USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Bir kəmər, bir yol” layihəsi önəmli iqtisadi platformadır


https://img.baki-baku.az/news/2023/09/photo_8653.jpg

Pekində I Qlobal Dayanıqlı Nəqliyyat Forumu keçirilib. Çinin Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə “Dayanıqlı nəqliyyat: qlobal inkişafın təşviqi üçün birgə çalışaq” devizi altında keçirilən tədbirdə 50-dən çox dövlət rəsmisi, o cümlədən nazirlər, beynəlxalq və regional təşkilatların və iri şirkətlərin rəhbərləri iştirak ediblər. Tədbirdə Azərbaycanı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Forumun açılış mərasimində çıxış edənlər bildiriblər ki, nəqliyyat məsələsi dünya iqtisadiyyatının açarıdır. Bildirilib ki, nəqliyyat əlaqəsi olmadan heç bir iqtisadi əməkdaşlıqdan danışmaq mümkün deyil. Dayanıqlı nəqliyyat məsələsinin təkcə bir ölkəyə aid deyil, qlobal xarakter daşıdığı vurğulanıb. Avrasiyada mövcud nəqliyyat yollarının, o cümlədən “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığın iqtisadi münasibətlərin dərinləşməsinə, xüsusən də logistika, yəni yüklərin daşınması baxımından rolu qeyd edilib. Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınmasında Orta Dəhliz, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının, o cümlədən bu dəhlizlərin Azərbaycandan keçən seqmentlərinin imkanları vurğulanıb.

Plenar və panel iclaslarında qlobal əlaqələrin təşviqi, regional fərqlərin aradan qaldırılması, innovativ texnologiya və avadanlıqların mübadiləsi, ekoloji təmiz və aşağı karbonlu inkişafın təşviqi və nəqliyyat sektorunda tərəfdaşlığın gücləndirilməsi məsələləri ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Forum çərçivəsində, həmçinin 15-ci Beynəlxalq Nəqliyyat, Texnologiya və Avadanlıq Sərgisi də keçirilib.

Yeri gəlmişkən, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev forumun keçirildiyi günlərdə Pekində bir sıra görüşlər keçirib. Çinin nəqliyyat naziri Li Siaopenlə görüşdə iki ölkə arasında nəqliyyat və logistika sahələrində əlaqələrin möhkəmləndirilməsi məsələləri müzakirə olunub. Nazirlər “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Orta Dəhlizin inkişafına xüsusi önəm verildiyini qeyd ediblər. Tərəflər dəmir yolu və avtomobil daşımaları, kombinə edilmiş yük daşımaları və ictimai nəqliyyat istiqamətində potensial əməkdaşlıq, iki ölkə arasında mülki uçuşların tezliyi və uçuş şəbəkəsinin genişlənidirilməsi imkanlarını müzakirə edib, müvafiq işçi qrupunun yaradılması barədə fikir mübadiləsi aparıblar.

Beynəlxalq nəqliyyat formunun iştirakçısı olan Azərbaycan nümayəndə heyətinin başçısı Rəşad Nəbiyev ilə Çinin Dəmir Yolları Administrasiyasının rəhbərliyi arasında keçirilən görüşdə isə dəmir yolu sahəsində iki ölkə arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub. Görüş zamanı Çin ilə yük dövriyyəsinin artırılması və Orta Dəhlizin inkişafı istiqamətində ölkələr arasında əməkdaşlığın gücləndirilməsi üçün atılacaq konkret addımlar müəyyən edilib.

Yeri gəlmişkən, son illər Orta Dəhlizin əsas iştirakçılarından olan Mərkəzi Asiya ölkələri Azərbaycanla nəqliyyat-logistika sahəsində fəal əməkdaşlıq edirlər. Özbəkistan Prezidenti yanında fəaliyyət göstərən Regional və Strateji Araşdırmalar İnstitutunun rəhbəri Abror Fətullayev bu barədə yazdığı məqalədə qeyd edir ki, coğrafi xüsusiyyətləri nəzərə alan Azərbaycan və Özbəkistan nəqliyyat dəhlizlərini inkişaf etdirməyə çalışaraq Asiyadan Avropaya və əks istiqamətdə həyata keçirilən yükdaşımalarda tranzit rolunu oynamaq istəyirlər. Hər iki dövlətin planlaşdırdığı birgə nəqliyyat layihələri Orta Asiya və Qafqaz respublikalarının da tranzit potensialını artıracaq.

