USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bakı kosmik müzakirə orbitinə çıxır


https://img.baki-baku.az/news/2023/09/photo_8622.jpg

Gələn həftə Bakı şəhəri daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi edəcək. Oktyabrın 2-6-da paytaxtımızda keçiriləcək 74-cü  Beynəlxalq Astronavtika Konqresinə hazırlıq işləri tam başa çatdırılıb. Hazırlıq işləri Beynəlxalq Astronavtika Federasiyası tərəfindən yüksək qiymətləndirildiyindən qurumun icraçı direktoru Kristian Faytinger bir qədər əvvəl Bakının ev sahibliyi edəcəyi konqresin heyrətamiz hadisə olacağını bəyan etmişdi.

Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə keçiriləcək 74-cü konqres çərçivəsində konfranslar, 190-dan çox texniki sessiya və sərgilər təşkil olunacaq. Tədbirdə kosmik agentliklərin, dövlət sektorunun, investorlar və özəl kosmik şirkətlərin nümayəndələri, yerli və beynəlxalq media qurumlarının təmsilçiləri iştirak edəcəklər.

“Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda beynəlxalq konqres kosmik sənayenin gələcəyini formalaşdıran yeni ideyalar və qabaqcıl həllərlə bağlı fikir mübadiləsi üçün açıq platforma olacaq. Tədbir bütün qonaqlara və iştirakçılara kosmik sənayesinin inkişafının gücləndirilməsi, qlobal tendensiyalar, kosmos innovasiyaları sahəsində tərəfdaşlıq və əməkdaşlıq yollarını müzakirə etmək imkanı verəcək.

Mötəbər beynəlxalq tədbir ərəfəsində Beynəlxalq Astronavtika Federasiyasının partnyor təşkilatları tərəfindən paytaxtımızda kosmik sənayesinə dair bir sıra tədbir həyata keçirilir. Sentyabrın 28-də öz işinə başlayan 21-ci Kosmik Nəsil Konqresi də bu qəbildən olan tədbirlərdəndir. Xatırladaq ki, “Azərkosmos”, Kosmik Nəsil Məşvərət Şurasının və Avropa Kosmik Siyasəti İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirə dünyanın 50 ölkəsindən 150-dən çox iştirakçı qatılıb.

Konqresin açılış mərasimində çıxış edən Kosmik Nəsil Məşvərət Şurasının icraçı direktoru Valentina Luçetti bildirib ki, tədbir dünyanın yeni nəsil kosmik sənaye mütəxəssisləri üçün katalizator rolunu vurğulamaq məqsədi daşıyır. İcraçı direktor “Bəşəriyyəti ruhlandırmaq, birləşdirmək və dəstəkləmək üçün kosmik icma yaratmaq” mövzusu ilə  kosmosun Yer üzündə tərəqqinin və innovasiyanın stimullaşdırılmasında oynadığı əsas rolu vurğulamağa və qlobal problemlərin həllində, beynəlxalq əməkdaşlığın gücləndirilməsində, bütün dünyada sosial-iqtisadi inkişafın təşviqində kosmik texnologiyaların böyük potensialını nümayiş etdirməyə çalışdıqlarını diqqətə çatdırıb.

Kosmik Nəsil Konqresinin tələbələri və gənc mütəxəssisləri müxtəlif mədəniyyətlər, iş təcrübələri ilə birləşdirmək, ünsiyyət, əməkdaşlıq və fikirlərini bölüşmək üçün bir platforma rolunu oynamağa xidmət etdiyini bildirən Valentina Luçetti daha sonra deyib ki, kosmik sektorun təkamülü haqqında düşünərkən aydın olur ki, uzun müddətdir mövcud olan kosmik agentliklər dərin tarixi və mədəni əhəmiyyətə malik olan öz ölkələrinin kosmik təşəbbüslərinə rəhbərlik etməkdə danılmaz rol oynayıblar. “Özəl sektorun kosmik fəaliyyətlərdə artan iştirakı və kosmonavtika ilə məşğul olan yeni ölkələrin meydana çıxması ilə kosmik sektor hazırda yaxın onilliklər ərzində qarşıya qoyulan məqsədlərə çatmaq üçün birlikdə işləməli olan müxtəlif iştirakçıların geniş və mürəkkəb ekosisteminə çevrilir”,–deyə o əlavə edib.

