- Daxili siyasət
- 11:41 14.09.2024
Olur ki, çox böyük şəxsiyyət, sərkərdə-xaqan, sənət-söz adamı olursan, çoxsaylı ardıcılların, yetirmələrin olur. Amma cisminin və ruhunun eyni səviyyədə davamçısı – Varisin olmur. Bütün həyatını vətəninin azadlığına, inkişafına, bəşəri dəyərələrə intiqrasiyasına həsr edən Ümummilli Lider Heydər Əliyev taleyinin bu üzündə də xoşbəxt idi.
Ulu öndər Heydər Əliyevi əbədiyaşarı edən təkcə onun Varisinin – Respublika Prezidenti cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, Azərbaycanın inkişafı naminə yeritdiyi mükəmməl daxili və xarici siyasət, azərbaycançılıq məfkurəsinə söykənən siyasi kursu deyil. Ömrünə ömür qatan iki müqəddəs varlıq da var: Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili, Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyeva.
Türkan xatun səlcuqlu Məlik şahın, Mömünə xatun Atabəy Məhəmmədin, Əleykə-Könüldaş Qaraqoyunlu Yusif bəyin, Səlcuqşahbəyim Ağqoyunlu Həsən bəyin, Bəyim xanım Cavad xanın, Tutu Bikə Fətəli xanın, Zərifə xanım Heydər Əliyevin sarayını zinətləndirdiyi kimi, Mehriban xanım da cənab İlham Əliyevin sarayını nura qərq edir.
Hər kəs doğulduğu torpağın, mənsub olduğu xalqın, soyun bir parçasıdı. Azərbaycanın Birinci xanımı da məğrurluğu, müdrikliyi, nəcibliklə dolu qəlbi, insansevərliyi, gözəlliyi ilə Odlar Yurdu Azərbaycanı, onun qüdrətli xatunlarını xatırladır. Taleyinə Ümummilli Lider Heydər Əliyevin milli dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin öyrənilməsi, tədqiqi və təbliği kimi müqəddəs vəzifələr yazılan Mehriban xanım Əliyevaya Tanrı üç müqəddəs soyun işığından pay verib. O, iki böyük müəllim və alimin, yazıçı Mir Cəlal Paşayevin və jurnalist Nəsir İmanquliyevin ocağında dünyaya gəlib. Atası AMEA-nın həqiqi üzvü Arif Paşayev, fizika, texnika və kosmonavtika sahəsində qüdrətli alim, Azərbaycanda ilk Milli Aviasiya Akademiyasının qurucusudu. AMEA-nın Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru olmuş anası görkəmli alim, pedaqoq və ictimai xadim Aida xanım İmanquliyeva ərəb-məhcər ədəbiyyatının dünyada ilk qadın tədqiqatçısıdı.
Mehriban xanım Əliyeva bütün ömrünü Milli dövlətçilik tariximizin yenidən yazılmasına həsr edən, müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin və oftolmoloq alim, akademik Zərifə xanım Əliyevanın gəlinidi. Həyat yoldaşı dünyanın tanınmış dövlət xadimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdi. Üç övladı, üç nəvəsi var.
Bütün bunlar onun alın yazısı olsa da, həyat yolunu, fəaliyyət dairəsini o, özü müəyyənləşdirib. İctimai-siyasi fəaliyyətinə, Birinci xanım kimi xidmətlərinə, qloballaşan dünyaya, ümumbəşəri dəyərlərə töhfələrinə görə o, Azərbaycanın və dünyanın bir sıra mükafatlarına layiq görülüb. UNESKO və İSESKO-nun xoşməramlı səfirinin ən böyük mükafatı isə şübhəsiz ki, millət vəkili və ictimai xadim kimi qazandığı xalq məhəbbəti, yarandığı gündən şah əsərinə çevrilən Heydər Əliyev Fondudur.
