- Daxili siyasət
- 09:43 19.09.2024
Nazirlər Kabinetinin sentyabrın 23-də dövlət və icmal büdcələrin müzakirəsinə həsr olunan geniş iclasında ölkəmizin iqtisadi inkişaf göstəriciləri barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, cari ilin 8 ayında qeyri-neft sektorunda 2,6 faiz, qeyri-neft sənayesində isə 6 faiz artımın qeydə alınması, bununla bərabər, respublikamızın maliyyə vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşması, strateji valyuta ehtiyatlarının 67 milyard ABŞ dollarına çatması və bu göstəricinin ilin əvvəlindən 14,5 faiz yüksəlməsi iqtisadiyyatın davamlı inkişafını göstərir.
İclasda hesabat dövrü ərzində xarici ticarət balansının əhəmiyyətli həcmdə müsbət saldosunun yaranması, xarici borcun azalması və büdcə gəlirlərinin yüksək icrası əldə olunan çox müsbət nəticələr kimi dəyərləndirilib. Bildirilib ki, bu uğurlar, dinamik inkişaf dövlət büdcəsinə yenidən baxılmasını şərtləndirib.
Xatırladaq ki, hesabat dövründə – ilin ötən 8 ayında büdcə gəlirləri 3,1 milyard manat və ya 10,1 faiz, büdcə xərcləri isə 3,3 milyard manat və ya 9,8 faiz artıb. Bununla da Azərbaycan Prezidenti tərəfindən müəyyənləşdirilən prioritet xərc istiqamətləri əsasında 2024-cü ildə həyata keçiriləcək tədbir və layihələrin uğurlu icrası üçün büdcədə tələb olunan maliyyə təminatı yaranıb.
Dövlət başçısının son illərdə hökumət qarşısında qoyduğu başlıca tapşırıqlardan biri də bu ilin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəsinə nail olunmasıdır. Bu məqsədlə Nazirlər Kabinetinin 2023-cü il 15 iyul tarixli sərəncamı ilə “İnflyasiya və qiymət monitorinqi” üzrə yaradılan İşçi qrup tərəfindən inflyasiya proseslərinin və onun səbəblərinin araşdırılması və təhlili istiqamətində zəruri işlər görülməkdədir.
İnflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması məqsədilə müvafiq tədbirlərin görülməsi diqqətdə saxlanılır. Məhz bu baxımdan ortamüddətli dövrdə də hökumət qarşısında əsas çağırışlardan biri də makroiqtisadi sabitliyin və büdcə dayanıqlığının təmin edilməsinə nail olmaqdır.
Beləliklə, respublikamızda 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının icrası, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpa və yenidənqurulması, həmçinin Böyük Qayıdışın təmin edilməsi üzrə tədbirlərin davam etdirilməsi, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramının həyata keçirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi və sahibkarlığın inkişafının dəstəklənməsi kimi bu və digər prioritet layihələrin maliyyələşdirilməsi üçün yeni borclanma siyasətinin aparılması, makroiqtisadi və büdcə dayanıqlığının təmin edilməsi zərurəti yaranıb.
Qeyd edək ki, yuxarıda vurğulanan uğurların əsası ulu öndərimiz Heydər Əliyevin müəllifi olduğu sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən son 20 ildə sürətlə və uğurla həyata keçirilməsi ilə qoyulub. Bu müddətdə respublikamızda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində bir sıra önəmli layihələr gerçəkləşdirilib. Məsələn, bir az əvvəl xatırlatdığımız strateji valyuta ehtiyatlarının 67 milyard ABŞ dollarına çatması faktı sadalan amillərlə sıx bağlı olub. Ən başlıcası isə bu göstərici dövlət başçısının uzaqgörən siyasətinin, qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan uğurlu islahatların, investisiya mühitinin əlverişliliyinin nəticəsində mümkün olub.
Bu gün respublikamız qarşısında duran prioritet layihələrin maliyyələşdirilməsi üçün yeni borclanma siyasətinin aparılmasına, makroiqtisadi və büdcə dayanıqlığının təmin edilməsinə zərurət yaranmasını şərtləndirən amillər sırasında iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin müsbət nəticələri də əhəmiyyətli yer tutur. Məsələn, 2023-cü ilin ilk 6 ayında qeyri–neft–qaz sənayesində artımın neft–qaz sektorundakı artımı üstələməsi, yəni mövcud sahədə əlavə dəyərin 6,5 faiz artması, ümumi halda isə qeyri-neft sektorunda 3 faizdən çox artım müşahidə olunması bunun bariz ifadəsidir.
