USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qarabağın bərpa layihələri xaricdə böyük maraq doğurub

500-dən artıq xarici şirkət bölgəyə gəlmək istəyir


https://img.baki-baku.az/news/2023/09/photo_8041.jpg

Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbədən dərhal sonra vətəndaşlarımızın doğma yurdlarına qayıdıb təhlükəsiz  yaşamaları üçün geniş bərpa-quruculuq işlərinə başlanıldı. Ötən müddətdə Azərbaycan dövlətinin gücü və qüdrəti sayəsində Qarabağ və Şərqi Zəngəzurda saysız-hesabsız layihələr həyata keçirilib.

Ölkə Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərə müntəzəm səfərləri zamanı bərpa-quruculuq işləri ilə yerindəcə tanış olur, yeni yaşayış məntəqələrinin, vacib sosial və infrastruktur obyektlətinin təməlini qoyur. Bir sözlə, mənfur düşmənin vaxtilə viran qoyduğu torpaqlarımızda həyat canlanır, qədim və əzəli yurd yerlərimiz tamamilə yenidən qurulur. Təsadüfi deyil ki, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işlərindən məmnunluğunu ifadə edən dövlətimin başçısı İlham Əliyev deyib: “Əminəm ki, təqribən 5 il ərzində elə bir yeni Qarabağ, yeni Zəngəzur quracağıq ki, bütün dünya bizə qibtə edəcək”.

 Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri üçün dövlət büdcəsindən 2021-ci ildə 2,2 milyard, 2022-ci ildə 2,7 milyard manat vəsait ayrılıb. Bu ilin büdcəsində isə işğaldan azad olunmuş ərazilərin bərpası üçün daha 5 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulub. Artıq həmin vəsaitin 60 faizdən çoxu xərclənib. Bütövlükdə isə, nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzurda həyata keçiriləcək bərpa-quruculuq işlərinə, təqribən, 12 milyard manata qədər vəsaitin xərclənməsi təmin ediləcək. Bu da işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı işlərin sürətlə həyata keçirilməsinə dəlalət edir.

Hazırda işğaldan azad edilmiş ərazilərdə əlverişli biznes mühitinin  yaradılması, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi istiqamətində məqsədyönlü işlər reallaşdırılır. Artıq bu ərazilərdə vergi, sosial sığorta və digər güzəştlərin tətbiqinə başlanılıb. Yeri gəlmişkən, hazırda Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında sahibkarlar dövlət hesabına zəruri infrastrukturla təmin edilir. Belə ki, buradakı rezidentlər 10 il ərzində mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən, idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular isə əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad edilib.

Geniş bərpa-quruculuq işlərinin sürətlə davam etdiyi yurd yerlərimizin iqtisadi potensialını tam hərəkətə gətirmək üçün aqrar sahənin dirçəldilməsi istiqamətində də genişmiqyaslı tədbirlər reallaşdırılır. Bu baxımdan regionda yeni aqropakların yaradılması diqqət çəkir. Xatırladaq ki, bu qəbildən olan  ilk layihənin təməli iki il öncə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Zəngilanda qoyulub. Hazırda yerli və türk investorların tərəfindən həyata keçirilən “Dost Aqropark”ında işlər davam etdirilir. Bütövlükdə isə, işğaldan azad olunmuş ərazilərdə tikinti-quruculuq işləri ilə yanaşı, kənd təsərrüfatı, toxuculuq sənayesi, heyvandarlıq və arıçılığın inkişaf etdirilməsi üçün də geniş imkanlar mövcuddur.

Bütün bunların  nəticəsidir ki, Qarabağ və Şərqi Zəngəzurda iş görmək, bu ərazilərə investisiya qoymaq istəyən yerli və əcnəbi şirkətlərin sayı getdikcə artır. Təkcə onu qeyd etmək kifayətdir ki, 2022-ci ildə işğaldan azad edilmiş rayonlarımızda 2 min 157 yeni fərdi sahibkarlıq subyekti yaradılıb. Bunun da hesabına 797 yeni iş yeri açılıb. Ötən il Qarabağ və Şərqi Zəngəzurda 101 yeni müəssisə və təşkilat fəaliyyətə başlayıb.