Sivilizasiyaları dialoqa, bəşəriyyəti birliyə, dostluğa çağıran, Şərqlə Qərbi İpək Yoluna səsləyən Mehriban xanım Əliyeva 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, 1996-cı ildə Azərbaycan, ingilis və rus dillərində işıq üzü görən “Azərbaycan-İrs” jurnalının təməlini qoyub. 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti, 2004-cü ildə Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin və Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, 2013-cü ildə isə partiya sədrinin müavini seçilib. Mehriban xanım Əliyeva ona olunan hər bir etimada böyük hörmət və məsuliyyətlə yanaşdığından qısa zaman kəsiyində fəaliyyətinin bütün istiqamətlərində çox böyük uğurlar və nailiyyətlər əldə edib.
2004-cü ildə Şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsinə görə UNESKO-nun, çoxşaxəli, genişmiqyaslı fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, təhsilə və islam dəyərlərinə verdiyi töhfələrə görə isə 2006-cı ildə İSESKO-nun Xoşməramlı Səfiri adına layiq görülüb. Mehriban xanım Əliyeva 2005 və 2010-cu ildə iki dəfə dalbadal 14 saylı Əzizbəyov seçki dairəsindən Milli Məclisə deputat seçilib. 2005-ci ildə müdafiə etdiyi “Eftanaziya və təbabətdə humanizm problemi”nə həsr olunan namizədlik dissertasiyası ilə elmi humanizmin əsasını qoyub. Azərbaycanın Birinci xanımının dövlət və xalq qarşısında ən böyük xidməti 2004-cü ildə təsis etdiyi Heydər Əliyev Fondu ilə bağlıdı. Onun rəhbərlik etdiyi Fond dünya şöhrətli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və onun yaratdığı milli dövlətçilik ideyalarının yeni nəsillərə çatdırılması və inkişaf etdirilməsi istiqamətində misilsiz işlər görür. Mehriban xanım Əliyeva eyni zamanda Azərbaycan-Amerika, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri, “Muğam” jurnalının təsisçisidi.
Bu gün Azərbaycanın Birinci xanımı vətənində olduğu kimi, Şərqdə və Qərbdə, inkişaf etmiş Avropa ölkələrində, ABŞ-da belə tanınır və sevilir, müxtəlif ölkələrin ayrı-ayrı mətbuat orqanlarında beynəlxalq aləmdə humanist fəaliyyətinə görə dünyanın məşhur xeyriyyəçiləri ilə müqayisə edilir. Azərbaycanın Birinci xanımı “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” layihələri, “Uşaq evləri və İnternat məktəblərinin inkişafı proqramı”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı” ilə yüzlərlə orta məktəb və uşaq bağçasının binasının təməlinin qoyulmasına, bərpasına nail olub.
Uşaq evləri və internat məktəbləri Birinci xanımın qayğısı, mərhəmət hissi ilə yeniləşən Azərbaycanın bir parçasına çevrilib. Bir vaxtlar İbrahimxəlil xanın nəvəsi, Qarabağın sonuncu xanı Mehdiqulu xanın qızı Xurşudbanu Natəvan Qarabağın Üzeyir bəy kimi istedadlı gənclərini Qurani-Kərimin altından keçirərək Qori Müəllimlər Seminariyasına oxumağa göndərirdi. Müdrik və uzaqgörən Xan qızı sərmayəsini səxavətlə maarifə və elmə sərf edirdi. Sonralar bu müqəddəs ənənə Azərbaycanın iki qüdrətli maarifpərvərinin - XX əsrin əvvəllərində neft milyonçusu Hacı Zeynalabdin Tağıyevin və XX əsrin 70-ci illərində isə Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Heydər Əliyevin ömür yoluna döndü.
