USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Makron Avropanın xilasını Fransaya baş əyməkdə görür


https://img.baki-baku.az/news/2024/04/photo_12156.jpg

“Fransızların əsas həyati qayğısı əsl fransız olmaqdır”. Nik Yapp və Mişel Sirettin qələmə aldıqları “Bu qəribə fransızlar” adlı əyləncəli kitab bu cümlə ilə başlayır. Fransızları yaxşı tanımaq istəyənlər kitabı əldə edib oxuya bilərlər. Ona görə də, kitab barədə çox danışmaq istəmirik, bizi maraqlandıran müəlliflərin fransızlar haqqında toxunduqları bir məqamdır. 

Müəlliflər yazırlar: “Fransızlar özləri­ni dünyada yeganə əsl sivil xalq hesab edirlər və əmindirlər ki, onların vəzifəsi seçildikləri şəfəq ilə yolları işıqlandıra­raq başqa xalqlara rəhbərlik etməkdir”. Yəni, fransızlar da bəzi xalqlar kimi, öz­lərini “seçilmiş” sayırlar və düşünürlər ki, digərləri onların arxasınca getməlidirlər. Bu istək özünü xüsusilə də Fransa pre­zidenti Emmanuel Makronun hakimiyyəti illərində daha qabarıq göstərir. Yelisey Sarayının müvəqqəti sakini müxtəlif kür­sülərdən hamıya xitab edir ki, bəs, “Köh­nə qitə” xalqları Fransanın dediklərinə qulaq asmalıdır, yoxsa “Avropanı ölüm gözləyir”. 

Fransa prezidenti Emmanuel Makron cümə axşamı Sorbon Universitetində Avropanın gələcəyi ilə bağlı çıxışında yenə də qorxulu proqnozlar səsləndirib: “Növbəti illərdə zəifləmə, hətta məcburi sıxışdırılma riskləri böyükdür. Biz aydın şəkildə dərk etməliyik: Avropa ölümcül vəziyyətdədir və ölə bilər”. Prezident öz çıxışında nəinki “Köhnə qitə” üçün müm­kün apokaliptik ssenarini səsləndirib, həm də özünü müttəfiqlərə fəaliyyət pla­nı təklif etməyə hazır lider kimi qələmə verməyə çalışıb. Əsas tezislər ondan ibarət olub ki, Avropanın ABŞ-dan stra­teji və texnoloji müstəqilliyə ehtiyacı var. Prezidentin sözlərinə görə, avropalılar göstərməlidirlər ki, onlar heç vaxt ABŞ-ın vassalı olmayıblar və dünyanın digər regionları ilə müstəqil dialoq aparmağa hazırdırlar. E.Makron Rusiyanı da onların sırasına daxil edərək deyib: “Təhlükə­sizlik sistemimiz Ukraynadakı münaqişə bitdikdən sonra Rusiya ilə qonşuluq mü­nasibətləri qurmağa kömək edəcək”.

Fransa prezidenti xüsusilə qeyd edib: “Biz ümumi təhlükəsizlik sistemi­nin bərpası üçün şərt olan Avropanın etibarlı müdafiəsi konsepsiyasına ma­hiyyət verməliyik. Önümüzdəki aylarda mən bütün tərəfdaşlarımızı bu Avropa Müdafiə Təşəbbüsünü yaratmağa dəvət edəcəyəm və bu, ilk növbədə, strateji konsepsiya olmalıdır və bundan son­ra müvafiq imkanlar əldə edəcəyik”. E.Makronun sözlərinə görə, “Fransanın müdafiə strategiyasının mərkəzində” nüvə çəkindirməsi dayanır ki, bu da bü­tün Avropa qitəsi üçün “müdafiənin ən mühüm elementi”dir. “Məhz bu etibarlı müdafiə sayəsində Avropadakı bütün tərəfdaşlarımızın gözlədiyi təhlükəsizlik zəmanətlərini yarada biləcəyik”, – deyən E.Makron əlavə edib ki, raketdən müda­fiə sisteminin inkişafı, Ümumavropa Hər­bi Akademiyasının yaradılması, müdafiə sektorunda öz istehsal proqramının ha­zırlanması və davamlı maliyyələşdirilmə­si, həmçinin kibertəhlükəsizlik kimi “yeni münaqişə sahələrinə” investisiyaların ar­tırılması zəruridir. 

