- Daxili siyasət
- 13:50 26.09.2023
Prezident İlham Əliyev sentyabrın 11-də ölkəmizdə səfərdə olan İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Avi Dixteri videokonfrans formatında qəbul edərkən ikitərəfli münasibətlərdən, o cümlədən kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafından və bununla bağlı təcrübə mübadiləsinin həyata keçirilməsindən söhbət açıb. A.Dixter isə bu səfərinin kənd təsərrüfatı sahəsində əməkdaşlığın dərinləşdirilməsinə mühüm töhfə verəcəyinə əminliyini vurğulayıb.
Azərbaycan–İsrail iqtisadi–ticarət əməkdaşlığının mövcud vəziyyəti və şaxələndirilməsi perspektivləri, kənd təsərrüfatı sahəsində birgə fəaliyyət imkanları barədə danışarkən bir məqam xüsusilə vurğulanmalıdır. Belə ki, dost ölkə respublikamızın əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilən ərazilərimizin iqtisadi potensialı ilə daim maraqlanır, işgüzar mühitdən yararlanmağa çalışır, iqtisadiyyatın zəruri ehtiyac duyulan ayrı-ayrı sahələrinə investisiya yatırmaqla Azərbaycanın tərəqqisinə böyük töhfə verir.
İsrailin ölkəmizdə investisiya, ərzaq təhlükəsizliyi, su və kənd təsərrüfatı sistemləri ilə bağlı elmi-tədqiqat üzrə əməkdaşlığı, habelə məhsullarımızın bu ölkəyə ixracının artırılması istiqamətlərində həyata keçirdiyi layihələr bunun bariz ifadəsidir.
Aqrar sahədə əməkdaşlıq, kənd təsərrüfatında ticarət dövriyyəsinin artırılması, heyvandarlıq və toxumçuluq sahələrində ən müasir texnologiyaların transferi, aqrar tədqiqatlar və təcrübə proqramları sahələrində əməkdaşlığın genişləndirilməsi, həmçinin suvarma sahəsində İsrail təcrübəsi kimi məsələlərə respublikamızda böyük maraq var. Məhz elə buna görədir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı və İsrail Dövlətinin Kənd Təsərrüfatı və Kənd Yerlərinin İnkişafı nazirlikləri arasında “Kənd təsərrüfatı sahəsində əməkdaşlıq üzrə Niyyət Bəyannaməsi”, eləcə də “2023-2025-ci illər üçün kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair Yol Xəritəsi” imzalanması da məhz həmin maraqdan irəli gəlir. Xatırladaq ki, adıçəkilən bəyannamədə fəaliyyətlərin səmərəli şəkildə həyata keçirilməsini gerçəkləşdirmək məqsədilə birgə işçi qrupunun yaradılması nəzərdə tutulur.
Ümumiyyətlə, İsrail Dövləti müstəqilliyimizi tanıdığı 1991-ci il dekabrın 25-dən sonra Azərbaycan ilə bu ölkə arasında münasibətlər həmişə müsbət istiqamətdə inkişaf edib. Amma son bir neçə ildə münasibətlərdə xüsusi dinamika müşahidə olunub, əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı səfərlərin çoxalması, ticarət dövriyyəsinin və investisiyaların artması, qarşılıqlı fəaliyyət üçün yeni sənaye sahələrinin müəyyənləşdirilməsi daha çox diqqət çəkib. Ölkəmiz həm İkinci Qarabağ müharibəsi zamanı, həm də sonrakı mərhələdə – işğaldan azad edilən ərazilərin bərpası dövründə bu diqqət və dəstəyi daim hiss edib.
İki dost ölkə arasında əməkdaşlığın dinamik inkişafı hazırda ticari-iqtisadi əlaqələrdə daha çox müşahidə olunur. Belə ki, 2021-ci və 2022-ci illərdə iki ölkə arasındakı ticarət dövriyyəsi 85 faiz artaraq 1 milyard 718 milyon dollara çatıb, cari ilin yanvar–aprel aylarında isə ticarət dövriyyəsi yarım milyard ABŞ dollarını ötüb. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 33,5 faiz artım deməkdir.
İnvestisiyalar sahəsində də artım göz önündədir. Buna səbəb isə 2022-ci ilin iyulunda Azərbaycan İnvestisiya Şirkəti ilə İsrailin aparıcı qlobal kraudfanding (kütləvi maliyyələşdirmə) platforması olan “OurCrowd” şirkəti arasında investisiya sazişinin imzalanmasıdır. Yeri gəlmişkən, cari ilin fevralında Azərbaycanın İqtisadiyyat Nazirliyi ölkəmiz tərəfindən sənaye məhsullarının hazırlanması üzrə ixtisaslaşan İsrailin “LARGIX” startapına 1 milyon ABŞ dolları dəyərində investisiya yatırıb.
Səmərəli əməkdaşlığın bütün bu uğurlu göstəriciləri qarşılıqlı fəaliyyətin gələcəkdə də davamlı olduğunda xəbər verir. Dövlətimizin başçısı çıxışlarının birində bu barədə deyir: “Həyata keçiriləcəyini planlaşdırdığımız birgə layihələr nəticəsində bizim daha balanslaşdırılmış ticarət dövriyyəmiz olacaq və o, təkcə enerji amilindən asılı olmayacaq. Buna baxmayaraq, uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da əslində enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir”.
Azərbaycan–İsrail əməkdaşlığının əsas istiqamətləri sırasında enerji, ticarət, infrastruktur və yüksək texnologiyalarla əlaqədar layihələr xüsusi yer tutur. Respublikamız İsrailin əsas neft tədarükçüsüdür. 2020-ci və 2021-ci illərdə Azərbaycan neftinin İsrailə tədarükdə payı təqribən 30 faiz, keçən il isə təxminən 40 faiz təşkil edib.
