- Daxili siyasət
- 09:43 19.09.2024
Artıq 3 ildir ki, azadlığına qovuşan torpaqlarımızda böyük quruculuq və bərpa layihələrinin icrası getdikcə sürətlənir. Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura səfərləri zamanı strateji infrastruktur obyektləri işə salınır, yenilərinin təməli qoyulur. Bununla da 30 ildə düşmənin yağmaladığı, dağıdaraq viran qoyduğu yurd yerlərimizə yeni nəfəs gəlir, şəhər və kəndlərimizdə həyat yenidən dirçəlir.
Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunan ərazilərin mina və partlamamış hərbi sursatdan təmizlənməsi, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm layihələr həyata keçirilib, müasir texnologiyalar əsasında “ağıllı şəhər” və “ağıllı kənd”lər inşa olunub. Əhalinin dayanıqlı məskunlaşmasını, həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsini şərtləndirən aqrar sahənin inkişafı diqqətdə saxlanılıb.
Bölgənin bərpasına başlanıldığı vaxtdan ötən müddətdə dövlət başçısının iştirakı ilə Ağdam, Füzuli, Cəbrayıl şəhərlərinin bərpasının təməl daşı qoyulub, digər şəhərlərimizin isə baş planının hazırlanmasına başlanılıb. Həmçinin Ağdamda sənaye, Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının, Zəngilan və Laçında hava limanlarının və digər infrastruktur obyektlərinin təməlqoyma mərasimləri keçirilib.
Düşməndən təmizlənən ərazilərdə bütün bu işlərlə yanaşı, Silahlı Qüvvələrimizin modernləşməsinə, yeni müasir silahlarla, döyüş texnikası ilə təminatına və şərti sərhədlərin möhkəmləndirilməsinə xüsusi önəm verilib.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 3 il ərzində genişmiqyaslı bərpa-quruculuq layihələri sırasında yol infrastrukturunun sürətlə qurulmasına daha çox əhəmiyyət verilib. Vətən müharibəsindən dərhal sonra başlanan 28,5 kilometrlik Tərtər–Çaylı–Suqovuşan–Talış avtomobil yolu 2020-ci ildə, 101,5 kilometrlik “Zəfər yolu” 2021-ci ildə inşa edilib. 2022-ci ildə Laçın şəhərinə daxil olmadan 22 kilometrlik yeni alternativ avtomobil yolunun tikintisi başa çatdırılıb.
Hazırda düşməndən təmizlənən ərazilərdə 14 avtomobil yolu tikilir ki, onlardan 8-inin çəkilişinin cari ildə yekunlaşacağı gözlənilir. İnşaat işləri davam edən Füzuli–Hadrut, Hadrut–Tuğ–Azıx mağarası, Bərdə–Ağdam, Qubadlı–Eyvazlı, Qubadlı–Mahmudlu–Yazdüzü–Ermənistan sərhədi, Talış–Tapqaraqoyunlu–Qaşaltı–Naftalan, Kəlbəcər və Laçın rayonları ərazisində reallaşdırılan layihələrin isə son mərhələsi həyata keçirilir.
Xatırladaq ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planına əsasən, 2026-cı ilədək ümumi uzunluğu 2264,5 kilometrlik 20 avtomobil yolunun və Laçın rayonunda Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma və torpaq işlərinin yerinə yetirilməsi nəzərdə tutulur.
Qarabağ və Şərqi Zəngəzurda məskunlaşmanın sürətlə aparılması bu ərazilərin elektrik enerjisi ilə təchizatı sisteminin yüksək səviyyədə qurulmasından asılıdır. Ona görə də müharibədən sonra bölgənin energetika sisteminin gücləndirilməsi daim diqqətdə saxlanılır. Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan Reabilitasiya Proqramı çərçivəsində bu sahə əsaslı şəkildə müasirləşdirilir, “itirilmiş” generasiya gücləri bərpa edilir. Cari ilin ötən ayları ərzində “Cəbrayıl”, “Hadrut”, “Qorçu”, “Laçın” yarımstansiyalarının, “Qamışlı”, “Meydan”, “Çıraq-1”, “Çıraq-2”, “Soyuqbulaq”, “Mişni” və “Alxaslı” kiçik su elektrik stansiyalarının istismara verilməsi də bunun bariz ifadəsidir.
Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji”nin realllaşdırılması da prioritet istiqamətlərdən biridir. Bununla bağlı 2022–2026-cı illəri əhatə edən tədbirlər təkcə bərpaolunan enerjinin inkişafı ilə məhdudlaşmır, enerji keçidinin bütün komponentləri üzrə fəaliyyəti də təşviq edir. Bu çərçivədə azad olunan ərazilərdə ümumi gücü 636 KVt olan Arximed qurğusu, 200-dən çox fərdi yaşayış evində günəş kollektoru, 170-dən çox binada günəş paneli, ictimai və sosial obyektlərdə ümumi gücü 800 kVt-dan çox olan günəş enerjisi sistemləri, həmçinin enerji səmərəli işıq dirəkləri, “ağıllı” dayancaqlar, elektrik doldurma məntəqələri quraşdırılıb.
Bölgədə “yaşıl enerji”nin realllaşdırılmasından bəhs edərkən bir göstəricini də xatırlatmaq yerinə düşərdi. Belə ki, Qarabağ və Şərqi Zəngəzurda indiyədək 90 meqavat həcmində hidroelektrik enerji potensialı hərəkətə gətirilib. Başqa sözlə, bu həcmdə enerji ölkəmizin mərkəzi şəbəkəsinə ötürülüb və düşməndən təmizlənən yaşayış sahələrinə tam inteqrasiya edilib.
