USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Mərhəmət rəmzi


https://img.baki-baku.az/news/2023/08/photo_7804.jpg?v=MjAyMy0wOC0yNiAxMjozNzo1Ng==

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışı ilə müasir tariximizdə yeni dövrün, ölkəmizi müstəqil dövlət quruculuğuna doğru aparan böyük yolun başlanğıcı qoyuldu. Heydər Əliyev Azərbaycanda siyasi sabitlik yaratmaqla yanaşı, ölkənin iqtisadi müstəqilliyinin də əsasını qoydu.
2003-cü ildən Heydər Əliyev siyasi və iqtisadi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etdi. Onun məqsədyönlü fəaliyyəti sayəsində hüquqi dövlətin inkişafının konstitusion islahat modeli uğurla həyata keçirilərək dövlət hakimiyyətinin xalqa mənsubluğunun Azərbaycan modeli formalaşdı. Hazırda Azərbaycan dövləti çoxəsrlik şanlı tarixinin ən parlaq intibah dövrünü yaşayır. Bu gün dünya ölkələri arasında ləyaqətlə ucalaraq sahibləndiyimiz mövqe hər bir azərbaycanlının qürur mənbəyidir. Bu qürurun əsasında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın vətən və xalq naminə gərgin və miqyaslı fəaliyyəti, yüksək intellekt və dünyəvilik kimi şəxsi keyfiyyətlərinin möhtəşəm harmoniyası dayanır. 
Ümummilli Lider Heydər Əliyev çıxışlarının birində demişdi: "Mənəviyyat olmayan yerdə haqdan, ədalətdən, düzgünlükdən söhbət gedə bilməz". Həqiqətən, istənilən cəmiyyətdə ədalət, insanpərvərlik, dürüstlük kimi mənəvi dəyərlərin özünə möhkəm dayaqlar tapması nəcib və kamil insanların əzmkar fəaliyyəti sayəsində mümkün olur. Bu baxımdan Mehriban xanım bütün mütərəqqi keyfiyyətləri mötəbər mövqeyi və humanist xeyirxahlıq nüfuzu ilə Azərbaycanın birinci xanım lideri, ali statuslu rəhbəridir.
Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. Dövlət proqramlarının, Prezidentin fərman və sərəncamlarının icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin etmiş, bu prosesdə özəl sektorun payı və rolunu artırmaqla sahibkarlığın inkişafına güclü təkan vermişdir.
İstisnasız olaraq bütün dövrlərdə cəmiyyətin mütərəqqi yolla inkişafı məhz sağlam əqidəli, xalqa, dövlətə təmənnasız xidməti başlıca həyat amalına çevirən nəcib insanların fəaliyyəti ilə bağlıdır. Belə insanlar qısa zamanda cəmiyyətin sayılıb-seçilən şəxsiyyətlərinə çevrilir, üzərlərinə düşən sosial məsuliyyəti düzgün dəyərləndirir, xoş məram və məqsədləri ilə milyonların rəğbətini qazanırlar. Hazırda bu nəcib missiyanı yüksək mənəvi məsuliyyətlə üzərinə götürərək şərəflə, əzmlə həyata keçirən insanlar arasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ön sıralarda dayanır. İnamla deyə bilərik ki, Ulu Öndərin ali ideyalarına əsaslanan, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə layiqli töhfələrini verən Azərbaycanın Birinci vitse-prezidentinin mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında müstəsna xidmətləri vardır.
Həyatının başlıca amalı məhz xeyirxahlıq və xoş niyyət olan birinci xanımın adı çoxşaxəli fəaliyyəti, insanlarla ünsiyyəti ilə sanki bir vəhdət təşkil edir. "Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar. Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam". Bu sözləri Mehriban Əliyeva Birinci vitse-prezident kimi ilk çıxışında səsləndirib. Bu gün bizlər Mehriban xanımın söylədiyi fikirləri real həyatda uğurla həyata keçirdiyinin şahidiyik. 
