USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qeyri-neft bölməsinin ixracda payı yüksəlir

​​​​​​​ 7 ayda xaricə 2 milyard dollarlıq məhsul satılıb


https://img.baki-baku.az/news/2023/09/photo_7991.jpg

Cari ilin yanvar-iyul ayları ərzində Azərbaycanın ümumi ixracı 20,8 milyard ABŞ dolları təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın avqust sayında ətraflı məlumat verilib.

Nəşrin məlumatına görə, bu ilin 7 ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac 2 milyard dollar təşkil edib. İxracın strukturunda qeyri-neft məhsullarının xüsusi çəkisinin artması isə, heç şübhəsiz, son illər ölkəmizdə iqtisadiyyatın dekarbonlaşdırılması ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir. Müqayisə üçün qeyd edək ki, 2010-cu ildə ölkəmizin qeyri-neft sektorunda 18,4 milyon manatlıq məhsul istehsal olunduğu halda, 2022-ci ildə bu göstərici 69,8  milyard manat təşkil edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının uzunmüddətli inkişaf planının bir hissəsi kimi karbohidrogenlərdən asılılığın mərhələli şəkildə azaldılması ixracın strukturunun  şaxələndirilməsinə və coğrafiyasının getdikcə genişləndirilməsinə imkan yaradır. Bir sözlə, ölkədə qeyri-neft sahələrinin inkişaf etdirilməsinin uğurlu nəticələri ixracda da özünü qabarıq şəkildə büruzə verir. “İxrac icmalı”nın məlumatına əsasən, 2023-cü ilin yanvar-iyul aylarında qeyri-neft sektoru üzrə ixrac əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,8 faiz artıb.

Hesabat dövrü ərzində ixracda spirtli və spirtsiz içkilərin payı 4,4 dəfə, elektrik enerjisi 5,5 dəfə, şəkər 46,6 faiz, meyvə-tərəvəz isə 6,1 faiz artıb. Bundan əlavə, yanvar-iyul aylarında Azərbaycandan xaricə 520 milyon dollar dəyərində yeyinti məhsulları ixrac olunub.

2023-cü ilin 7 ayı ərzində aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,6 faiz artaraq 540,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,3 faiz artaraq 119,4 milyon ABŞ dolları təşkil edib.

Cari ilin yanvar-iyul aylarında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında birinci yeri 314,5 milyon ABŞ dolları olmaqla elektrik enerjisi tutur. Hesabat dövründə ölkəmizdən xaricə 124,2 milyon dollar dəyərində pomidor (tomat) göndərilib. Siyahıda ilk üçlüyü isə 79,4 milyon dollar olmaqla pambıq mahlıcı tamamlayır.

“İxrac icmalı” sözügedən dövrdə Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyi ölkələrin siyahısını da açıqlayıb. Belə ki, yanvar-iyul ayları ərzində ölkəmizdən Rusiya Federasiyasına 641,9 milyon dollar, Türkiyəyə 555,1 milyon dollar, Gürcüstana 198,7 milyon dollar, İsveçrə Konfederasiyasına 81,8 milyon dollar, Qazaxıstana isə 66,5 milyon  dollar dəyərində qeyri-neft sektoruna aid mallar ixrac olunub.

Nəşrin məlumatında cari ilin iyul ayının qeyri-neft ixracı üzrə göstəriciləri barədə də ayrıca məlumat verilir. Bildirilir ki, iyul ayında Azərbaycandan dünya bazarlarına 233,2 milyon dollarlıq qeyri-neft məhsulları ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz artım deməkdir. Ay ərzində ölkəmizdən xaricə göndərilən qeyri-neft mallarının 60,1 milyon dolları yeyinti məhsullarının payına düşüb. Hesabat ayında ixrac olunmuş qeyri-yeyinti məhsulları 1,5 faiz artaraq 173,2 milyon ABŞ dollarına bərabər olub.

İyul ayında Azərbaycanın qeyri-neft sektoruna aid olan ən çox mal ixrac etdiyi ölkələrin siyahısında birinci yeri 89,6 milyon ABŞ dolları olmaqla Rusiya Federasiyası tutub. Siyahıda Türkiyə (42,6 milyon ABŞ dolları) ikinci və Gürcüstan (18,4 milyon ABŞ dolları) üçüncü  olub.

Bu il ölkənin bağçılıq təsərrüfatlarında bol məhsul yetişdirilməsi meyvə ixracına da müsbət təsir göstərib. Elə iyul ayında Azərbaycandan müxtəlif ölkələrə 23 milyon ABŞ dolları dəyərində şaftalı ixrac olunnması da bunu təsdiqləyir. Yeri gəlmişkən, adıçəkilən meyvə, həm də ay ərzində  ixrac edilən qeyri-neft sektoruna aid məhsulların siyahısında birinci yeri tutub. Siyahıda sonrakı yerlər isə ilkin formalı propilen sopolimerləri (12,5 milyon ABŞ dolları) və qızıl (11,5 milyon ABŞ dolları) məxsus olub.

“İxrac İcmalı”nda qeyd olunub ki, 2023-cü ilin avqust ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 14,7 milyon ABŞ dolları təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi aylıq icmalda, həmçinin qeyri-neft sektoru üzrə cari ilin yanvar-iyul aylarında həyata keçirilmiş ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi təqdim olunub. İlin 7 ayı üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində  Şirinov Elvin Valeh oğlu, “MKT İstehsalat Kommersiya” MMC, “Baku Steel Company” QSC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Best Logistik” MMC,  “STP Global Cable” MMC, “P-Aqro” MMC, “Mega Fruit Az” MMC, “My Fruit” MMC, “Almeyvə” MMC təmsil olunublar.

 Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə “Azərenerji” ASC  başçılıq edir. ARDNŞ-nın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərbaycan Hava Yolları” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, “Azəripək” MMC, “ASK Tütün” MMC də ixrac əməliyyatlarında xüsusi fəallığı ilə seçiliblər.

İcmalıda, həmçinin Azərbaycanın 2023-cü ilin yanvar-iyul aylarında peyk telekommunikasiya xidmətləri sahəsindəki uğurları ilə bağlı yığcam məlumat da yer alıb. Qeyd olunub ki, hesabat dövründə Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)  tərəfindən dünyanın 45 ölkəsinə 11,1 milyon ABŞ dolları dəyərində  peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 faizini təşkil edib. İyul ayında isə “Azərkosmos” dünyanın  40 ölkəsinə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Qeyd edək ki, cari ilin yanvar-iyul ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 3,2 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,4 milyon ABŞ dolları ilə Lüksemburq, 983,6 min ABŞ dolları ilə Birləşmiş Ərəb Əmirlikləri, 613,8 min ABŞ dolları ilə Almaniya və 472,9 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.

Nəşrin məlumatına görə, bu ilin 7 ayında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 1,2 milyard manat, iyul ayında isə 218,8 milyon manat dəyərində əməliyyat aparılıb.

Göründüyü kimi, son illər ölkəmizdə qəbul olunmuş məqsədli dövlət proqramları, əlverişli biznes mühiti, eləcə də uğurlu şaxələndirmə siyasəti qeyri-neft sektorunun inkişafını sürətləndirir. Bu da öz növbəsində ixracın strukturunda qeyri-neft mallarının payının getdikcə artmasına imkan yaradır.

Mirbağır YAQUBZADƏ




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Mirbağır YAQUBZADƏ