USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İğdır-Naxçıvan qaz kəməri alternativ təchizat xəttidir


https://img.baki-baku.az/news/2023/09/photo_8599.jpg

Azərbaycan  öz ərazi bütövlüyünü təmin etməklə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) mühüm seqmenti rolunu oynayacaq Zəngəzur Dəhlizini işə salmaq üçün əlverişli imkan qazanıb. Uzaq Çini Avropaya yaxınlaşdıran, beynəlxalq yükdaşımalar üçün müstəsna əhəmiyyət daşıyan bu dəhlizin açılmasını aktuallaşdırıb.

Türkiyənin türk dünyasına açılan qapısı sayılan Naxçıvandan keçəcək bu dəhlizin önəmi getdikcə daha çox etiraf edilir. Zəngəzur Dəhlizi, həm də Naxçıvan Muxtar Respublikası ilə quru yolla birbaşa kommunikasiyaların qurulması üçün geniş imkanlar yaradır.

Xatırladaq ki, uzun illər Ermənistan tərəfindən blokadaya salınmış muxtar respublika təbii qazı və elektrik enerjisini bir mənbədən–İrandan almağa məcbur idi. “Mavi yanacaq” və elektrik enerjisinin eyni mənbədən alınması isə Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyinin təminatında müəyyən problemlər yaradırdı.

Artıq Türkiyənin əsas qaz tədarükçülərindən olan Azərbaycan, həm də qardaş ölkə vasitəsilə muxtar respublikanın qaz təminatı probleminin həlli üçün yeni fürsət qazanıb. Bu baxımdan sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təməli qoyulmuş İğdır-Naxçıvan qaz kəməri muxtar respublikanın “mavi yanacaq”la təchizatı baxımından müstəsna əhəmiyyət kəsb edir.

Hazırda Naxçıvan Muxtar Respublikasının illik qaz istehlakı 260-300 milyon kubmetr ətrafındadır. Bu isə mövcud tələbatdan bir qədər azdır.  Mühüm infrastruktur layihəsi olan İğdır-Naxçıvan qaz kəmərinin fəaliyyətə başlaması ilə muxtar respublikanın “mavi yanacaq”la təchizatında əhəmiyyətli dəyişikliklər baş verəcək. Eyni zamanda, kəmərin işə düşməsi muxtar respublikanın qaz təchizatının şaxələndirilməsinə imkan yaratmaqla onun bir mənbədən asılılığını aradan qaldıracaq. Naxçıvanın sosial-iqtisadi inkişafına təkan verən yeni infrastruktur layihəsi isə artıq icra mərhələsinə qədəm qoyub.

 Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu 2020-ci il dekabrın 15-də Ankarada imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 10 fevral tarixli Sərəncamına əsasən isə İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Layihə bu il iyunun 5-də qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasında yer alıb.

Qeyd edək ki, boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Eyni zamanda, layihə çərçivəsində Dilucu məntəqəsində qazpaylayıcı stansiya tikiləcək. Bu stansiya 20 min kvadratmetr sahəni əhatə edəcək və boru kəməri ilə qaz axını balansını təmini edəcək. Beləliklə, təbii qaz Naxçıvana ən təhlükəsiz şəkildə daxil olacaq. Boru kəməri ilə gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək mümkün olacaq ki, bu da Naxçıvanın qaza tələbatını tam  ödəməyə imkan yaradacaq. Gələcəkdə isə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür.

Layihə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin BOTAŞ şirkəti tərəfindən reallaşdırılacaq. Yeri gəlmişkən, ötən il Tükiyə KİV-ləri İğdır-Naxçıvan qaz kəmərinin tikintisi layihəsinə, təqribən, 13,7 milyon dollara vəsait xərclənəcəyi ilə bağlı məlumat yaymışdılar.