Bütün dövrlərin belə parlaq simaları üçün səciyyəvi keyfiyyətlərdən biri də onların qlobal miqyasda insanlığın nicatına xidmət edən ictimai təşəbbüslərlə çıxış etmələri olmuşdur. Bu baxımdan deyə bilərik ki, rahatsız dünyamızda nəcib və ali məqsədlər naminə əzmlə çalışan, insan amilini daim uca tutan sülh elçiləri sırasında Mehriban xanım Əliyevanın adı xüsusi çəkilir. Mehriban xanım qayğıkeşliyi, ictimai-siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına örnəkdir. Qədim və zəngin tariximizin hər bir səhifəsində Azərbaycan qadınının müdrikliyi və qəhrəmanlığının parlaq nümunələri olub. Mehriban xanım öz fəaliyyətində Azərbaycanda qadın hərəkatını canlandıraraq onun tarixində yeni bir mərhələ açmışdır.
Xalqın taleyini öz taleyində yaşayan Mehriban Əliyevanın mənəvi, ictimai və siyasi vəzifəni, məqsədi ülvi bir sevgiylə daşıması, vətəninə, xalqına qəlbinin sonsuz istəyi ilə xidmət etməsi ictimai mühitə gəldiyi vaxtlardan görünməyə başladı. Mehriban xanım gəncliyindən öz çalışqanlığı ilə hər yerdə və hər zaman uğurlara nail olması ilə fərqlənib. O, ziyalı ailəsində doğulub-böyümüş, mükəmməl təlim-tərbiyə almışdır. Gənc yaşından isə Ulu Öndər Heydər Əliyev kimi dövlət xadiminin ailəsində mənimsədiyi siyasi təlim və əhatəli sosial baxış, akademik Zərifə xanım Əliyevadan əxz etdiyi ictimai-mədəni davranış, insani nəciblik və mərhəmət, valideynlərindən aldığı nümunəvi ailə tərbiyəsi Xanım Mehriban Əliyevanın illər boyu formalaşan ictimai-siyasi-mədəni təməli olmuşdur. Mehriban xanımın qadın lider olaraq formalaşması və yüksəlməsi həm daxili istedadı, bacarığı, mükəmməl təhsili, praqmatik zəkasının, həm də taleyinə yazılmış Ulu Öndər Heydər Əliyev kimi böyük strateqin həyat və siyasət məktəbindən yetərli dərs almasının nəticəsidir. 
Onun ictimai fəaliyyətə qoşulduğu illər Azərbaycanda xalqın milli oyanış dövrünün ilkin çağlarına təsadüf edir. Ulu Öndərin təşəbbüsü ilə yaranan Yeni Azərbaycan Partiyasının təşəkkül tapdığı 1992-ci ildən Mehriban xanım partiyanın üzvü olaraq müasir və müstəqil dövlətimizin qurulması və inkişaf etməsi prosesinin fəal iştirakçısına çevrildi. O, yaxşı dərk edirdi ki, bütün zamanlarda milləti xalq kimi tanıdan və bütün dünyada qəbul etdirən onun dili, mədəniyyəti, tarixi, milli-mənəvi dəyərləridir. Məhz buna görə də o, özünün çoxşaxəli fəaliyyətini bu amillər, prinsiplər üzərində qurdu. 
Bütün ictimai şüuru ilə azərbaycançılıq ideologiyasına bağlı olması, dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə fəaliyyət göstərməsi az bir zamanda ona xalqın böyük rəğbətini, sevgisini qazandırdı. Onun fəaliyyətini qiymətləndirən bir çox xarici ölkələrin tanınmış siyasətçiləri, ictimai xadimləri qeyd edirlər ki, Mehriban Əliyeva Şərq ölkələrində siyasətin yalnız kişilərin işi olması barədə stereotipləri təkzib edir. Mehriban xanımın gənc və müstəqil dövlətimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizəsinə, ümumən gördüyü işlərə nəzər yetirəndə bu xidmətin həcmini təsəvvür etmək, ölkənin və xalqın həyatında yeniliklərlə müşayiət olunan inkişafını görmək, duymaq elə də çətin deyil.
Mehriban xanım 1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunun prezidenti, 2002-ci ildə isə Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi üzərinə böyük məsuliyyət götürərək yaddan çıxmış sahələri ətalətdən çıxararaq onlara kütləvilik elementləri ilə zəngin olan ictimai məzmun verdi. Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanınması, təbliği üçün ilk olaraq "Azərbaycan-İrs" jurnalını təsis etməklə başladı. Təbii ki, görülən işlərin mahiyyətində nüfuzlu ictimai xadim olan Mehriban xanımın Azərbaycan mədəniyyətinə yeni nəfəs gətirməsi, onun tarixi keçmişindən bəhrələnməklə bugünkü inkişafına təkan vermək amalı dayanırdı.
