USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

​​​​​​​Aqrar sığorta fermerləri ziyandan qoruyur

Bu il 8 milyon manatdan artıq zərər kompensasiyası  ödəniləcək


https://img.baki-baku.az/news/2023/10/photo_8735.jpg

Azərbaycanda aqrar sığorta mexanizmi tamamilə yeni sahə olsa da, onun tətbiqi kənd təsərrüfatına bir dinamizm, inkişaf gətirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatların tərkib hissəsi olan aqrar sığorta ötən müddətdə özünü fermerlərin və fərdi təsərrüfat sahiblərinin əsl dayağı, himayədarı kimi təqdim etməyi bacarıb. Bütövlükdə isə, bu mexanizmin işə düşməsi ötən müddətdə Azərbaycanda dövlət-özəl sektor tərəfdaşlığına mühüm töhfələr verib.

Xatırladaq ki, Azərbaycanda aqrar sığortanın tətbiqi Prezident İlham Əliyevin “Aqrar Sığorta Fondunun yaradılması barədə” 19 avqust 2019-cu il tarixli Fərmanı və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Belə ki, həmin sənədlər kənd təsərrüfatında risklərin sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. 

Dövlət başçısının imzaladığı məlum fərmana əsasən, ölkəmizdə aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, eləcə də idarəedici qurumun formalaşdırılmasını təmin edən və onun fəaliyyətinə nəzarəti həyata keçirən Aqrar Sığorta Fondu qeyri-kommersiya hüquqi şəxs yaradılıb. Aqrar sığorta mexanizminin tətbiqinin əsas məqsədi isə təsərrüfat sahiblərini və fermerləri gözlənilməz təbiət hadisələrindən müdafiə etmək üçün işlək bir mexanizmin yaradılmasından ibarətdir. Ötən müddətdə ölkə ərazisində baş verən leysan yağışları, sel-subasma da daxil olmaqla, demək olar ki, bütün təbii fəlakət riskləri–fırtına, sel, qasırğa, tufan, dolu və digər hadisələr sığorta təminatına daxil edilib. Ən çox sığortalanan əkinlər – buğda, arpa, pambıq, qarğıdalı, fındıq, şəkər çuğunduru, çəltik və üzüm sahələri, eləcə də meyvə bağlarıdır. Bütövlükdə isə, ötən dövrdə ölkəmizdə sığortalanan bitkilərin sayı 14-dən 41-ə çatdırılıb.

2020-ci ildə ölkə üzrə cəmi bir neçə müqavilə bağlandığı halda, cari ilin ötən dövründə  onların sayı 50 minə çatıb ki, bu da rekord göstəricidir. Bundan əlavə, həmin il  6-7 min manat sığorta haqqı yığılmışdırsa, bu il  birkiçilik sığortası üzrə toplanmış sığorta haqlarının 10 milyon manatı keçəcəyi gözlənilir. Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov jurnalistlərə bildirib ki, 2022-ci ildə fond tətəfindən 2,5 milyon manat sığorta ödənişi edildiyi halda, bu il həmin rəqəm minimum 2-3 dəfə artaraq 7-8 milyon manata çatacaq.

Bununla belə, ölkəmizdə sığorta ödənişlərinin daha artıq ola biləcəyini də ehtimal etmək mümkündür. Elə bu məsələni istisna etməyən fond rəhbəri də qeyd edib ki, cari ilin ötən dövründə bütün ölkə üzrə kifayət qədər qeyri-sabit hava şəraiti müşhaidə edilib və bu iri həcmli zərərlərə səbəb olub. Onun sözlərinə görə, sığortalanmalı ərazilərin sayı artdıqca zərərlə bağlı müraciətlər də çox olacaq. “Hər il fərqli nəticələrlə üzləşirik. Təkcə bu ilin aprel-may aylarında ölkədə baş vermiş sığorta hadisələrinin sayı, ümumilikdə, ötən il ərzində baş verənlərdən iki dəfə artıq olub”,–deyə o əlavə edib.

Aqrar Sığorta Fondunun məlumatına görə, cari ilin 9 ayında ölkə üzrə 420 min hektara yaxın əkin sahəsi sığortalanıb. Bu da əkinə yararlı ərazilərin 25 faizi deməkdir. Bunu isə cəmi 3 il əvvəl fəaliyyətə başlayan  bir sistem üçün uğurlu nəticə hesab etmək olar.

