USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

​​​​​​​Azərbaycan “yaşıl gücü”nü sürətlə yüksəldir

​​​​​​​Ölkəmiz bərpaolunan enerji ilə bağlı hədəfinə 3 il tez çatacaq


https://img.baki-baku.az/news/2023/11/photo_9758.jpg

Energetika naziri Pərviz Şahbazov ikinci “Qlobal Cənubun səsi” Sammiti çərçivəsində keçirilən  sessiyada onlayn formatda çıxışı zamanı 2027-ci ilədək 1870 MVt həcmində “yaşıl güc”lərin ölkəmizin enerji sisteminə inteqrasiyası nəticəsində bərpaolunan enerji payının elektrik enerjisinin qoyuluş gücündə 33 faizə, elektrik enerjisinin istehsalında isə hazırkı 7 faizdən 25 faizə çatacağının proqnozlaşdırıldığını bildirib.

Nazir bu göstəricinin 2030-cu ilə 30 faizlik hədəfin artıqlaması ilə yerinə yetirilməsi demək olduğunu vurğulayıb. P.Şahbazovun sözlərinə görə, rəsmi Bakı beynəlxalq enerji şirkətləri ilə qarşıdakı onillikdə daxili istehlak, iqtisadiyyatın dekarbonizasiyası və ixrac məqsədilə 10 QVt-dək “yaşıl enerji” layihələrinin reallaşdırılması üzrə əməkdaşlıq edir.

Energetika naziri çıxışında daha sonra  bərpaolunan enerji mənbələrinin dayanıqlı inkişafdakı rolu və karbon emissiyalarının azaldılmasının zəruriliyi kontekstində enerji keçidinin çağırışları və imkanlarını da diqqətə çatdırıb. O, enerji keçidi ölkələrinin inkişafı, enerji təhlükəsizliyinin səviyyəsi, investisiyaların qeyri-bərabər paylanması kimi bir çox amillərdən asılılığı vahid formula malik olmasa da, ədalətli, əlverişli və inklüziv keçid hamının ortaq marağıdır.

Sammitdə yuxarıda vurğulananlarla bərabər, regional və Avropa miqyasında enerji təchizatında strateji rol oynayan Azərbaycanın enerji keçidinə balanslı yanaşmanın tərəfdarı olduğu və bu baxımdan ölkəmizin ənənəvi, həmçinin bərpaolunan enerji mənbələrini vəhdətdə inkişaf etdirildiyi diqqətə çatdırılıb. Eyni zamanda, bu siyasətin enerji təchizatında dayanıqlığı, enerji resurslarına olan ehtiyacları qarşılamağı və “yaşıl plan”ların icrasını gerçəkləşdirmək baxımından  mühüm önəm daşıdığı vurğulanıb.

P. Şahbazov Azərbaycanın enerji ixracı və regional əməkdaşlıq sahəsində strateji prioritetlərindən də bəhs edərək bildirib ki,  “Xəzər-Qara dəniz-Avropa” və Azərbycan-Türkiyə-Avropa dəhlizlərini yaratmaq və şaxələndirilən  marşrutlarla 5 QVt-dan çox “yaşıl enerji” ixrac etmək respublikamız qarşısında duran strateji prioritetlərdən biridir. Bu dəhlizlər Mərkəzi Asiya ölkələrindən də “yaşıl enerji”nin nəqli imkanlarını vəd edir.

Xatırladaq ki, Azərbaycanın dənizdə külək enerjisi potensialı 157 QVt həcmində hesablanıb. Bu potensialın icrası məqsədilə xarici investorlarla müqavilələr də imzalanıb. Azərbaycan Energetika Nazirliyi, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən ötən il təqdim edilən  Yol Xəritəsində 2040-cı ilədək ölkəmiz nəzərdə tutulan infrastrukturu inkişaf etdirməklə, eyni zamanda, investisiya qoyuluşu sayəsində  dəniz küləyindən 7 qiqavatlıq enerji hasilatını reallaşdıra bilər. Bununla da respublikamız  dekarbonlaşma kimi qarşıya qoyulan vəzifənin həllində mühüm rol oynayar. 