Mehriban xanımın fəaliyyətinin mahiyyətində mərhəmət hissi dayanır. Onun özünün fikirləri sözlərimizi təsdiq edər: "Həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərin həllini, konkret addımlar atılmasını tələb edir. Biganəlik və laqeydlik ən dəhşətli xüsusiyyətdir. İstər ictimai xadim ol, istərsə də dövlət qulluğunda işləyən adam. İnsanlıq hissini qoruyub saxlamaq lazımdır".
Mehriban xanım 2004-cü il mayın 10-da Heydər Əliyev Fondunun yaradılması ilə Ulu Öndər Heydər Əliyevin vətənimizin və xalqımızın inkişafı naminə gördüyü işləri, işıqlı ideyalarını yüksək səviyyədə davam etdirir. Onun qarşıya qoyduğu məqsəd həyatımızın mühüm sahələrinin inkişafına yönəlmiş çalışmalar, milli-mənəvi dəyərləri özündə ehtiva edən prinsiplər üzərində qurulmuşdur. Bu məqsəd fondun fəaliyyət proqramında daha dəqiq ifadə olunmuşdur: "Milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək etmək, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləmək, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardım göstərmək". Görülən işlərin, irimiqyaslı layihələrin həcmini təsəvvürə gətirəndə aydın olur ki, bütün bunlar Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətən və xalq naminə qarşıya qoyduğu vəzifələrin öhdəsindən ləyaqətlə gəldiyinin bariz nümunəsidir.
Heydər Əliyev Fondu nəinki irimiqyaslı, möhtəşəm layihələri həyata keçirmiş, hətta fəaliyyət göstərdiyi müddətdə Azərbaycanın xaricdə böyük nüfuz qazanmasına, dünyanın  öndə olan ölkələrindən birinə çevrilməsinə güclü dəstək olmuşdur. Prezident İlham Əliyev fondun fəaliyyətini yüksək qiymətləndirərək demişdir: "Mehriban Əliyevanın rəhbərliyi ilə fond nəinki Azərbaycanda, eyni zamanda regionda görülən işlərin həcminə görə ən böyük ictimai təşkilata çevrilmişdir".
Həqiqətən, Mehriban Əliyevanın genişmiqyaslı fəaliyyəti ölkənin ictimai-sosial, mədəni həyatını əhatə etməklə bitmir. O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu, özəlliklərini dünyada böyük fədakarlıqla, uğurla təbliğ edir,  qədim ənənələrimizlə bağlı olan multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir. Bir daha xatırladaq ki, bütün bunlar aydın təfəkkürə malik olan bir qadının - respublikanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti sayəsində mümkün oldu. İşgüzarlığı, böyük səyi və bacarığı ilə seçilən Mehriban xanım müsahibələrinin birində birinci xanım missiyasının məsuliyyətini şərh edərək demişdir: "Hər şey bu və ya digər insanın öz vəzifələrinə nə dərəcədə ciddi yanaşmasından asılıdır. Aydın şəkildə dərk etmək lazımdır ki, müəyyən anda sən fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilirsən. Sən artıq təkcə özünü və öz ailəni yox, öz ölkəni təmsil edirsən. Bu barədə özünə hesabat verməli, sözlərində, qərarlarında, hərəkətlərində daha təmkinli olmalısan. Bu, çox məsuliyyətli yükdür..."
Amma Mehriban xanımın ictimai fəaliyyəti təkcə Heydər Əliyev Fondu ilə məhdudlaşmır. Onun ölkəmizdə idmanın inkişafına göstərdiyi qayğıkeşlik, böyük dəstək idmançılarımızın beynəlxalq yarışlarda uğurlar əldə etməsinə səbəb olur. Mehriban xanımın Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə üzv seçilməsi ölkəmizdə idmanın inkişafına əlavə təkan vermişdir. Azərbaycanda bir-birinin ardınca keçirilən beynəlxalq idman oyunları dünyanın nüfuzlu dövlətlərinin böyük marağına səbəb olmuşdur. Təsadüfi deyil ki, Mehriban xanımın "Bakı-2015" I Avropa Oyunları Təşkilat Komitəsinin sədri kimi fəaliyyəti iştirakçı ölkələr tərəfindən yüksək qiymətləndirilmişdir. Dövlət başçısı isə onu bu fəaliyyətinə görə "Heydər Əliyev" ordeni ilə təltif etmişdir. Ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının uğurla keçirilməsində də Təşkilat Komitəsinin sədri kimi onun zəhməti qiymətsizdir.
Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin dövlətçilik ideyalarından güc alan Mehriban xanım Əliyevanın humanizm və insanpərvərlik ideallarına sadiq qalaraq reallaşdırdığı genişmiqyaslı layihələr onu xalqın sevimlisinə çevirmişdir. Lakin sonralar Mehriban xanımın üzərinə daha bir tarixi missiya düşdü. O, milli dövlətçilik tariximizdə ilk dəfə olaraq Birinci vitse-prezident təyin olundu. Bu vəzifədə Mehriban xanım Əliyevanın ilk keçirdiyi müşavirə müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin mənzillə təmin edilməsinə həsr edildi. Birinci vitse-prezident bildirdi ki, qaçqın və məcburi köçkün soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatı üçün lazım olan tədbirlərin mərhələlərlə həyata keçirilməsi davam edəcəkdir.
Mehriban xanım Əliyevanın xalqımızın maraqlarının müdafiəsinə yönəldilmiş hərtərəfli fəaliyyəti Azərbaycan qadınının cəmiyyətdəki rolu barədə aydın təsəvvür yaradır. O, humanizm və qayğıkeşlik kimi keyfiyyətləri təcəssüm etdirməklə hamı üçün xeyirxahlıq və mərhəmət nümunəsidir.
Mehriban xanım eyni zamanda Prezidentin ən yaxın silahdaşı, qayğıkeş ana, sevimli nənədir. Ailə qayğıları, ictimai və siyasi fəaliyyəti bir arada və yüksək səviyyədə yerinə yetirmək böyük peşəkarlıq və səbir tələb edir. Bununla bağlı Mehriban xanım deyir: "Mən öz vəzifələrimi vaxtında yerinə yetirmək üçün düzgün iş forması, düzgün tarazlıq tapmağa çalışıram. Əlbəttə, mən ilk növbədə həyat yoldaşımın xanımıyam, uşaqlarımın anasıyam, nəvələrim var və həyatımın bu hissəsinə ayırdığım diqqətin ikinci plana keçməsini əsla istəmirəm". 
Azərbaycanın birinci xanımının çoxşaxəli fəaliyyətinin nəinki Azərbaycanda, ölkə hüdudlarından kənarda da rəğbətlə qarşılanmasının səbəbləri kifayət qədər sadədir. O, əzmkar fəaliyyəti ilə təkcə milli-mənəvi dəyərlərin, mənəvi və qeyri-maddi irsin dünya miqyasında təbliğini deyil, həm də sivil dünyada sülhü, sabitliyi, sivilizasiyalararası dialoqu, multikulturalizmi, bir sözlə, insanlığın tərəqqisinə yönələn ali ideyaların reallaşdırılmasını, bu sahələrdə səylərin birləşdirilməsini hədəfə almışdır.
Mehriban xanım Əliyeva 2005-ci, 2010-cu və 2015-ci illərdə üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin deputatı kimi Mehriban xanım, sözün əsl mənasında, xalqın elçisi olmuşdur. Millət vəkili kimi onun ölkədə iqtisadi islahatların hüquqi bazasının təkmilləşdirilməsi, sahibkarların qanuni mənafelərinin qorunması və işgüzar fəaliyyətinin gücləndirilməsi istiqamətində fəaliyyəti aktual problemlərə olan həssas münasibətin ifadəsi idi. Milli Məclisdə respublikamızın qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində ayrı-ayrı regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının qəbul edilməsi, iri infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı qanunlara dəyişiklik edilməsi, əhalinin yoxsulluq səviyyəsinin minimuma endirilməsi, kiçik və orta sahibkarlığın, xüsusən fermer təsərrüfatlarının daha da inkişaf etməsinə şərait yaradan yeni qanunların qəbul edilməsində Mehriban xanımın iştirakı diqqətəlayiq olmuşdur. Elə bu səbəbdən Birinci vitse-prezident Mehriban xanımın ölkə iqtisadiyyatının aktual problemlərinə olan həssas münasibəti Azərbaycan sahibkarları tərəfindən yüksək qiymətləndirilir.
