USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizində önəmli qovşaqdır


https://img.baki-baku.az/news/2023/12/photo_9981.jpg

Beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi məkanda yerləşən Azərbaycan tranzit yükdaşımaların həyata keçirilməsində mühüm rol oynayır. Bu da ölkəmizin mühüm nəqliyyat habına çevrilməsi ilə yanaşı, tranzit sahəsində əməkdaşlıq üçün geniş imkanlar yaradır. Son illər Cənub-Şərqi Asiya ölkələri ilə Rusiya və Avropanı nəqliyyat baxımından birləşdirən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin funksionallığının artması müşahidə olunur. Bu baxımdan Azərbaycanın qonşu İranla tranzit sahəsində əməkdaşlığı da sözügedən dəhlizin fəaliyyətinin canlandırılmasına mühüm töhfələr verir.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yükdaşımaların həcmi 10 milyon tonu keçib. Hazırda bu istiqamətdə yükdaşımaları artırmaq məqsədilə bir sıra işlər həyata keçirilir”. Bu sözləri İranın nəqliyyat nazirinin müavini Şəhriyar Əfəndizadə deyib. Tehranda jurnalistlərin suallarını cavablandıran Ş.Əfəndizadə bildirib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmenti olan Qəzvin-Rəşt-Astara(İran)–Astara(Azərbaycan) dəmir yolunun Rəşt-Astara hissəsi başa çatdıqdan sonra tranzit yükdaşımaların həcmi 15 milyon tona çatacaq.

2022-ci ilin sentyabr ayında Bakıda Azərbaycan, İran və Rusiyanın rəsmi şəxsləri arasında keçirilən görüşdə bu məsələnin müzakirə olunduğunu xatırladan nazir müavini qeyd edib ki, həmin tədbir zamanı tranzit yükdaşımaların həcminin artırılması üçün qarşılıqlı əməkdaşlığın genişləndirilməsi qərara alınıb. Onun sözlərinə görə, Rəşt-Astara dəmir yolunun tikintisinin başa çatdırılması ilə yüklərin tez, asan və keyfiyyətli daşınması təmin olunacaq. Bu da daşımaların həcminin artmasına səbəb olacaq.

Xatırladaq ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Rəşt-Astara yolu Qəzvin-Rəşt-Astara (İran)–Astara (Azərbaycan) dəmir yolunun davamıdır. Asiya ilə Avropanı nəqliyyat baxımından birləşdirəcək bu dəhlizin formalaşması nəticəsində İran, Azərbaycan və Rusiyanın tranzit yükdaşıma imkanları artacaq. Artıq Qəzvin-Rəşt-Astara (İran)–Astara (Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsi istismara verilib. Yolun Rəşt-Astara hissəsinin çəkilişi isə sürətlə davam etdirilir. Tikinti işləri başa çatdıqdan sonra İran və Azərbaycan üzərindən tranzit yükdaşımaların həcmində yüksək artım müşahidə ediləcək.

 Gələcəkdə Cənub Şərqi Asiya ölkələrindən daşınan yüklər Hindistanın Mumbai limanına, buradan da İranın Çabahar və Bəndər-Abbas limanlarına daxil olacaq. Bu limanlardan isə yüklər qatarla Qəzvin-Rəşt-Astara (İran)–Astara (Azərbaycan) dəmir yolu ilə ölkəmizin ərazisindən keçərək Rusiya və Avropaya daşınacaq. Məlum olduğu kimi, İran və Azərbaycan bu layihədə tranzit ölkələr kimi çıxış edirlər. Yeri gəlmişkən, İranın Nəqliyyat İnfrastrukturunun Tikintisi və İnkişafı Dövlət Şirkətinin icraçı direktoru Xeyrulla Xademi ötən ay verdiyi açıqlamada bildirmişdi ki, Rəşt-Astara dəmir yolunun tikintisinin davam etdirilməsi istiqamətində Rusiya ilə aparılan danışıqlarda texniki məsələlərin 70 faizi razılaşdırılıb. Onun sözlərinə görə, yolun tikintisinin maliyyələşmə qrafiki, yükdaşıma imkanının artırılması, stansiyaların inşası, istismar qaydaları haqqında Rusiya ilə razılıq əldə olunaraq sənəd imzalanıb.

