USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bu il dövlət əmlakının özəlləşdirilməsi sürətlənib

8 ayda bu fəaliyyətdən büdcəyə 89 milyon manat daxil olub


https://img.baki-baku.az/news/2023/09/photo_8460.jpg

Bu ilin yanvar-avqust ayları ərzində ölkədə 40 özəlləşdirmə hərracı keçirilib. Həmin hərraclarda 9 səhmdar cəmiyyətinin səhm paketi, 13 kiçik dövlət müəssisəsi, 3 yarımçıq tikili sahəsi və 361 nəqliyyat vasitəsi özəlləşdirilib. İlin əvvəlindən hərraca çıxarılmış dövlət əmlakı üzrə 195 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 40 onlayn qoşulma reallaşıb.

Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, cari ilin 8 ayında  özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 89,2 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur. Cari ilin əvvəllərindən başlayaraq daşınmaz dövlət əmlakının icarəyə verilməsi sahəsində də mühüm tədbirlər həyata keçirilib. Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatında bildirilir ki, yanvar-avqust ayları ərzində 2161 yeni icarə müqaviləsi bağlanılıb. Həmin müqavilələrin 541-i qeyri-yaşayış, 1620-si isə torpaq sahələrinə dair olub. Hesabat dövründə daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 21,8 milyon manat vəsaitin ödənilməsi təmin olunub. İcarədən daxil­olmalar ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 dəfə artıb. Bütövlükdə isə, 2023-cü ilin yanvar-avqust ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəyə verilməsindən büdcəyə 111 milyon manat vəsait daxil olub.

Qeyd edək ki, ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq Azərbaycanda bazar iqtisadiyyatına keçidin sürətləndirilməsi məqsədilə dövlət əmlakının özəlləşdirilməsinə başlanılıb. 1997-ci ildən bəri həyata keçirilən kütləvi özəlləşdirmə proqramının isə əsas istiqamətlərindən biri orta və iri müəssisələrin özəlləşdirilməsi olub. 

Ötən müddətdə ölkəmizdə xidmət, iaşə, ticarət və s. sahələrə aid 50 minə yaxın kiçik dövlət müəssisə və obyekti özəlləşdirilib. Bu proses zamanı orta və iri dövlət müəssiələrinin bazasında 1570-dən artıq səhmdar cəmiyyəti yardılıb. Ötən dövr ərzində onların 1476-sı və ya  94 faizi tamamilə özəlləşdirilib. Artıq dövlət payı qalmayan həmin səhmdar cəmiyyətləri tamamilə özəl bölmənin idarəçiliyinə keçib. Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, Azərbaycanda müəssisə və obyektlərin özəlləşdirilməsindən dövlət büdcəsinə, təxminən, 1 milyard manat vəsait daxil olub. Həmin vəsait isə ölkənin sosial-iqtisadi problemlərinin həllinə yönəldilib.

Özəlləşdirmə prosesində obyektivliyin və şəffaflığın təmin olunması məqsədilə ölkədə investisiya müsabiqələri keçirilib. Ötən müddətdə ölkədə 100-ə yaxın dövlət müəssisə və obyekti investisiya müsabiqələri vasitəsilə özəlləşdirilib. Bu isə müəssisələrin və cəlb edilmiş investorların fəaliyyəti üçün əlverişli şərait yaradıb. İnvestisiya müsabiqələrinin qalibləri tərəfindən həmin müəssisələrdə istehsal fəaliyyətinin bərpası, iş yerlərinin açılması, yeni texnologiyaların və idarəetmə təcrübəsinin tətbiqinə indiyədək 1 milyard manatdan çox investisiya qoyulub. 

Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbəri Mətin Eynullayevin sözlərinə görə, investisiya müsabiqəsi yolu ilə özəlləşdirilmiş dövlət müəssisələrinin fəaliyyətində özəlləşdirmədən sonra əsaslı dönüş yaranıb, müəssisələrin istehsal ahəngi bərpa edilib, zəruri investisiyalar cəlb olunub. Bunun da nəticəsində bazar iqtisadi münasibətləri və sərbəst istehsal fəaliyyəti əsasında çalışan həmin müəssisələrdə rəqabət qabiliyyətli istehsal-texniki və istehlak təyinatlı məhsulların buraxılmasına nail olunub. 