Müqəddəs əməlləri amalına çevirən, millətin nicatını elmdə, təhsildə görən, ənənələrə novatorcasına yanaşan Heydər Əliyev Fondunun Prezidenti vətəndə həyata keçirdiyi genişmiqyaslı layihələrlə kifayətlənmir. Onun “Təhsilə dəstək” layihəsi sərhədləri aşır, dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımız unudulmur. Eyni siyasət Gürcüstanda, Moskvada, MDB və Avropa dövlətlərində də həyata keçirilir. Dağlıq Qarabağ münaqişəsinin dəhşətlərini yaşayan, bir milyondan çox həmvətəninin, qaçqın və məcburi köçkünün haqq səsinə dönən Mehriban xanım müharibənin və təbii fəlakətin acılarını yaşayan Pakistanda Qız Məktəbinin, müalicə mərkəzlərinin təməlini qoyur. Hindistanlı gənclərin hamisinə çevrilir.
Səlcuqlu Məlik şahın zamanında qurulan, qüdrətli filosof-alimlər, təbiblər yetirən, elm-irfan və ziya mənbəyi olan Nizamiyyə Universiteti onun ömür-gün yoldaşı Türkan xatunun şah əsəri hesab edilir. Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın təməlini qoyduğu və rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondu və Heydər Əliyev Fondu əslində ayrı-ayrılıqda bir Nizamiyyə Universiteti, milli-mənəvi dəyərlərin qorunub himayə olunduğu, tədqiq və təbliğ edildiyi möhtəşəm bir mərkəzdi. Bu mərkəz həm də Azərbaycanşünaslığa elmi əsaslarla töhfələr verən bir Məbəddi.
Heydər Əliyev Fondunun xətti ilə sənəti və mədəniyyəti himayə edən Mehriban xanım Əliyeva müasir Azərbaycandan əski çağlara cığır açdı. UNESKO-nun xətti ilə Azərbaycanın tarixi abidələri, muğamlar, saz, tar dünyanın maddi-mədəni inciləri sırasına yazıldı. Mehriban xanım Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və UNESKO-nun baş katibi Koişiro Matsuuranın xeyir-duası ilə Dənizkənarı Milli Parkda Muğam Mərkəzinin təməlini qoydu. Muğamın inkişafı və təbliği istiqamətində atılan bu möhtəşəm addım “Azərbaycan muğamları” layihəsi ilə müşayiət olundu. Layihə çərçivəsində işıq üzü görən “Qarabağ xanəndələri” albomu ölməz muğam ifaçılarını yenidən dünyaya təqdim etdi.
Son beş ildə Mehriban xanım Əliyevanın həyata keçirdiyi iki möhtəşəm layihə isə rəhbərlik etdiyi fondu əsl sənət, mədəniyyət himayədarına çevirib. Onun dəstəyi ilə təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalına dəvət alan dünya musiqiçiləri klassik musiqi ilə milli musiqinin sintezində əvəzsiz sənət əsərləri yaradan, dünyanın Baxı, Bethoveni, Şopeni, Qlinkası ilə eyni sırada dayanmağı haqq edən Üzeyir bəyi, Fikrət Əmirovu, Qara Qarayevi, Cövdət Hacıyevi, Cahangir Cahangirovu, Tofiq Quliyevi, Firəngiz Əlizadəni etiraf edir. Qəbələ dünyanın ən qədim yaşayış məskəni kimi milli dövlətçilik tariximizin qatlarından birinə çevrilir. UNESKO-nun baş katibi İrina Mayerin bu qədim torpağı ziyarəti, Azərbaycanı “mənəvi zənginliklər ölkəsi” adlandırması isə artıq Birinci xanımın bu istiqamətdəki fəaliyyətinin zirvə nöqtəsidi. UNESKO-dakı fəaliyyəti, yüksək statusu Avropa qiyafəsi ilə bir şərqlinin təfəkkürünü, ağlını, iradəsini sübut edən Mehriban xanım “Avrovizia” mahnı müsabiqəsində gənc istedadlara verdiyi dəstəklə müasir musiqinin də bir Şərq ölkəsi üçün əlçatmaz olmadığını təsdiq etdi.
