USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

​​​​​​​Ötən “Əsrin müqaviləsi” yeni əsrin xidmətində

9 ayda AGG layihəsi çərçivəsində daha 100 milyon barel neft hasil olunub


https://img.baki-baku.az/news/2023/11/photo_9502.jpg

Azərbaycanın iqtisadi müstəqilliyi üçün möhkəm təməl, etibarlı baza yaradan “Əsrin müqaviləsi”nin imzalanmasından 29 il ötür. Əvvəlki dövrlərdə olduğu kimi, bu ilin 9 ayında da “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsi üzrə tikinti-quraşdırma, qazma və hasilatla bağlı əməliyyatlar uğurla davam etdirilib.

 “BP-Azərbaycan” şirkətinin 2023-ci ilin 9 ayının nəticələrinə dair hesabatına əsasən, yanvar-sentyabr aylarında konsorsium iştirakçıları tərəfindən “Azəri-Çıraq-Günəşli” layihəsinin əməliyyat tədbirlərinə 365 milyon dollar, əsaslı məsrəflərinə isə 1 milyard 109  milyon dollar xərclənib.

BP şirkəti və tərəfdaşları bu ilin üç rübü ərzində  “Yeni əsrin müqaviləsi” adlandırılan neft layihəsi çərçivəsində də bir sıra uğurlara imza atıblar. İlin əvvəlindən “Azəri-Mərkəzi-Şərqi” (ACE) layihəsi üzrə nəzərdə tutulmuş tikinti-quraşdırma işləri qrafik əsasında davam etdirilib. Hesabat dövründə ACE platformasının dayaq bloku inşa olunduğu Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundan dənizə yola salınaraq suyun 137 metr dərinliyində öz daimi yerinə quraşdırılıb. Qurğu martın 16-da  dənizə yola salınanadək istismar sınaqları vasitəsilə tam yoxlanılıb.

Adıçəkilən platformasının üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri isə Bibiheybətdəki tikinti-quraşdırma sahəsində davam etdirilib. Xatırladaq ki, aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev üst modulların inşa edildiyi sahəyə baş çəkərək tikintisi artıq başa çatmış qurğunun dənizə yola salınmazdan öncəki hazırlıq vəziyyəti ilə tanış olub.  

Cari ilin iyul ayınadək olan dövrdə üst modulların quruda aparılması planlaşdırılan əsas istismar sınaqları da uğurla başa çatdırılıb. Bu işlərə isə qazma qurğusunun işə salınması və sınaq əməliyyat işlərinin aparılması müddətinin bitməsi, inteqrasiya olunmuş qurğu sisteminin, bütövlükdə, əminlik sınaqları və sistemi dayandırarkən təzyiqin aşağı salınması əməliyyatının təhlükəsizlik sınağı daxil idi. Belə təhlükəsizlik sınağı ilk dəfə quruda, həm də azot qazından istifadə edilməklə icra olunub.  Əvvəllər isə belə sınaqlar yalnız dənizdə platforma işə salınarkən sistemə karbohidrogen vurmaqla keçirilirdi ki, ACE-də daha buna ehtiyac olmayacaq. Bütün bu işlər bitdikdən sonra üst modullar təhlükəsiz şəkildə lazımi hündürlüyə qaldırılaraq daşıma barjının üstünə rahat sürüşdürülmək məqsədilə yükləmə çərçivəsi qurğusunun üzərinə endirilib. Əsas istismar sınaqları bitdikdən sonra, avqust ayının 7-də ACE platformasının üst modulları inşa edildiyi Bayıl tikinti-quraşdırma sahəsindən dənizə yola salınıb. Üst modulların daşınması, sürüşdürmə üsulu ilə dayaq blokunun üzərinə yerləşdirilməsi, montajı və quraşdırılması işləri diqqətlə planlaşdırıldığından bu işlər təxminən iki günə uğurla tamamlanıb.