Bir məqamı da qeyd edək ki, vaxtilə özəlləşdirilmiş müəssisələr iqtisadiyyatımızın bütün sahələrini əhatə edib. Bunlara sənaye, kənd təsərrüfatı, turizm, bankçılıq, rabitə, nəqliyyat və digər sahələrdə rast gəlmək olar. Hazırda özəl sektorun aparıcı istehsal və xidmət sahələrindən sayılan “Qaradağ Sement”, “Bakıelektroqaynaq”, “Siyəzən Broyler”, “Dəvəçi Broyler”, “Gəncə Şərab-2”, “Hilton” otel, “Alov Qüllələri”, “Həyat Recensi”, “Azərcell” və “ Bakcell” birgə müəssisələri, ölkənin ikinci böyük bankı sayılan “Kapitalbank” və s. uğurlu fəaliyyəti ilə seçilir. 

Bütövlükdə isə, son illər Azərbaycanda reallaşdırılan özəlləşdirmə siyasətinin nəticəsi olaraq bazar iqtisadi münasibətlərinə uyğun fəaliyyət göstərən tikinti, çörək istehsalı, şərabçılıq, quşçuluq müəssisələri, eləcə də çoxsaylı xidmət sahələri ölkənin daxili istehsalında mühüm yer tuturlar. İndi həmin müəssisələrdə 100 minlərlə insan çalışır. Bununla belə, hazırda bu sahədə bir sıra narahatedici hallara da rast gəlmək mümkündür. Belə ki, ölkədə indiyədək özəlləşdirilmiş səhmdar cəmiyyətlərindən yalnız 30 faizi, yəni hər 3 müəssisədən biri aktiv fəaliyyət göstərir. Hazırda 230 səhmdar cəmiyyətinin yalnız öz əmlakını və ərazisini icarəyə verməklə passiv fəaliyyəti müşahidə olunur.  Özəlləşdirilmiş müəssisələrin 812-si və ya 55 faizi isə fəaliyyətini tamamilə dayandırıb. Bütün bunlar ölkədə əlavə dəyərin yaradılmasına və məşğulluğun təmin olunmasına əngəl törədir.

Əmlak Məsələləri Dövlət Xidmətindən aldığımız məlumata əsasən, hazırda ölkə üzrə 90 səhmdar cəmiyyətində dövlətin payı var. Bunların  yalnız 23-də nəzarət zərfi (səhmlərin 51 faizindən çoxu) dövlətdədir. 67 səhmdar cəmiyyətində isə səhmlərin yalnız 30 faizi dövlətə məxsusdur. Həmin müəssisələrdə dövlətin payının özəlləşdirilməsi ilə bağlı müxtəlif çətinliklər, qeyri-müəyyənliklər var. Belə ki, səhmdar cəmiyyətinin yerləşdiyi ərazidən gələcəkdə böyük yol nəqliyyat infrastrukturu keçə bilər. Yaxud da Bakı şəhərinin Baş Planına əsasən həmin ərazidə hər hansı bir müəssisənin olması mümkünsüz hesab edilə bilər və s. 

Mətin Eynullayev qeyd edib ki, belə vəziyyətdə müəssisəni özəlləşdirib, sonra isə onun yeni sahibi ilə köçürülmə sahəsində problem yaranmaması üçün, hələlik, hökumət bu müəssisələrin tam özəlləşdirilməsini dayandırıb. O, həmçinin bildirib ki, qismən özəlləşdirilmiş səhmdar cəmiyyətlərinin səhmləri isə hərraclar vasitəsilə mütəmadi satışa çıxarılır.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin iqtisadi potensialının hərəkətə gətirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Artıq həmin ərazilərdə əmlakların inventarizasiyasına başlanılıb. Əmlak Məsələləri Dövlət Xidmətinin sədri bildirib ki, hazırda işğaldan azad edilən ərazilərdə torpaq tədqiqatları aparılır, əmlak inventarizasiya edilir və dəymiş ziyanın məbləği müəyyənləşdirilir.  Onun sözlərinə görə, indiyədək Laçın şəhəri və ətraf kəndlərdə 1500-ə yaxın əmlak inventarizasiya edilib. Bütövlükdə isə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə indiyədək 14 mindən artıq əmlak inventarizasiya edilib.

Mirbağır YAQUBZADƏ 




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Mirbağır YAQUBZADƏ