USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

​​​​​​​Bakıda beynəlxalq iqtisadi forum

​​​​​​​BMT  Mərkəzi Asiya ölkələrinin inkişafı proqramını dəstəkləyir


https://img.baki-baku.az/news/2023/11/photo_9785.jpg

Dünən Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) həftəsi çərçivəsində İqtisadi Forum işinə başlayıb. Tədbirdə iştirakçı dövlətlərin ümumi problemlərinin həlli ilə bağlı yeni strategiyaların hazırlanması, o cümlədən proqram çərçivəsində Etimad Fondunun yaradılması məsələsi müzakirə edilib. Xatırladaq ki, “SPECA regionunun qlobal bağlantı qovşağına çevrilməsi” başlığı altında iqtisadi forumun keçirilməsində məqsəd proqramın xidmətyönümlü, çevik və strateji platformaya çevrilməsidir.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov forumda çıxış edərək bildirib ki, ehtiyatlarla zənginlik ölkəmiz region dövlətləri ilə, xüsusilə Qazaxıstan və Özbəkistanla ticarət əlaqələrinin daha da genişləndirilməsinə, iqtisadi əməkdaşlığa töhfə verir. Azərbaycanla SPECA ölkələri arasında möhkəm dostluq və iqtisadi əlaqələrin mövcudluğunu vurğulayan nazir deyib ki, Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqram regional əməkdaşlığın təşviqinə diqqət yetirir. Azərbaycanın transsərhəd əməkdaşlığa xüsusi önəm verdiyini bildirən nazirin sözlərinə görə, respublikamız digər SPECA ölkələri üçün Şərqlə Qərb arasında ticarət nöqtəsi rolunu oynayır.

Qeyd olunub ki, Azərbaycan 2022-ci ildə BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının əhatə etdiyi ölkələrlə ticarət dövriyyəsini 2021-ci illə müqayisədə 3,6 dəfə artıraraq 1,3 milyard ABŞ dollarına çatdırıb, cari ilin yanvar-oktyabr aylarında isə bu göstərici əvvəlki ilə nisbətən 16 faiz çox və ya 1,2 milyard dollar təşkil edib.

Nazir Azərbaycanın açıq dənizə çıxışı olmayan SPECA-ya üzv ölkələrinə infrastrukturlarının tam şəkildə inteqrasiyasının təklif etdiyini diqqətə çatdırıb. “Bizim qonşularımızın qarşısında eyni bir çağırış var və bu, açıq dənizə çıxışın olmamasıdır. Beynəlxalq ticarətdə belə imkanın olmaması müəyyən məhdudiyyətlər ortaya çıxarır. Biz belə olan halda bu dövlətlərin infrastrukturunun tam şəkildə inteqrasiya olunması, onlardan istifadə edilməsi üçün əməkdaşlığa hazırıq. Bizim Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələrimiz bu əməkdaşlıqda mühüm rol oynayacaq”, – deyə M.Cabbarov bildirib.

Azərbaycanın 30 il ərzində suverenliyinin pozulmasından əziyyət çəkdiyini söyləyən nazir Mikayıl Cabbarov SPECA ölkələrinin işğaldan azad edilmiş ərazilərimizdə aktiv fəaliyyət göstəridiklərini yüksək qiymətləndiririb.

BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Mariyasin çıxışında üzv ölkələrin əməkdaşlıq potensialından bəhs edib. Qeyd olunub ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının əhatə etdiyi ölkələrin təhcizat zəncirindəki problemləri aradan qaldırması onların nəqliyyat xərclərini 30 faizə qədər azalda bilər. Onun fikrincə, bununla SPECA ölkələrinin dəmir yolu infrastruktu imkanları və paralel olaraq konteyner daşımaları 4 dəfə arta, Orta Dəhliz üzrə konteynerlərin sayı 200 minə çata bilər. Hazırda SPECA Fondunun yaradılması üzərində fəal iş aparıldığını diqqətə çatdıran icraçı katibinin müavini fonda daxil olacaq vəsaitin faydalı işlərə, o cümlədən Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa yönəldiləcəyinə əminliyini ifadə edib.