Mirbağır YAQUBZADƏ

 

Ekspert rəyi

Samir Heydərov, iqtisadçı-ekspert

Türkiyə Prezidentinin sentyabrın 25-də ölkəmizə rəsmi səfəri mühüm əhəmiyyət malikdir. Belə ki, bu səfər İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimi ilə yanaşı, müdafiə sənayesi müəssisəsinin açılışı ilə də yadda qaldı.

İğdır-Naxçıvan qaz kəmərinin işə düşməsi ilə Azərbaycan təbii qazını Qarsdan İğdıra, oradan da Naxçıvana nəql ediləcək. Bununla da, muxtar respublikanın qaza getdikcə artmaqda olan tələbatının bir mənbədən (İrandan) asılılığı sona çatacaq. Gələcəkdə Zəngəzur dəhlizinin açılması ilə bu kəmərdən təbii qaz əks istiqamətdə nəql olunacaq. Bu isə Azərbaycan və Türkiyənin tranzit imkanlarını daha da artıracaq.

Məlum olduğu kimi, 2006-cı ildən Naxçıvanın təbii qazla təminatı İranla svop əməliyyatları əsasında həyata keçirilir. Əməliyyatın şərtlərinə əsasən, SOCAR Astaradan qazı İran ərazisinə ötürür, İran Culfasından isə Naxçıvana qaz verilir. İranın bu əməliyyat üçün müəyyənləşdirdiyi haqq çox yüksəkdir. Belə ki, Astaradan ötürülən hər min kubmetr qaza görə Naxçıvana 15 faiz az qaz verilir. Dünyada belə əməliyyatlar üzrə faiz dərəcəsi isə 5-dən yüksək deyil.

İğdır-Naxçıvan qaz kəmərinin işə düşməsi bölgənin “mavi yanacaq”la təchizatının xeyli yaşılaşdırılmasına səbəb olacaq. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarında yeni infrastrukturun əhəmiyyətini bir daha vurğulayıblar.

İğdır-Naxçıvan qaz kəmərinin çəkilişini ölkələrimiz arasında qardaşlıq münasibətlərinin tarixində önəmli hadisə kimi dəyərləndirən Azərbaycan Prezidenti bunun əlaqələrimizə yeni təkan verəcəyini, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcəyini bildirib. Dövlətimizin başçısı qeyd edib ki, 2005-ci ildə İran İslam Respublikası ilə imzalanmış anlaşmaya görə, mübadilə yolu ilə İrandan Naxçıvana qazın verilməsi təmin edilmişdir. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi isə ikinci xətt vasitəsilə Naxçıvana təbii qazın verilməsinə şərait yaradacaq.

 Türkiyə Prezidenti isə bəyanatında İğdır-Naxçıvan qaz kəməri layihəsinin iki ölkə arasında enerji sahəsində ortaqlığı daha da dərinləşdirəcəyi kimi, Avropanın da enerji təhlükəsizliyinə töhfə verəcəyini bildirib.

Yeri gəlmişkən, Türkiyə ilə Azərbaycan arasında iqtisadi münasibətlər ildən-ilə dərinləşir. Qardaş ölkə Azərbaycanın İtaliyadan sonra ikinci ən böyük ticarət tərəfdaşıdır. Təkcə onu qeyd etmək kifayətdir ki, 2023-cü ilin 8 ayının göstəricilərinə görə, xarici ticarət dövriyyəsi 5,5 milyard dollar təşkil edib ki, bu da ölkələrimiz arasında idxal-ixrac əməliyyatlarının getdikcə artmasını təsdiqləyir. Azərbaycanın ixracının 16 faizi Türkiyənin hesabına formalaşır. İdxalın isə 13 faizi Türkiyənin payına düşür. Gələcəkdə xarici ticarət dövriyyəsinin 15 milyarda çatdırılması ilə Azərbaycan Türkiyənin 10 əsas iqtisadi tərəfdaşından birinə çevriləcək.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Mirbağır YAQUBZADƏ