USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Neftimizin qiyməti yenidən 100 dolları keçdi


https://img.baki-baku.az/news/2023/09/photo_8298.jpg

Son  aylar dünya bazarında neftin qiymətində sürətli artım müşahidə olunur. Hazırda Londonun ICE birjasında “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti ötən il noyabr ayının 16-dan bəri ilk dəfə olaraq 94 dollar/bareldən yuxarıdır.

Sentyabrın 15-də Bakı vaxtı ilə saat 00:13-ə olan hərrac məlumatlarına əsasən, “Brent” markalı neftin qiyməti 2,05 faiz artaraq 1 barelə görə 94,08 dollar təşkil edib. 15 dəqiqə sonra isə birjalarda bu markalı neft cüzi dəyər itirərək 94,05 dollara satılıb. Bununla yanaşı, birjalarda oktyabr üçün WTI markalı neftin də fyuçersləri 1,87 faiz artaraq bir barel üçün 90,6 dollar təşkil edib.

Ekspertlər hesab edirlər ki, “qara qızıl”ın dünya bazarında bu səviyyədə dəyər qazanması əsasən, hasilatın azaldılması ilə bağlıdır. Bundan əlavə, son aylar bazarda tələb-təklif prinsipinin birincinin xeyrinə artması da nefti bahalaşdıran başlıca amillərdəndir. Məlum olduğu kimi, OPEK + alyansı bir neçə il əvvəl hasilatın optimallaşdırılması ilə bağlı müəyyənləşdirdiyi kursu qətiyyətlə davam etdirir. Elə alyansın hasilatın azaldılması ilə bağlı təklifinə qoşulan neft ölkələri də bu siyasətə sadiqliyini nümayiş etdirməkdə israrlıdırlar. Ekspertlərin qənaətinə görə, hazırda Çin də daxil olmaqla bir sıra aparıcı ölkələrdə neftə tələbatın kəskin  yüksəlməsi müşahidə olunur ki, bu da birjalara təsirsiz ötüşmür.

Sentyabrın birinci ongünlüyündə birjalarda kəskin bahalaşan “Azeri Light” markalı Azərbaycan nefti ötən həftəni (1 barelinin orta qiyməti 96,058 ABŞ dolları) 5,058 dollar və ya 5,56 faizlik artımla başa vurdu. Son günlər dünya birjalarında yüksək qiymət artımı nümayiş etdirən  neftimiz bu həftəni isə ilin yeni rekordu ilə tamamlayır. Belə ki, sentyabrın 15-də dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,80 ABŞ dolları, yaxud 1,82 faiz artaraq 100,53 ABŞ dolları təşkil edib. Bu, 2023-cü ilin ötən 8 ay yarımlıq dövrü üçün ən yüksək qiymətdir.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 2022-ci ildə “Azeri Light” markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. Bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə 44,6 faizlik artım deməkdir.

Azərbaycanda neft, əsasən, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda  hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 faizdir. Bundan əlavə, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin tabeliyində olan neft və qazçıxarma idarələri tərəfindən də quruda və dənizdə hasilat işləri həyata keçirilir.

Məlum olduğu kimi, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Bəs, neftin qiymətinin artması ölkədə sosialyönümlü layihələrin icrasına, eləcə də əməkhaqqı və pensiya ödənişlərinə necə təsir göstərəcək?

Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında qeyd edib ki, neftin bahalaşması dövlət büdcəsindən xərcləmələr üçün, xüsusən də, fiskal öhdəliklərin vaxtında və nəzərdə tutulan məbləğdə həyata keçirilməsi baxımından imkanlar yaradır. Onun sözlərinə görə, bu, həm işğaldan azad edilmiş ərazilərin bərpasının maliyyə baxımından təminatı üçün vacibdir, digər tərəfdən, dövlət büdcəsindən maliyyələşən layihələrin icrasına, o cümlədən, sosial proqramların maliyyələşməsinə müsbət təsir göstərir. Əmək haqqı və pensiyaların mütəmadi artırılmasının sosial siyasətin əsas prioritetlərindən olduğunu vurğulayan V. Bayramov bildirib ki, gələn ilin yanvar ayında bütün növ əmək pensiyaları indeksasiya edilərək artırılacaq. Onun fikrincə, ölkənin fiskal gəlirlərinin artması sosial təminatın güclənməsi üçün də yeni imkanlar yaradır.

