USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan–Qazaxıstan -Orta Dəhlizin “bel sütunu”


https://img.baki-baku.az/news/2023/09/photo_8021.jpg

Uzaq Çindən Türkiyəyə və Avropa ölkələrinə, eləcə də əks istiqamətdə yük axınının artırılmasını təmin edən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz)  region ölkələrinin ticarət-iqtisadi əlaqələrinin səmərəliliyinin yüksəldilməsində mühüm rol oynayır. Orta Dəhliz Asiya və Avropanı birləşdirən, regionunu bir neçə ölkəsinin ərazisindən keçən nəqliyyat və ticarət marşrutudur. Çindən başlayan bu marşrut Mərkəzi Asiya ölkələri–Qazaxıstan, Özbəkistan və Türkmənistanın ərazilərindən keçir, sonra Xəzər dənizi ilə Azərbaycana, oradan isə Gürcüstana, Türkiyəyə uzanır və Avropaya çatır.

Xatırladaq ki, Orta Dəhliz ideyası 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə irəli sürülüb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa da qoşulub. Hazırda marşrut Çin–Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.

Artıq real fəaliyyət sahəsinə çevrilmiş Orta Dəhliz getdikcə daha çox beynəlxalq dəstək qazanır. Təsadüfi deyil ki, son zamanlar Azərbaycanın şimal və cənub qonşuları sanksiya altında olduğundan Çin, Mərkəzi Asiya respublikaları və Avropa dövlətlərinin Azərbaycandan keçən bu marşruta marağı xeyli artıb. Bu da onu göstərir ki, yaxın illərdə Orta Dəhliz öz imkanlarına görə dünya ticarətinin ən mühüm həlqələrindən biri ola bilər. Məhz buna görədir ki, hazırda layihənin bütün iştirakçı dövlətləri adıçəkilən marşrutun funksionallığının artırılması istiqamətində güclü siyasi iradə nümayiş etdirirlər. Dəhliz boyunca yerləşən ölkələr arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın ildən-ilə genişlənməsi isə daşımaların, yüklərin cəlb edilməsi, eləcə də logistika ilə bağlı məsələlərin uzlaşdırılmasına geniş imkanlar yaradır.

Məlum olduğu kimi, Orta Dəhlizin funksionallığının artırılmasında yeni platformada birləşən Azərbaycan, Türkiyə və Qazaxıstan mühüm rol oynayırlar. Hazırda adları çəkilən ölkələr dəhlizə daha çox həcmlərdə yüklərin cəlb olunması, həmçinin aşırma infrastrukturunun genişləndirilməsi ilə bağlı digər iştirakçı dövlətlərin hökumətləri ilə intensiv müzakirələr aparırlar.

Son illər Qazaxıstan Orta Dəhlizdə fəal iştirakı diqqəti xüsusilə cəlb edir. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən həftə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkə parlamentinin növbəti sessiyasının açılışındakı çıxışında bildirib ki, ölkəsinin ortamüddətli perspektivdə Orta Dəhliz ilə daşımaların həcmi beş dəfə arta bilər. “Akord” nəşrinin bununla bağlı məlumatına görə, dövlət başçısı Transxəzər marşrutunun Qazaxıstanın tranzit potensialının möhkəmlənməsində mühüm rol oynayacağını bildirilib. Bunun üçün tərəfdaş ölkələrin–Çin, Azərbaycan, Gürcüstan və Türkiyə ilə səyləri birləşdirməyin vacibliyini vurğulayan Qazaxıstan Prezidentinin sözlərinə görə, qarşıda “Baxtı” keçidində yeni quru limanının tikilməsi, Aktauda konteyner qovşağının inşasının sürətləndirilməsi, eləcə də Orta Dəhliz boyunca Qara dənizdə limanların gücünün artırılması vəzifələri durur. “Artıq Çinin Sian və Gürcüstanın Poti limanlarında Qazaxıstanın terminallarının tikintisinə başlanılıb. Bu, Çinin “Bir kəmər, bir yol” meqalayihəsinin bizim milli təşəbbüslərimiz ilə birləşməsinin real örnəkləridir”,–deyə Prezident əlavə edib. Qazaxıstanın dövlət başçısı, həmçinin dəniz infrastrukturunun inkişafı üzrə Kurık limanına xüsusi rol ayrılacaq və Aktau kimi tam logistika klasterinə çevriləcək hərtərəfli planın zəruri olduğunu bildirib.