Proqnozlaşdırmaya görə, Azərbaycanda 2040-cı ilədək 1,5 qiqavat qoyuluş gücünü gerçəkləşdirəcək və dekarbonlaşdırılmış enerji istehsalının 7 faizini reallaşdıracaq. Həmçinin bu dövrdə dəniz külək energetikasının qoyuluş gücü 7,2 qiqavata çatdırılaraq enerji təchizatının 37 faizi təmin olunacaq. 

Göründüyü kimi, respublikamızda iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün bərpaolunan enerji mənbələrinin böyük potensialı var. Belə ki, ölkəmizin quruda 27 giqavat enerji potensialı (günəş və külək enerjisi), dənizdə isə 157 giqavat enerji potensialı mövcuddur. Bu enerjinin əldə olunması, istehsalı və ixracı isə böyük layihələr, habelə investisiyalar tələb edir.

Prezident İlham Əliyev çıxışlarının birində ölkəmizin bərpaolunan enerji potensialından bəhs edərkən deyib: “İstər hidro, istər külək enerjisi sahəsində həm Gürcüstanda, həm də Azərbaycanda, o cümlədən Qarabağda böyük potensial var. Biz  25 qiqavat enerjini istehsal etmək məqsədilə bərpaolunan  enerji sahəsində məşhur olan bir neçə əsas beynəlxalq şirkətlə müqavilə və anlaşma memorandumları imzalamışıq. 700 meqavatdan artıq günəş və külək enerjisini biz ola bilsin, maksimum 2025-ci ilə qədər təmin edəcəyik. Qalan güclərin yaradılması plandadır. Bir sözlə, gələcəyimizin böyük üfüqləri var”.

Növbəti illərdə elektrik enerjisinin istehsal dinamikası artıq bərpaolunan enerji mənbələrinə əsasən formalaşacaq. Bunun üçün zəngin potensial, bərpa olunan enerjinin inkişafını prioritetləşdirən dövlət siyasəti, yeni qanunvericilik bazası və xarici investisiyaların cəlbi kimi bütün zəruri şərtlər mövcuddur.

Yeri gəlmişkən, bu il ərzində ölkə üzrə elektrik enerjisinin istehsalı ilə bağlı göstəricilərə də nəzər salmaq istərdik. Energetika Nazirliyindən verilən məlumata görə, cari ilin 10 ayında respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 278,5 milyon kilovat-saat, yəni 1,2 faiz artaraq 24 milyard 33 milyon kilovat-saat olub. Hesabat dövründə elektrik enerjisi istehsalı istilik elektrik stansiyalarında (İES)  22 milyard 214  milyon kilovat-saata, su elektrik stansiyalarında (SES) 1 milyard 529 milyon kilovat-saata, digər mənbələr üzrə isə 289,7 milyon kilovat-saata çatdırılıb. Bu dövrdə külək elektrik stansiyalarında (KES) 49,1 milyon kilovat-saat, günəş elektrik stansiyalarında (GES) 58,6  milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 182 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 21 milyard 675 milyon kilovat-saat (İES-lərdə 20 milyard 242 milyon kilovat-saat, SES-lərdə 1 milyard 432 milyon kilovat-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 402,6 milyon kilovat-saat (İES-lərdə 264,7 milyon kilovat-saat, SES-lərdə 84 milyon kilovat-saat, Günəş ES-də 53,9 milyon kilovat-saat), “Azərişıq” ASC üzrə KES-lərdə   37,8 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə isə 1 milyard 918 milyon kilovat-saat təşkil edib.

2023-cü ilin yanvar-oktyabr ayları üzrə elektrik enerjisinin ixracı 2 milyard 357 milyon kilovat-saat, idxalı isə 190,1 milyon kilovat-saat olub.

Qeyd edək ki, 2023-cü ilin oktyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 milyard 494 milyon kilovat-saat təşkil edib. Bu ayda elektrik enerjisinin idxalı 10,5 milyon kilovat-saat, ixrac isə 519,4 milyon kilovat-saat təşkil edib.

M.YAQUBZADƏ




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Mirbağır YAQUBZADƏ