın Çinlə yaxın münasibərləri əsas götürülür. Rəsmi Pekinin taliblərin birinci hökuməti ilə arası yox idi. Bu baxımdan, Əfqanıstandakı dəyişiklikdən GXR-in kommunist rəhbərliyi nə sevinib, nə də məyus olub. Kommunist təbliğatı təbii ki, ABŞ-ın fiaskosundan məmnundur. Əgər Çin Sincan-Uyğur bölgəsi ilə bağlı möhkəm təminat alsa, taliblərlə diplomatik əlaqələr quran ilk ölkələr sırasında olacaq.

Hindistan taliblərlə nəinki təmasa girməyəcək, əksinə hərəkata qarşı əlindən gələni edəcək. İran da “Taliban”la əlaqələr yaratmaq məsələsində gözləmə mövqeyində durur. Tehran üçün əsas olan budur ki, ABŞ qoşunları bölgədən çıxır. Amerikanları kimin qovması İslam Respublikası üçün elə də önəmli deyil.

Rəsmi Ankara hələlik taliblərə münasibətdə birmənalı qərar verməkdə tərəddüd edir. Türkiyə rəhbərliyi “Taliban”ın terrorçu yanı ilə məzhəb yanı (puştunlar hənəfi məzhəbindəndir) arasında qalıb. Prezident Rəcəb Tayyip Ərdoğan güman ki, situasiyadan geosiyasi dividend çıxarmağın mümkünlüyü qənaətindədir. Odur ki, taliblərlə mübahisəyə girmək istəmir. Burda Pakistan faktoru da var. Əslində, taliblər üçün Qərblə danışıqlara girməkdə Türkiyə əlverişli tərəfdaşdır. Lakin “Taliban” türk sülhməramlı kontingentinin Əfqanıstandan çıxmasını istəyir. Əslində radikal qruplaşmalarla oyuna girmək təhlükəli işdir və perspektivi şübhəlidir. Zira Amerika kimi supergüc bu işdən trilyon dollar ziyan və imicini zərbə ilə çıxa bildi. Türkiyə cəmiyyətində “Taliban”la əlaqələrə münasibət birmənalı deyil. “Vatan” partiyasının sədri və Çin heyranı Doğu Perinçek 8iuiuj mj mnh“Taliban”ın mübarizəsini Atatürkün İstiqlal savaşına tay tutur: “Hökumət böyük yanlış içində, 1921-ci ildə Atatürk Əfqanıstanı dərhal necə tanıdısa, bizim hökumət də “Taliban”ı həmən tanımalıdır. ABŞ-ın quyruğuna taxılmamalıyıq”.

NATO-nun baş katibi Yens Stoltenberq avqustun 20-də Kabil hava limanının təhlükəsizliyinin təmin edilməsindəki həyati roluna görə Azərbaycana təşəkkürünü bildirib. Güman ki, Kabil aeroportunu mühafizə edən Azərbaycanın NATO-nun Əfqanıstandakı “Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasında xidmət edən 120 hərbçidən ibarət kontingenti Türkiyə qüvvələri ilə birlikdə hava limanındakı gərginlik səngiyənədək öz beynəlxalq missiyasını davam etdirəcək. Əfqanıstanla bağlı NATO-nun müxtəlif tədbir və layihələrində iştirak sıfırıncı illərdə və daha sonralar Azərbaycan-Qərb münasibətlərinin inkişafında önəmli faktor olub. Azərbaycanda bəzi ekspertlər hesab edirlər ki, Pakistan faktoruna arxalanan Azərbaycan “Taliban”la müəyyən təmaslar qura bilər. Amma bu, təhlükəli işdir, dünya birliyi yalnız humanitar yardımlar kontekstində taliblərlə təmaslara müsbət yanaşır. Azərbaycan hökuməti təmaslar və tanıma məsələsində tələsməməli, digər dünya dövlətləri kimi hadisələrin sonrakı inkişafını izləməlidir.

“Taliban” liderlərinin son bəyanat və davranışlarından belə görünür ki, tanınma talibləri elə də ciddi qayğılandırmır, heç veclərinə də deyil...




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Qəzənfər Həmidoğlu