USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İran–Pakistan: raket hədələri


https://img.baki-baku.az/news/2024/01/photo_10703.jpg

2024-cü il çox gərgin başladı. Dünyanın, demək olar ki, bütün regionlarında hərbi toqquşmalar baş verir, insanlar həlak olur, infrastruktur dağılır. İndi də İran ilə Pakistan arasında münasibətlərdə problem baş qaldırır. 

İranın Pakistan ərazisinə endirdiyi hava zərbəsini İsla­mabad cavabsız qoymadı. Yanvarın 18-də səhər saatlarında Pakistanın adekvat addım atdığı bildirildi. İki İslam respubli­kası arasında münasibətlərin gərginləşməsi, əlbəttə ki, regi­onal təhlükəsizliyə böyük təhdid kimi qiymətləndirilir. 

Yanvarın 16-da İranın İslam İnqilabı Keşikçiləri Korpusu “Sepah” Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz əra­zisinə zərbələr endirməsi günün əsas xəbərlərindən biri oldu. Rəsmi Tehran hədəfin oradakı “terror qruplaşmaları”­nın olması ilə əlaqələndirdi. Həmin gün Pakistan Xarici İşlər Nazirliyi zərbələr nəticəsində iki uşağın həlak olduğunu, üç qız uşağının da yaralandığını təs­diqlədi. Bundan sonra rəsmi İslamabad İrandakı səfirini geri çağırmaq qərarını açıqladı. Pakistan XİN-nin bəyanatın­da, həmçinin qeyd olunurdu ki, yanvarın 16-da “İran tərəfindən Pakistanın su­verenliyinin əsassız və açıq şəkildə pozulması beynəlxalq hüquq və BMT Nizamnaməsinin məqsəd və prinsipləri­nin pozulması anlamına gəlir”. Bəyanat­da bildirilirdi ki, Pakistan bu qanunsuz hərəkətə cavab vermək hüququnu özün­də saxlayır: “Nəticələrə görə, məsuliyyət tamamilə İranın üzərinə düşəcək”.

İslamabadın cavabı yanvarın 18-də gəldi. Dünən Pakistanın İranın cənub-şərqində yerləşən Sistan və Bə­lucistan vilayətinin Səravan rayonunun sərhəd kəndlərindən birinə bir neçə ra­ket zərbəsi endirməsi məlum oldu. Pa­kistan İran ərazisinə zərbələr endirdiyini təsdiqlədi. Rəsmi İslamabad “terrorçu­ların sığınacaqlarına” hücum edildiyini bildirdi. Zərbələr nəticəsində həlak olan­lar barədə Sistan və Bəlucistan vilayə­ti valisinin müavini Əlirza Mərhəməti məlumat verdi. O, üç qadının və dörd uşağın həlak olduğunu, zərbələrin raket və dronlardan istifadə edilməklə həyata keçirildiyini açıqladı. 

Məsələ ondadır ki, İran–Pakistan sərhədinin hər iki tərəfində bəluc se­paratçıları fəaliyyət göstərir. Onlar həm Tehran, həm də İslamabad üçün başağ­rısıdır, belə olduğu təqdirdə, hər iki tərəf qarşılıqlı razılıq əsasında addım atmalı­dır. Amma İranın zərbəsi hərbi əməliy­yatın İslamabad ilə razılaşdırılmadığını göstərdi. Buna görə də, Pakistan adek­vat cavab verməyə məcbur oldu. İndi iki ölkə arasında gərginliyin bununla yekun­laşacağına ümid etmək qalır. Gərginliyin davam etməi hər iki tərəfin marağına uyğun deyil. İslam dünyasında da İran–Pakistan və İran–İraq münasibətlərinin gərginləşməsindən narahatlıq ifadə olu­nur və gərginliyin qısa zamanda bitmə­sinin vacibliyi vurğulanır. Ərəb Liqasının baş katibi Əhməd Əbul-Qeyt İranın İraq ərazisinə endirdiyi son zərbələrini pislə­di, həmçinin digər ölkələri “İraqı hesab­laşma meydanına çevirməməyə” ça­ğırdı. İslam liderləri gözəl anlayırlar ki, müsəlman ölkələrinin bir-birilərinə hərbi hücumları Yaxın Şərqdə müharibənin genişlənməsinə gətirib çıxara bilər. 

Hələlik, hərbi əməliyyatların davam etdirilməsini göstərən ciddi hərəkətlilik görünmür. Düzdür, Pakistan ordusunun hazırlıq vəziyyətinə gətirilməsi barədə məlumatlar yayılır. Bundan başqa, mü­vəqqəti hökumətin Baş naziri Ənvar-ul-Haq Kakarın Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirakını yarımçıq qoyaraq İslamabada qayıtması bildiri­lir. Amma bütün bu hərəkətliyin İranla Pakistan arasında hərbi toqquşmaların baş verəcəyinə olan ehtimalı güclən­dirmir. Mütəxəssislərin əksəriyyəti belə düşünürlər ki, indiki gərginlik nə İrana, nə də Pakistana lazımdır. Münaqişənin böyüməsi regionun digər ölkələrinin də, ilk növbədə, Çinin maraqlarına uyğun deyil. Buna görə də, gərginliyin diplo­matik danışıqlar vasitəsilə aradan qaldı­rılacağına inam böyükdür. Artıq Çin öz vasitəçiliyini təklif edir. Türkiyənin xarici işər naziri Hakan Fidanın da iranlı və pa­kistanlı həmkarları ilə danışıqlar apardı­ğı bildirilir. 

S.ELAY,
Q.KAZIMOV




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Səbuhi MƏMMƏDOV