- Daxili siyasət
- 09:43 19.09.2024
BP şirkətinin ölkənin aparıcı kütləvi informasiya vasitələri üçün təşkil etdiyi ikigünlük mediaturun növbəti dayanacağı Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinin Yevlaxda yerləşən 2-ci nasos stansiyası oldu. Stansiyanın girişində media nümayəndələrinə təhlükəsizlik qaydaları ilə bağlı ətraflı məlumat verildi.
Sonra stansiyanın iş prinsipi, buradakı qurğu və obyektlər barədə geniş təqdimat oldu. Stansiyanın meneceri Rəşad Məmmədov əvvəlcə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri–Çıraq–Günəşli” yataqlar blokundan və “Şahdəniz” yatağından çıxarılan karbohidrogenləri dünya bazarlarına ixrac edən boru kəmərlərinin hər biri haqqında jurnalistlərə qısa məlumat verdi. Qeyd olundu ki, 1999-cu ilin aprel ayında istismara verilmiş Qərb ixrac boru kəmərinin (Bakı–Supsa) uzunluğu 829 kilometr təşkil edir. 21 düymlük borularla çəkilmiş kəmərin 445 kilometri Azərbaycan ərazisindən keçir. Bakı–Supsa kəmərinin gündəlik ötürücülük gücü 106 min barel təşkil edir.
R. Məmmədov Azərbaycan neftini dünya bazarına daşıyan Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə bağlı mühüm xarakterik rəqəmləri media nümayəndələrinin diqqətinə çatdırdı. Bildirdi ki, ümumi uzunluğu 1768 kilometr olan bu kəmər 42, 46 və 34 düymlük borularla çəkilib. Kəmərin 443 kilometri Azərbaycan, 249 kilometri Gürcüstan, 1076 kilometri isə Türkiyə ərazisindən keçir. BTC-nin gündəlik ötürücülük gücü 1,2 milyon barel təşkil edir. Bununla belə, zərurət yaranacağı təqdirdə kəmərin nəqletmə gücünün artırılması da mümkündür. Hazırda BTC ilə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neftlə yanaşı, “Şahdəniz” yatağından çıxarılan kondensat ixrac olunur. Bundan əlavə, adıçəkilən kəmərlə Qazaxıstan və Türkmənistan nefti də nəql edilir.
Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən qaz isə Cənubi Qafqaz boru kəməri və Cənub Qaz Dəhlizinin seqmenti olan genişləndirilmiş Cənubi Qafqaz boru kəməri ilə Gürcüstan, Türkiyə və Avropaya çatdırılır. Kəmərin ümumi uzunluğu 1166,5 kilometr təşkil edir. Bu nəhəng qaz kəməri 42 və 48 düymlük borularla çəkilib. Qeyd olundu ki, 2006-cı ilin sonlarından “Şahdəniz” qazını Gürcüstan və Türkiyə bazarlarına daşıyan Cənubi Qafqaz boru kəmərinin uzunluğu 691 kilometrdir ki, bunun da 443 kilometri Azərbaycan ərazisindən keçir. 2014-cü ilin sentyabr ayında təməli qoyulan Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində adı çəkilən kəmər genişləndirilib və əlavə 475, 5 kilometr boru xətti çəkilib. Hazırda kəmərin gündəlik ötürücülük gücü 60,7 milyon kubmetr təşkil edir. Kəmər boyunca Gürcüstan və Türkiyə ərazilərində 2 təhvilvermə məntəqəsi yaradılıb.
Yeri gəlmişkən, son illər Avropanın enerji xəritəsinin xeyli zənginləşdirilməsinə imkan yaradan Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən sayılan Trans-Anadolu boru kəməri ilə 2018-ci ilin yayından etibarən Türkiyəyə “mavi yanacaq” nəql olunur. Mühüm enerji dəhlizinin son seqmeniti olan Trans-Adriatik boru kəməri isə 2020-ci ilin dekabr ayının son günlərindən başlayaraq Azərbaycan qazını Avropa bazarına çatdırır.
Media nümayəndələrinə məlumat verildi ki, 1768 kilometrlik Bakı–Tbilisi–Ceyhan boru kəmərinin müxtəlif relyef quruluşuna malik ərazilərdən keçməsi neftin təzyiqinə nəzarət olunmasını tələb edir. Bu məqsədlə Bakı yaxınlığındakı Səngəçal terminalından başlayaraq Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanınadək uzun bir məsafə qət edən Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri boyunca 8 nasos stansiyası inşa olunub. Həmin stansiyalardan 2-si Azərbaycan, 2-si Gürcüstan, 4-ü isə Türkiyə ərazilərində fəaliyyət göstərir. Boru kəmərinin ahəngdar işi məhz həmin stansiyalardan asılıdır. Belə ki, uzun məsafə qət etməli olan xam neft bu qurğularda, necə deyərlər, yenidən sürət yığaraq yoluna davam edir.
