USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

​​​​​​​Azərbaycan və Tükiyə enerji sektorunda da bir-birinin yanındadır


https://img.baki-baku.az/news/2023/10/photo_8840.jpg

Azərbaycan və Türkiyə  iqtisadiyyatın bütün sahələrində, xüsusən də energetika sahəsində uzun illərdir, uğurlu və səmərəli əməkdaşlıq edirlər. Hazırda hər iki ölkədə əlverişli biznes mühiti hökm sürür, investisiyaların təşviqi və qorunması ən yüksək səviyyədədir. Məhz bunun nəticəsidir ki, Azərbaycan və Türkiyə şirkətləri qarşılıqlı olaraq ölkələrimizin iqtisadi həyatında uğurla fəaliyyət göstərirlər.

Yeri gəlmişkən, bu ilin iyul ayında Türkiyədə Azərbaycan kapitallı ilə 151 şirkət qeydiyyata alınıb. Ümumilikdə isə, ötən müddətdə Türkiyədə 2 minə yaxın Azərbaycan şirkəti qeydiyyatdan keçib. Həmin şirkətlər indiyədək qardaş ölkəyə 20 milyard dollardan çox sərmayə yönəldiblər.

Türkiyə şirkətləri də Azərbaycanda yaradılmış əlverişli biznes mühitindən yararlanaraq müxtəlif sahələrə, o cümlədən iqtisadiyyata investisiya qoyuluşunda həvəslə çalışırlar. Təkcə onu qeyd etmək kifayətdir ki, hazırda ölkəmizdə Türkiyədən olan 4 mindən artıq biznes subyekti fəaliyyət göstərir. Qardaş ölkənin şirkətləri tərəfindən ötən müddətdə, ümumilikdə, dəyəri 16 milyard dollardan çox olan 400-dən artıq layihə həyata keçirilib.

Ölkələrimiz arasında iqtisadi əlaqələrin ilbəil genişlənməsi illik ticarət dövriyyəsinin də artmasına səbəb olub. Belə ki, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanla Türkiyə arasında 4 milyard 747 milyon 195 min dollarlıq ticarət əməliyyatları həyata keçirilib ki, bunun da 1 milyard 323 milyon 60,2 min dolları idxalın, 3 milyard 423 milyon 59,3 min dolları isə ixracın payına düşüb. Yaxın gələcəkdə isə ölkələrimiz arasında illik ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması nəzərdə tutulur.  Bu hədəfə çatmaq isə tam real görünür.

Hazırda Azərbaycan və Türkiyə regionun ən uğurlu və etibarlı enerji tərəfdaşları kimi kimi tanınırlar. Enerji sektorunda əməkdaşlıq iki ölkə arasında iqtisadi əlaqələrin mühüm qolunu təşkil edir. Elə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəflə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar arasında oktyabrın 6-da İstanbulda keçirilən görüş zamanı da ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın inkişafı ətraflı müzakirə edilib.

Görüşdə nazir Mikayıl Cabbarov Azərbaycan və Türkiyə arasında səmərəli enerji tərəfdaşlığının, birgə reallaşdırılan layihələrin regional inkişafa, sabitliyə, təhlükəsizliyə və ölkələrimizin strateji maraqlarının təmin olunmasına xidmət etdiyini vurğulayıb. Qeyd olunub ki, hazırda enerji təhlükəsizliyi dünyada əsas çağırışlardan birinə çevrilib, ölkələrimiz arasında bu sahədə, xüsusilə bərpaolunan enerji üzrə əməkdaşlıq imkanlarının reallaşdırılması qarşılıqlı faydalı əməkdaşlıqda mühüm istiqmətlərdəndir.

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar isə ölkələrimizin iştirakı ilə həyata keçirilən genişmiqyaslı enerji layihələrinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi əhəmiyyət kəsb etdiyini bildirib, enerji tərəfdaşlığının yeni qlobal trendlərə uyğun şəkildə inkişaf etdirilməsi barədə fikirlərini bölüşüb.

