- Daxili siyasət
- 09:43 19.09.2024
Son illər ərzində ölkəmizdə nəqliyyat və logistika sahələrinin inkişaf etdirilməsi, sahənin infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması, respublikamızın ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialından tam istifadənin gerçəkləşdirilməsi ilə bağlı bir sıra önəmli layihələr həyata keçirilib.
“Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi” və “Azərbaycan Respublikasının 2022−2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” kimi sənədlərin icrası diqqət mərkəzində saxlanılıb.
Burada onu da xatırladaq ki, son dövrlərdə regionda baş verən geosiyasi proseslər fonunda Şərqlə Qərb arasında ənənəvi marşrutlarda müəyyən çətinliklər yaranıb. Bu isə ölkəmizdən keçən dəhlizlər üzrə tranzit yükdaşımaların həcmində kəskin artıma gətirib çıxarıb.
Belə ki, 2021-ci illə müqayisədə keçən il Azərbaycan ərazisindən keçən tranzit yükdaşımaların ümumi həcmi 75 faiz artaraq 10,7 milyon tona çatıb. Beləliklə, artan tələbatın qarşılanması, respublikasının tranzit potensialının daha da gücləndirilməsi, eləcə də ərazimizdən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi üçün ölkə rəhbəri tərəfindən qarşıya bir sıra mühüm vəzifələr qoyulub. Bu, dövlətimizin başçısının 2023-cü il 23 noyabr tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”nda da öz ifadəsini tapıb.
Həmin sənəddə qarşıya qoyulan vəzifələrlə bağlı iki önəmli məqamı diqqətə çatdırmaq istərdik. Belə ki, sənədə əsasən, Bakı və Hövsan limanlarında sərhəd və gömrük nəzarətinin, eləcə də digər rəsmiləşdirmənin səmərəli qaydada aparılmasını təmin edən infrastruktur yaradılacaq, Bakı Limanında yük terminalının konteyner üzrə yükaşırma qabiliyyətinin artırılması üçün infrastruktur genişləndiriləcək və zəruri avadanlıqlar alınacaq. Bundan başqa, idxal, ixrac rejimli yüklər üzrə genişfunksiyalı əməliyyat imkanlarının yaranması nəticəsində Şərq−Qərb istiqamətində yükdaşımalarda konteyner yüklərinin payı artırılacaq, habelə yük avtomobil nəqliyyat vasitələrinin bir mərkəzdə cəmləşməsi (regional qovşaq konsepsiyasına uyğun) təmin ediləcək. Eyni zamanda, Bakı Limanında və Dübəndi Terminalında dibdərinləşdirmə işlərinin aparılması nəticəsində limanın və terminalın akvatoriyasına yükgötürmə qabiliyyəti və suya oturumu daha yüksək olan gəmilərin girişi təmin ediləcək.
2024−2026-cı illər üçün nəzərdə tutulan Fəaliyyət Planında, həmçinin Biləcəri stansiyasının çeşidləmə parkında 3-cü dəstənin dartı yollarının və yoldəyişənlərin, Baş Ələt dəmiryol stansiyasının əsaslı təmiri, Biləcəri−Yalama dəmiryol xətti üzrə kontakt şəbəkə və mikroprosessor əsaslı rabitə-işarəvermə sisteminin yenidən qurulması nəzərdə tutulub. Eyni zamanda, Bakı−Böyük Kəsik dəmiryol xəttinin elektrik təchizatı sisteminin yenidən qurulması ilə bağlı işlərin başa çatdırılması, Ucar−Bakı hissəsinin mikroprosessor əsaslı rabitə-işarəvermə sisteminin yenidən qurulması, Yevlax−Böyük Kəsik sahəsində 38 yoldəyişənin və 7 qəbul-göndərmə yolunun əsaslı təmiri planlaşdırılıb.
Adıçəkilən Fəaliyyət Planında bildirilir ki, beynəlxalq iqtisadi əməkdaşlığın və ticarətin əsas aparıcı elementlərindən biri olan nəqliyyat və logistika əməliyyatları, xüsusilə, son illərdə yeni istiqamətdə inkişaf edir. Qloballaşma və inteqrasiya proseslərinin sürətlənməsi, yüksək texnologiyaların geniş tətbiqi ilə xarakterizə olunan müasir beynəlxalq ticarət sistemləri bütövlükdə milli iqtisadiyyatın, eləcə də ayrı-ayrı sahələrin qarşısında müəyyən vəzifələr qoyur, xarici ticarət iştirakçılarının artan gözləntilərinin və müasir çağırışlarının gerçəkləşməsinə müsbət təsir göstərir.