Forumda Qazaxıstanın iqtisadiyyat nazirinin müavini Abzal Abdikarimov, Özbəkistanın investisiya, sənaye və ticarət nazirinin müavini Badriddin Abidov, Tacikistanın iqtisadi inkişaf və ticarət nazirinin müavini Ahliddin Nuriddinzoda və başqaları çıxış edərək BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramını uğurlu əməkdaşlıq üçün mühüm platforma kimi dəyərləndiriblər. Təchizat zəncirində məlumatların rəqəmsal transformasiyası və sənəd mübadiləsi, nəqliyyat bağlantısı, SPECA bölgəsində “yaşıl enerji” bağlılığı mövzularında müzakirələr aparıldığı forumda yeni çağırışlar fonunda Orta Dəhlizin artan əhəmiyyətinə də diqqət çəkilib.

Qeyd edək ki, SPECA 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir. 2023-cü ildə SPECA-ya sədrliyi Azərbaycan həyata keçirir.

Mirbağır YAQUBZADƏ

 

Ekspert rəyi

Təbriz YADİGAROV, ETN İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent

Qloballaşan dünya iqtisadiyyatının inkişaf tendensiyası göstərir ki, artıq planetin geosiyasi reallıqları  maraqların mərkəzini bir regiondan digərinə çevirərək satış bazarlarının Avropadan Asiyaya doğru dəyişməsinə istiqamətlənib. BMT-nin məlumatına görə, dünyanın 30 ən böyük şəhərindən 21-i siyasi və geoiqtisadi amillərlə əlaqədar olaraq Asiya ölkələrində yerləşir.

 Hazırda dünya düzənindəki dəyişikliklərlə əlaqədar regional təşkilatların rolu əhəmiyyətli dərəcədə artır. BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının Azərbaycan və region ölkələri üçün əhəmiyyəti yüksəkdir. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında birgə investisiya fondlarının yaradılması, növbəti 3 ildə 1 milyard dollardan artıq qarşılıqlı investisiyaların həcmi ilə bağlı razılığın əldə edilməsi də diqqət çəkir. Artıq respublikamız Mərkəzi Asiya ölkələri ilə sənaye kooperasiyası, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma və kənd təsərrüfatı,o cümlədən, pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində bir çox layihələr həyata keçirir. Bundan əlavə, mehmanxana biznesi və turizm sahəsində investisiya layihələrinin həyata keçirilməsi üzrə geniş işlər aparılır. Mərkəzi Asiyadan olan şirkətlərin Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına marağı daha da artır.

Yeri gəlmişkən, Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarlarına gedən yolda və əks istiqamətdə etibarlı tranzit ölkədir. Mərkəzi Asiyada Azərbaycanın bütün nəqliyyat və logistika infrastrukturu üzrə aparılan uğurlu işlər bu əlaqələrin inkişafında mühüm rol oynayacaq. Şərq-Qərb marşrutu üzrə yükdaşımalara artan tələbatını ödəmək üçün Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi bu yolda yük daşınmasını getdikcə artırır. Bununla yanaşı, Bakı Ticarət Limanının imkanları 15 milyon tondan 25 milyon tona çatdırılacaq.

Prezident İlham Əliyevin təşəbbüsü ilə daha böyük həcmdə tranzit yüklərin cəlb edilməsi üçün tariflərin optimallaşdırılması, tənzimləyici və gömrük prosedurlarının sadələşdirilməsi və uyğunlaşdırılması təmin edilərək Mərkəzi Asiya ilə ticarət əlaqələri genişlənir. Bütün bunlar onu göstərir ki, Azərbaycan BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramın icrasında həlledici rol oynayaraq SPECA-nın fəal iştirakçısı kimi dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsində bundan sonra da əhəmiyyəti rol oynayacaq.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Mirbağır YAQUBZADƏ