Layihə meneceri R. Məmmədov bildirdi ki, hazırda Bakı–Tbilisi–Ceyhan boru kəmərinin iki opreatoru var. Səngəçal terminalından Türkiyənin Ceyhan limanınadək olan geniş bir ərazidə boru kəmərinə nəzarəti SOCAR həyata keçirir. Kəmər boyunca yerləşən bütün yerüstü qurğuların–nasos stansiyalarının operatoru isə BP şirkətidir. Hazırda BTC ilə sutka ərzində orta hesabla 620 min barel neft nəql olunduğunu diqqətə çatdıran layihə meneceri dedi ki, 2022-ci ildə kəmərlə ixrac olunmuş 30 milyon ton neft Ceyhan limanından 305 tanker vasitəsilə dünya bazarına yola salınıb. Ümumilikdə isə, 2006-cı ilin iyun ayından indiyədək BTC neft kəməri ilə, təqribən, 552 milyon tondan artıq neft nəql olunub.
Ötən müddətdə neftin ahəngdar və sabit rejimdə nəqlinin təmin olunmasında BTC-nin digər vacib qurğuları kimi Yevlaxda yerləşən 2-ci nasos stansiyası da mühüm rol oynayıb. Bu barədə media nümayəndələrinə ətraflı məlumat verən R. Məmmədov qeyd etdi ki, hazırda stansiyanın ərazisində 4 neftvurma qurğusu mövcuddur. Onların 3-ü gündəlik ahəngdar rejimdə fəaliyyət göstərir. Dördüncü qurğu isə ehtiyat kimi saxlanılır. Onun sözlərinə görə, 3 qurğu birlikdə gündə 1 milyon barelədək neft aşırmaq gücünə malikdir. Hazırda isə həmin qurğularla gündə orta hesabla 620 min barel neft ötürülür. Sahə menecerinin dediyinə görə, nasos stansiyasının turbinləri Cənubi Qafqaz boru kəməri vasitəsilə nəql olunan “Şahdəniz” qazının hesabına işləyir. Belə ki, Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri ilə eyni dəhlizdən keçən Cənubi Qafqaz boru kəmərindən götürülən qazın təzyiqi azaldılaraq turbinlərə ötürülür. Bunun üçün 2 milyon kubmetr qaz tələb olunur. Həmin qazın ödənişi isə BTC şirkəti tərəfindən həyata keçirilir.
Yevlax nasos stansiyanın enerji təchizatı heç bir kənar infrastrukturdan asılı deyil. Bu barədə məlumat verən layihə menecerinin sözlərinə görə, obyektin elektrik enerjisi ilə dayanıqlı təchizatı üçün ərazidə yarımstansiya və 3 generator quraşdırılıb. Hər birinin gücü 1,2 meqavat təşkil edən həmin generatorlar dizel yanacağı ilə işləyir. Bundan əlavə, stansiyanın ərazisində yanğın təhlükəsizliyi məqsədilə 2 nəhəng su çəni quraşdırılıb.
Məlumat verildi ki, Bakı–Tbilisi–Ceyhan boru kəmərinin ahəngdar işini təmin etmək məqsədilə stansiyanın ərazisində ərsinləmə əməliyyatı aparan sahə fəaliyyət göstərir. Bundan da məqsəd boruların içərisində formalaşmış tullantıların təmizlənməsindən ibarətdir. Son dərəcə dəqiqlik tələb edən bu əməliyyat mühəndislərin müəyyənləşdirdikləri qrafik əsasında həyata keçirilir. Buna da, adətən, ildə bir dəfə zərurət yaranır.
Qeyd edək ki, son illər BP və tərəfdaşlarının birgə reallaşdırdıqları dünya səviyyəli neft-qaz layihələrində yerli mütəxəsisslər üçün geniş imkanlar yaradılıb. Təsadügi deyil ki, hazırda BP şirkətində çalışan peşəkar mütəxəssislərin və rəhbər heyətində təmsil olunan şəxslərin 90 faizindən çoxu yerli kadrlardır. BTC-nin Yevlaxda yerləşən 2-ci nasos stansiyasında çalışanların da, demək olar ki, hamısı yerli mütəxəssislərdir. Ümumilikdə isə, stansiyada növbə ərzində 55 nəfər çalışır ki, bunun da 35 faizi BP-nin öz işçiləri, qalanları isə podratçı şirkətlərin nümayəndələridir.
Mirbağır YAQUBZADƏ