- Daxili siyasət
- 09:43 19.09.2024
Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı müəyyənləşdirdiyi quruculuq missiyası uğurla davam edir. Hazırda bu ərazilərdə salınan yeni şəhər, kənd və qəsəbələrdə insanların rahat və firavan yaşayışını təmin etmək üçün mühüm infrastruktur layihələri icra olunur. Sevindirici haldır ki, Azərbaycan bütün bu işləri təkbaşına, heç bir ölkədən və beynəlxalq maliyyə qurumundan yardım istəmədən, öz gücü ilə həyata keçirir.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa və yenidənqurma işlərinin sürətlə davam etdirilməsi üçün 2023-cü ilin dövlət büdcəsindən daha 5 milyard manata yaxın vəsait ayrılıb. Bütövlükdə isə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, nəzərdə tutulmuş investisiya proqramı çərçivəsində bu ilin sonuna qədər işğaldan azad edilən yaşayış sahələrinin bərpası ilə bağlı, təqribən, 12 milyard manata qədər vəsaitin xərclənməsi təmin ediləcək.
Göründüyü kimi, Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü fəaliyyət, xüsusən də dövlət başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi nəticəsində qədim və əzəli yurd yerlərimiz öz həqiqi sahiblərinə qovuşur. Xatırladaq ki, sözügedən proqramın icrasının birinci mərhələsində işğaldan azad olunmuş ərazilərdə ilkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpası nəzərdə tutulur. Bu da 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkünün öz doğma yurdlarına qayıdacağına imkan yaradacaq.
İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri çərçivəsində bütün infrastruktur yenidən qurulur. Ərazilərin dayanıqlı elektrik enerjisi ilə təchizatı sahəsində görülmüş işlər də bu baxımdan diqqət çəkir. Yeri gəlmişkən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının enerji ilə təminatı məqsədilə qısa müddətdə 1157 kilometrdən artıq müxtəlif gərginlikli elektrik verilişi xətti çəkilib, 20-dən çox yarımstansiya, eləcə də ümumi gücü 75 MVt olan 13 stansiyanın bərpası yekunlaşdırılaraq istifadəyə verilib.
Hazırda Qarabağ və Şərqi Zəngəzurun bütün ərazilərində olduğu kimi, Kəlbəcər şəhəri, eləcə də rayonun bir sıra digər yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizatı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, 2021-ci il iyulun 18-də Kəlbəcər şəhəri “Azərişıq” ASC tərəfindən elektrik enerjisi ilə təmin edilib. İlkin mərhələdə rayon ərazisindəki hərbi hissələrə, xüsusi dövlət əhəmiyyətli obyektlərə işıq verilib.
Bu əzəli-əbədi yurd yerimiz işğaldan azad ediləndən dərhal sonra rayonun elektrik enerjisi ilə təchizatını həyata keçirmək məqsədilə mənbə kimi əvvəlcə Gəncədə yerləşən “Gəncə-2” yarımstansiyasından Daşkəsənə 110 kilovoltuq elektrik verilişi xətti çəkilib. Bununla da, Daşkəsən rayonundan Kəlbəcərə 3500 metr yüksəklikdəki Murov dağını keçməklə 70 kilometr məsafədə yüksəkgərginlikli ikidövrəli ötürmə xəttinin qurulması reallaşıb. Sıldırım, keçilməz qayalardan ibarət dağlıq yerlərdə sərt, şaxtalı hava şəraitində qarın qalınlığı 3-5 metrə çatan yolsuz ərazilərdə hündürlüyü 50 metr, çəkisi 10 ton olan anker dayaqlar quraşdırılıb. Bununla paralel olaraq sərt iqlim və çətin relyefdə yerləşən Kəlbəcərdə 110/35/10 kilovoltluq rəqəmsal yarımstansiya tikilib. 2021-ci ilin yayında yarımstansiyanın açılışı olub.
Ötən il iyunun 26-da isə Prezident İlham Əliyevin təməlqoyma mərasimində iştirak etdiyi Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzində hazırda tamamlama işləri görülür. Mərkəzin gələcəkdə rayonun dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təminatında mühüm rol oynayacağı nəzərə alınaraq burada ən müasir avadanlıqlar quraşdırılır. Eyni zamanda, İstisu ərazisində 110-35 kilovoltluq eyni adlı yarımstansiyanın tikintisinə başlanılıb. Görülən işlərin yekununda Kəlbəcər və Laçın rayonlarının elektrik şəbəkələrini birləşdirən dairəvi elektrik təchizat sxemi yaradılacaq.
Rayonun Alagöllər adlandırılan ərazisi çətin relyef, yüksəklik və keçilməz yollar səbəbi ilə sovet hökuməti zamanında belə, elektrik enerjisi ilə təmin edilməyib. Amma dövlətimizin güçü hesabına artıq həmin ərazilərdə də Azərbaycan işığı yanır. Bununla yanaşı, hazırda “Azərişıq” tərəfindən rayonun Zar, Zəylik, İstisu, Ağqaya, Mərcimək və Yellicə istiqamətində də işlər yekunlaşmaq üzrədir. Qeyd edilən kəndlərə elektrik enerjisini daşıyacaq yeni dayaqlar basdırılır, müasir tipli, izolyasiyalı kabel xətləri çəkilir. Bu növ kabel xətləri həm ekoloji cəhətdən əlverişli və təhlükəsizdir, həm də enerji itkisini minimuma endirir. Yüksək dağlıq ərazilərdə kəskin hava şəraitində açıq naqillərdə buzlaşma və meşə zolağından keçən hissədə ağac budağının toxunması nəticəsində tez-tez açılmaların baş verməsi elektrik enersinin verilişində fasilələrə səbəb olur. Belə qəzaların aradan qaldırılması isə kifayət qədər vaxt tələb edir. İzolyasiyalı kabellərdə isə belə problemlərin yaranması qətiyyən mümükün düyil. Üstəlik, açıq kabellərdə mühafizə sonası 30 metr olmalıdır. Xətlərin onlarca kilometr uzunluğunda çəkildiyini nəzərə alsaq, nə qədər boş torpaq sahəsi itkisi olduğunu təsəvvür etmək çətin deyil. İzolyasiyalı kabellərdə isə mühafizə zonası cəmi 4-6 metrdir. Bu da qəza baş verəcəyi halda, texnikaların işləyə bilməsi üçün nəzərdə tutulub.
Onu da qeyd edək ki, Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı strategiyasına uyğun olaraq Kəlbəcər rayonunda “AzərEnerji” tərəfindən indiyədək 6 yerdə kiçik su elektrik stansiyası (SES) yenidən qurularaq istismara verilib. Qurumdan verilən məlumata görə, 2022-ci ildə 4,4 meqavat gücündə “Kəlbəcər-1”, 2023-cü ildə isə 8,33 meqavat gücündə “Çıraq-1”, 3,6 meqavat gücündə “Çıraq-2”, 6,33 meqavat gücündə “Qamışlı”, 5,3 meqavat gücündə “Soyuqbulaq” və 3,4 meqavat gücündə “Meydan” kiçik SES-lərinin yenidənqurmadan sonra açılışı olub.
Hazırda Kəlbəcər rayonunda 4 yerdə kiçik SES-lərin tikintisi aparılır. “Aşağı Vəng”, “Yuxarı Vəng”, “Nadirxanlı” və “Zar” adlanacaq stansiyaların isə 2024-cü ildə istismara verilməsi planlaşdırılıb.
Mirbağır YAQUBZADƏ