USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qeyri-neft sektorunun iqtisadiyyatda çəkisi yüksəlib

Son 20 ildə sənayenin bu sahəsində istehsal  21,6 dəfə artıb


https://img.baki-baku.az/news/2023/12/photo_9965.jpg

Son illər məşğulluğun, qeyri-neft ixracının artırılması və digər strateji məsələlərdə özəl sektor həlledici rola malikdir. Azərbaycanda azad rəqabət mühitinin təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, vergi güzəştləri və subsidiyalar, real sektora maliyyə dəstəyi kimi tədbirlər həyata keçirilir. Bunun nəticəsi olaraq ötən dövr ərzində ölkədə biznes fəaliyyəti geniş miqyas alıb. Azərbaycanın iş adamları xarici ölkələrdə həyata keçirilən layihələrdə də fəal iştirak edir, müxtəlif sahələrə investisiya yatırır, etibarlı tərəfdaş kimi tanınırlar. Hazırda ölkədə sahibkarlıq fəaliyyəti ilə aktiv məşğul olanların sayı 683 mindən çoxdur.

Son 20 il ərzində Azərbaycanda istehsal olunan sənaye məhsullarının illik dəyəri 21,6 dəfə artaraq, 4 milyard manatdan 86,4 milyard manata çatıb. Sənaye məhsulunun ümumi həcmində özəl sektorun payı 2002-ci ildə 54,9 faiz  olduğu halda, 2022-ci ildə 87,6 faiz təşkil edib. 2002-2022-ci illərdə ölkənin qeyri-neft-qaz sənayesində istehsalın həcmi 1,6 milyard manatdan 17,7 milyard manata çatıb ki, bu da 4,3 dəfə real artımdan xəbər verir. Bu dövrdə  respublikada 4 min 95 sənaye müəssisəsi yaradılıb. 2002-ci ildə sənayedə istehsal həcmi 1,6 milyard dollar olduğu halda, keçən il bu rəqəm 10,4 milyard dollara çatıb.

Sahibkarlıq subyektlərinin dövlətin güzəştli kreditlərinə əlçatanlığını asanlaşdırmaq üçün tələb olunan sənədlərin sayı minimuma endirilib, sənədlərin notarial təsdiq olunması şərti ləğv edilib və 200 min manatadək kreditlər üzrə biznes plan tələbi aradan qaldırılıb. 2018-ci ildə isə güzəştli kreditlərin illik faiz dərəcəsi 5 faizə endirilib.

Sənaye zonalarında sahibkarlıq fəaliyyəti üçün zəruri infrastrukturun yaradılması, səmərəli işin təşkili üçün müxtəlif xidmətlərin göstərilməsi də özəl sektorun inkişafına göstərilən dövlət dəstəyi tədbirlərindəndir. İnnovativ sahibkarlığın inkişafında bilik iqtisadiyyatının, 4-cü Sənaye İnqilabının elementlərinin tətbiqi, qlobal dəyər zəncirinə inteqrasiya, klasterləşmə, sənayenin rəqəmsal transformasiyası, “ağıllı biznes” modellərinin yaradılması kimi məsələlər əsas hədəflərdəndir.

Lisenziyalar və icazələrin alınması sahibkarlıq fəaliyyəti üçün əsas şərtlərdəndir. Bu prosesi sadələşdirmək üçün İqtisadiyyat Nazirliyi tərəfindən, dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla, sahibkarlara lisenziyaların “ASAN xidmət” mərkəzləri və “KOB evləri” vasitəsilə verilməsi davam etdirilir. Həmçinin lisenziya və icazələr elektron qaydada “Lisenziyalar və icazələr” portalı vasitəsilə verilir.