Bu arada, İranın Gömrük Xidməti məlumat yayıb ki, cari ilin martından ötən 8 ayda bu ölkədən tranzit yükdaşımaların həcmi ötən ilin müvafiq dövrünə nisbətən 20 faiz artıb. Məlumatda bildirilib ki, hesabat dövrü ərzində İranın sərhədlərindən 10,92 milyon ton tranzit yük daşınıb. Yüklərin 14,5 faizi Astara (İran) – Astara (Azərbaycan) gömrük-keçid məntəqəsindən keçərək mənzil başına çatdırılıb.

Qeyd edək ki, “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin təməli 2000-ci il sentyabrın 12-də Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası saziş əsasında qoyulub. Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Ötən müddətdə 13 ölkə sözügedən sənədi ratifikasiya edib. Yeri gəlmişkən, hazırda mövcud marşrutla Hindistandan Rusiyaya yüklərin çatdırılması üçün 6 həftədən artıq vaxt tələb olunur. Beynəlxalq nəqliyyat dəhlizinin tam fəaliyyətə başlamsı isə bu müddətin iki dəfə azalmasına səbəb olacaq.

 “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin formalaşmasında tranzit ölkə kimi mühüm rol oynayan Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. Avrasiya materikinin şimal və cənub hissələri arasında mühüm nəqliyyat-logistika rolunu oynayan dəhlizin Azərbaycan ərazisindən keçən hissəsində ötən müddətdə böyük infrastruktur layihələri həyata keçirilib. Bu baxımdan Bakı Dəniz Ticarəti Limanı xüsusi əhəmiyyət daşıyır. Son illər limanın yükaşırma qabiliyyətinin artırılması ilə bağlı görülən işlər onun beynəlxalq statusunu xeyli gücləndirir. Bundan əlavə, Ələt-Astara avtomobil yolunun yenidən qurulması, İran Astarası ilə Azərbaycan Astarası arasında yeni dəmir yolu körpüsünün istifadəyə verilməsi ölkəmizin tranzit rolunun xeyli artmasına səbəb olub.

Bütövlükdə isə, Prezident İlham Əliyevin “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” 7 dekabr 2015-ci il tarixli Sərəncamına uyğun olaraq Astara (Azərbaycan)–Astara (İran) dəmir yolu xəttinin Astaraçay üzərindəki körpüyə qədər 8,3 kilometr yeni yol tikilib, Astaraçay üzərində dəmiryol körpüsü inşa olunub, buradan İran İslam Respublikası ərazisində yaradılmış yük terminalına qədər 1,4 kilometr yol çəkilib. Eyni zamanda, Astaraçay üzərində tikintisi başa çatdırılmış yeni avtomobil körpüsü də yaxın günlərdə hər iki dövlət rəsmilərinin iştirakı ilə istismara veriləcək. Bütün bunlarla yanaşı, hazırda “Azərbaycan Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İranın Astara şəhərində yük terminalının tikintisi sürətlə davam etdirilir.

Qeyd edək ki, hazırda İrana, əsasən, taxıl məhsulları və meşə materialları, əks istiqmətdən neft və neft məhsulları, mineral gübrələr, sement, kimyəvi məhsullar və s. daşınır.  Dəhlizin tam gücü ilə fəaliyyətə başlaması gələcəkdə Azərbaycanın da tranzit gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. Ekspertlərin fikrincə, ölkəmiz tranzit yüklərin daşınmasından ildə 2,5-3 milyard dollar  qazanacaq. Yeri gəlmişkən, İranın Prezident Administrasiyası rəhbərinin müavini Məhəmməd Cəmşidi İSNA informasiya agentliyinə verdiyi müsahibəsində qeyd edib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin gətirəcəyi gəlir neft satışından əldə olunan gəlirə bərabər olacaq. Onun sözlərinə görə, dəhlizin illik gəliri 20 milyard dollara çatacaq.

Mirbağır YAQUBZADƏ




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Mirbağır YAQUBZADƏ