- Daxili siyasət
- 09:43 19.09.2024
Bakıda keçirilən “Xəzər İnşaat Həftəsi”ndə energetika nazirinin müavini Elnur Soltanov “yaşıl enerji” layihələrinin ölkə Prezidentinin imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində hazırlanan 5 illik Tədbirlər Planı əsasında həyata keçirildiyini bildirib.
Nazir müavini, həmçinin bu istiqamətdə BP və digər şirkətlərlə birgə fəaliyyətin uğurla davam etdirildiyini, Azərbaycanı “yaşıl enerji” zonasına çevirmək öhdəliyinin yüksək səviyyədə həyata keçirildiyini və Qarabağın “yaşıl enerji” potensialının zənginliyini diqqətə çatdırıb. Elnur Soltanov, eyni zamanda, Qarabağda bu istiqamətdə gerçəkləşdiriləcək tədbirlər planının Yaponiyanın “Tepsko” şirkəti ilə birgə hazırlandığını da vurğulayıb.
“Xəzər İnşaat Həftəsi”ndə Qarabağda icra edilən enerji layihələri ilə bağlı söhbət açılarkən bir neçə məqama da toxunulub. Bildirilib ki, işğaldan azad edilən ərazilərdə ilk 110 kilovoltluq yarımstansiyalardan biri Şuşada tikilərək istismara verilib. Xankəndi də artıq məhz həmin stansiyadan qidalanmağa başlayıb.
Qeyd edək ki, Qarabağda “yaşıl enerji” zonası planı hazırlanarkən təbii qazdan minimum istifadə konsepti üzərində işlənilib. Yekunda tamamilə qazsız versiyaya üstünlük verilib. Lakin müəyyən obyektiv səbəblərə görə, məhdud ölçüdə mavi yanacaqdan da istifadə nəzərdə tutulub. Amma Şuşanın ayrılıqda qazsız olmasına son anda qərar verilib və ilk mərkəzi isitmə sistemləri də orada qurulub.
Mütəxəsslərin bildirdiyinə görə, hazırda paylama şəbəkələri elektirk enerjisində ən çox itki olan sahədir. Belə bir amil nəzərə alınaraq Azərbaycanda ilk dəfə Şuşa şəhərində dünyada ən səmərəli paylama sistemlərindən sayılan 35 kilovoltluq gərginlikdən birbaşa 4-ə enən sistem qurulub.
Şuşada istilik mühafizə qaydalarına ciddi əməl olunur. Belə ki, yaşayış binalarında izolyasiyanın enerji itkilərində 50 faiz paya malik olması əhəmiyyətli məqam kimi diqqətdə saxlanılır. Bununla yanaşı, led işıqlardan istifadəyə daha çox üstünlük verilir. Binalaırn üzərində isə günəş panellərin qurulması həyata keçirilir. Bir sözlə, Şuşa ilə bağlı hazırlanan tədbirlər planında öz ifadəsini tapan bu məsələlərə hazırda xüsusi diqqət yetirilir. Amma şəhər ərazisinin kiçik olması bəzi planların digər yaşayış sahələrində reallaşdırılması ilə nəticələnir.
Azad edilmiş ərazilərdə “yaşıl enerji”nin realllaşdırılmasından söhbət açarkən xatırladaq ki, düşməndən təmizlənən bölgələrin enerji ilə təminatı məqsədilə qısa müddətdə 1157 kilometrdən artıq müxtəlif gərginlikli elektrik verilişi xətti çəkilib, 20 yarımstansiya, eləcə də ümumi gücü 75 MVt olan 13 stansiyanın bərpası yekunlaşdırılaraq istifadəyə verilib.
Hazırda isə 119 MVt gücündə 13 stansiyada tikinti işləri aparılır. Həmçinin Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları inşa olunub, 140 MVt gücündə su elektrik stansiyalarının tikilib istismara verilməsi üçün işlər davam etdirilir.
Məlum olduğu kimi, “yaşıl enerji” zonasının yaradılması ilə bağlı 2022-2026-cı illəri əhatə edən tədbirlər təkcə bərpaolunan enerjinin inkişafı ilə məhdudlaşmır, enerji keçidinin bütün komponentləri üzrə fəaliyyəti təşviq edir. Bu çərçivədə azad olunmuş ərazilərdə ümumi gücü 636 KVt olan Arximed qurğusu, 200-dən çox fərdi yaşayış evində günəş kollektoru, 170-dən çox binada günəş paneli, ictimai və sosial binalarda ümumi gücü 800 kVt-dan çox olan günəş enerjisi sistemləri, 2300-ə yaxın LED lampa ilə təchiz olunub və günəş enerjisi əsaslı, enerji səmərəli işıq dirəkləri, “ağıllı” dayancaqlar, elektrik doldurma məntəqələri quraşdırılıb.
Bütün bunlar davamlı proseslərdir və bütün səylər bu innovativ təcrübənin geniş tətbiqinə, azad edilən əraziləri enerji səmərəliliyində nümunəvi bölgəyə çevirməyə səfərbər olunub.
XQ