Bəs E.Makronun bu təkliflərinin həya­ta keçməsi nə dərəcədə realdır? 2017-ci ilin sentyabrında Fransa prezidenti Sor­bonda eyni mövzuda tələbələr qarşısın­da çıxış etmişdi. Həmin vaxt E.Makron “Avropanın çox zəif, ləng və səmərə­siz olduğunu” vurğulamış və onu necə gücləndirmək üçün bir sıra təkliflər irəli sürmüşdü: ümumavropa iqtisadi stimul­laşdırma tədbirləri ilə yanaşı, təhlükə­sizlik siyasəti sahəsində “Ümumi Strateji Mədəniyyət” in tətbiq edilməsini, 2020-ci ilə qədər ümumavropa çevik qüvvələrinin yaradılmasını, vahid müdafiə büdcəsinin və ümumi hərbi doktrinanın təsdiqlənmə­sini təklif etmişdi. Bayırda 2024-cü ildir və E.Makronun bu təkliflərindən heç biri reallaşmadı. 

Bu arada, Fransa mediası prezident Makronun Avropanın yenidən qurulma­sı ilə bağlı ikinci nitqini onun çıxışına dəvət olunmuş fransız avrodeputatları­nın qiymətləndirə bilməməsinə diqqət çəkir. Prezidentin Sorbona səfəri Avropa Parlamentinin Strasburqda keçirilən ses­siyasının yekun gününə təsadüf etdi və orada, məsələn, büdcəyə düzəlişlər və Aİ sərhədlərində nəzarətlə bağlı sənəd­lərə səsvermə keçirilirdi. Bu, Avropa Parlamentinin üzvlərinin Parisdə deyil, Strasburqda olmasını tələb edirdi. Buna görə də fransalı siyasətçilər E.Makronun tənqiddən çəkinərək belə addım atdığını bildirirlər. Məsələn, Avropa Parlamen­tinin deputatı Nora Mebarek bildirib ki, “Avropa Parlamentinin demokratik həya­tına sadiqliyini göstərmək üçün, Avropa demokratlarının Strasburqdakı Avropa parlamentinin iclasında səs verdiyi anda Parisdən Avropa haqqında danışmamaq daha yaxşı olardı”.

Bundan başqa, E.Makronun çıxışı ərəfəsində Fransa prezidentinin Avropa Komissiyasının sədri Ursula fon der Lya­yenin əvəzlənməsi ilə bağlı Avropa liderlə­ri ilə gizli razılığa gəlməsi ilə əlaqədar xə­bərlərin də mətbuata sızması xüsusi fon yaradıb. “Bloomberg”in çərşənbə günü mənbələrə istinadən verdiyi məlumata görə, prezident Makron Aİ ölkələrinin nü­mayəndələri ilə İtaliyanın keçmiş baş na­ziri və Avropa Mərkəzi Bankının keçmiş sədri Mario Draqinin xanım fon der Lya­yenin vəzifəsinə namizədliyini müzakirə edib. Xatırladaq ki, martın əvvəlində Av­ropa Xalq Partiyasının qurultayında Ursu­la fon der Lyayen ikinci müddətə Avropa Komissiyasının rəhbəri vəzifəsinə rəsmi olaraq namizəd göstərilib. Bununla belə, artıq mətbuatda onun yenidən seçilmə­sinə zəmanət verilmədiyinə dair məlumat­lar yayılıb. Doğrudur, İtaliya hökuməti bu xəbəri təkzib edib, amma çoxları bu məlu­matın doğruluğuna inanır. 

Bununla belə, Avropa Parlamentinə iyunda keçiriləcək seçkilər ərəfəsində prezident Makron və onun “Renessans” blokunun populyarlığının azalması kon­tekstində Fransa lideri seçicilərin etima­dını bərpa etmək üçün yeni yollar axtarır. Belə ki, çərşənbə axşamı media pre­zident Makronun triatlon və üzgüçülük yarışlarını əhatə edəcək qarşıdan gələn Yay Olimpiya Oyunları zamanı Sena çayında üzməyə hazır olacağı barədə yeni bəyanatından sitat gətirib. “Sena­dakı su soyuq, lakin təmiz olacaq. Mən bunu şəxsən sübut edə bilərəm”, – deyə E.Makron söz verib. Hazırda Parisdə əl­verişsiz ekoloji vəziyyətə görə Sena ça­yında üzməyə qadağa qoyulub. Bundan başqa, çərşənbə günü prezident Makron xeyriyyə futbol matçında da iştirak edib. Toplanan vəsait Fransa prezidentinin xanımı Bricit Makronun uşaq xəstəxa­nalarına dəstək verən xeyriyyə fonduna gedəcək. Bax belə…

Səbuhi MƏMMƏDOV




Redaktorun seçimi

Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır
“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası

Səbuhi MƏMMƏDOV