Ölkədə yaradılan əlverişli biznes və investisiya mühiti də sənayenin inkişafında əhəmiyyətli rol oynayıb. Başqa sözlə, respublikamızın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, əlverişli coğrafi mövqeyə malik mühüm tranzit mərkəz olması davamlı investisiya qoyuluşunu şərtləndirməklə sənayedə məhsul istehsalına müsbət təsir göstərib. 2004-2021-ci illərdə Azərbaycana, ümumilikdə, 288,9 milyard dollar həcmində investisiya yatırılması da məhz həmin amillərlə bağlı olub. Bir faktı da xatırladaq ki, təkcə ötən il ərzində əsas kapitala yönəldilən vəsaitin məbləğinin 18,3 milyard manata yüksəlməsi, bu sahəyə   yatırılan investisiyaların 80,6 faizinin daxili mənbələr hesabına formalaşması da əlverişli biznes və investisiya mühitinin mövcudluğu nəticəsində reallaşıb.

Azərbaycanda investisiya cəlbediciliyinin güclənməsinə təsir göstərən əsas amillərdən biri də mövcud sahədə qanunverici-institusional tədbirlərin həyata keçirilməsidir. Bu baxımdan “İnvestisiya fəaliyyəti haqqında” Qanun böyük əhəmiyyətə malikdir. Bu qanun investisiyaların ölkə iqtisadiyyatına cəlbini stimullaşdırmaqla yanaşı, mülkiyyət formasından asılı olmayaraq bütün investorların hüquqlarının bərabər müdafiəsinə təminat verir. Bununla bərabər, “Xarici investisiyaların qorunması haqqında” Qanun da ölkədə sərmayədarların hüquq və mənafelərinin qorunması, yerli və xarici iş adamlarına bərabər əlverişli iş şəraitinin yaradılması ilə bağlı məsələləri tənzimləyir.

Azərbaycan hökuməti tərəfindən bir sıra xarici ölkələrlə ikiqat vergitutmanın aradan qaldırılması, habelə investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında ikitərəfli və çoxtərəfli sazişlər imzalanması da davamlı investisiya qoyuluşunu sürətləndirir. Bütün bunlarla yanaşı, ixrac rüsumlarının ləğv edilməsi, idxalda rüsumların 15 faizlik maksimal həddinin müəyyənləşdirilməsi də ölkədə investisiya mühitinin liberallaşdırılmasına, sərmayə qoyuluşunun genişlənməsinə böyük təsir göstərən amillərdən biridir. 

Bütün bunlarla yanaşı, Azərbaycan Prezident İlham Əliyevin  20 dekabr 2022-ci il tarixli fərmanı ilə əvvəlki illərin təcrübəsi nəzərə alınmaqla investisiya təşviqi mexanizmi təkmilləşdirilib. İnvestisiya təşviqi sənədi cari ilin  yanvar ayının 1-dən  3 il müddətində sənaye məhəllələri, aqroparklar, turizm və rekreasiya zonaları, həmçinin  müvafiq ərazilərdə həyata keçirilən layihələrə, eləcə də dövlət başçısı tərəfindən müəyyənləşdirilən istiqamətlər üzrə strateji təşəbbüslərin gerçəkləşdirilməsinə verilməsi nəzərdə tutulub.

İqtisadi Zonaların İnkişafı Agentliyindən aldığımız məlumata görə, respublikamızda 7 sənaye parkı (Sumqayıt Kimya, Mingəçevir, Balaxanı, Qaradağ, Pirallahı, Ağdam, “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları, 5 sənaye məhəlləsi (Hacıqabul, Masallı, Neftçala, Sabirabad, Şərur) fəaliyyət göstərir. İndiyədək sənaye zonalarına 6,6 milyard manat investisiya yatırılıb və 11 mindən çox daimi iş yeri yaradılıb. Növbəti mərhələdə sənaye zonalarına mövcud layihələr üzrə 780 milyon manata yaxın investisiya qoyuluşu,  6 min 400-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Yeri gəlmişkən, Qarabağ və Şərqi Zəngəzurda da sənaye park və məhəllələrinin yaradılması xüsusi diqqətdə saxlanılır. Belə müəssisələrdən biri hazırda Ağdamda yaradılır. Burada qurulan sənaye parkında hazırda 19 rezident, 6 qeyri-rezident fəaliyyət göstərir. İndiyədək 12 milyon manata yaxın investisiya qoyulan bu parkın ilk müəssisəsinin gələn il fəaliyyətə başlayacağı gözlənilir.

Mirbağır YAQUBZADƏ




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Mirbağır YAQUBZADƏ