USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

​​​​​​​ Azərbaycan dünyanın 5-ci böyük fındıq istehsalçısıdır

9 ayda onun ixracından 111 milyon dollar qazanıb


https://img.baki-baku.az/news/2023/11/photo_9724.jpg

Azərbaycan dünya üzrə fındıq istehsalının ən böyük payına malik ilk 5 ölkə sırasına daxil olub. Beynəlxalq Fındıq və Quru Meyvə Şurasının 2022-2023-cü illər üzrə hesabatına əsasən, ölkəmiz qlobal istehsalçılar arasında 4-cü yerdə qərarlaşıb. İlk üçlüyə isə Türkiyə (415,3 min ton – 71 faiz), İtaliya (38,7 min ton – 7 faiz) və ABŞ (31,9 min ton – 5 faiz) daxildir. Beşliyi isə Çili (22,7 min ton – 4 faiz) tamamlayıb.

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan fındıq ixracından 110 milyon 643 min ABŞ dolları gəlir əldə edib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi aparatının rəhbəri Azad Cəfərli Bakıda keçirilən “Fındıq potensialının artırılması: Məhsuldarlıq, keyfiyyət və ixrac həcminin artırılmasına innovativ yanaşmalar” mövzusunda keçirilən beynəlxalq konfransda bildirib. Kənd təsərrüfatı məhsulları arasında fındığın mühüm yer tutduğunu və ixrac potensialına görə qərzəkli meyvələr arasında ilk yerdə qərarlaşdığını diqqətə çatdıran A. Cəfərli deyib ki, 2022-ci ildə ölkəmizdən qabıqlı fındıq ixracı 2021-ci ilə nisbətən 48,5 faiz, qabıqsız fındıq (ləpə) ixracı isə 10,2 faiz çox olub. Yeri gəlmişkən, son illər Azərbaycandan  İtaliya, Almaniya, Rusiya və digər ölkələrə daha çox fındıq ləpəsi ixrac olunub.

Son illər ölkəmizdə fındıq bağlarının genişləndirilməsinə dövlət dəstəyinin artırılması bu sahəyə marağı getdikcə artırır. Ölkə ərazisində subsidiya mexanizminin tətbiqi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Aqrar Subsidiya Şurasının bu ilin sentyabr ayında təsdiqlədiyi qərara əsasən, boş olan meşə fondu torpaqlarında, dağlıq və dağətəyi ərazilərdə salınan intensiv fındıq bağlarının hər hektarına görə  5 min manat məbləğində əkin subsidiyası ödəniləcək. Xatırladaq ki, subsidiya 1 hektara minimum 330 ədəd ocağın olduğu və damcı suvarma sistemi ilə təmin olunmuş intensiv meyvə bağlarına aid edilir. Subsidiya veriləcək digər meyvə bağlarında isə 1 hektara əkilmiş tinglərin minimum sayının 90 ədəd olması müəyyənləşdirilib. Yeri gəlmişkən, Aqrar Subsidiya Şurasının qərarı fındıq üzrə əkin əmsalı Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Balakən, İsmayıllı, Zaqatala, Zəngilan, Xaçmaz, Xocavənd, Qax, Qəbələ, Quba, Qubadlı, Oğuz, Qusar, Qazax, Tərtər, Tovuz, Şabran, Şamaxı, Şəki, Şəmkir və Yardımlı rayonlarına şamil edilir.

Bununla yanaşı, son illər Azərbaycanda kənd təsərrüfatında sığorta sisteminin tətbiqi də fermerləri fındıq yetişdirməyə həvəsləndirir. Artıq fermer əmindir ki,  baş verə biləcək hər hansı təbii fəlakət səbəbindənona  dəymiş ziyanın qarşılanmasında dövlət onun yanındır. Məlum olduğu kimi, fındıq sahələrinin sığortalanması zamanı bitkinin məhsuldarlığı, qiyməti, yerləşdiyi ərazi və seçilən sığorta zərfi nəzərə alınır. Onu da qeyd edək ki, qaydalara əsasən, hesablama aparılması üçün fındığın 1 hektar sahəsi üçün məhsuldarlıq və məhsulun qiymət normaları müəyyən edilib. Daha doğrusu, sığorta fındığın bir hektarı üçün məhsuldarlıq normasına uyğun olaraq ödənilir. Bu da məhsulun bir sentneri üçün, təqribən, 350-550 manat təşkil edir.