Bir məqamda qeyd edək ki, Azərbaycan İsrailin enerji təhlükəsizliyində mühüm rol oynayır. İsrailin neft idxalının 40 faizə yaxın hissəsini respublikamız təmin edir. Bundan əlavə İsrailin Aralıq dənizi sahillərində böyük qaz rezervi–Leviathan və Tamar yataqları kəşf olunub. Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) İsrailin Aşdod neft yatağı bölgəsindən 5 faiz pay alıb. Bir sözlə, indiyədək turizm, enerji, kənd təsərrüfatı, tibb, kibertəhlükəsizlik sahələrində sıx əməkdaşlıq yüksək nəticələrlə müşhidə olunub.
Emin BAĞIROV,
ETN Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi,
mexanika üzrə fəlsəfə doktoru
Azərbaycan–İsrail əlaqələri müxtəlif sahələrdə dinamik inkişaf edir. Bu dövlətlər arasında ticarət dövriyyəsi getdikcə genişlənir, qeyri-neft məhsullarının payı yüksəlir. Bundan başqa, investisiya, innovasiya, informasiya, kənd təsərrüfatı, ekologiya, qida, su, enerji texnologiyaları, əczaçılıq və biotexnologiya, ərzaq təhlükəsizliyi, kibertəhlükəsizlik, turizm, kiçik və orta sahibkarlıq kimi sahələrdə əməkdaşlıq üçün geniş perspektivlər mövcuddur.
İki ölkə arasında qarşıdakı illər üçün əsas məqsədlərdən biri işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması və onların dəyər zəncirlərinə inteqrasiyasıdır. Bu ərazilərin geniş kənd təsərrüfatı potensialı var və azad olunmuş torpaqlar Yaşıl Enerji Zonaları kimi tanınır. Düşməndən təmizlənən bu torpaqlarda kənd və şəhərlərin inkişafı “Ağıllı şəhər” və Ağıllı kənd” konsepsiyasına əsaslanır. Bunu nəzərə alaraq, İsrail şirkətləri tərəfindən ən yaxşı texnologiya və təcrübələr Azərbaycan şirkətləri ilə bölüşülərək tətbiq olunur.
Hər iki ölkənin informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlıq imkanları da getdikcə genişlənir. Bu sahəsə dost dövlətin “Israil Export Institute” şirkəti önəmli rol oynayır. Kibertəhlükəsizliyin təmin olunmasının hər iki ölkə üçün aktuallığı nəzərə alınaraq, bu istiqamətdə davamlı görüşlər və qarşılıqlı səfərlər reallaşdırılır. Gələcəkdə tərəflər arasında birgə işlərin görülməsi üçün danışıqlar aparılır.
Azərbaycanda kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi və potensialının artırılmasına dəstək verilməsi məqsədilə ötən il təsis edilən AKTA özündə informasiya texnologiyaları və kibertəhlükəsizlik üzrə ixtisaslaşmış şirkət və təşkilatları birləşdirir.
Azərbaycan–İsrail əlaqələrindən danışarkən müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlığı da qeyd etmək yerinə düşər. Respublikamızın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da ölkəmizin müdafiə qabiliyyətinin müasirləşdirilməsini, möhkəmləndirilməsini şərtləndirir. Başqa sözlə, İsrailin müdafiə sənayesindən bəhrələnmək dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır.
Aqrar sahədə İsrail təcrübəsinin tətbiqindən danışarkən mühüm bir məqama da toxunmaq istərdik. Prezident İlham Əliyev tərəfindən təşviq olunan aqroparklar İsrailin “Kibbutz” kollektiv istehsal qurumuna çox bənzəyir. Bu strukturun fəaliyyətində keçmiş kolxozlara oxşar cəhətlər özünü qabarıq büruzə verir və kooperativ formasında təşkil olunur. Aqroparklarda da eyni sahəyə aid müxtəlif təsərrüfatların birləşməsi və onların ən müasir texnikalar ilə təchiz edilməsi həm məhsuldarlığın yüksəlməsinə, həm yeni iş yerlərinin yaranmasına, həm də daxili bazarda yerli şirkətlərin rəqabət gücünün artmasına gətirib çıxarır.
Beləliklə, aqroparkların yaradılması və fəaliyyəti ərzaq təhlükəsizliyinə mühüm töhfə verir. Bu, eyni zamanda işsizliyin azaldılmasını, yerli istehsalın inkişafını və ixrac imkanlarının genişlənməsini şərtləndirir. Ən başlıcası isə aqroparklarda yetişdirilən məhsullar ixracyönümlü olması ilə diqqət çəkir.
Xatırladaq ki, İsrail torpaqları və hava şəraiti bizdən fərqli olaraq əkinçilik üçün yararlı ərazilər deyil. 80 faiz sərhalıqdan ibarət olan bu ölkədə yalnız qış aylarında yağış yağır. İsrail su qıtlığı yaşayır. Bununla belə, kənd təsərrüfatı sahəsində tətbiq etdiyi yeni texnologiyalar sayəsində dövlət öz əhalisinin ərzaq ehtiyaclarını qarşılamaqla qalmır, istehsal etdiyi məhsulların 90 faizini ixraca yönəldir. Prezident İlham Əliyev də aqroparklar haqqında danışarkən “burada yetişdiriləcək məhsullar ixracyönümlü məhsullardır” deyərkən məhz İsrail təcrübəsinin tətbiqini nəzərdə tutur.
Vaqif BAYRAMOV