 Sonradan quraşdırma işləri dənizdə davam etdirilib. Həmin işlər çərçivəsində qazma qurğusunun dayaq blokunun üzərinə ilkin yerləşdirilməsi əməliyyatı tamamlanıb, istilik, ventilyasiya və havalandırma sistemlərinin, həmçinin yanğınsöndürmə nasosu, təmiz su təchizatı və çirkab suların emalı qurğuları istismara verilib. Bütövlükdə isə, üçüncü rübün sonunadək ACE layihəsi üzrə işlərin 94 faizi yekunlaşdırılıb. 2024-cü ilin əvvəlində ACE-dən hasilatın başlanması üçün tələb olunan bütün digər işlər və hazırlıqlar isə qrafikə uyğun olaraq davam etdirilir.

2023-cü ilin yanvar-sentyabr ayları ərzində “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan neft hasilatı sabit, təhlükəsiz və etibarlı şəkildə davam etdirilib. Hesabat dövründə AÇG-də, ümumilikdə, 136 neft hasilat quyusu, 45 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub. Bu ilin ötən dövründə istismarda olan 6 hasilat platforması vasitəsilə gündə orta hesabla 368  min barel və ya ümumilikdə, təxminən, 100 milyon barel, yəni 14 milyon ton neft çıxarılıb. Ümumi hasilatın 23 min  bareli “Çıraq”, 96 min bareli “Mərkəzi Azəri”, 89 min bareli “Qərbi Azəri”, 59 min bareli “Şərqi Azəri”, 67 min  bareli “Dərinsulu Günəşli” və 34 min bareli “Qərbi Çıraq” platformalarının payına düşüb.

AÇG-də neft hasilatının sabit saxlanılması məqsədilə konsorsium iştirakçıları tərəfindən qazma əməliyyatları da nəzərdə tutulmuş qrafikə uyğun davam etdirilib. Belə ki, cari ilin 9 ayı ərzində müqavilə sahəsində 6 neft hasilatı, 5 su və 1 qaz injektor quyusu tamamlanaraq istismara daxil edilib.

 “Əsrin müqaviləsi”nin şərtlərinə əsasən, “Azəri-Çıraq-Günəli” yataqlar blokundan xam neftlə bərabər çıxarılan səmt qazı təmənnasız olaraq Azərbaycan hökumətinə təhvil verilir. Bu ilin üç rübü ərzində Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 5,5 milyon kubmetr, ümumilikdə, isə 1,5 milyard kubmetr səmt qazı Azərbaycanın qazpaylayıcı sisteminə ötürülüb. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

2023-cü ilin yanvar-sentyabr aylarında AÇG və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etdirilib. İlin ötən 9 ayında terminaldan 172 milyon bareldən çox neft və kondensat ixrac olunub.

Xam nefti dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri, əvvəlki dövrlərdə olduğu kimi, cari ilin yanvar-sentyabr aylarında da fəaliyyətini uğurla davam etdirib. “BP-Azərbaycan” şirkətinin 2023-cü ilin 9 ayının nəticələrinə dair hesabatına əsasən, konsorsium iştirakçıları tərəfindən BTC üzrə əməliyyat tədbirlərinə 86 milyon dollar, əsaslı məsrəflərinə isə 25 milyon dollar xərclənib.

Hesabat dövründə BTC vasitəsilə ixrac olunmuş təqribən 23 milyon ton xam neft və kondensat Ceyhan terminalında 238 tankerə yüklənərək dünya bazarlarına yola salınıb. Bütövlükdə isə, 2006-cı ilin iyun ayında istismara verilmiş 1768 kilometr uzunluğunda olan BTC kəməri ilə  2023-cü ilin sentyabr ayının sonunadək, təqribən, 554 milyon tondan çox (4,2 milyard barel) xam neft nəql edilib. Həmin neft həcmləri Ceyhanda 5 min 482 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Yeri gəlmişkən, bu il yanvar ayının 18-də BTC vasitəsilə 4 milyard barel neft ixracına nail olunması əlamətdar bir uğur kimi qeyd edilib.

Hazırda BTC əsas ixrac boru kəməri, əsasən, Azərbaycandan AÇG nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, adıçəkilən kəmər vasitəsilə Qazaxıstan və Türkmənistana məxsus xam neft və kondensat həcmləri də nəql olunur.

Mirbağır YAQUBZADƏ

XQ




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

İqtisadiyyat