Son illərdə qlobal təchizat zəncirində fasiləsizliyin təmin edilməsi, ölkələr arasında ticarətin asanlaşdırılması, malların daşınması zamanı nəqliyyat vasitələrinin sərhədkeçmə prosedurlarının sadələşdirilməsi, risk qiymətləndirilməsi əsasında fiziki yoxlamaların minimuma endirilməsi, eləcə də aidiyyəti dövlət qurumları arasında elektron məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə əməliyyatların optimallaşdırılması tranzit potensialının inkişafı üçün xüsusi əhəmiyyət daşıyır. Dinamik dəyişən dünyanın tələb və gözləntiləri ilə uzlaşmaq üçün bir sıra logistik trendləri, o cümlədən regional qovşaqlar, çevik təchizat zənciri, özəl sərmayələrin dövlət infrastrukturunda iştirakı, eləcə də şəffaf və izlənilə biləcək tranzit dövriyyəsinin yaradılması kimi trendləri də diqqət mərkəzində saxlamaq zəruridir.
Bu məqsədlə tranzit daşımaların müasir, avtomatlaşdırılmış və məlumat əsaslı prosesə transformasiyası üçün yüksək texnologiyalardan istifadənin geniş tətbiqi gözlənilir. Qlobal tədarük zəncirində Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və regional qovşağa çevrilməsi perspektivinin reallaşdırılması istiqamətində hədəflərə nail olmaq üçün güclü infrastrukturun yaradılması, innovativ logistik həlləri təmin edən zonaların inkişaf etdirilməsi, normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində zəruri addımlar atılması xüsusi önəm daşıyır. Bununla yanaşı, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi üçün nəqliyyat infrastrukturlarının müasirləşdirilməsi, logistika mərkəzlərinin və azad iqtisadi zonaların yaradılması, Azərbaycanın normativ hüquqi aktlarının beynəlxalq hüquqi tənzimləmə alətlərinə (konvensiyalara, çoxtərəfli beynəlxalq sazişlərə və s.) uyğunlaşdırılması, həmçinin nəqliyyatda təhlükəsizliyin gücləndirilməsi tədbirləri xüsusi əhəmiyyət kəsb edir.
Vəkil HÜSEYNOV,
iqtisadçı-ekspert
Azərbaycanın regionun nəqliyyat-logistika mərkəzinə çevrilməsi istiqamətində son illər bir sıra mühüm layihələr həyata keçirilib. Bu sahədə düşünülən məqsədyönlü dövlət siyasətinin reallaşdırılması nəticəsində Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərində vacib infrastruktur obyektləri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı−Tbilisi−Qars dəmir yolu xətti, Astara dəmiryol terminalı, Astaraçay üzərində dəmir və avtomobil yolu körpüləri salınıb. Bu addımlar isə, öz növbəsində, Azərbaycanın regionda etibarlı və təhlükəsiz tranzit ölkəsinə çevrilməsinə zəmin yaradıb.
Bununla yanaşı, Azərbaycan Respublikası beynəlxalq tranzit daşımalarının tənzimləndiyi “Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında” Beynəlxalq Konvensiyaya və “Beynəlxalq Dəmir Yolu Yükdaşımalarına dair Saziş”ə qoşulub. Ölkəmizdə dəmir yolları, dəniz nəqliyyatı və dəniz limanları, eləcə də dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınması sahəsində sərhədkeçmə prosedurlarının və daşıma proseslərinin asanlaşdırılması, habelə bu sahədə fəaliyyət göstərən dövlət qurumları arasında əlaqələndirmə işlərinin təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin 2015-ci il 21 oktyabr tarixli Fərmanı ilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılıb.
Adıçəkilən koordinasiya şurası tərəfindən respublikamızın mühüm regional əhəmiyyətli logistika və ticarət qovşağına çevrilməsi və əsas ticarət marşrutlarından biri kimi beynəlxalq miqyasda etimad qazanması, infrastruktur və əməliyyatlarda təkmilləşdirmə işlərinin səmərəli icrası istiqamətində strategiyanın həyata keçirilməsində dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi sahəsində bir sıra xüsusi əhəmiyyətli tədbirlər görülüb. Məsələn, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və “Azərbaycan Dəmir Yolları” tərəfindən “Tranzit yüklərin daşınması zamanı əməliyyatların idarəedilməsi üzrə Prosedur Qaydalar” qəbul edilib. Bu qaydalar beynəlxalq tranzit daşımaları zamanı ayrı-ayrı əməliyyatlar üzrə yerli operatorların üzərinə düşən vəzifələrin beynəlxalq standartlara uyğun şəkildə çevik və operativ icrasını sürətləndirib.
Vaqif BAYRAMOV