Şübhəsiz ki, son illər ərzində bu məsələdə, başqa sözlə, qeyri-neft sektorunun şaxələnməsində və inkişafında ardıcıl və sistemli surətdə gerçəkləşdirilən sənayenin inkişafına dair Dövlət Proqramı da əhəmiyyətli rol oynayıb. Bu proqram ənənəvi sənaye sahələri ilə bərabər, yeni iqtisadi sektorlar olan kosmik, müdafiə, gəmiqayırma və alternativ enerji kimi fəaliyyətlərin, eyni zamanda, müasir istehsal infrastrukturuna malik sənaye zonalarının tərəqqisinə əlverişli şərait yaradıb. Bu isə ixrac qabiliyyətinin davamlı şəkildə güclənməsinə, idxalı əvəzləyəcək məhsulların istehsalının artırılmasına gətirib çıxarıb.
Beləliklə, dövlətimizin başçısının qarşıya qoyduğu dayanıqlı iqtisadiyyat və inklüziv cəmiyyət hədəfləri günümüzün reallığına çevrilib. Məhz bunun nəticəsidir ki, 2003-cü ildən başlayaraq ötən zaman ərzində reallaşdırılan strategiya sayəsində milli iqtisadiyyatın real xərci 4 dəfə, ixrac 15,6 dəfə artıb. İqtisadiyyatın orta artım tempi dünya üzrə orta səviyyədən 4 faiz yüksək olub.
Bugünədək sənaye zonalarında ümumi investisiya dəyəri 7,18 milyard manat olmaqla 131 sahibkarlıq subyektinə rezident statusu verilib və onlardan 68-i, yaxud 51,9 faizi istehsal fəaliyyətinə başlayıb. Sənaye zonalarına 6,56 milyard manat investisiya yatırılıb və 10 min 600-dən çox daimi iş yeri açılıb.
Hazırda sənaye zonaları və aqroparklarda iş adamları üçün stimullaşdırıcı biznes və investisiya mühiti yaradılıb. Sənaye parklarında qeydə alınan hər bir rezident 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunub.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında da bərpa prosesi indiyədək sənayeləşmə siyasəti ilə paralel aparılıb. “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında ümumilikdə 20-ə yaxın sənaye müəssisəsi qeydiyyata alınıb. Düşməndən təmizlənən ərazilərdə kənd təsərrüfatının inkişaf məqsədləri üçün 940 fermer təsərrüfatının yaradılması nəzərdə tutulub.
Yeri gəlmişkən, burada bir mühüm məqamı da xatırladaq. Qarabağ və Şərqi Zəngəzurun bərpasını stimullaşdırmaq məqsədilə hazırda işğaldan azad olunan ərazilərimizdə çalışan hər bir vətəndaşımıza artıq 600 manatlıq birdəfəlik müavinət verilir. Bu proses proaktiv qaydada təyin olunur, başqa sözlə, şəxsiyyət vəsiqəsi ilə müraciət kifayət edir. Ümumiyyətlə, bu dəstək düşməndən təmizlənən ərazilərimizdə tətbiq olunan güzəştlərdən biridir.
Bu, onu göstərir ki, Əmək Məcəlləsinə edilən dəyişikliklər ilə işğaldan azad olunan ərazilərmizdə məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin və eləcə də güzəştlərin tətbiqinə artıq başlanılıb.
Sonda qeyd edək ki, bu gün ölkə iqtisadiyyat üçün yeni istiqamətlər formalaşıb. Bu , yeni prioritetlər idxaldan asılılığın azaldılması, qeyri-neft əmtəə və xidmət ixracı həcminin yüksəldilməsi, qeyri-neft emal sənayesinin inkişafının sürətləndirilməsi, biznesin bank kreditlərinə çıxışının genişləndirilməsi, dövlət investisiyalarının iqtisadi səmərəsinin artırılması, özəl investisiyaların dominant rolunun gerçəkləşdirilməsi, kiçik və orta sahibkarlığın iqtisadi artımın başlıca qüvvəsinə çevrilməsi, şəffaflığın yüksəldilməsi və kölgə iqtisadiyyatının səviyyəsinin minimuma endirilməsindən ibarətdir. Yeni məqsədlərə doğru yolda əldə edilən ilkin nəticələr isə müsbətdir.
V.BAYRAMOV