- Siyasi təhlil
- 09:45 26.09.2023
Hazırda Azərbaycanda gündəlik qaz hasilatı, təxminən, 100 milyon kubmetr səviyyəsinə çatıb. Energetika Nazirliyinin yaydığı operatviv məlumata görə, 2023-cü ilin yanvar-avqust aylarında ölkəmizdə 32,2 milyard kubmetr təbii qaz hasil edilib. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 1,5 milyard kubmetr və ya 5 faiz çoxdur.
Qazın 8,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 17,6 milyard kubmetri “Şahdəniz”, 0,2 milyard kubmetri “Abşeron”, 5,8 milyard kubmetri isə SOCAR-ın istismar etdiyi yataqlarda hasil olunub.
Hesabat dövründə Azərbaycandan xaricə 15,8 milyard kubmetr “mavi yanacaq” ixrac edilib. Cari ilin ötən dövründə qazın satışı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz çox olub. Ümumi ixracın 7,6 milyard kubmetri Avropanın, 6,7 milyard kubmetri Türkiyənin, 1,5 milyard kubmetri isə Gürcüstanın payına düşüb. İlin 8 ayı ərzində Türkiyəyə TANAP-la 3,8 milyard kubmetr qaz nəql olunub.
Bütövlükdə isə, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2023-cü il sentyabrın 1-dək hasilatın pay bölgüsü sazişləri çərçivəsində Azərbaycanda 412,3 milyard kubmetr “mavi yanacaq” hasil edilib. Ümumi hasilatın 212 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun, 200,3 milyard kubmetri isə “Şahdəniz” yatağının payına düşüb.
Ötən müddətdə “Şahdəniz” yatağından hasil edilən qazın 141,5 milyard kubmetrə yaxını ixraca nəql edilib. “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan neftlə bərabər çıxarılan səmt qazı isə, “Əsrin müqaviləsi”nin şərtlərinə uyğun olaraq, texniki məqsədlər üçün konsorsium iştirakçılarına, eləcə də daxili tələbatın ödənilməsi üçün Azərbaycanın qazpaylama şəbəkəsinə təhvil verilib.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın bildirdiyinə görə, cari ilin son üç ayının rəsmi statistikasını təhlil edərkən belə bir nəticəyə gəlmək olur ki, 8 ayda ölkə üzrə çıxarılmış ümumi qazın 24 milyard kubmetrdən çoxunu əmtəəlik qaz həcmləri təşkil edib. Onun fikrincə, qaz istehsalının artmasına bu il iyulun 10-da “Abşeron” yatağından hasilatın başlanması da təsir göstərib.
Bununla belə, ekspert hesab edir ki, “Şahdəniz” yatağı Azərbaycanın əsas qaz tədarükü mənbəyi olaraq qalır. Belə ki, bu yataqdan çıxarılan “mavi yanacaq” hazırda ölkənin ümumi əmtəəlik qaz hasilatının 73 faizini təşkil edir. Xatırladaq ki, beş il əvvəl “Şahdəniz” yatağının ikinci mərhələsi çərçivəsində hasilata başlananda Azərbaycanda əmtəəlik qaz hasilatının gündəlik həcmi cəmi 53 milyon kubmetr təşkil edib.
Müqayisə üçün bildirək ki, 2005-ci ildə ölkəmizdə cəmi 10 milyard 418, 4 milyon kubmetr “mavi yanacaq” istehsal olunub. Bunun da 3 milyard 930, 6 milyon kubmetri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR), 6 milyard 487,8 milyard kubmetri isə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Çıraq” və “Azəri” yataqlarından neftlə bərabər çıxarılan səmt qazının payına düşüb.
2006-cı ilin dekabr ayında “Şahdəniz-1” platformasının istismara verilməsi ilə ölkədə qaz hasilatı kəskin artaraq 22 milyard 962 milyon kubmetrə çatıb. Həmin il ölkə üzrə çıxarılan ümumi qazın 5 milyard 997,6 milyon kubmetri SOCAR-ın, 16 milyard 964,4 milyon kubmetri beynəlxalq konsorsiumun payına düşüb. 2022-ci ildə isə Azərbaycanda 46 milyard 743,3 milyon kubmetr qaz hasil edilib ki, bunun da 34 milyard 958,3 milyon kubmetri əmtəəlik qaz olub.