Azərbaycanın Ümummilli Lideri hakimiyyətinin hər iki mərhələsində Azərbaycan qadınına ehtiramını nümayiş etdirərək söyləyirdi: “Azərbaycan qadını öz istedadı və qabiliyyəti ilə daima xaqımıza, millətimizə başucalığı gətiribdir”. Məhz onun, o müdrik dövlət xadiminin siyasəti ilə qadınlar elmi, ictimai, siyasi mühitdə önə çəkilərək, cəmiyyətin aparıcı simasına çevrildi. Bu gün Azərbaycan qadınının haqq səsinə dönən Mehriban xanım dünyaya sülhün, barışın, qardaşlığın gözü ilə baxır. Qloballaşan dünyanı tolerantlığa, dünyəvi dəyərlərə, insan haqlarına çağırmaqla, Azərbaycan qadınının mənəvi aləminə ayna olur, onu dünyaya tanıdır. Rəhbərlik etdiyi fondun xətti ilə ailə, qadın və uşaq problemləri ilə bağlı silsilə tədbirlər, layihələr, konfrans və simpoziumlar keçirən Mehriban xanım “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda təşkil etdiyi Beynəlxalq Bakı Formu ilə Azərbaycan qadınlarının ictimai-siyasi fəallığını daha da artırdı.
Şərqin, türk dünyasının və Azərbaycanın ən qüdrətli şəxsiyyətləri, sərkərdə-xaqanları pirlərə, övliyalara, Tanrı evlərinə, ülamalara ehtiram göstərib. Saraylarında fikir və düşüncə sahiblərini himayə etdikləri kimi, onların şərəfinə türbələr, məqbərələr ucaldıb. Bu gün Azərbaycanın ayrı-ayrı bölgələrində bir çox abidələrin, dini məbədlərin bərpa olunması da məhz Heydər Əliyev Fondunun adı ilə bağlıdı. Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi hökmdarlarının, Osmanlı sultanlarının, Şirvan şahlarının dinlərin dialoquna göstərdiyi ehtiram hissi Mehriban xanım Əliyevanın əməli fəaliyyətində illər, əsrlər sonra yenidən gerçəyə çevrilir.
1918-ci ildə Şərqin ilk Demokratik Cümhuriyyəti qurulanda onun müstəqilliyinin tanınması üçün Əlimərdan bəy Topçubaşov və onun rəhbərlik etdiyi nümayəndə heyəti çətinliklərlə üzləşdi. Erməni daşnaklarının, Çar Rusiyasının, Azərbaycanı azad görmək istəməyən bəzi Avropa dövlətlərinin təzyiqinə baxmayaraq, 1919-cu ildə Fransanın Versal sarayında Azərbaycanın müstəqilliyi etiraf olundu. Cümhuriyyətin iflasa uğramasına baxmayaraq Versal sarayı və Əlimərdan bəy Topçubaşov Milli dövlətçilik tariximizə yazıldı. Yüz ilə yaxın bir zaman kəsiyi ötəndən sonra Versal Sarayının önündəki üç abidənin bərpasını məhz Heydər Əliyev Fondu öz üzərinə götürdü.
Prezident İlham Əliyevin tapşırığı ilə Əlimərdan bəy Topçubaşovun Fransadakı məzarı üzərində abidəsi ucaldı. Mərasimdə Azərbaycanın Birinci xanımı da iştirak etdi. Gürcüstanda – Nəbatat bağında uyuyan Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə, Həsən bəy Ağayev kimi maarifpərvərlərin məzarları bərpa edildi, qəbirüstü abidələri yaradıldı. Cəlil Məmmədquluzadə, Nəriman Nərimanovun Tiflisdəki ev muzeyləri təmir edildi. Heydər Əliyev Fondunun Gürcüstan nümayəndəliyi fəaliyyətə başladı. Eyni siyasət Rusiyada da həyata keçirildi. Moskvada təməli qoyulan nümayəndəliyə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərlik etməsi isə Heydər Əliyevin cəsarət və ləyaqət dolu ideyalarının sərhədlərini daha da genişləndirdi.
