USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Enerji növlərinə qlobal tələbat artır

Neft isə üstün mövqeyini qoruyub saxlayacaq


https://img.baki-baku.az/news/2023/10/photo_8797.jpg

2045-ci ilədək dünyada bütün növ enerji növlərinə qlobal tələbatın 25 faiz artacağı proqnozlaşdırılır. Bunu Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays deyib.

“Emirates” informasiya agentliyinin bununla bağlı yaydığı məlumatda qeyd olunur ki, OPEC rəhbəri jurnalistlərə müsahibəsində əsrimizin ortalarına qədər qlobal enerji tələbatının hazırkı səviyyədən 25 faiz daha çox olacağının proqnozlaşdırıldığını bildirib. Bu da dünya əhalisinin həmin dövrədək, təxminən, 1,6 milyard nəfər artacağı ilə bağlıdır. “Bu onu göstərir ki, dünyanın gələcəkdə daha çox enerjiyə ehtiyacı olacaq. Heç bir enerji mənbəyi iqtisadiyyatın genişlənməsi və əhalinin artması fonunda dünyanın getdikcə artan ehtiyaclarını ödəyə bilməz. Buna görə də OPEC həm neftə, həm də bərpa olunan enerjiyə investisiyaları dəstəkləyir”, – deyə o əlavə edib.

Yeri gəlmişkən, OPEC-in baş katibi ötən ayın əvvəllərində verdiyi açıqlamada bugünkü neft tələbinin rekord həddə yaxınlaşdığını söyləmişdi. Yaxın vaxtlarda neft tələbinin gündəlik 110 milyon barelə qədər artacağını bildirən təşkilat rəhbərinin fikrincə, neft növbəti onilliklərdə qlobal enerji infrastrukturunun mühüm hissəsi olmaqda davam edəcək. Onun sözlərinə görə, bu amil son onilliklərdə neft dövrünün bitdiyinə dair bir çox iddialarla kəskin şəkildə ziddiyyət təşkil edir. “Həqiqətən də, müasir tələbat bütün zamanların ən yüksək səviyyəsinə yaxındır və 2023-cü və 2024-cü illərdə təxminən gündə 5 milyon barel artacaq”,– deyə o qeyd etmişdi.

Haysam Əl-Qays növbəti açıqlamasında, həmçinin bildirib ki, OPEC qarşıdan gələn Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasında (COP28) ilk dəfə olaraq təmiz enerji sisteminə keçid və karbon emissiyalarının azaldılması ilə bağlı fəaliyyətini, planlarını və dəstəyini nümayiş etdirmək üçün xüsusi pavilyon açacaq. Onun sözlərinə görə, bəzi uğursuzluqlara baxmayaraq, qlobal artım davam edir və rəhbərlik etdiyi qurum gələcək neft tələbatı ilə bağlı nikbindir. Qlobal iqtisadiyyatın müxtəlif mərhələlərdən keçdiyini diqqətə çatdıran baş katib OPEC-in gələn həftə yenilənmiş tələb proqnozlarını açıqlayacağını bildirib. O deyib ki, təşkilat, həmçinin dünyanı enerji ilə təmin etmək, habelə neft və bərpaolunan enerjiyə sərmayə qoymaq öhdəliyi götürür.

Haysam Əl-Qays onu da bildirib ki, bir sıra aparıcı ölkələr, xüsusən Birləşmiş ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt və bəzi Afrika dövlətləri neft sənayesində texnologiyadan uğurla istifadə ediblər. Həmin ölkələr karbontutma texnologiyalarına, yaşıl hidrogenə və dairəvi iqtisadiyyatlara sərmayə qoyub və istixana qazlarının emissiyalarını azaltmaq üçün səmərəli iş aparıblar.

Neft sənayesinin iqlim dəyişikliyi problemlərinin həllinə töhfə verməyə davam etməsinin vacibliyini vurğulayan baş katib Birləşmiş Ərəb Əmirliklərinin karbon emissiyalarının azaldılması və bərpaolunan enerjiyə sərmayə yatırmasında lider ölkə olduğunu qeyd edib.