 Bütövlükdə isə, indiyədək azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə iştirak üçün 1500-dən çox şirkət müraciət edib. Bunun da 500-dən çoxu xarici şirkətlərdir. Bu göstərici istər yerli, istərsə də xarici biznes qurumları üçün Qarabağın böyük və çoxistiqamətli iqtisadi potensialının, əlverişli biznes və investisiya imkanlarının nə qədər cəlbedici olduğunu nümayiş etdirir. Bunun nəticəsidir ki, ötən müddətdə Türkiyə, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Qazaxıstan, Özbəkistan, Macarıstan, Slovakiya və digər ölkələrdən olan sahibkarlar Qarabağ və Şərqi Zəngəzurda investisiya qoymaq istəklərini ifadə ediblər.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpaolunan enerji potensialı da olduqca yüksək qiymətləndirilir. Mütəxəssislər regionun “yaşıl enerji” potensialını, təxminən, 4 min 500 meqavat həcmində qiymətləndirirlər. Məhz buna görədir ki, ölkə Prezidenti İlham Əliyev işğaldan azad olunmuş əraziləri “yaşıl enerji” zonası elan edib. Artıq bu istiqamətdə konkret razılaşmalar əldə edilib, ortada real layihələr var.  Böyük Britaniyanın BP və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətlərinin regionun “yaşıl” potensialının hərəkətə gətirilməsi ilə bağlı ölkəmizlə fəal əməkdaşlığı bu baxımdan diqqət çəkir.

Yaxın vaxtlarda Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan bərpa-quruculuq işlərində İsrail şirkətlərinin də fəal iştirakı gözlənilir. Xatırladaq ki, bu ölkənin Azərbaycandakı səfiri Corc Dik işğaldan azad edilmiş bölgələrə səfərləri zamanı İsrail–Azərbaycan iqtisadi əməkdaşlığının gələcəyində Qarabağın xüsusi yeri olduğunu bildirib.

 Bu yaxınlarda isə Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev İsrail Knessetində Azərbaycan–İsrail parlamentlərarası işçi qrupunun üzvləri ilə görüşündə bu ölkənin şirkətlərinin işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən reinteqrasiya layihələrinə cəlb edilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Nazir müavini deyib ki, geniş əlaqələrə malik ölkələrimizin iqtisadi əməkdaşlığının inkişafı üçün birgə işlər davam etdiriləcək. Azərbaycanla İsrailin müxtəlif sahələrdə bir-birilərinə qarşılıqlı dəstək göstərdiklərini vurğulayan E.Əliyev yüksək səviyyəli səfərlərin, keçirilən görüş və tədbirlərin münasibətlərin inkişafında önəmli rol oynadığın bildirib. Qeyd olunub ki, Azərbaycan–İsrail Birgə Hökumətlərarası Komissiyanın bu ilin aprelində Bakıda keçirilmiş 3-cü iclası tərəfdaşlığın inkişafı üçün mühüm platformadır.

İsrail Knessetində Azərbaycan–İsrail parlamentlərarası işçi qrupunun üzvü Yevgeni Sova ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına önəm verdiyini, İsrail şirkətlərinin müxtəlif istiqamətlər üzrə həyata keçirilən layihələrdə, o cümlədən işğaldan azad olunmuş ərazilərinin bərpasında iştiraka marağını ifadə edib, əməkdaşlığın inkişafı barədə fikirlərini bölüşüb.

Yeri gəlmişkən, Azərbaycanla İsrail arasında iqtisadi-ticarət əməkdaşlığı getdikcə genişlənir. Ötən il İsraillə ticarət dövriyyəsi 85 faizdən çox artıb. Hazırda İsrail şirkətləri ilə birgə investisiya layihələrinin reallaşdırılması üzrə tədbirlər davam edir.

Mirbağır YAQUBZADƏ




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Mirbağır YAQUBZADƏ