Heydər Əliyev ənənələrini amalına, ictimai-siyasi fəaliyyətinin prioritetlərinə çevirən Mehriban xanımın təşəbbüsü ilə Milli Məclisin qəbul etdiyi Amnistiya Aktı minlərlə məhkumun üzünə zindanların qapısını açdı.
Zamanı gələndə silahları kitabların, hərbçiləri alimlərin əvəz edəcəyinə inanan Mehriban xanım xalqın mənəvi zənginliyini onun tarixi keçmişi, milli-mənəvi dəyərəri ilə bağladığındandır ki, sənətin, mədəniyyətin himayədarına çevrilir. 2006-cı ildə Azərbaycan-ABŞ parlamentlərarası dostluq qrupunun rəhbəri kimi Amerikaya səfəri zamanı Vaşinqton Tekstil Muzeyində Azərbaycanın maddi-mədəniyyət incilərindən olan, lakin İran xalçası kimi təqdim edilən Şeyx Səfi xalısının yaranma tarixindən, onun Azərbaycan xalqı və dövlətçilik tarixi ilə bağlı məqamlarından muzey əməkdaşına məlumat verən Mehriban xanım həqiqət carçısı, mənəviyyat elçisi kimi yaddaşlara yazıldı. Səfərdən dərhal sonra Mehriban xanımın dəstəyi ilə Xəzərin sahilində, Muğam Mərkəzi ilə üzbəüz Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin təməli qoyuldu.
XV yüz ilin Şərqində yeganə diplomat qadın kimi tanınan, Sara xatun Avropa kralları tərəfindən uzaqgörən siyasətçi, müdrik və məğrur dövlət xadimi kimi qəbul olunurdu. Sara xatunu qəbul edən krallar, hökmdarlar iki və çoxtərəfli dialoqlardan və danışıqlardan sonra ona Ana, qüdrətli Qadın, peşəkar Siyasətçi, nüfuzlu Diplomat kimi hörmət göstərərdilər.
Bütün xarici səfərlərində, keçirdiyi görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Ermənistanın Qarabağı yerlə-yeksan etməsindən, maddi-mədəniyyət incilərinin qəddarcasına dağıdılmasından, Ermənistan silahlı qüvvələrinin təcavüzündən danışan Azərbaycanın Birinci xanımı Xoşməramlı Səfir kimi bəşəriyyəti dialoqa və qarşılıqlı anlaşmaya çağırır!
Üç il öncə müstəqillik tariximizin 20 illiyi qeyd olunurdu. Prezident İlham Əliyevin sərəncamı ilə başlanan yubiley tədbirləri məhz Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanı çevrələdi. Azərbaycan-İtalya, Azərbaycan-Vatikan, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Fransa, Azərbaycan-Ruminiya, Azərbaycan-Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr olunan “Azərbaycan: mədəniyyət rüzgarı”, “Azərbaycanın zəngin incilərinə tarixi baxış”, “Qafqazın mirvarisi olan Azərbaycanın mənəvi dəyərləri”, “Azərbaycanın – Uğurlu inkişaf modeli” adlı təntənəli mərasimlərdə milli-mənəvi dəyərlərimiz nümayiş olundu. Fondun Prezidenti Roma katakombalarının, Parisin Notırdam kilsəsinin zənginin bərpası üçün xüsusi yardımlar ayırdı. Tarixdə ilk müsəlman ölkəsi olaraq mədəni dəyərlərini Vatikanda sərgiləmək haqqı da Azərbaycana məhz bu tədbirlər çərçivəsində nəsib oldu. MDB, Avropa, Amerika və Şərq dövlətlərini əhatə edən bu tədbirlərə Mehriban xanım bilavasitə rəhbərlik edir, unudulmaz tarixi çıxışları ilə onları zinətləndirirdi. Onu qəbul edən, görüşünə gələn, Roma Papası, kardinallar, krallar, şahzadələr, dövlət və hökumət başçıları eynən Sara xatunun zamanında, 500 il öncə olduğu kimi hörmətli Mehriban xanımın simasında, ağlının, iradəsinin hökmündə zəngin tarixi keçmışə və mədəniyyətə malik Azərbaycan xalqını, dövlətini etiraf edirdilər.