Müsahibəsində OPEC-in üzvlük bazasının genişləndirilməsi ilə bağlı planlarından bəhs edən Haysam Əl-Qays son vaxtlar bir sıra ölkələrə, o cümlədən Azərbaycan, Meksika, Malayziya və Bruneyə səfər etdiyini, yaxın gələcəkd isə Rusiya və Braziliyaya səfər planının olduğunu bildirib. Onun dediyinə görə, həmin ölkələr əhəmiyyətli qlobal neft hasilatına və imkanlarına malikdirlər və OPEC onlarla dialoq və məsləhətləşmə siyasətinə inanır. “Ona görə də bizim qapılarımız qoşulmaq istəyən və OPEC-in nizamnaməsində göstərilən standartlara əməl edən hər bir ölkə üçün açıqdır”, – deyə o qeyd edib.

Neft İxrac Edən Ölkələr Təşkilatının Böyük Britaniya və Norveçlə, eləcə də Amerika qitəsindəki neft istehsalçıları, o cümlədən ABŞ və Kanada ilə müntəzəm danışıqlar apardığını vurğulayan baş katib deyib ki, neft bazarı bir-birinə bağlı olduğundan enerji təhlükəsizliyi və qiymət sabitliyinin təmin edilməsi hər kəsin məsuliyyətidir. Onun sözlərinə görə, bütün tərəflərlə dialoq üçün açıq qapı siyasətinə uyğun olaraq Hindistan, Çin və Avropa İttifaqı kimi əsas istehlakçılar da danışıqlar prosesinə cəlb olunur.

Yeri gəlmişkən, neft ixracı ilə məşğul olan ölkələrin vahid bir qurumda birləşməsi təşəbbüsü ilə ilk dəfə 1949-cu ildə Venesuela çıxış edib. Bundan 11 il sonra–1960-cı il sentyabr ayının 10-14-də Bağdadda keçirilən konfransda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) daim fəaliyyətdə olan qeyri-hökumət qurumu kimi yaradılıb. Təşkilatın yaradılmasında əsas məqsəd qlobal xam neft qiymətlərinin və neft hasilatı üzrə fəalliyyətlərin koordinasiyasının tənzimlənməsindən ibarət olub. OPEC-in ilk üzvləri isə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela olublar. Sonradan qurumun sıraları Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (1975-1994) və Anqolanın (2007)  hesabına bir qədər də genişlənib. OPEC-ə qoşulan sonuncu ölkə isə Ekvatorial Qvineya (2017) olub. Ekvador 1993-cü ildə ya OPEC-in üzvlük haqqını ödəyə bilmədiyindən, ya da təşkilatın qərara aldığı miqdardan daha çox neft istehsal etmək istədiyindən qurumu tərk edib. 2007-ci ildə isə İndoneziya təşkilatla vidalaşıb.

Bundan əlavə, Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, və Cənubi Sudan təşkilatla “OPEC plus” formatında sıx əməkdaşlıq edirlər. “OPEC plus” əməkdaşlığının əsas məqsədi isə dünya neft bazarında tələb və təklifin uzlaşmasına nail olmaqdır.

Hazırda 13 üzvü olan OPEC-in qərargahı 1965-ci ildən Avstriyanın paytaxtı Vyana şəhərində yerləşir. Hazırda neft ticarəti üzrə dünya bazarının, demək olar ki, yarısı OPEC-in nəzarəti altındadır. Bu səbəbdən də qurum dünya bazarında neft qiymətlərinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Son illər Azərbaycanın OPEC-lə əməkdaşlığı təşkilatın iclaslarında müşahidəçi statusunda iştirakı ilə xeyli genişlənib. Hazırda “Əməkdaşlıq Bəyannaməsi”nin iştirakçı ölkələrinin cari ilin avqust ayındakı kvotalarına nəzərən müəyyənləşdirilmiş öhdəlikləri sabit saxlanılır. Energetika Nazirliyinin məlumatına görə, 2023-cü ilin avqust ayında ölkəmizdə gündəlik neft (kondensatla birlikdə) hasilatı 620 min barel olub. Bunun da 498 min barelini xam neft, 122 min barelini isə kondensat təşkil edib. Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.

Göründüyü kimi, Azərbaycan OPEC qarşısında neft hasilatı ilə bağlı götürdüyü öhdəliyə sadiqliyini davam etdirməkdədir...

Mirbağır YAQUBZADƏ




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

İqtisadiyyat