- Daxili siyasət
- 09:43 19.09.2024
Naxçıvan Muxtar Respublikasında son dövrlər meyvəçilik, tərəvəzçilik və üzümçülük üzrə innovativ texnologiyaya əsaslanan yeni fabrik, həmçinin emal müəsisələrinin yaradılması, müxtəlif çeşidli konservləşdirilmiş məhsulların istehsalının artırılması və ixrac məhsullarının genişləndirilməsi, üzümçülük üzrə sənaye miqyasında qurudulmuş üzüm məhsulları, səbzə mövüc, kişmiş və şirə istehsalının genişləndirilməsinə diqqət artmaqdadır.
Bölgədə üzümçülüyün geniş perspektivləri var. Üzüm sortlarının zəngin genefondu həm daxili bazar, həm də ixrac üçün süfrə üzümünün yetişdirilməsinə və yüksək keyfiyyətli şərabçılıq sənayesinin inkişafına geniş imkanlar açır. Meyvəçiliyin, tərəvəzçiliyin və üzümçülüyün genişləndirilməsində istehsalçı-alıcı-satıcı şəbəkəsinin təşkil olunması, istehsal olunan məhsulların şəhər və kəndlərdə, xırda və iri ticarət şəbəkələrində pərakəndə satışlarının təşkilində dövlət dəstəyinin göstərilməsi daha çox faydalı olar. Eyni zamanda meyvə, tərəvəz və üzüm məhsullarının xarab olmaması məqsədilə mövcud 30-dan çox saxlama kamerasının imkanlarından geniş istifadə imkanları yaradılmalıdır.
Əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsində kartof və dib soğan istehsalı strateji əhəmiyyət kəsb edir. Yaxşı haldır ki, son illərdə bu sahədə əhəmiyyətli irəliləyiş müşahidə olunur. 2022-ci ildə 3 min 481 hektar sahədə kartof əkini aparılıb, sahələrdən 54 min 998 ton məhsul yığılıb. Ötən il muxtar respublika üzrə 88 min 34 ton tərəvəz istehsal olunub.
Bölgədə strateji əhəmiyyət daşıyan taxıl məhsullarının istehsalının artırılmasına daha çox diqqət yetirilməlidir. Hazırda Naxçıvanda ümumi əkin sahəsinə görə, dənli və paxlalı bitkilər 35 min 792 hektar təşkil edir. Muxtar respublika ərazisinin təbii torpaq-iqlim şəraiti yüksək məhsuldar və keyfiyyətli taxıl sortlarının əkilməsinə imkan verir.
Qeyd edək ki, son illərdə bölgədə 32 min 721 hektardan çox sahədə taxıl əkilib, zəmilərdən 103 min 372 tondan artıq məhsul tədarük edilib. Ancaq bu taxılın əksəriyyəti yemçiliyə yararlı olub. Toplanılan məhsulun 70 min tona qədərini buğda təşkil edib. Ona görə də fermerlər tərəfindən tətbiqyönümlü “Mirbəşir-50”, “Qaraqılçıq-2”, “Tərtər”, “Vüqar”, “Şiraslan-23”, “Tərtər-2”, “Yaqut”, “Bərəkətli-95”, “Turan”, “Əlincə-84”, “Qırmızı gül-1”, “Qobustan”, “Ləyaqətli”, “Murov-1” və digər rayonlaşdırılmış perspektivli standart bərk və yumşaq buğda sortlarından tədatük edilən məhsuldan çörək bişirilməsində istifadə olunmasının təşkili strateji baxımdan mühüm əhəmiyyət daşıyır.
Bölgədə paxlalı bitkilərin ümumi əkin sahəsi 970 hektardan çoxdur. Muxtar respublikanın dağlıq, dağətəyi, düzənlik coğrafi ərazilərində paxlalı bitkilərin (noxud, lobya, soya və digər) becərilməsi üçün fermer, ailə təsərrüfatlarına hər cür dövlət dəstəyinin göstərilməsi, təbii şəraitə uyğun sort tərkibinin müəyyənləşdirilərək əkilməsi, bu işdə yüksək məhsuldar sortlardan istifadə olunması, istehsal edilən rəqabətədavamlı məhsulun bazarlarda satışında rast gəlinən maneələrin aradan qaldırılması həllini gözləyən problemlərdən biridir. 2022-ci ildə Naxçıvanda paxlalı bitklərin istehsalı 6 min 589 ton təşkil edib.