Ölkə başçısı cənab İlham Əliyevin imzaladığı hər bir fərman və sərəncamın icrasına öz töhfələrini verən Heydər Əliyev Fondunun UNESKO-nun və İSESKO-nun xətti ilə Yusif Məmmədəliyev, Səttar Bəhlulzadə, Musa Əliyev, Mir Cəlal Paşayev, Şərqin, türk dünyasının, Azərbaycanın böyük filosofu Seyid Yəhya Bakuvi, Nizami Gəncəvi, Məhsəti Gəncəvi kimi mütəfəkkir alimlərin, sənət, söz adamlarının yubileylərinin dünyanın müxtəlif guşələrində keçirilməsi çoxşaxəli fəaliyyəti ilə nüfuzlu fondlara nümunə olan bir Qeyri Hökumət Təşkilatının ən böyük nailiyyətidir.
Bütün varlığı ilə Azərbaycanın, Şərqin və türk dünyasının bir parçası olan Mehriban xanım bəşəri ideallara sədaqət hissi ilə dünya insanı, dünya vətəndaşıdı! Dinlərə və sivilizasiyalararası dialoqa töhfələri, fikir və düşüncə azadlığına, insan şəxsiyyətinə, milli-mənəvi dəyərlərə ehtiramı ilə o, həm də yeni minillikdə əski dəyərlərin hamisi, klassika ilə müasirliyin körpüsüdü! Sivilizasiyalararası dialoqda gənclərin, elmin və elm adamlarının, sənətin, mədəniyyətin rolunu dəyərləndirən Heydər Əliyev Fondunun Prezidenti Şərqlə Qərbin qovuşduğu Azərbaycanda beynəlxalq konfranslar, form, sammit, simpozium və festivallar təşkil edir.
Sivilizasiyaların, mədəniyyətlərin, dinlərin, mənəvi dəyərlərin dialoquna bu gün daha çox ehtiyac duyan dünya sanki yenidən xeyirlə şərin, yaxşı ilə pisin, işıqla qaranlığın mücadiləsindədir. Soyuq və isti müharibənin yer üzünü cənginə aldığı bir ərəfədə, qloballaşan dünyada indi təkcə silahlar döyüşmür. Mədəniyyətlər, sivilizasiyalar üz-üzə gəlir. Bu vəziyyətdə olan dünyamızı isə ancaq düşünən beyinlər, ədalətə tapınan ictimai-siyasi xadimlər, silahların dil açdığı masalarda kitabların, sənətin və sənətkarların dili ilə düşünüb danışmaq istedadı olan Liderlər xilas edə bilər.