Aqrar Sığorta Fondunun məlumatına görə, fındıq sahəsinin sığortalanması zamanı fermerlərə sığorta haqqının ödənişində əlavə güzəştlər də nəzərdə tutulub. Belə ki, sığortalanmış məhsulun yerləşdiyi ərazi dolu riskindən qorunma konstruksiyalarına malik olduqda sığorta haqqına 5 faiz güzəşt edilir. Bundan əlavə, sığorta hadisəsi olmadan başa çatan hər ilə görə fermer sığorta haqqında 5 faiz güzəşt almaq hüququna malikdir. Məsələn, hadisəsiz keçən 1 ildən sonra sığorta haqqında 5 faiz, iki ildən sonra 10 faiz, üç ildən sonra isə 15 faiz güzəşt nəzərdə tutulur.

Bununla belə, Azərbaycanda meyvəçiliyin digər sahələri kimi, fındıq yetişdirilməsi sahəsində də müəyyən problemlər movcuddur. Bu da, əsasən, su qıtlığı ilə bağlıdır. Fındıq istehsalı ilə məşğul olan şirkətin rəhbəri Cavid Kazımov bildirib ki, bu il Azərbaycanın fındıq bağları su qıtlığı və iqlim dəyişikliyi problemləri ilə üzləşib. Onun sözlərinə görə, elə bağlar var ki, suvarması olmasa da, onlardan yüksək məhsul əldə etmək mümkündür. Bununla belə, zərərvericilər və iqlim dəyişikliyi suvarma sistemi ilə təchiz olunmuş bəzi fındıq bağlarının məhsuldarlığına mənfi təsir edib. O qeyd edib ki, 2023-cü ilin fındıqçılıqla məşğul olan fermerlər üçün çətin keçdiyini deyən fermer bildirib ki, ilkin araşdırmalara görə, müəyyən regionlarda məhsuldarlıq 30 faizədək aşağı olub. Hətta bəzən eyni bağın yuxarı və aşağı hissəslərində belə, fərqli məhsuldarlıq qeydə alınıb.

Kənd Təsərrüfatı Nazirliyi aparatının rəhbəri Azad Cəfərli isə bəzi bağlarda məhsuldarlığın aşağı olmasına münasibət bildirərkən deyib ki, digər meyvə istehsalçıları ilə müqayisədə fındıqçılıqla məşğul olan fermerlərin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinə ehtiyac var. “Kiçik təsərrüfatlarda məhsul yığımından sonra saxlanma şəraitinin düzgün təşkil olunmaması da əsas çətinliklərdən biridir”, –deyə o əlavə edib.

Fındıqçılıqda müşahidə olunan başlıca problemlərdən biri də məhsulun ixracı ilə bağlıdır. İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müşaviri Tural Hacılı bildirib ki, xarici ixrac prosesində məhsul təyinat ölkəsinin tələblərinə uyğun yoxlanılmalı və sertifikatlaşdırmalıdır. Onun sözlərinə görə, bu zaman hər şey təkçə Azərbaycandan asılı olmur, məhsullar qarşı tərəfin qoyduğu standartlara da cavab verməlidir. Bununla belə, AZPROMO problemin həlli üçün bütün mümkün vasitələrdən istifadə etməyə çalışır.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsinin müavini Bariz Mehdiyev Bakıda “Fındıq potensialın artırılması: Məhsuldarlıq, keyfiyyət və ixrac həcminin artırılmasına innovativ yanaşmalar" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib ki, Azərbaycanda fındıq bağlarının peyk və dronla xəritəsi hazırlanıb. Fındığın Azərbaycan üçün ən gəlirli, ixracyönümlü məhsullardan biri olduğunu vurğulayan B. Mehdiyein dediyinə  görə, FAO Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi ilə birgə 2020-ci ildən bəri Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyinin yüksəldilməsi layihəsi icra edir. Layihənin əsas istiqaməti isə fındıqçılıqda səmərəliliyi artırmaq, istehsal edilmiş məhsulun keyfiyyətini yüksəltməkdir. Azərbaycanda qabaqcıl kənd təsərrüfatı təcrübələrinin tətbiqi üçün yerlərdə lazımi işlərin görüldüyünü bildirən FAO nümayəndəsinin müavini onu da deyib ki, yaxın müddətdə ölkəmizdə yeni layihələrin başlanmasına start veriləcək.

Mirbağır YAQUBZADƏ




Redaktorun seçimi

Respublikaçılar Co Baydenə qarşı
  • Daxili siyasət
  • 11:31 07.12.2023
Respublikaçılar Co Baydenə qarşı
Paşinyanın uğursuz müttəfiq axtarışları
  • Daxili siyasət
  • 11:02 07.12.2023
Paşinyanın uğursuz müttəfiq axtarışları
Olmasın Marqarita Simonyan, olsun Alen Simonyan
  • Daxili siyasət
  • 10:57 07.12.2023
Olmasın Marqarita Simonyan, olsun Alen Simonyan
Dünya savaşdan doymur
  • Daxili siyasət
  • 10:01 06.12.2023
Dünya savaşdan doymur

Mirbağır YAQUBZADƏ