USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İslam İnkişaf Bankı ilə əməkdaşlıq genişlənir


https://img.baki-baku.az/news/2023/09/photo_8093.jpg

Xəbər verildiyi kimi, Azərbaycanın fəal əməkdaşlıq etdiyi beynəlxalq maliyyə qurumlarından olan İslam İnkişaf Bankı qrupuna daxil olan İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının rəhbəri Oussama Kaissinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

Səfər çərçivəsində qonaqlar Azərbaycan Respublikasının Energetika Nazirliyində olublar. Energetika naziri Pərviz Şahbazovla keçirilən görüşdə Azərbaycanla İslam İnkişaf Bankı arasında uğurlu və səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb, bankın ölkəmizdə müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində həyata keçirdiyi layihələrə verdiyi dəstək yüksək qiymətləndirilib.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən irəli gələn strateji hədəflər, işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan layihələr və “yaşıl enerji” zonasının yaradılması, enerji səmərəliliyi, bərpaolunan enerji sahəsinin inkişafı istiqamətində görülən tədbirlər haqqında nümayəndə heyətinin üzvlərinə ətraflı məlumat verilib. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, İslam İnkişaf Bankı 1973-cü ilin dekabrında Ciddədə keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) daxil olan ölkələrin maliyyə nazirlərinin konfransında imzalanan Niyyət Bəyannaməsinin nəticəsi olaraq təsis edilib. Bankın yaradılmasında əsas məqsəd yoxsulluğun azaldılması, davamlı iqtisadi artımın təşviq edilməsi və regional inteqrasiyanın dəstəklənməsindən ibarət olub. Dünyanın aparıcı maliyyə-kredit qurumlarından biri olan İslam İnkişaf Bankının üzvləri müsəlman ölkələridir.

Bankın qarşısında duran əsas vəzifə məhz maliyyələşdirməni İslam prinsinpləri əsasında aparmaqdır. Belə ki, bank üzv ölkələrin və fərdi müsəlman cəmiyyətlərinin iqtisadi inkişafını və sosial tərəqqisini İslam hüququ əsasında təmin edir. Qurum iqtisadi və sosial inkişaf üçün layihələrin maliyyələşdirilməsi, müəssisələrin xüsusi kapitalında iştirak və ya investitsiya qoyuluşu, qrantların və ssudaların verilməsi şəklində üzv dövlətlərə maliyyə yardımı ayırır.

Qeyd edək ki, əhalisinin mütləq çoxluğunun və əksəriyyətinin müsəlmanlardan ibarət olduğu 56 ölkə İslam İnkişaf Bankının üzvüdür. Üzvlük üçün nəzərdə tutulan başlıca şərt isə iddiaçı qismində çıxış edən dövlətin İƏT-ə üzv olmasıdır.

İslam İnkişaf Bankı ilə Azərbaycan arasındakı əməkdaşlığın əsası ötən əsrin 90-cı illərinin əvvəllərində qoyulub. Belə ki, ölkəmiz tarixi müstəqilliyinə qovuşduqdan sonra beynəlxalq iqtisadi təşkilatlara inteqrasiya istiqamətində ardıcıl siyasət aparmağa başlayıb. Həmin dövrdə İslam İnkişaf Bankı ilə də əməkdaşlıq etmək və ona üzv olmaq müstəqilliyini yenicə qazanmış respublikamızın xarici iqtisadi siyasəti üçün prioritet daşıyırdı. Nəhayət, 1992-ci il iyulun 4-də Azərbaycanın quruma üzv qəbul edilməsi bu beynəlxalq maliyyə qurumu ilə əməkdaşlığın möhkəmləndirilməsi üçün geniş imkanlar yaradıb. Hazırda ölkəmiz İslam İnkişaf Bankında 9,76 milyon ABŞ dolları (ümumi səhm kapitalının 0,13 faizi) pay sahibi olmaqla onun işində yaxından iştirak edir.