Ümummilli Liderimiz dünyasını dəyişəndə milli dövlətçilik tariximizdə növbəti xaosun yaranacağını düşünənlər az deyildi. Bəlkə də daha çox idi. Amma dünyanın ən böyük Azərbaycanlısı özündən sonra Varislər qoymuşdu. Siyasətdə, dövlət idarəçilik sistemində cənab İlham Əliyev, mənəvi irsinin qorunması, təbliği istiqamətində xanım Mehriban Əliyeva. 2004-cü ildə Heydər Əliyevin dövlətçilik fəlsəfəsinə, azərbaycançılıq məfkurəsinə söykənən, onun irsinin tədqiqi, təbliği məsələlərini prioritetinə çevirən Heydər Əliyev Fondu quruldu. Yarandığı gündən elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya məsələlərini həll edən, iqtisadiyyatın dirçəlməsinə, inkişafına həsr olunan genişmiqyaslı layihələri, dilimizin, milli-mənəvi dəyərlərimizin beynəlxalq aləmdə tanıdılması, eləcə də bəşəri dəyərlərin Azərbaycanda təbliğ olunmasına xidmət göstərən Heydər Əliyev Fondu sözün həqiqi mənasında tarixlə müasirlik, Şərqlə Qərb, Odlar Yurdu ilə dünya arasında körpüyə çevrilərək Heydər Əliyev şəxsiyyətinin əbədiyaşarlığını öz təqdimatında, fəaliyyətində, prioritetlərində sübut etdi. Ötən on il ərzində gerçəkləşən genişmiqyaslı layihələr, Azərbaycan, Heydər Əliyev adı ilə qoşa çəkilən Heydər Əliyev Fondunu və onun rəhbərini dünyanın bütün qütbündə dostluğun, qardaşlığın, birliyin, bütövlüyün, barışın, xeyirxahlığın, işığın, dialoqun və tolerantlığın nümunəsinə çevirib. Mübaliğəsiz deyə bilərik ki, dünyanın hər bir guşəsində Azərbaycanın Birinci xanımını dalətin, sülhün, sabitliyin, əmin-amanlığın carçısı kimi sevir, səbirsizliklə, ehtiram hissi ilə gözləyir, odun, atəşin, işığın, məhəbbətin, gözəlliyin nümunəsi kimi qəbul edir, dünyanı doğrudan da Gözəllik, Məhəbbət və Mərhəmət xilas edəcək deyirlər!
Dünyada qüdrətli şəxsiyyətlərin adına bağlı fondlar çoxdur. Onların vasitəsilə xeyriyyə aksiyaları keçirilir, sənət, mədəniyyət himayə olunur. Osmanlı sultanlarının qurduğu vəkflər, Nobel fondu, Terza Ana fondu, İhsan Doğramacı fondu məşhur fondlardandır. Və bunların hər biri uzun illərdən sonrakı fəaliyyətləri ilə cahanda sülhə, sabitliyə, əmin-amanlığa, xeyriyyəçilik məqsədləri ilə təşkil olunan tədbirlərə töhfələr veriblər.
Görkəmli siyasi xadim Heydər Əliyevin Azərbaycanın sosial-iqtisadi, mədəni inkişafını, sivilizasiyalı cəmiyyətə inteqrasiyası, xalqımızın min illər boyu yaratdığı, yaşatdığı dəyərlərin qorunması, maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək vermək kimi müqəddəs missiyanı öz üzərinə götürən Heydər Əliyev Fondu tarix üçün o qədər də, böyük olmayan 19 ildə sübut etdi ki, qısa vaxt, zaman kəsiyində də milli və bəşəri dəyərlərə, özü də kiçik bir kollektivlə xidmət etmək, töhfələr vermək, tarixi Zəfərə imza atan Azərbaycan xalqı və Azərbaycanın Müzəffər Ali Baş Komandanı ilə birlikdə 30 illik işğal dövründə erməni vandalizmi üzündən ruhların şəhərinə çevrilən Qarabağda, Şərqi Zəngəzurda genişmiqyaslı layihələri gerçəkləşdirmək, Böyük Qayıdışın Qurtuluş və Quruculuq sevincini yaşamaq mümkündür.
Səmimiyyət və məsuliyyət hissi ilə qeyd edə bilərik ki, Şərqdə, türk dünyasında Azərbaycanda olduğu kimi MDB məkanında Avropada və Amerikada da tanınmış siyasətçi, qüdrətli dövlət xadimi kimi tanınan Heydər Əliyev irsinə sədaqət hissi ilə yanaşan, ona enməklə onunla ucalmağın əzəmətini yaşayan Heydər Əliyev Fondu dünyada həm də Heydər Əliyev Mərkəzi ilə birlikdə gerçəkləşdirdiyi layihələrlə böyük nüfuz, tükənməz məhəbbət qazanıb.
Mərkəz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, irsinin tədqiqi və təbliği sahəsində gerçəkləşdirdiyi genişmiqyaslı layihələrlə dünyaya səs salıb.
Şərəf Cəlilli