Yeri gəlmişkən, Avropanın özünün enerji təhlükəsizliyini qorumaq üçün Azərbaycan qazına daha çox ümid bəslədiyi indiki şəraitdə hasilatın həcmini artırmağa ehtiyac duyulur. Bunu nəzərə alan Azərbaycan hökuməti 2023-cü ildə ölkədə əmtəəlik qaz hasilatını 35 milyard 900,3 milyon kubmetr həcmində proqnozlaşdırır.
Ölkəmizin isə kifayət qədər qaz ehtiyatları var. Belə ki, Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr həcmində qiymətləndirilir. Amma mütəxəssislər mövcud ehtiyatların daha çox olması qənaətindədirlər. Bu da təsadüfi deyil. Məlum olduğu kimi, geoloqlarımız Xəzər dənizinin Azərbaycan sektorunda illər öncə “Araz”, “Alov”, “Şərq”, “Əşrəfi”, “Dan Ulduzu”, “Babək”, “Naxçıvan”, “Şəfəq-Asiman”, “Qarabağ”, “Dostluq”, “Zəfər-Məşəl” və digər perspektivli strukturlar aşkar ediblər.
Həmin sahələrdə də kifayət qədər neft və qaz ehtiyatlarının olması güman edilir. Bu məqsədlə yaxın zamanlarda Azərbaycanın qaz ehtiyatlarının yenidən qiymətləndirilməsi planlaşdırılır. Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin bildirdiyinə görə, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Ümid”, “Babək”, “Abşeron”, “Naxçıvan” və “Şəfəq-Asiman” yataqlarının potensialı bir daha nəzərdən keçirilərək yenidən texniki qiymətləndirmə aparılacaq.
Eyni zamanda Xəzər dənizində yerləşən “Dostluq” yatağının da karbohidrogen ehtiyatları ilə zəngin olması artıq təsdiqini tapıb. Belə ki, adıçəkilən yatağın neft və təbii qaz ehtiyatları müvafiq olaraq təqribən 60 milyon ton və 100 milyard kubmetr həcmində dəyərləndirilir. Xatırladaq ki, 2021-ci il yanvarın 21-də Azərbaycan və Türkmənistan hökumətləri arasında “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb. Yatağın işlənməyə cəlb edilməsi isə hər iki ölkənin neft-qaz sənayesinə böyük perspektivlər vəd edir.
Bütövlükdə isə, 1990-2000-ci illərdə Xəzərin Azərbaycan sektorunda aparılmış kəşfiyyat-qazma işləri nəticəsində bir sıra sahələr aşkarlanıb. Bəzi perspektiv sahələrdə əvvəlki illərdə aparılmış kəşfiyyat işləri lazımi nəticə verməsə də, sonralar həmin ərazilərdə yeni quyuların qazılmasına zərurət yaranıb.
Neft-qaz üzrə ekspert İlham Şabanın dediyinə görə, ötən müddətdə yeni texnologiyalar yaradılması, bu sahədə ciddi texnoloji inkişafın baş verməsi karbohidrogen ehtiyatlarının dəqiqləşdirilməsinə imkan yaradıb. Onun fikrincə, geoloqlarımızın vaxtilə aşkara çıxardıqları strukturların hər biri ümidverici sayıla bilər.
Ekspert əlavə etdi ki, Heydər Əliyev adına qazma qurğusu öz unikallığına, texniki və texnoloji imkanlarına görə 30 il əvvəl mövcud olmuş qazma qurğularını qat-qat üstələyir. Belə ki, əvvəlki qurğuların köməyi ilə dənizdə 7 min metr dərinliyində quyular qazmaq mümkün idisə, Heydər Əliyev adına qazma qurğusu 9 min metrə qədər dərinlikdə qazma işləri apara bilir. Bu da yaxın illərdə Xəzərin Azərbaycan sektorunda yerləşən bütün perspektivli sahələrin potensialını dəqiq öyrənməyə imkan yaradacaq.
Mirbağır YAQUBZADƏ