- Daxili siyasət
- 11:41 14.09.2024
Dünən Bakıda “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində “Milli iqtisadiyyatda 4-cü sənaye inqilabı texnologiyalarının tətbiqi”nə həsr olunmuş “Yeni nəsil iqtisadiyyatda süni intellekt: çağırışlar və imkanlar” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov bildirib ki, texnologiyanın sürətli inkişafı və qabaqcıl “Generative Pre-Trained Transformator” (GPT) modellərinin yaranması satınalmalar üçün standartların işlənib hazırlanmasına böyük ehtiyac doğurur. Bu sahədə yeni qaydaların və prosedurların hazırlanmasının vacibliyini vurğulayan nazir müavini deyib ki, müəssisələr daxilində satınalma prosesini daha səmərəli təşkil etmək üçün rəhbər heyət təşkilatın süni intellekt strategiyasının vahid planını müəyyənləşdirməlidir.
Bununla bağlı mövcud statistikanı diqqətə çatdıran Sahib Ələkbərovun bildirdiyinə görə, 2022-ci ildə süni intellekt bazarı 136 milyard dollar dəyərində qiymətləndirilib. 2023-cü ildən 2030-cu ilə qədər bu bazarın illik 37,3 faiz nisbətində böyüyəcəyi gözlənilir. Qeyd olunub ki, Dünya İqtisadi Forumu tərəfindən süni intellekt əsaslı həllərin satınalmaları zamanı istifadəsi tövsiyə olunan təlimatlar ekosistemin formalaşdırılması istiqamətində önəmli addımlardan biri kimi qiymətləndirilməlidir. Həmin təlimatlar süni intellekt həllərini satın almaq istəyən qurumlara faydalı çərçivə təmin edə, əlavə olaraq növbəti mərhələlərdə sözügedən proseslərdə standartların formalaşdırılmasına və bu sahədə tənzimləyici nəzarəti həyata keçirən dövlət qurumlarının fəaliyyətinə də önəmli töhfə verə bilər.
Nazir müavini bildirib ki, 2030-cu ilədək dövlət, özəl və vətəndaş cəmiyyətini əhatə etməklə iqtisadiyyata töhfə verəcək 9 əsas layihə və bu layihələr çərçivəsində 69 fəaliyyət istiqaməti üzrə Azərbaycanda iqtisadi artımı dəstəkləmək, sektorların rəqabət qabiliyyətini artırmaq, vətəndaşların xidmətlərə çıxışını asanlaşdırmaq və dövlət xidmətlərinin fəaliyyətinin təkmilləşdirilməsini təşviq etmək üçün rəqəmsal texnologiyadan geniş istifadə olunmasını təmin etmək nazirlik qarşısında duran ən mühüm vəzifələrdən biridir.
Qeyd olunub ki, İqtisadiyyat Nazirliyi innovasiyaları, inklüzivliyi əhatə edən, onları Azərbaycan iqtisadiyyatının və cəmiyyətinin bütün aspektlərinə səmərəli şəkildə inteqrasiya edən iqtisadi artım üçün istiqamətləndirici baxışın həyata keçirilməsinə çalışır. Bu strategiyanın reallaşdırılması yeni dövrdə Azərbaycanda biznes transformasiyasının gücləndirilməsindən tutmuş potensialın artırılmasına, IV Sənaye İnqilabına aid texnologiyaların geniş tətbiqini nəzərdə tutan model tipli müəssisənin və yeni nəsil texnoloji mərkəzin qurulmasına, rəqəmsal əkizlərin yaradılmasına və “Lokal Generative Süni İntellekt” təşəbbüsünün həyata keçirilməsinə, sahibkarlığın təşviq edilməsinə və əlverişli infrastrukturun dəstəklənməsinə qədər bütün sahələrdə inkişafa zəmin yaradacaq.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli çıxışında qeyd edib ki, ölkəmizdə “Dövlət satınalmaları haqqında” yeni qanunun tətbiqi ilə gələn il yanvarın 1-dən dövlət satınalmalarının 100 faiz rəqəmsal platformalardan istifadə etməklə təşkili və aparılması nəzərdə tutulur. Qeyd olunub ki, qanun layihəsi beynəlxalq təcrübəyə uyğun hazırlanıb və hazırda bütün proseslər, neqativ hallar dövlət qurumlarından və bazardan alınan rəylər əsasında qiymətləndirilib. Onun sözlərinə görə, yeni qanunla tətbiq edilən rəqəmsallaşma təkcə əlçatanlıq və şəffaflıq baxımından deyil, həm də dərin dövlət satınalmaları məlumatlarına əsaslanan alternativ, daha səmərəli həllərin ortaya çıxması baxımından faydalı olacaq.
