USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

​​​​​​​Yunanıstan–Bolqarıstan İnterkonnektoru Azərbaycan qazını Avropaya çatdırır

Ötən 1 ildə bu kəmərlə köhnə qitəyə 3,3 milyard kubmetr  “mavi yanacaq” nəql edilib


https://img.baki-baku.az/news/2023/10/photo_8769.jpg

Azərbaycan təbii qazını Bolqarıstana çatdıran Yunanıstan–Bolqarıstan birləşdirici boru kəmərinin (IGB) layihə operatoru olan İCGB şirkətinin məlumatına görə, IGB vasitəsilə kommersiya əməliyyatlarına başlanılmasının ilk ilində 16,9 milyon MVt/saatdan çox qaz satılıb. Bu, boru kəmərinin illik ötürücülük gücündən 0,3 milyard kubmetr  çoxdur.

Şirkətin mediyaya açıqlamasında bildirilir ki, IGB infrastrukturu hesabına Yunanıstan–Bolqarıstan təbii qaz şəbəkələri ilk dəfə birləşdirilərək Trans–Adrikatik Qaz Boru Kəməri (TAP) və Cənub Qaz Dəhlizi (CQD) ilə birbaşa əlaqə əldə yaradılıb. Beləliklə, Cənub–Şərqi Avropa və Avropa bazarlarına tədarük üçün yeni marşrutlar açılıb.

IGB bu gün həm Qərbi Balkanlara və Şaquli Dəhlizin bir hissəsi olan Moldova və Ukraynaya “mavi yanacaq” ötürülməsini, həm də Bolqarıstana,  bütövlükdə isə regiona təhlükəsiz və şaxələndirilmiş təbii qaz tədarükü üçün yeni marşrutu gerçəkləşdirir.   

Xatırladaq ki, artıq bir sıra digər ölkələrdə də IGB hesabına TAP boru kəməri ilə daxili qaz şəbəkələrinin əlaqələndirilməsinə böyük maraq göstərilir. Bu da Azərbaycan qazının Avropanın dərinliklərinə qədər gedib çatmasını şərtləndirir. Bu baxımdan  interkonnektorun fəaliyyəti mühüm önəm daşıyır.   

IGB vasitəsilə tədarük edilən Azərbaycan təbii qazının həcmi Bolqarıstanın tələbatının təxminən 75 faizini ödəyir və bu ölkədə “mavi yanacaq”la bağlı münasib qiymətlərin formalaşmasında həlledici rol oynayır.

Xatırladaq ki, IGB, əsasən, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz–kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən təbii qazın Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgar­gaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr “mavi yanacağ”ın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 faizini ödəyə biləcək.

Qeyd edək ki, IGB ümumi uzunluğu 182 kilometrdir, vurğulandığı kimi, Bolqarıstan və Yunanıstanın qaz nəqli şəbəkələrini birləşdirir. Layihə 2011-ci ildə Bolqarıstanda qeydiyyatdan keçmiş Bolqarıstan–Yunanıstan “ICGB AD” investisiya şirkəti tərəfindən Bolqarıstanın Enerji Holdinqi və Yunanıstanın “IGI Poseidon” şirkətinin səhmdarları ilə birlikdə reallaşdırılır və hər biri 50 faiz paya malikdir.

İnterkonnektorun ümumi dəyəri 240 milyon avrodan çoxdur. Avropa Komissiyası 2010-cu ildə texniki-iqtisadi əsaslandırmalar üçün 45 milyon avro qrant yardımı və Bolqarıstanın həyata keçirdiyi proqram çərçivəsində 35 milyon avro məbləğində daha bir ödəniş ayırıb. Avropa İnvestisiya Bankı isə 110 milyon avro kredit verib.

IGB Azərbaycanın “Şahdəniz-2” yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdırmağı qarşıya mühüm vəzifə kimi qoyub. Bu məqsədlə Bolqarıstanın “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Boru xəttinin illik ötürmə gücünün 3 milyard kubmetr olması nəzərdə tutulub.   Perspektivdə bu göstəricinin ildə 5 milyard kubmetrədək artırılması planlaşdırılıb.    

Onu da qeyd edək ki, Azərbaycan qazının Avropaya nəqli 2020-ci ilin axırında CQD-nin sonuncu seqmentinin – TAP-ın işə düşməsi ilə başlayıb. Hazırda Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya Azərbaycan qazının alıcılarıdır. Göründüyü kimi, yeni çağırışlar qarşısında Azərbaycan qazına tələbat artır.

İGB-nin əməliyyat şirkəti olan ICGB-nin Bolqarıstan üzrə icraçı direktoru Teodora Georgieva və Yunanıstan üzrə icraçı direktoru George Satlas mediaya bildiriblər ki, birinci il ərzində IGB qaz təchizatında böyük fasilələr olmadan bütün gündəlik tələbləri yerinə yetirərək qüsursuz nəticələr əldə edib. Bu uğur adları çəkilən ölkələrin əməliyyat prosedurlarına əməl etməklə, eləcə də ICGB-nin peşəkarlardan ibarət xüsusi komandasının səyi ilə reallaşıb.  

Bildirilir ki, bu gün IGB-də  qeydiyyatdan keçmiş 39  istifadəçi fəaliyyət göstərir. Qaz kəmərinin texniki tutumu qeyd edildiyi kimi,  illik 3 milyard kubmetr təşkil edir. Tutumun böyük hissəsi artıq yeni “qaz ili” üçün ehtiyat saxlanır. Hazırda interkonnektor Bolqarıstanın daxili qaz istehlakının təxminən yarısını təmin edir. IGB-nin, eyni zamanda, tez bir zamanda təbii qazın Trans-Balkan Qaz Boru Kəməri vasitəsilə Moldova və Ukraynaya nəqlini dəstəkləyən əsas infrastruktura çevrilməsi də gözlənilir.

ICGB bu yaxınlarda İGB tutumunun illik 5 milyard kubmetrə qədər artırılması üçün bazar tələbinin qiymətləndirməsinə, həmçinin maliyyə mənbələrinin müəyyənləşdirilməsinə başlayıb. Beləliklə, həm Komotinidə, həm də Stara Zaqorada boru kəməri sisteminin genişləndirilməsi, eləcə də yeni ölçü avadanlığının quraşdırılması nəzərdə tutulub. Yeni infrastrukturun dəyərinin 5 milyon avro olması planlaşdırılıb.

Xatırladaq ki, IGB 2022-ci il oktyabrın əvvəlindən kommersiya istismarındadır, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağ”ın Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkətinin “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalaması da bunun ifadəsidir. Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir.

Mirbağır YAQUBZADƏ




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Mirbağır YAQUBZADƏ