Məlum olduğu kimi, aqrar sığortanın bir istiqaməti də quraqlıqla bağlıdır. Qeyd edək ki, cari ilin ötən dövründə Azərbaycanda müşahidə olunan yağıntılı hava şəraitinə baxmayaraq, yay mövsümündə isti və quraq günlərin də sayı kifayət qədər çox olub. Göründüyü kimi, quraqlıq  kənd təsərrüfatı sahəsində ortaya çıxan əsas risklərdən biridir. Məhz bu səbəbdən də yaxın vaxtlarda ölkəmizdə bu riskin də sığorta xidmətlərinə daxil edilməsi gözlənilir. Bununla bağlı Aqrar Sığorta Fondu 2023-2025-ci illərdə Azərbaycanda pilot lahiyə olaraq quraqlıq sığortasına başlamaq niyyətindədir. Bu məqsədlə hazırda İsveçrə və Türkiyə ilə təcrübə mübadiləsi aparılır. Eyni zamanda, ölkədə yağıntıların qeyri-bərabər paylanması ilə əlaqədar indeks əsaslı quraqlıq sığortasının tətbiqi istiqamətində də araşdırmalar davam etdirilir.

Yeri gəlmişkən, Aqrar Sığorta Fondu  İdarə Heyətinin sədri Fuad Sadıqov  bu günlərdə jurnalistlərə verdiyi açıqlamada deyib ki, Azərbaycanda quraqlıq hadisəsi ilə bağlı sığorta fondun risklər siyahısına daxil edilə bilər. Quraqlıq sığortasının hazırda fondun qarşısında duran ən vacib vəzifələrdən biri kimi xarakterizə edən F. Sadıqov bildirib ki, Azərbaycan quraqlığa məruz qalacaq ölkələr siyahısında ilk onluqdadır. Onun sözlərinə görə, fond hazırda fermerlərə quraqlıqdan hansı formada təminat verə biləcəyi ilə bağlı təhlillər aparır.

Ümumilikdə isə, bu il ölkədə 200 min hektara yaxın əkin sahəsi quraqlığa məruz qalıb. Bunun zərərli bir sığorta təminatı olduğunu diqqətə çatdıran F. Sadıqov bildirib ki, hazırda fondun əsas vəzifələrdən biri də növbəti dövrdə bu xidməti fermerlərə təqdim etməkdir. Onun dediyinə görə, təkcə Türkiyə təcrübəsini götürsək, hər alınmış 100 manata görə 900 manat ödəniş edilib. “Öncədən bəllidir ki, toplanan sığorta haqları həmin ərazilər üzrə edilən ödənişlərdən dəfələrlə az olacaq. Bu, tariflərin dəyişməsinə səbəb olacaq. Çalışırıq sistemi elə genişləndirək ki, dayanıqlılıq təmin olunsun”,–deyə fond sədri əlavə edib.

Fuad Sadıqov hesab edir ki, quraqlıq təminatının verilməsi ilə şiddətli quraqlığa davamlı məruz qalan ərazilərdə tariflərin ikiqat artması mümkündür. Sözügedən sahədə dövlət dəstəyinin neçə faiz olmasının hazırda müzakirə mövzusu olduğunu bildirən fond rəhbəri deyib ki, bu rəqəmin 50 faiz deyil, 60-70 faiz olacağı da gözləniləndir.

Bir məqamı da qeyd edək ki, hazırda Azərbaycanın aqrar sığorta sahəsində qazandığı təcrübə bir sıra ölkələrin diqqətini cəlb edib. Məsələn, Türkiyənin Kənd Təsərrüfatı Sığortası Birliyinin İdarə Heyətinin sədri Osman Yıldız deyib ki, Azərbaycanda Türkiyənin aqrar sığorta modeli qurulub, təcrübə qazanılıb. Bu təcrübə, qarşıya çıxan çətinliklər, əldə edilən bilik sistemin daha səmərəli və gəlirli çalışmasına kömək edir. Azərbaycan bu sistem üçün önəmlidir. Onun sözlərinə görə, Türkiyənin aqrar sığorta modeli Azərbaycanda uğurla tətbiq edilə bilirsə, bu, Özbəkistanda da ola bilər. Osman Yıldız, həmçinin bildirib ki, Türkiyə və Azərbaycan birlikdə aqrar sığorta sistemini Özbəkistanda qurmaq üçün əlindən gələni əsirgəməyəcək.

Mirbağır YAQUBZADƏ




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Mirbağır YAQUBZADƏ