USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Öz dərmanlarımız çoxaldıqca qiymətlər də enəcək

​​​​​​​Hələlik isə əczaçılıq məhsullarımızın idxalı azalmır


https://img.baki-baku.az/news/2023/09/photo_8318.jpg

Ölkəmizdə dərmanların baha qiymətə satılması, keyfiyyətinin aşağı olması, eləcə də bəzi əczaçılıq mallarının qıtlığı əhalini həmişə narahat edib. Son illər bu sahədə müəyyən işlər görülsə də, Tarif (qiymət) Şurası dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə qərarlar qəbul etsə də, problemin köklü həlli mümkün olmayıb.

İnzibati tədbirlərə baxmayaraq dərmanların qiyməti anbaan bahalaşıb. Bu azmış kimi, bəzi dərman vasitələri apteklərdən yoxa çıxıb. Əlacı həmin dərmanları xarici ölkələrdə axtarmaqda görən vətəndaşlar əlavə xərc çəkməklə yanaşı, vaxt itkisi ilə də üzləşməyə məcbur olublar.

Dərmanların əlçatan olmaması isə xəstə insanlar üçün, ümumilikdə, ölkənin səhiyyə sistemi üçün əlavə yükə çevrilib. Üstəlik, dərman vasitlərinə tələbat həmişə yüksək olduğundan bu sahədə mövcud  qiymət sərbəstliyi ucuzlaşmanı təmin etmək əvəzinə, bahalaşmaya rəvac verib. Ekspertlər bildirilər ki, əczaçılıq sahəsi öz spesifikliyi ilə seçildiyindən burada vətəndaşın seçim imkanı azdır. Çünki o, digər məhsullardan fərqli olaraq əczaçılıq məhsullarını öz istəyi və seçimi əsasında almır, həkimin təyin etdiyi dərman vasitələrini almağa məcburdur. Bu sahədə həyata keçirilən sərbəst qiymət siyasətini fürsət bilən bəzi işbazlar isə ölkəyə gətirdikləri dərman vasitələrini və digər əczaçılıq mallarını istədikləri qiymətə təklif edirlər. Bəzi hallarda isə, süni qıtlıq yaratmaqla dərmanların bahalaşmasına nail olurlar. Belə neqativ halların qarşısını almaq isə müəyyən inzibati metodlara əl atmağı zərurui edir. Ekspertlər bildirilər ki, hətta bir sıra  inkişaf etmiş, liberal iqtisadiyyata malik Avropa ölkələrində də qiymətləri bu və digər formada dövlət tənzimləyir. Bu halda dərman istehsalçıları da həmin ölkələr üzrə daha münasib qiymət siyasəti həyata keçirirlər.

Ekspertlər onu da qeyd edirlər ki, ötən illər ərzində ölkəmizdə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı həyata keçirilən dövlət siyasəti nəticəsində bu sahədə şəffaflıq təmin edilib, ictimai və dövlət nəzarəti güclənib. Məsələnin həm sosial, həm də iqtisadi əhəmiyyəti nəzərə alınaraq dərman vasitələri bazarında tənzimləmədən əvvəl müşahidə edilən xaotik vəziyyət aradan qaldırılıb.

İndən belə ölkəmizdə, həm də dərman vasitələrini təsdiq olunmuş qiymətlərdən daha aşağı qiymətə almaq mümkün olacaq. Buna Tarif (qiymət) Şurasının dərman vasitələrinin qiymətlərinin yuxarı həddini təsdiq etməsi ilə bağlı yeni qərarı imkan yaradacaq.

Məlum olduğu kimi, ölkə Prezidentinin 2023-cü il 14 iyul tarixli fərmanı ilə “Dərman vasitələri haqqında” Qanuna edilmiş dəyişikliklərlə 13 dövlət qurumunun təmsil olunduğu Tarif (qiymət) Şurasına dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddinin təsdiq edilməsi tapşırılıb.

Dövlət başçısının tapşırığından irəli gələn məsələlərin icrası məqsədilə 2023-cü il sentyabrın 15-də Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda indiyədək təsdiq edilmiş bütün dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı hədd olaraq tətbiq edilməsi barədə qərar qəbul edilib. “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 15 sentyabr 2023-cü il tarixində qəbul etdiyi yeni qərarla “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə” 31 iyul 2023-cü il tarixli qərarında bir sıra dəyişikliklər olunub. Dəyişikliklərə əsasən, əvvəlki qərarda qeyd olunmuş “qiymətləri” sözü “qiymətlərinin yuxarı həddi” sözləri ilə əvəz edilib.

Xatırladaq ki, yeni qərar qəbul olunanadək dərman vasitələri üçün vahid qiymət tətbiq olunurdu və bütün apteklərdə dərman vasitələri həmin  qiymətə satılırdı. Artıq dərman vasitələrinin vahid qiymətləri yuxarı hədd olaraq təsdiq edilib. Yəni dərmanlar təsdiq olunmuş qiymətlərdən ucuz satıla bilər.

Tarif (qiymət) Şurasının Katibliyindən bildirilib ki, Azərbaycanda əhalinin sosial rifahının yaxşılaşdırılması və əczaçılıq sahəsinin inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir. Bu məqsədə nail olmaq üçün yeni istehsal müəssisələri yaradılır, qanunvericilik təkmilləşdirilir. Qəbul edilmiş qərar dərman vasitələrinə əlçatanlığın yaxşılaşdırılmasına, bu sahədə daha əlverişli rəqabət mühitinin yaradılmasına və əhali tərəfindən dərman vasitələrinin tənzimlənmiş qiymətlərdən aşağı qiymətə alınmasına imkan verəcəkdir. Xatırladaq ki, yeni tariflər 15 sentyabr 2023-cü il tarixindən qüvvəyə minir.

Azərbaycanda dərman vasitələrinin ucuzlaşdırılmasına səbəb ola biləcək amillərdən biri də bu sahədə idxalın artmasıdır. Belə ki, 2023-cü ilin yanvar-avqust ayları ərzində ölkəmiz 401 milyon 483 min dollar dəyərində 23,2 ton əczaçılıq məhsulları idxal edib. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Komitənin məlumatına görə, bu, həcm baxımından 2022-ci ilin 8 ayı ilə müqayisədə 1166 ton və ya 6,1 faiz çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 30 milyon 669 min dollar və ya 7,1 faiz azdır. Xatırladaq ki, ötən ilin yanvar-avqust aylarında Azərbaycan xaricdən 432 milyon 152 min dollar dəyərində 19 min 656 ton əczaçılıq məhsulları idxal edib. Yeri gəlmişkən, cari ilin yanvar-avqust aylarında əczaçılıq məhsulları idxalı Azərbaycanın ümumi idxalının 3,6 faizini təşkil edib.

Mirbağır YAQUBZADƏ




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Mirbağır YAQUBZADƏ