2019-cu ilin noyabr ayında Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Moskvada keçirilmiş 10-cu Azərbaycan-Rusiya Regionlararası Forumunda Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndələri də iştirak etmişlər. Forum zamanı kiçik və orta sahibkarlığın inkişafı, kənd təsərrüfatı, turizm sektorları üzrə panellərə konfederasiya prezidentinin rəhbərlik etdiyi nümayəndələr də qatılmışlar.
Bütün dünyanı çənginə almış koronavirus pandemiyasının Azərbaycanda da böyük çətinliklər yaratdığı, sərt karantin tədbirlərinin zərurət olduğu günlərdə Mehriban xanımın insanlarımıza "Sizin Mehriban" imzası ilə bitən müraciətləri yaxşı yadımızdadır. Onun səmimi sözləri, doğma bir insan kimi vətəndaşlara çağırışları pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılmasında, karantin qaydalarının hər kəs üçün normaya çevrilməsində böyük rol oynadı. Bütün bunların sayəsində Azərbaycan pandemiyadan ən az ziyan çəkən ölkələrdən oldu. Dövlətimizin pandemiyanın ziyanlı təsirlərinə məruz qalmış biznes subyektləri üçün nəzərdə tutduğu dəstək paketlərinin hazırlanmasında, bu paketlər çərçivəsində verilən yardımların öz ünvanına çatmasına nəzarət işinin təşkilində Mehriban xanım Əliyevanın da müstəsna əməyi olmuşdur. 
Mehriban xanım Əliyeva milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin formalaşdırılması, gender bərabərliyinin təmini, sivilizasiyalararası dialoqun təşviqi, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı ölkəmizin haqlı mövqeyinin beynəlxalq aləmdə dəstəklənməsi istiqamətində də son dərəcə uğurlu nəticələrə imza atmışdır.
Azərbaycanın birinci xanımının həyata keçirdiyi layihələr ölkə hüdudları ilə məhdudlaşmayıb, ümumbəşəri mahiyyəti ilə diqqəti cəlb edir. Xüsusən də Mehriban xanımın Şərqlə Qərb arasında mədəni dialoqa nail olmaq, fərqli sivilizasiyaları bəşəri ideallar naminə bir araya gətirmək, dini tolerantlığı, multikulturalizmi gücləndirmək, gender bərabərliyini təmin etmək istiqamətindəki fədakar fəaliyyəti beynəlxalq miqyasda təqdir edilir.
44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə ölkədə formalaşmış siyasətin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir. Torpaqlarımızın işğaldan azad olunması tariximizə və dövlətçiliyimizə qızıl hərflərlə yazılan böyük zəfərdir. Hələ 2-ci Qarabağ müharibəsi başlamamışdan öncə Birinci vitse-prezident xalqa müraciətində yazmışdır: "Hörmətli həmvətənlər! Son günlər baş verən hadisələr ölkəmizin hər bir vətəndaşını narahat edir. İşğalçının növbəti təxribatına dərhal layiqli cavab verildi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Tanrıdan yaralı əsgərlərimizin tezliklə sağalmasını diləyirəm. Tanrı hər bir Azərbaycan döyüşçüsünün həyatını və sağlamlığını qorusun. Bu günlərdə bizim hamımızı emosiyalar bürüyür. Azərbaycan Ordusunun döyüş qabiliyyətinə, qəhrəman oğullar yetişdirən analara görə, vətəndaşlarımızın vətənpərvərlik hissinə, ilk çağırışdan Vətənin müdafiəsinə qalxmağa hazır olan gənclərə və on minlərlə könüllüyə görə, ölkəmizdən kənarda öz birmənalı mövqeyini bildirən, dövlətimizi və ordumuzu dəstəkləyən minlərlə azərbaycanlıya görə qürur hissi keçiririk. Birlik və ruh yüksəkliyi nümayiş etdirərək tarixi həqiqətin təntənəsi - Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün hər bir addıma hazır olmaq bizim müqəddəs mübarizəmizdə güclü və təsirli vasitədir. Bu günlər ərzində əsl Vətəndaş mövqeyi nümayiş etdirən hər kəsə minnətdaram. Unutmayaq ki, bu gün biz bir amalımız olan millət, xalqıq. Bizə zəfər lazımdır. Hamımız üçün bir qələbə. Qalib gələn isə gücü birlik, ağıl və iradə ilə möhkəmlənən olur. Mən doğma Azərbaycanımı və öz müdrik, mərd və mərhəmətli xalqımı hədsiz dərəcədə sevirəm! Bizim işimiz haqq işidir və Tanrı bizimlədir! Uca Tanrı Azərbaycanı qorusun!"
