USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Yüksək xidmət–aşağı qiymət

Çağdaş taksi fəaliyyəti bu yöndə yeniləşirmi?


https://img.baki-baku.az/news/2023/10/photo_8690.jpg?v=MjAyMy0xMC0wMiAxNDo1MzozNA==

Oktyabrın 1-dən ölkə ərazisində taksi xidmətləri sahəsində bir sıra yeniliklərin tətbiqinə başlanılır. Yeniliklərdən biri taksi minik avtomobillərinin sürücülərinə dair yeni tələblərin qüvvəyə minməsi ilə bağlıdır. Bu məsələ “Avtomobil nəqliyyatı haqqında” qanuna edilən dəyişiklikdə öz əksini tapıb.

Xatırladaq ki, son illər taksi fəaliyyəti ilə məşğul olan bəzi sürücülərin sərnişinlərlə kobud rəftarı, xidmət zamanı yol verdikləri xoşagəlməz davranışlar cəmiyyətdə haqlı narazılıqlara gətirib çıxarırdı. Qanuna edilən dəyişikliklərə əsasən, indən belə taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Xüsusi hazırlığın nəticələrinə dair daşıyıcılarla və ya sürücülərlə bağlanmış müqavilə əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən aparılmış qiymətləndirməyə əsasən 7 il müddətində etibarlı olan sənəd veriləcək. Qiymətləndirmənin aparılmasına görə haqqın məbləği Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

Bu gündən “Avtomobil nəqliyyatı haqqında” qanuna edilən dəyişikliklərə əsasən ölkə ərazisində taksi minik avtomobilləri ilə sərnişin daşımalarına dair yeni tələblər də qüvvəyə minir. Yeni tələblərdə taksi sifarişi xidməti və taksometr anlayışları, eləcə də taksi sifarişi operatorları və onun vəzifələri geniş şərh edilir. Qeyd olunur ki, taksi sifarişi operatorları hər bir taksi sifarişi üzrə siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin etməlidirlər.

Taksi sifarişi operatoru tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və müvafiq buraxılış kartı olmayan daşıyıcıya və ya sürücüyə taksi sifarişi xidmətinin göstərilməsi qadağan ediləcək.Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqələri, o cümlədən taksi sifarişi operatorunun fəaliyyətinə icazə 7 il müddətinə veriləcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun tətbiqi ilə bağlı imzaladığı 18 avqust 2023-cü il tarixli fərmana əsasən, taksi xidmətləri göstərən avtomobillərlə sərnişin daşımalarına dair yeni tələblərin pozulmasına görə cərimələr 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

Yeni ayın ilk günündən etibarən ölkəmizdə taksi fəaliyyəti üçün yeni dövlət rüsumları tətbiq olunacaq. Bu məsələ “Dövlət rüsumu haqqında" qanuna edilən dəyişiklikdə əksini tapıb. Xatırladaq ki, indiyə qədər qüvvədə olan qanuna əsasən isə yalnız Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun tutulduğu hallar sırasında yer alıb. Bu gündən qüvvəyə minən qanuna əsasən isə, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri də müəyyənləşir.

Yeni rüsumların məbləğinə gəldikdə isə taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi 125 manat, bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi isə 25 manat müəyyən edilib. Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi 250 manata, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi 75 manata, taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi isə 3 min manata başa gələcək.

Mirbağır YAQUBZADƏ

 

Ekspert rəyi

Ərşad Hüseynov, nəqliyyat üzrə ekspert

Ötən əsrin 90-cı illərindən etibarən Azərbaycanda taksi fəaliyyəti sahəsində xaos hökm sürürdü. Bəzi hallarda hətta nəqliyyat müfəttişləri ilə taksi sürücüləri arasında dava-dalaş, bıçaqlanma ilə nəticələnən xoşagəlməz olayların da şahidi olurduq. Düzdür, ayrı-ayrı illərdə həmin xaotik vəziyyətin aradan qaldırılmasına müəyyən cəhdlər göstərilsə də, çox təəssüf ki, heç biri uğurlu olmadı.