Yeri gəlmişkən, ölkəmiz 21-ci Kosmik Nəsil Konqresində böyük nümayəndə heyəti ilə təmsil olunur. Dünyada sayı məhdud olan kosmik ölkələr arasında Azərbaycanın xüsusi yer tutduğunu bildirən “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov deyib ki, Kosmik Nəsil Məşvərət Şurası kosmosla və kosmik elmlə maraqlanan gənclərin bir araya gəldiyi mühüm platformadır.

Onun sözlərinə görə, üç gün davam edəcək konqresdə gənclərin kosmos sahəsində istər elmi, kosmik, startaplar, kosmosda dövlət, özəl, o cümlədən elmi qurumların tərəfdaşlığı ilə bağlı müzakirələr aparılacaq. Tədbir iştirakçıları arasında Azərbaycandan çoxsaylı gənclərin olduğunu vurğulayan S.Əsədov deyib ki, onlar dünyanın aparıcı universitetlərində kosmik sahədə təhsil alan yaşıdları ilə tanış olmaq, təcrübə mübadiləsi aparmaq imkanı qazanacaqlar. Gənclərimizin həm təhsil, həm də biznes sahələrində gələcək karyeralarını müzakirə edəcəklərini vurğulayan “Azərkosmos” rəhbəri, həmçinin 21-ci Kosmik Nəsil Konqresinin Azərbaycanın kosmik sahədə yeni gənclərə və tələbələrə böyük dəstək olacağına ümidvar olduğunu bildirib. 

Kosmik Nəsil Məşvərət Şurasının həmsədri Antonino Salmeri isə Bakıda jurnalistlərə açıqlamasında qurumun hər il öz Kosmik Nəsil Konqresini keçirdiyini bildirib. O deyib ki, Kosmik Nəsil Məşvərət Şurasının əsas məqsədi bəşəriyyət naminə kosmik sahənin öyrənilməsi, təbliğ olunmasında gənclərin fikirlərini, səylərini təmsil etməkdir. “Bizim təşkilat gənclərdən ibarət dünyanın ən böyük şəbəkəsidir. Bizim qurum tələbələr üçün 70-dən çox müxtəlif təqaüd təmin edir. Əsasən kosmik mövzuda, Ay səthinin araşdırılması, kosmik dayanıqlılıq, iqlim dəyişikliyi kimi müxtəlif mövzularda araşdırmalara dəstək veririk. Biz BMT-nin kosmosun sülh naminə araşdırılması üzrə daimi komitənin üzvüyük”,–deyə həmsədr əlavə edib.

Qeyd edək ki, Beynəlxalq Astronavtika Konqresi Beynəlxalq Astronavtika Federasiyası, Beynəlxalq Astronavtika Akademiyası və Beynəlxalq Kosmik Hüquq İnstitutunun  dəstəyi ilə Beynəlxalq Astronavtika Federasiyası milli cəmiyyətinin üzvlərindən birinin ev sahibliyi etdiyi ənənəvi illik konqresdir. Beynəlxalq Astronavtika Federasiyası isə 1951-ci ildə yaradılmış qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

Bu mötəbər tədbir ilk dəfə 1950-ci il 30 sentyabr-2 oktyabr tarixində Fransanın paytaxtı Paris şəhərində keçirilib. Sözügedən tədbirə ən çox ev sahibliyi edən ölkə Amerika Birləşmiş Ştatları olub. Ötən müddətdə keçirilmiş 73 tədbirin 6-sı məhz bu ölkədə baş tutub. Azərbaycan isə belə mötəbər tədbirə ikinci dəfə ev sahibliyi edəcək. Ən diqqətçəkən məqam ondan ibarətdir ki, keçmiş SSRİ-nin yalnız bircə dəfə ev sahibliyi etdiyi  Beynəlxalq Astronavtika Konqresi də düz 50 il əvvəl–1973-cü il 7-13 oktyabr tarixində məhz Bakı şəhərində keçirilib. Yarım əsrdən sonra Azərbaycan paytaxtının yenidən belə bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi edəcəyi isə, həqiqətən də, qürurvericidir.

Mirbağır YAQUBZADƏ




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Mirbağır YAQUBZADƏ