Qarabağ müharibəsində həlak olmuş şəhidlərin ailələrinə və qazilərə Mehriban xanımın təşkilatçılığı ilə göstərilən sosial yardımlar bu gün də davam edir. Ümumiyyətlə, şəhid ailələri və qazilərin problemlərinin həlli hər zaman dövlət üçün prioritet məsələdir. Bu sahədə dövlət orqanları ilə yanaşı, Heydər Əliyev Fondu da geniş və səmərəli işlər görür. Fond tərəfindən qazilər ortopedik vasitələrlə təmin edilir, şəhid və qazi övladlarının problemləri həll olunur, onlarla mütəmadi əlaqələr qurulur. Mehriban xanım öz çıxışlarının birində demişdir: "Bu gün biz Azərbaycan Ordusuna, əsgər və zabitlərimizə hədsiz dərəcədə minnətdarıq! Qəhrəmanlığınıza, şücaətinizə, cəsarətinizə və dözümlülüyünüzə görə sizə minnətdarıq! Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə görə! Vətənə sədaqətlə xidmət etmək nümunəsinə görə! Siz bizim fəxrimizsiniz! Bu əlamətdar gündə Vətən uğrunda həlak olmuş qəhrəman oğullarımızın nurlu xatirəsini ehtiramla yad edir, onların doğma və yaxınlarına səbir arzulayıram! Bütün əsgər və zabitlərimizi səmimi-qəlbdən təbrik edirəm, Uca Tanrıdan onların hər birinə möhkəm cansağlığı, sevinc, sevgi və səadət, doğma Azərbaycanımıza sülh və əmin-amanlıq bəxş etməsini diləyirəm!"
Bu gün doğma Qarabağ və Şərqi Zəngəzur torpaqlarında geniş quruculuq işləri aparılır, 30 il erməni vandalları tərəfindən dağıdılan yaşayış məntəqələri, sosial infrastruktur, talan olan ərazilər, meşələr, tarixi-mədəni-dini abidələr yenidən tikilir, qurulur. Bu işlərdə də Mehriban xanımın fəaliyyətini hiss etməmək mümkün deyil. Onun tapşırıqları əsasında həyata keçirilən layihələr Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirir.
Mədəniyyətimizin, incəsənətimizin və muğam sənətimizin beşiyi olan Şuşa şəhərində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə 2021-ci və 2022-ci illərdə keçirilən "Xarıbülbül" və "Muğam" Musiqi festivallarında bütün dünya bir daha dövlətimizin gücünün, xalqımızın müdrikliyinin, Prezidentin əzminin, yenilməz iradəsinin və bütün bunların nəticəsində isə Azərbaycanın, sözün əsl mənasında, ən böyük bəladan qurtulduğunun şahidi oldu.
Prezident və Birinci vitse-prezident mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələrə şəxsən nəzarət edir, müxtəlif yeni obyektlərin təməlini qoyur, hazır olan infrastruktur obyektlərinin açılışını edir. Bəli, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş torpaqların sürətli bərpası istiqamətində böyük işlər görülür. İnsanların tezliklə öz yurd-yuvalarına qayıtması üçün infrastruktur layihələrinin həyata keçirilməsi, işğal altında olmuş ərazilərimizdə həyatın yenidən canlanması üçün mühüm tədbirlər həyata keçirilir. Cari ilin iyul ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə dövlət başçısı öz çıxışında demişdir: "Biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Buna nə qədər vəsait lazımdır. Hamısını öz hesabımıza edirik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik".