Görüşdə, həmçinin ölkələrimizin uğurlu iqtisadi tərəfdaşlığı, enerji və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Azərbaycanla Türkiyə arasında enerji tərəfdaşlığının əsası isə ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmiz tarixi müstəqilliyini əldə etdikdən sonra qoyulub. Həmin vaxt əbədi müstəqilliyinə qovuşan gənc Azərbaycan dövləti qardaş Türkiyənin timsalında özünün ən yaxın və etibarlı tərəfdaşını tapıb. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının təməl daşı olan “Əsrin müqaviləsi”ndə Tükiyənin TPAO şirkəti də yer alıb. Adı çəkilən şirkət sonralar Azərbaycanda həyata keçirilən bir sıra digər qlobal enerji layihələrinin də əsas iştirakçılarından birinə çevrilib.

Bununla yanaşı, Azərbaycan özünün karbohidrogen ehtiyatlarının Avropa və dünya bazarlarına çıxarılmasında əsas marşrut kimi məhz qardaş Türkiyənin ərazisini seçib. Məlum olduğu kimi, artıq 17 ildən çoxdur ki, Azərbaycanın xarici şirkətlərlə əməkdaşlığı çərçivəsində “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda hasil edilən xam neft Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə dünya bazarına çıxarılır. Ötən müddətdə sözügedən kəmərlə Türkiyənin Ceyhan limanına, təqribən, 555 milyon ton neft ixrac olunub. Burada isə neft tankerlərə yüklənərək müştərilərə çatdırılıb. Göründüyü kimi, Azərbaycan–Türkiyə enerji əməkdaşlığının uğurlu nəticəsi olan Bakı-Tbilisi-Ceyhan layihəsindən bu gün digər ölkələr də faydalanırlar.

2007-ci ildə Azərbaycan və Türkiyənin iştirakı ilə daha bir ixrac marşrutu–Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara buraxılıb. İlk illərdə bu kəmərlə “Şahdəniz”dən çıxarılan “mavi yanacaq” Türkiyə sərhədini keçsə də, sonradan bu yataqda hasilatın xeyli artması ilə əlaqədar daha geniş imkanlara malik boru kəmərinin çəkilməsi lazım gəlib. Beləliklə, Azərbaycan qazının Türkiyəyə və oradan da Avropanın dərnliklərinə gedib çatması üçün Cənub Qaz Dəhlizi və onun əsas seqmentləri sayılan Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərləri sistemi yaradılıb. Artıq 5 ildən çoxdur ki, TANAP vasitəsilə “Şahdəniz” qazı Türkiyəyə nəql olunur. Avropanın enerji xəritəsini zənginləşdirən TAP kəməri isə 2020-ci ilin dekabr ayından etibarən Azərbaycan qazını “köhnə qitə”dəki tərəfdaşlarımıza çatdırır.

Ötən müddətdə Azərbaycanın Türkiyənin energetika sektoruna yönəltdiyi sərmayə də iqtisadi münasibətlərin, o cümlədən enerji sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfələr verib. Təkcə onu qeyd etmək kifayətdir ki, 2006-cı ildə təsis edilən “SOCAR Türkiyə” şirkəti son 15 ildə qardaş ölkənin iqtisadiyyatına 18 milyard ABŞ dolları məbləğində investisiya yatırıb. “Petkim” neft-kimya kompleksi və STAR Neft Emalı Zavodu SOCAR-ın Türkiyədə reallaşdırdığı dünya səviyyəli layihələrdir.

Yaxın gələcəkdə isə ölkələrimiz “yaşıl enerji” sahəsində də fəal əməkdaşlıq edəcəklər. Bu il sentyabrın 25-də Azərbaycan­–Türkiyə sənədlərinin imzalanması mərasimindən sonra Prezident İlham Əliyevin mətbuata bəyanatında Naxçıvanın “yaşıl enerji” zonasına çevriləcəyini bildirərək gələcəkdə buradan qardaş ölkəyə ən azı 1000 meqavat həcmində təmiz enerji ixracının mümkünlüyü ilə bağlı səsləndirdiyi fikirlər də bunu tam təsdiq edir.

Azərbaycanla Türkiyə arasında enerji sektorunda əməkdaşlığın daha da genişlənəcəyinə böyük əminlik var. Sentyabrın 25-də Naxçıvanda keçirilmiş Azərbaycan–Türkiyə III Enerji Forumu və “Naxçıvan–Yaşıl Enerji Zonası” beynəlxalq konfransında səsləndirilmiş fikirlər, imzalanmış sənədlər də bunu sübut edir.

Mirbağır YAQUBZADƏ




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

İqtisadiyyat