Buna görə də bu sahədə qayda-qanun, nizam-intizam yaratmağa böyük ehtiyac var idi. Qanuna edilən dəyişikliklərin oktyabrın 1-dən qüvvəyə minməsi də bu sahədə növbəti bir cəhddir. Dəyişikliklərin əsas hədəfi taksi fəaliyyəti sahəsində nizam-intizam, xüsusən də nəzarət yaratmaqdır. Nəzarət yaratmaq isə aqreqatorlar vasitəsilə xüsusi portallar üzərindən həyata keçiriləcək. Yeri gəlmişkən, ilk dəfə olaraq qanunvericilikdə həmin aqreqatorların ümumi statusu, onların səlahiyyətləri, fəaliyyət istiqamətləri və fəaliyyətinin şərtləri müəyyən olunub.

Qanunvericilikdə taksi sifarişi operatoru anlayışından istifadə olunur, onların vəzifələri, necə icazə almaları izah edilir. Yəni opretorların icazə almaları üçün xüsusi proqramları olmalıdır. Həmin proqram isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə inteqrasiya olunmalıdır. Yəni agentlik görməlidir ki, onlar hansı sürücünü xidmətə qoşur, həmin şəxs neçə saat işləyir? Və yaxud sürücü taksi fəaliyyəti göstərmək üçün nəzərdə tutulmuş tələblərə uyğundurmu, sənədləri qaydasındadırmı və yaxud avtomobili hansı vəziyyətdədir?

Qanunvericilkdə taksi fəaliyyəti ilə bağlı əvvəlki tələblər bir az da konkretləşdirilib. Məsələn sürücülərin xüsusi təlim keçmələri ilə yanaşı, onlardan sağlamlıq arayışları tələb olunacaq. Eyni zamanda, sürücü “E” kateqoriyası üzrə ən azı ilkin təcrübəyə malik olmalı, yaşı isə 20-dən az olmamalıdır. Həmin tələblərə cavab verən hər kəs taksi fəaliyyəti göstərmək üçün iddialı ola bilər. Həmçinin taksi fəaliyyətinə cəlb edilmiş avtomobil də tələblərə uyğun olmalıdır. Bu sahədə bir sıra məsuliyyət tədbirləri nəzərdə tutulur ki, onların da tətbiqinə  yanvarın 1-dən başlanılacaq.

Yeri gəlmişkən, əsas məsələlərdən biri də taksi fəaliyyəti üçün icazə alınmasıdır. Belə ki, indiyədək, sadəcə, fərqlənmə nişanı almaq tələb olunurdusa, oktyabrın 1-dən taksi fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi şəxslərin buraxılış vərəqəsi almaları məcburi olacaq. Buraxılış vərəqəsi aldındıqdan sonra hər bir avtomobil üçün ayrıca buraxılış kartı veriləcək.

Taksi sifarişi operatorları da icazə almalıdırlar. Onlar üçün müvafiq rüsumlar da müəyyən edilib. İcazəsiz fəaliyyət göstərənlər üçün isə məsuliyyət nəzərdə tutulur. Bu da kifayət qədər sərt, cərimələrin məbləği olduqca yüksəkdir. Belə ki, taksi sifarişi operatoru fiziki şəxs olarsa, ilkin cəriməsi 10 min manat nəzərdə tutulub. Hüquqi şəxslər üçün isə cərimənin məbləği üç dəfə artıqdır. Sürücülər üçün cəza tədbirləri yumşaqdır. Məsələn sürücü icazə almadan taksi fəaliyyəti ilə məşğul olduğu təqdirdə 50 manat məbləğində cərimə olunacaq.

Yeri gəlmişkən, yeni tələblər  oktyabrın 1-dən qüvvəyə minsə də, cərimələr gələn il yanvarın 1-dən tətbiq olunacaq. Bu isə o deməkdir ki, qarşıdakı 3 ay ərzində bu fəaliyyətlə məşğul olmaq istəyən operatorlar və sürücülər öz fəaliyyətlərini qanunvericiliyə uyğunlaşdırmalıdırlar. Buna əməl etməyənlər isə fəaliyyətləri qanunsuz sayılmaqla yanvarın 1-dən cərimələrlə üzləşəcəklər.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Mirbağır YAQUBZADƏ