Prezident işğaldan azad olunmuş rayonlara hər səfəri zamanı öz çıxışlarında iş adamlarına müraciət edərək onları bu ərazilərə sərmayə qoymağa çağırırdı. Son çıxışlarının birində isə qeyd etmişdir ki, "mən çox şadam ki, Azərbaycan sahibkarları böyük həvəslə, ürəklə bu işlərə qoşulurlar". 
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası  Prezidentin bu çağırışını dəstəkləyir və bildirir ki, iqtisadi siyasətimizin istiqamətlərini nəzərə alaraq azad edilmiş ərazilərdə sahibkarlığın inkişafı Böyük qayıdışın daha tez bir vaxtda həyata keçirilməsinə böyük töhfə verəcəkdir. Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan Sahibkarlar Konfederasiyası bu istiqamətdə silsilə və ardıcıl tədbirlər həyata keçirir. Bu, istər qanunvericilik aktlarının təkmilləşdirilməsi, istər sahibkarlıq subyektlərinin problemlərinin öyrənilib əlaqədar təşkilatlar tərəfindən onların həllinə nail olunması, istərsə də sahibkarların maarifləndirilməsi işinin daha da dərinləşdirilməsi ilə bağlıdır. Bu gün hər bir sahibkar anlayır ki, Azərbaycanın tərəqqisi və gələcək inkişafı üçün həyata keçirilən genişmiqyaslı tədbirlərdə iştirak etməlidir. Müharibə dövründə ölkə başçısının ətrafında sıx birləşərək "dəmir yumruğ"un bir parçası olmağı bacarmış Azərbaycan sahibkarları Qarabağın yenidən firavanlığına qovuşması, işğaldan azad olunmuş torpaqların dirçəlməsi naminə də səylərini gücləndirməlidir.
Son illər ölkədə qadın sahibkarların da sayı əhəmiyyətli dərəcədə artmışdır. Bu işdə Birinci vitse-prezident kimi Mehriban xanımın rolu danılmazdır. Belə ki, ölkədə qadınların əmək bazarında kişilərlə bərabərhüquqlu iştirakına imkan yaradılması onların idarəetmə, biznes və hakimiyyət strukturlarında daha geniş təmsil olunması ilə nəticələnir. Ümumiyyətlə, Mehriban xanım tərəfindən görülən bütün işlər, atılan addımlar yalnız bir məqsədə - Prezident İlham Əliyevin inkişaf strategiyasının uğurla reallaşmasına, Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsinə xidmət edir.
Bütün Azərbaycan xalqı kimi biz sahibkarların da ölkənin birinci xanımına hörməti danılmazdır. Bu hörməti Mehriban xanım Əliyeva hər bir azərbaycanlının istək və maraqlarına yaxın olması ilə qazanmışdır. Xeyirxahlıq onun amalında, şəfqət mənəviyyatında, dövlətçiliyə sədaqət əqidəsindədir. Praqmatiklik, kreativlik, siyasi çeviklik, yüksək erudisiya, alicənablıq, humanizm kimi ali şəxsi keyfiyyətlərə malik olan, milli köklərimizə, bəşəri ideyalara daim sadiq qalan Mehriban xanım Əliyeva vətənimizin və xalqımızın taleyində bundan sonra da müstəsna rol oynayacaq, ölkəmizin inkişafına yeni-yeni töhfələr verəcəkdir. Onun dövlətçiliyimizə və xalqımıza xidmət etmək arzusu bizdə olan bu inamı daha da gücləndirir. 
"Tanrı Azərbaycanı qorusun" söyləyən Xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətinin uğurla davam etdirilməsində, Prezident İlham Əliyevin "Güclü Azərbaycan" modelinin gerçəkləşdirilməsində müstəsna rolu və mövqeyi olan, modern Azərbaycan qadınının obrazını ölkəmizdə və beynəlxalq aləmdə canlandıran ictimai-siyasi xadimdir. 

Məmməd MUSAYEV,
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının prezidenti




Redaktorun seçimi

Orkestrdə “yad not”
  • Daxili siyasət
  • 12:40 07.09.2024
Orkestrdə “yad not”
Söz demək haqqını itirənlərin heyrəti
  • Daxili siyasət
  • 10:05 06.09.2024
Söz demək haqqını itirənlərin heyrəti

Birinci vitse-prezident