Özbəkistanın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə etmək imkanına malik olduğunu qeyd edən Abror Fətullayev bildirib ki, bu yol Özbəkistan mallarının dünya bazarına çıxmasını təmin edir. Onun sözlərinə görə, 2024-cü ildə Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyəti 5 milyon tona yüksələcək ki, bu da Özbəkistana daha çox yük ixrac etmək imkanı qazandıracaq. Bununla yanaşı, məqalədə o da qeyd olunub ki, Özbəkistan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə ticarət əlaqələrini genişləndirməyi planlaşdırır. Bildirilib ki, hazırda Özbəkistan Azərbaycanın dəstəyi və köməyi ilə Bakı Limanında yük terminalı tikmək üzərində iş aparır.

Mirbağır YAQUBZADƏ

Təbriz YADİGAROV,

ETN İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent

Əhalisinə və dinamik iqtisadiyyatına görə dünyanın diqqətini cəlb edən, beynəlxalq sistemin strukturuna təsir imkanına malik olan Çin “Bir kəmər, bir yol” təşəbbüsü ilə Avrasiya məkanında mövqeyini getdikcə gücləndirir.

Hazırda “Bir kəmər, bir yol” layihəsi bəşər tarixində ən iddialı iqtisadi inkişaf proqramlarından biri hesab olunur. Bu layihənin mühüm komponentlərindən biri Çinin Sincan əyalətini birləşdirəcək Çin–Mərkəzi Asiya–Qərbi Asiya iqtisadi dəhlizidir. Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, İran və Türkiyə vasitəsilə Aralıq dənizinə şıxış imkanları yarandığından qardaş Türkiyənin irəli sürdüyü “Transxəzər” təşəbbüsü konsepsiyası da bu istiqamətdə region ölkələrinin iqtisadiyyatında mühüm rol oynayır.

Çindən Türkiyəyə və buradan da Avropaya gedən 7 min kilometrlik ən qısa yol olan Orta Dəhliz region dövlətlərinin və supergüclərin mövqeyinə mühüm təsir imkanına malikdir. Bununla yanaşı, Zəngəzur Dəhlizi də Çin–Türkiyə və Çin–Azərbaycan münasibətlərinin perspektivləri baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki,  Zəngəzur Dəhlizi Orta Dəhlizin tərkib hissəsi olmaqla həm də Avropadan Asiyaya gedən beynəlxalq marşruta alternativ kimi çıxış edərək regionun inkişafına təkan verəcək bir nəqliyyat marşrutudur.

Dünyanın ticarət nəhəngi sayılan Çin bəşər tarixinin ən iddialı iqtisadi inkişaf proqramlarından biri hesab olunan “Bir kəmər, bir yol” layihəsi ilə Avrasiya məkanını inkişaf etmiş yollar, yüksək sürətli dəmir yolu xətləri, elektrik xətləri, limanlar, boru kəmərləri və digər zəruri infrastruktur vasitələri ilə birləşdirməyi hədəfləyir. 65 ölkəni əhatə edən bu layihə 4,4 milyard insanı və dünya ümumi daxili məhsulunun 40 faizini əhatə edir. Layihənin təsir dairəsi çox böyük olduğundan  beynəlxalq ictimaiyyətin də rəğbətini qazanıb. Xatırladaq ki, “Kəmər və Yol” layihələrinin dəyəri 1 trilyon ABŞ dollarından 8 trilyon ABŞ dollarına qədərdir. Dünya Bankının məlumatına görə, dəhliz boyunca yerləşən 70 ölkədə (Çin istisna olmaqla) “Kəmər və Yol” təşəbbüsü çərçivəsində investisiyalar 575 milyard dollar təşkil edir. Bura tamamlanmış, davam edən və ya planlaşdırılan layihələr daxil olmaqla bütün sektorlar üzrə tədbirlər daxildir.

“Bir kəmər, bir yol” layihəsinin beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Azərbaycan Respublikasının da dayanıqlı nəqliyyat məsələlərinin həllində mühüm rol oynayacağı şübhəsizdir. Yeri gəlmişkən, sentyabrın 25-də Pekində keçirilən Qlobal Dayanıqlı Nəqliyyat Forumunun açılış mərasimində də dayanıqlı nəqliyyat məsələsinin təkcə bir ölkəyə deyil, qlobal xarakterə malik olduğu vurğulanıb. Forumda qeyd edilib ki, Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınmasında Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun geniş potensial imkanları vardır.

 




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Mirbağır YAQUBZADƏ