USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan–Çin: “Ortaq yaşıl gələcək”


https://img.baki-baku.az/news/2023/09/photo_8068.jpg

Azərbaycanda həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin əsas hədəflərindən biri bərpaolunan enerji mənbələrinin potensialından səmərəli istifadənin gücləndirilməsindən ibarətdir. Bu baxımdan ölkəmizin potensialı olduqca yüksəkdir.

 Son tədqiqatlar Azərbaycanın 27,5 min meqavat həcmində bərpaolunan enerji potensialını təsdiqləyib. Bunun 3 min meqavatı külək enerjisinin, 23 min meqavatı günəş enerjisinin, 380 meqavatı bioenerjinin, 520 meqavatı isə dağ çaylarının payına düşür.

Hazırda ölkəmizin ümumi enerji istehsalında bərpaolunan enerjinin payı 17,3 faiz təşkil edir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizdə “yaşıl enerji” istehsalının genişləndirilməsi məsələsinə də xüsusi yer ayrılıb. Belə ki, ümumi enerji istehsalında bərpaolunan enerjinin payının 2025-ci ildə 24 faiz, 2030-cu ildə isə 30 faizə çatdırılması nəzərdə tutulur.

Ötən müddətdə bütün dünyada, o cümlədən Avropada özünü etibarlı enerji tərəfdaşı kimi təqdim etməyi bacaran Azərbaycan artıq “yaşıl” keçid platformasının da əsas iştirakçılarından birinə çevrilib. Eyni zamanda, ölkəmizin alternativ və bərpaolunan enerji sahəsində zəngin potensialı, eləcə də mövcud əlverişli investisiya mühiti xarici şirkətlərin diqqətini getdikcə daha çox cəlb edir.

Təsadüfi deyil ki, hazırda bir sıra ölkələrin tanınmış şirkətləri tərəfindən Azərbaycanda bərpaolunan enerji sahəsində mühüm layihələr icra olunur. Bundan əlavə, ölkəmiz əcnəbi şirkətlərlə 10 qiqavat elektrik enerjisinin hasil edilməsi üzrə anlaşma memorandumları və sazişlər imzalayıb. Göründüyü kimi, Azərbaycan bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi üçün artıq güclü  beynəlxalq dəstək qazanıb.

Ölkəmizin bərpaolunan enerji sahəsində zəngin potensialı uzaq Çinə də yaxşı məlumdur. Hazırda Çində ölkəmizlə bu sahədə əməkdaşlıq imkanları nəzərdən keçirilir. Elə Azərbaycanın energetika naziri Pərviz Şahbazov da Çində “Ortaq yaşıl gələcək üçün enerji keçidinin birgə təşviqi” devizi altında keçirilən Beynəlxaq Enerji Keçidi Forumunda onlayn formatda çıxışı zamanı bu barədə ətraflı söhbət açıb. Nazir bildirib ki, ölkəmizin 2030-cu ilə daha 5 qiqavatlıq layihələrin reallaşdırılması ilə bağlı planları var. Onun sözlərinə görə, Azərbaycan 2027-ci ilədək “yaşıl enerji” güclərinin 3 qiqavatdan çoxunun istismara verilməsini planlaşdırır. Bunun da  nəticəsində elektrik enerjisi istehsalının gücündə bərpaolunan enerji mənbələrinin payı 37 faizdən çox olacaq.

 Energetika Nazirliyindən verilən məlumata görə, açılış mərasimində çıxış edən nazir enerji keçidinin həyata keçirilməsində siyasi qərarlar qədər iqtisadi və texnoloji reallıqların da mühüm amillərdən olduğunu vurğulayıb. Qeyd olunub ki, hazırkı keçidin məqsədi qısa müddət ərzində dünya iqtisadiyyatının enerji əsaslarını tamamilə dəyişdirməkdir: “Halbuki ilk enerji böhranı göstərdi ki, istənilən uğurlu enerji keçidi enerji trilemmasının təhlükəsizlik, əlçatanlıq və davamlılıqdan ibarət hər üç elementini nəzərə almalıdır.

Enerji keçidini sürətləndirməklə yanaşı, mövcud enerji sisteminə investiyalara, aydın baxış və möhkəm əməkdaşlığa ehtiyacımız var. Ətraf mühitin mühafizəsini və enerji təhlükəsizliyini təmin edə biləcək ədalətli və inkluziv enerji keçidini dəstəkləməliyik”,– deyə nazir bildirib.