Son illər İslam İnkişaf Bankı ilə Azərbaycan arasında əlaqələr sürətlə inkişaf edir. Ötən müddətdə bu beynəlxalq maliyyyə qurumu ilə əməkdaşlıq çərçivəsində bankın prinsip və məqsədlərinə uyğun ölkəmizdə bir sıra layihələr icra olunub. Ekspertlərin fikrincə, uzun illərdir ki, Azərbaycan bu səmərəli əməkdaşlıqdan yüksək mənfəət götürür. Belə ki, uğurlu əməkdaşlığın nəticəsi olaraq bank Azərbaycanda həyata keçirilən bir sıra dövlət əhəmiyyətli layihələrə kreditlər ayırır, kiçik qrantlar təqdim edir.

Bankın Azərbaycanda maliyyələşdirdiyi mühüm layihələrə Bakı bərk məişət tullantılarının yandırılması zavodunun, Vəlvələçay-Taxtakörpü kanalının və Cənub İstilik Elektrik Stansiyasının tikintisini, eləcə də  Yevlax-Gəncə avtomobil yolunun və Mingəçevir Su Elektrik Stansiyasının yenidən qurulmasını misal çəkmək olar. Bütövlükdə isə, ötən müddətdə dövlət zəmanəti ilə bankdan 18 layihə üzrə kreditlər cəlb edilib və onların icrası uğurla başa çatdırılıb.

Əvvəlki dövrlərdə olduğu kimi, bu ilin ötən dövründə də Azərbaycanla İslam İnkişaf Bankı arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib, vacib görüşlər keçirilib. Xatırladaq ki, Prezident İlham Əliyevin fevralın 26-da ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casiri qəbul edərək Azərbaycanla İslam İnkişaf Bankı arasında həyata keçirilmiş uğurlu və səmərəli əməkdaşlığı yüksək qiymətləndirib.

Ölkəmizin həyata keçirdiyi layihələrə bankın verdiyi dəstəyə görə minnətdarlığını bildirən dövlətimizin başçısı həm regional səviyyədə inkişaf prosesləri, həm də artıq ölkəmizdə icra olunmağa başlanan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” baxımından əməkdaşlığın gələcək formatının müəyyənləşdirilməsinin zəruriliyini vurğulayıb.

İslam İnkişaf Bankının Azərbaycanın bu təşkilata üzvlüyündən qürur duyduğunu və ölkəmizin həmişə fəal iştirakçı olmaqla bu qurumun fəaliyyətinə böyük töhfə verdiyin bildirən Məhəmməd Süleyman Əl-Casir həyata keçirilən birgə layihələrin Azərbaycanda iqtisadiyyatın, o cümlədən infrastrukturun inkişafı baxımından önəmini qeyd edib.

Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam İnkişaf Bankının (İİB) Müdirlər Şurasının 48-ci illik toplantısında ölkəmizi iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin başçılıq etdiyi nümayəndə heyəti İslam İnkişaf Bankının rəhbəri ilə görüşüb. Görüş zamanı E. Əliyev bankla tərəfdaşlığın genişləndirilməsi, işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulmasında əməkdaşlıq, KOB-ların dəstəklənməsi, bankların maliyyələşdirilməsi, enerji və ərzaq təhlükəsizliyi ilə bağlı fikirlərini bildirib. Məhəmməd Süleyman Əl-Casir Azərbaycanın bankın fəaliyyətinə böyük töhfə verdiyini, əməkdaşlığımızın uğurlu tarixə malik olduğunu bildirib. O, həyata keçirilən birgə layihələrin Azərbaycanda iqtisadiyyatın, o cümlədən infrastrukturun inkişafı baxımından önəmini qeyd edib, əməkdaşlığın genişləndirilməsi, xüsusilə ölkəmizin işğaldan azad edilmiş ərazilərində həyata keçiriləcək layihələrdə bankın maraqlı olduğunu bildirib.

Bununla yanaşı, ilə ərzində keçirilmiş bu qəbildən olan digər görüşlərdə İslam İnkişaf Bankı ilə ölkəmiz arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Mirbağır YAQUBZADƏ




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Mirbağır YAQUBZADƏ