Mirbağır YAQUBZADƏ

 

Ekspert rəyi

İlham ŞABAN, Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Bazar iştirakçılarının Azərbaycan neftinin 1 barelinin 100 dollar həddindən baha satılması ilə bağlı verdikləri məlumat bu gün dünya bazarında hər hansı bir markadan olan neftin bu qiymətə satılması anlamına gəlməməlidir. Məlum olduğu kimi, hazırda London birjasında “Brent” markalı neftin bareli 94 dollardan bir qədər baha qiymətə satılır. Azərbaycan neftinin hər hansı bir alıcıya 100 dollardan baha satılması isə  “Brent” markalı neftlə müqayisədə yaranmış mövcud xərclərlə bağlıdır. Bura neftin daşıması, tankerə yüklənməsi, hər hansı bir məntəqədə alıcıya təhvil verillməsinə çəkilən xərclər, o cümlədən də çatdırılma müddətində xam neftin hər hansı bir fors-major hallarla bağlı sığorta xərcləri daxildir. Yəni, reallıqda bu, alıcıya onun göstərdiyi nöqtədə, terminalda təhvilvermə qiymətidir.

Düşünürəm ki, indiki halda birjalarda baş verən belə halları bu şəkildə ajiotaj səviyyəsinə çatdırmağa ehtiyac yoxdur. Digər tərəfdən, yaxşı olardı ki, Dövlət Neft Şirkəti Azərbaycan neftinin real qiymətini göstərəydi. Eyni zamanda, Dövlət Neft Fondu heç olmasa, rübdə bir dəfə fonda daxil olan gəlirin mənfəət nefti satılandan sonra bütün xərcləri çıxmaqla olan real göstəririciləri təqdim etsin. Təəssüf ki, bunu ən yaxşı halda ildə bir dəfə özlərinin audit olunmuş hesabatlarında göstərməklə kifayətlənirlər.

Əgər real qiymətlər qeyd etdiyim şəkildə göstərilsə, Azərbaycan neftinin digər markalı neftlərdən heç də baha satılmaması aydın olar. Hətta bəzi hallarda onlardan ucuz satılmasını da müşahidə edilir. Necə ki, bu, ötən il baş vermişdi. Ancaq, ümumilikdə, bu, kifayət qədər yüksək qiymətdir. Yəni bugünkü reallıqda 94-95 dollar yüksək göstərici sayılmalıdır. Çünki Azərbaycanın cari ildəki dövlət büdcəsində neftin bir barelinin qiyməti 60 dollardan götürülüb. Belə olan təqdirdə bu il üçün neftin orta qiymətini hətta 90 dollardan götürsək, bu, proqnoz göstəricidən 50 faiz çox deməkdir. Maliyyə Nazirliyinin açıqlamasında göstərildiyi kimi, neftin bir barelinin orta qiymətinin10 dollardan yuxarı olması Azərbaycanın dövlət büdcəsinə il ərzində 1,3-1,4 milyard manat daha artıq vəsaitin cəlb edilməsinə imkan yaradır. Qiymət fərqinin 30 dollar olması isə 4 milyard manatdan çox əlavə vəsait deməkdir. Bu da kifayət qədər yüksək rəqəmdir. Məsələn, cari ilin büdcəsi 3 miyard manatdan çox kəsirlə proqnozlaşdırılıb. Neftin büdcədə nəzərdə tutulan qiymətdən baha satılması isə o deməkdir ki, hökumət heç bir əlavə vasitələrə əl atmadan büdcə kəsirini bunun hesabına bağlaya bilər.

Eyni zamanda, netdən gələn qazancın artması hökumətin manevr imkanlarını genişləndirir. Belə bir şəraitdə nəzərdə tutulmuş sosial yönümlü layihələrin icrası, ən əsası isə, işğaldan azad edilmiş ərazilərin bərpası üçün vəsaitin təmin olunması asanlaşır.

 




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Mirbağır YAQUBZADƏ