Bostançılığın genişləndirilməsi bölgədə prioritet məsələlərdən biridir. Bu sahənin genişləndirilməsinə, nəzarətinə yüksək ixtisaslı mütəxəssislər cəlb edilməli, ekoloji təmiz qarpız, qovun, xiyar və digər məhsulların istehsalına nail olunmalıdır.
Muxtar respublikada suvarma suyuna tələbat ildən-ilə artmaqdadır. Bölgədə irili-xırdalı çoxsaylı çaylar mövcuddur. Həmin çayların üzərində müxtəlif həcmli sututarların yaradılması əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsində mühüm rol oynaya bilər. Bu gün Culfa rayonunun Qazançı kəndində Əlincə çayı üzərində strateji əhəmiyyətli su anbarının tikilməsi öz həllini gözləyir.
Qeyd edək ki, muxtar respublika florasında mövcud olan müxtəlif çeşidli müalicəvi və qida əhəmiyyətli yabanı tərəvəz bitki növləri, meyvə, giləmeyvə və digər faydalı bitkilərdən səmərə əldə edilməsi məqsədilə ixtisaslaşdırılmış tədarük məntəqələrinin yaradılması, yığılmış məhsulların satın alınması, daxili və xarici bazarlara çıxarılması üçün dövlət dəstəyi əsasında müvafiq özəl fermer təsərrüfatlarının təşkilinə də böyük ehtiyac duyulur.
Bölgədə heyvandarlığın, quşçuluğun genişləndirilməsi əhalinin ət məhsullarına olan ehtiyaclarının dolğun ödənilməsi üçün yemçilik üzrə (arpa, yemlik taxıl, tritikale, yonca və s.) fermer və ailə təsərrüfatlarının genişləndirilməsinə, həmçinin arıcılıq üzrə ailə təsərrüfatlarının artırılmasına, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına tələbat da ildən-ilə artmaqdadır.
Bölgədə qədim ənənələrə malik olan baramaçılığın yenidən inkişaf etdirilməsi bu sahə üzrə ixtisaslasdırılmış ailə və fermer təsərrüfatlarının dövlət dəstəyi əsasında təşkil edilməsi, həmçinin tut ipəkqurdunun yemlənməsi və yüksək keyfiyyətli barama məhsulunun əldə olunması üçün Azərbaycanda geniş istifadə olunan “Xanlar-tut”, “Zərif-tut” və başqa seleksiya sortlarının, o cümlədən yemləmə məqsədilə digər tut sortlarının xaricdən alınıb gətirilməsi yüksək barama məhsulunun əldə olunmasına şərait yaradar. Nəticədə, Ordubad ipəkçilik fabrikinin işə salması reallığa çevrilər və yeni iş yerləri açılar.
Son vaxtlar muxtar respublikada əhalinin sağlamlığının qorunması üçün mühüm dövlət tədbirləri həyata keçirilir. Ancaq bölgədə müxtəlif çeşidli meyvə, tərəvəz, üzüm, bostan bitkiləri və digər məhsulların yetişdirilməsində dövlət nəzarətindən kənar, ayrı-ayrı şəxslər tərəfindən pestisid, funqisid, herbisid, həmçinin digər tərkibli kimyəvi dərmanlar bölgəyə gətirilərək pərakəndə satışı təşkil olunur. Həmin vasitələrdən heç bir fitosanitar və zoosanitar qaydalara riayət olunmadan, mütəxəssis rəyi nəzərə alınmadan kortəbii şəkildə mübarizə məqsədilə tistifadə edilir. Nəticədə, bu və ya digər dərəcədə kimyəvi maddələrlə zəhərlənmiş məhsullar satışa çıxarılır. Belə zəhərlənmə hadisələri, demək olar ki, hər ilin meyvə, tərəvəz mövsümü dövründə baş verir. Bu halların qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi müvafiq tədbirlər görməlidir.
Beləliklə, qeyd edmək lazımdır ki, muxtar respublikanın aqrar sektorunda mövcud olan bu və ya digər problemlərin həll olunması məqsədyönlü həyata keçirilərsə, yeni yaradılan elm müəssisələrində kadr siyasəti düzgün və obyektiv aparılarsa, elmi əsaslarla genişlənən aqrar sektor ən qısa zamanda özünü tam təmin edən və ərzaq təhlükəsizliyinə real töhfələr verən bir sahəyə çevrilə bilər.
Varis QULİYEV,
Naxçıvan Bioresurslar İnstitutunun dosenti