M.Abbasbəyli bildirib ki, Dövlət Xidməti üçün xidmət platformasının və keyfiyyətli platformanın yaradılması son mərhələdədir. “Bu platformalar tətbiq olunduqdan sonra Xidmətin bütün fəaliyyəti rəqəmsallaşdırılacaq. Biz süni intellektdən istifadə etməklə dövlət satınalmalarında qüsurları müəyyən etmək üçün tərəfdaş şirkətlərlə işləyirik”, – deyə o əlavə edib.
Tədbirdə İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov çıxış edərək bildirib ki, kənd təsərrüfatında dronların tətbiqi, elektron hökumət portalında “ASAN login” üzərindən üztanıma əsaslı sistemə giriş imkanı mövcuddur. Onun dediyinə görə, Azərbaycan Kolumbiyanın Dördüncü Sənaye İnqilabı Mərkəzi ilə kənd təsərrüfatında dronların, əşyaların internetinin tətbiqi, həmçinin kənd təsərrüfatında məhsuldarlığın artırılması istiqamətində təcrübəsini öyrənir.
Qeyd olunub ki, hazırda Dövlət Neft Şirkətinin (SOCAR) və digər sənaye qurumlarında, neft-qaz təşkilatlarında süni intellekt və robotlar vasitəsilə müxtəlif layihələr icra edilir, gömrük məntəqələrində xüsusi kompüterlər və kameralar vasitəsilə məhsulların skan olunması və onların detalları ilə bağlı araşdırma aparılması istiqamətində işlər görülür.
Dünya təcrübəsinin Azərbaycana gətirilməsi istiqamətində digər dördüncü sənaye inqilabı mərkəzləri ilə ortaq əməkdaşlıq edildiyini vurğulayan icraçı direktor qeyd edib ki, Azərbaycanda süni intellektə dair, təqribən, 80 səhifədən ibarət çərçivə sənədi hazırlanıb ki, bununla da Azərbaycan dünyada bir ilkə imza atıb, indiyə qədər yalnız Braziliyada bələdçi sənəd tətbiq olunub. Dünya İqtisadi Forumunda çərçivə sənədi 3 dildə–ingilis, ispan və Azərbaycan dillərində təqdim edilib. “Biz qürur duyuruq ki, mütəxəssislərimiz bu sənədi tərcümə edərək həmkarlarımız üçün əlçatan ediblər. Bundan başqa, biz “Ağıllı sənayenin qiymətləndirilməsi” indeksini Azərbaycana gətirmişik.
Hər bir sənaye obyektini 3 istiqamətdə təhlil etməklə (proseslərin təhlili, texnologiyanın təhlili və təşkilati quruluşun təhlili) onlara Rəqəmsal Yol Xəritəsi hazırlayırıq. Bu istiqamətdə Sinqapur və Türkiyədən olan həmkarlarımız bizə dəstək göstərirlər. Artıq “SOCAR Polymer” MMC və “AzerGold” ASC-də bu qiymətləndirmələr tətbiq olunub. Onlar üçün Yol Xəritəsi hazırlanıb. Növbəti mərhələdə isə SOCAR-ın 3 alt təşkilatında bu qiymətləndirmənin tətbiqi nəzərdə tutulur. Bu da onların rəqəmsallaşma yolunda hansı mərhələdə olmasını göstərəcək”, – deyə F.Cəfərov əlavə edib.
Mirbağır YAQUBZADƏ