Respublikamızın azad olunan ərazilərində hidroelektrik enerjinin həcmi isə bu ilin sonunadək 170 meqavata, 2024-cü ilin sonuna qədər isə 270 meqavata çatacaq. Bu da təbii ki, Azərbaycanın “yaşıl enerji” gündəliyinə böyük töhfə olacaq. Belə bir proqnozun isə əsası var. Çünki Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının 10 min meqavat “yaşıl enerji” potensialı mövcuddur. Bura həm günəş, həm külək, həm də su elektrik stansiyaları aiddir. Əslində, bu, Azərbaycanın enerji potensialının cüzi bir hissəsidir. Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialını (157 qiqavat) bura əlavə etsək, mövcud vəziyyət haqqında aydın təsəvvür yaranar.
Bütün bu infrastruktur tədbirlərinin reallaşdırılması nəticəsində Azərbaycanın 30 ilə yaxın bir dövr ərzində işğal altında qalan torpaqlarında bu gün bir coşğunluq yaşanır, Zəngilan, Laçın və Füzulinin yurd-yuva həsrəti ilə yaşayan keçmiş məcburi köçkünləri məskunlaşdırılır.
Vətən savaşından sonra ilk dəfə yurd həsrətinə Zəngilan rayonunun “Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınan Ağalı kəndində son qoyulub. Xatırladaq ki, bu yaşayış məntəqəsində sakinlərin rahat yaşayışını təmin etmək üçün hər cür şərait qurulub. Kənddə “Ağıllı kənd” konsepsiyasının hər üç komponenti – “ağıllı dövlət idarəçiliyi”, “ağıllı infrastruktur və xidmətlər”, eyni zamanda, “ağıllı təsərrüfat və biznes mühiti” yaradılıb.
Zəngilan rayonunda yaradılan “Dost Aqropark” isə klaster yanaşmanın bariz nümunəsidir. Üç mərhələdə həyata keçirilən layihənin təməli 2021-ci il oktyabrın 26-da dövlətimizin başçısı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Artıq aqroparkda birinci mərhələ üzrə görüləcək bütün işlər başa çatdırılıb. İnzibati binalar, 5 min 200 kvadratmetrlik qapalı, 113 min kvadratmetrlik açıq tipli heyvandarlıq kompleksləri, xidməti heyətin yaşayış binaları tikilib. Kompleksə 3500 baş cins qaramal gətirilib və əkinçilik məhsullarının istehsalı reallaşdırılıb.
Bu gün “Dost Aqropark”ın ikinci və üçüncü mərhələləri üzrə işlər davam etdirilir. Layihənin hər 3 mərhələsinin başa çatdırılması nəticəsində 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan anbar inşa ediləcək. İstehsal olunan məhsullar yerli tələbatı ödəməklə yanaşı, “Made in Qarabağ” brendi ilə dünya bazarına çıxarılacaq.
“Dost Aqropark” ətraf mühitin və təbiətin mühafizəsi ilə yanaşı, halal qida prinsipi ilə fəaliyyət göstərəcək. Burada ekosistemin yaradılması üçün ümumilikdə 100 milyon dollar dəyərində sərmayə qoyulacaq.
Füzuli rayonunun Dövlətyarlı kəndində də “Ağıllı kənd” layihəsinin təməli qoyulub. “Yaşıl” və alternativ enerjinin, “ağıllı idarəetmə” sisteminin reallaşdırılacağı “Ağıllı kənd” layihəsinə əsasən üç, dörd və beşotaqlı olmaqla, ümumilikdə ilkin mərhələdə 450 evin inşası nəzərdə tutulub. Burada, həmçinin məktəb və uşaq bağçasının tikilməsi planlaşdırılıb. Kəndin ətrafında isə “Ağıllı kənd təsərrüfatı” sahəsinin salınacağı nəzərdə tutulub. Beləliklə, sakinlərin rahat yaşamaları və kənd təsərrüfatı ilə məşğul olmaları üçün bütün zəruri işlərih həyata keçirilməsi mühüm vəzifə kimi qarşıya qoyulub.
İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bugünədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard dollar həcmində vəsait sərf edilib. Növbəti il üçün isə planlaşdırılan minimum büdcə 2,4 milyard dollar həcmində nəzərdə tutulub. Deməli, ölkəmiz heç bir maliyyə dəstəyi, heç bir maliyyə yardımı almadan Qarabağ və Şərqi Zəngəzurun bərpasını həyata keçirirb. Düzdür, burada istisna olaraq iki qardaş ölkə – Özbəkistan və Qazaxıstan biri məktəb, digəri isə incəsənət mərkəzinin inşasını üzərlərinə götürüb və təhsil müəssisəsi artıq məktəblilərin ixtiyarına verilib.
Sonda qeyd edək ki, müvafiq Dövlət Proqramına əsasən, Qarabağ və Şərqi Zəngəzurda ilkin mərhələdə 8 şəhər, 8 qəsəbə və 84 kəndin bərpa edilməsi nəzərdə tutulub. Prezident İlham Əliyevin iştirakı ilə 29 yaşayış məntəqəsinin təməli qoyulub. Ümumilikdə, müharibədən ötən müddətdə bərpa-quruculuq layihələri çərçivəsində dövlətimizin başçısı tərəfindən 63 müxtəlif təyinatlı obyektin açılışı olub, çoxsaylı sosial infrastruktur yenidən qurulub, iki hava limanı, avtomobil və dəmir yolları, su elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar və digər obyektlər tikilərək istifadəyə verilib. Bütün bunlarla bərabər, Laçın və Füzuli şəhərlərinə, Zəngilanın Ağalı, Tərtərin Talış və Laçının Zabux kəndlərinə keçmiş məcburi köçkünlərin qayıdışı gerçəkləşdirilib.
Vaqif BAYRAMOV