Mirbağır YAQUBZADƏ

 

Ekspert rəyi

Təbriz YADİGAROV, ETN İqtisadiyyat İnstitutnun aparıcı elmi işçisi, dosent                        

 4250 kilometr dəmir yolu xətlərindən və 500 kilometr dəniz yolundan ibarət olan Orta Dəhliz Azərbaycanla Avropa İttifaqı ölkələri arasında dayanıqlı nəqliyyat əlaqələrinin səmərəli inkişafında mühüm rol oynayır.  Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq nəqliyyat marşrutlarının səmərəliliyinin artırılması məqsədilə ölkəmizdə yaradılmış əlverişli infrastruktur Azərbaycanı Orta Dəhliz üzrə yeni ticarət yolununun daha perspektivli dayaq nöqtəsinə çevirir. Ölkəmiz bu ticarət dəhlizinin yaxın və uzun müddətli dövrlər üzrə əhəmiyyətini nəzərə alaraq artan ticarət həcmini idarə etmək məqsədilə nəqliyyat infrastrukturunun inkişafına və təkmilləşdirilməsinə böyük sərmayə yönəltməklə üzrinə düşən bütün öhdəlikləri uğurla icra edir.

Bu baxımdan Orta Dəhlizdə Azərbaycanın fəal tərəfdaşı olan Qazaxıstanda da mühüm tədbirlər həyata keçirilir. Xatırladaq ki, Prezident Kasım-Jomart Tokayevin 2023-cü il sentyabrın 1-də parlamentin növbəti iclasının açılışında ortamüddətli perspektivdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun  Qazaxıstanın tranzit potensialı üzrə nəqliyyatın həcmini 5 dəfə artırıla bilcəyini qeyd etməsi bu marşrutun əhəmiyyətinin daha da artacağını göstərir. Bu isə təbii ki, tərəfdaş ölkələrlə, o cümlədən Çin, Azərbaycan, Gürcüstan və Türkiyə ilə əlaqələrin daha da inkişaf edəcəyinə əsaslı təminat yaradır. Qazaxıstanda inşa ediləcək quru  yük liman, Aktauda konteyner qovşağının tikintisi, Orta dəhliz boyunca Qara dənizdə liman obyektlərinin genişləndirilməsi, Çinin Sian şəhərində və Gürcüstanın Poti limanında Qazaxıstan terminallarının tikintisi gələcəkdə yükdaşımaların həcmini daha da artıracaq.

Qeyd etmək lazımdır ki, Azərbaycanla iqtisadi və ticarət əlaqələrinin daha da genişlənməsində, qarşılıqlı sərmayə qoyuluşunda, eləcə də Orta dəhlizin formalaşmasında daha çox maragı olan Qazaxıstanın ölkəmizlə  ticarət dövriyyəsi artan dinamika ilə inkişaf edir. Təkcə onu qeyd etmək kifayətdir ki, cari ilin 7 ayında ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 237 milyon 943 min  dollar təşkil edib ki, bunun da 68 milyon 610  min dolları ixracın payına düşüb. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə yüksəkdir.

Yeri gəlmişkən, Avropa İttifaqı Qazaxıstandan mühüm materialları (litium, titan, kobalt və s.), o cümlədən nadir və nadir torpaq metalların idxalı zamanı Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçən Orta Dəhlizdən istifadə edəcəyi qaçılmazdır. Qeyd edək ki, Avropa bazarı Çindən 90 faiz asılı olduğundan Rusiya ərazisisindən yan keçməklə Qazaxıstandan kritik materiallar idxal edərkən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan istifadəyə ümid edir. Bu isə Orta Dəhlizin əhəmiyyətini artıraraq Azərbaycanda tranzit daşımaların həcminin çoxalmasını şərtləndirməklə ölkəmizin Avropa İttifaqı ilə nəqliyyat əlaqələrinin gücləndirilməsini daha çox iqtisadi məqsədə deyil, uzunmüddətli strateji hədəfə çevirir.

 

 

 




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Mirbağır YAQUBZADƏ