Nazir region və Avropa ölkələrinin enerji təhlükəsizliyində strateji rol oynayan Azərbaycanın emissiyaları azaltmaqla neft-qaz sektorunun inkişafı ilə bərabər, sürətli “yaşıl enerji” kursunu həyata keçirdiyini diqqətə çatdırıb. Azərbaycan Prezidenti İlham Əliyevin yüksək siyasi iradəsi və aydın strateji baxışının nəticəsi olaraq “yaşıl enerji”nin 2030-cu ilədək ölkəmizin sosial-iqtisadi inkişafında, təmiz ətraf mühitə və “yaşıl artım”a nail olmasında həlledici status qazandığını diqqətə çatdıran nazir qeyd edib ki, hazırda “China Gezhouba Group Overseas Investment” şirkəti də daxil olmaqla beynəlxalq enerji şirkətləri ilə 28 qiqavatdan çox “yaşıl enerji” layihələri üzrə əməkdaşlıq edirik.

Energetika naziri daha sonra bildirib ki, bütün bunlar Azərbaycanın müxtəlif istiqamətlərdə ixracatçıya çevrilməsinə, “Xəzər–Avropa İttifaqı yaşıl enerji dəhlizi” vasitəsilə avropalı tərəfdaşlarımızın enerji təchizatının “yaşıl” elektrik enerjisi, hidrogen ilə şaxələndirilməsinə töhfə verəcək. Nazir, həmçinin “Bir kəmər, bir yol” layihəsinin iştirakçıları, “Orta Dəhliz”in reallaşdırılmasına çalışan tərəfdaşlar, dost ölkələr olan Azərbaycanla Çinin “yaşıl enerji” tərəfdaşlığının daha da genişlənəcəyinə inam ifadə edilib.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyətinin Çinə səfəri zamanı da bir sıra məsələlərlə yanaşı, ölkəmizin bərpaolunan enerji potensialı və bu sahədə əməkdaşlıq imkanlarının mövcudluğu ilə bağlı fikir mübadiləsi aparılıb. Xatırladaq ki, səfər çərçivəsində M. Cabbarovun Çin Xalq Respublikasının kommersiya nazirinin müavini Linq Ci, sənaye və informasiya texnologiyaları nazirinin müavini Sin Quobin, eləcə də “Envision Energy” şirkətinin vitse-prezidenti Con Li ilə görüşlərində Azərbaycanda “yaşıl enerji” sahəsində reallaşdırılan və perspektiv layihələr barədə məlumat verilib.

 Qeyd olunub ki, iki ölkə arasında bir çox sahələrlə yanaşı, alternativ və bərpaolunan enerji sahəsində də birgə fəaliyyət üçün böyük potensial və perspektivlər mövcudddur. O da bildirilib ki, bərpaolunan enerji, o cümlədən külək və günəş enerjisinin istehsalı üçün lokallaşdırma sahəsində birgə layihələrin reallaşdırılması üçün potensial var və bu istiqamətdə işlər davam etdirilir.

Yeri gəlmişkən, ölkəmizin bərpaolunan enerji potensialı dünyanın bir sıra maliyyə qurumlarının da maraq dairəsindədir. Məsələn, Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte deyib ki, Azərbaycanla bərpaolunan enerji sahəsində fəaliyyət göstərmək və özəl investisiyalar cəlb etməklə ölkənin bu sahədə yeni səviyyəyə çıxmasına kömək göstərmək üçün yaxşı imkanlar var. Onun sözlərinə görə, IFC və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı dənizdə külək enerjisinin inkişafının yol xəritəsini icra etmək, o cümlədən tərtibatçılar və özəl investorlar cəlb etmək üzərində Azərbaycan hökuməti ilə birgə çalışırlar.

Neft və qaz hasilatında artımın Azərbaycan iqtisadiyyatının möhkəmlənməsində mühüm rol oynadığını vurğulayan regional menecer onu da bildirib ki, enerjinin diversifikasiyası postpandemiya dövründə ölkənin gələcək dayanıqlılığının təmin edilməsinin açarıdır. Onun fikrincə, neft və qazdan şaxələndirməyə keçid dekarbonizasiya üzrə fəaliyyəti sürətləndirməyə kömək etməklə rəqabət qabiliyyətini artıracaq.

Mirbağır YAQUBZADƏ




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Mirbağır YAQUBZADƏ